ASAN xidmət müasir dövlət idarəçiliyinin Azərbaycan modeli
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
13 iyul – ASAN xidmətin yaranması günü
Bu gün Azərbaycanda dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin əsasını qoyan, şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun simvoluna çevrilmiş ASAN xidmətin yaradılmasının ildönümüdür. 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərman ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı və bununla da ölkədə dövlət xidmətlərinin göstərilməsində tamamilə yeni idarəetmə modeli formalaşdırıldı. Fərmanın əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, etik davranış qaydalarının möhkəmləndirilməsi, innovativ texnologiyaların tətbiqi və ən əsası, vətəndaş məmnunluğunun təmin olunması idi.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri güclü dövlət institutlarının formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təmin edilməsi, dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun zənginləşdirilərək davam etdirildi. İqtisadi inkişafla yanaşı, idarəetmənin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı sistemli mübarizə və vətəndaş məmnunluğunun dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi həyata keçirilən islahatların başlıca istiqamətlərini təşkil etdi.
Məhz bu strateji baxışın nəticəsi kimi yaradılan ASAN xidmət ilk gündən sadəcə yeni bir dövlət qurumu deyil, dövlət-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin təcəssümü oldu. Burada əsas məqsəd insanları müxtəlif idarələrin qapılarında gözlətmək deyil, dövlət xidmətlərini vətəndaşın ayağına gətirmək idi. Vahid məkanda müxtəlif dövlət orqanlarının xidmətlərinin göstərilməsi, şəffaf prosedurlar, elektron idarəetmə, peşəkar kadrlar və yüksək xidmət mədəniyyəti qısa müddətdə ASAN xidməti cəmiyyətin böyük etimad qazanan qurumlarından birinə çevirdi.
ASAN xidmət modeli sübut etdi ki, dövlət idarəçiliyində uğurun əsas meyarı yalnız qəbul edilən qərarlar deyil, həmin qərarların vətəndaşa hansı keyfiyyətdə çatdırılmasıdır. Bu gün ASAN xidmət mərkəzinə müraciət edən hər bir insan dövlətə yaxınlığını, ona göstərilən hörməti və diqqəti hiss edir. Məhz buna görə də "ASAN" sözü artıq sadəcə bir xidmətin adı deyil, operativlik, şəffaflıq, məsuliyyət və etimad anlayışlarının rəmzinə çevrilib.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət qulluqçusunun əsas vəzifəsi vətəndaşa xidmət etməkdir. Bu yanaşma ASAN xidmətin fəaliyyət fəlsəfəsinin əsasını təşkil edir. Burada dövlət qulluqçusunun peşəkarlığı ilə yanaşı, etik davranışı, nəzakəti, məsuliyyəti və insanlara münasibəti də xidmət keyfiyyətinin ayrılmaz hissəsi hesab olunur. Bu isə dövlət idarəçiliyində yeni xidmət mədəniyyətinin formalaşmasına mühüm töhfə verib.
Ötən illər ərzində ASAN xidmət daim yenilənərək fəaliyyət dairəsini genişləndirib. Bu gün mərkəzlərdə yüzlərlə xidmət göstərilir, elektron hökumət həlləri inkişaf etdirilir, "ASAN Kommunal", "ASAN Viza", "ASAN İmza", "Mobil ASAN" və digər innovativ layihələr uğurla tətbiq olunur. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının geniş tətbiqi və elektron sənəd dövriyyəsinin inkişafı Azərbaycanın rəqəmsal dövlət quruculuğunda mühüm mərhələ yaradıb.
ASAN xidmətin ən mühüm nailiyyətlərindən biri cəmiyyətdə dövlətə inamın daha da möhkəmlənməsinə verdiyi töhfədir. Vaxtilə müxtəlif dövlət qurumlarında uzun növbələr, çoxsaylı prosedurlar və bürokratik maneələr insanların narazılığına səbəb olurdu. Bu gün isə vətəndaş dövlət xidmətini rahat, şəffaf və qısa müddətdə əldə edir. Bu dəyişiklik dövlət idarəçiliyində həyata keçirilən islahatların real nəticəsi kimi qiymətləndirilir.
ASAN xidmət eyni zamanda gənclərin inkişafı üçün mühüm məktəbə çevrilib. "ASAN Könüllüləri" hərəkatı minlərlə gəncin peşəkar bacarıqlarının formalaşmasına, onların dövlət idarəçiliyi və ictimai fəaliyyət sahəsində təcrübə qazanmasına geniş imkan yaradıb. Bu təşəbbüs ölkədə könüllülük hərəkatının inkişafına mühüm töhfə verməklə yanaşı, vətənpərvər, məsuliyyətli və sosial fəal gənclər nəslinin yetişməsində də əhəmiyyətli rol oynayıb.
Azərbaycanın beynəlxalq nüfuzu artdıqca ASAN xidmət modeli də dünyada böyük maraq doğurmağa başlayıb. Bu gün müxtəlif ölkələr Azərbaycanın bu təcrübəsini öyrənir, əməkdaşlıq proqramları həyata keçirilir və ASAN modeli beynəlxalq platformalarda uğurlu dövlət idarəçiliyi nümunəsi kimi təqdim olunur. Bu fakt bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən islahatlar yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Bu gün ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, rəqəmsal transformasiya və innovativ idarəetmə prinsipləri Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Bu prosesdə ASAN xidmətin qazandığı təcrübə və formalaşdırdığı idarəçilik modeli xüsusi əhəmiyyət daşıyır.
Əslində, ASAN xidmətin uğurunun sirri texnologiyada deyil, dövlətin vətəndaşa münasibətindədir. İnsan amilini bütün fəaliyyətin mərkəzinə qoyan bu model sübut etdi ki, güclü dövlət ilk növbədə öz vətəndaşına hörmət edən, onun vaxtını və hüquqlarını qoruyan dövlətdir. Məhz buna görə də ASAN xidmət müasir Azərbaycanın inkişaf salnaməsində uğurlu dövlət idarəçiliyinin ən parlaq simvollarından biri kimi tarixə düşüb.
Bu gün Azərbaycan dövlətçiliyində yeni idarəetmə mədəniyyətinin, şəffaflığın, sosial innovasiyaların və vətəndaş məmnunluğuna əsaslanan dövlət siyasətinin təntənəsidir. On dörd il əvvəl əsası qoyulan bu model artıq özünü tam doğruldub və sübut edib ki, düzgün siyasi iradə, müasir idarəetmə və insan amilinə yüksək dəyər verildikdə dövlət xidmətləri cəmiyyətin inkişafına güclü təkan verir.
Nurəngiz Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 İyul 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















