Aslan İsmayılov: “Canfəşanlıq edənlər Rusiyanı özünə vətən sayan, Azərbaycanda ucuz şoular hesabına “xeyriyyəçi” kimi tanınanlardır”
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Bu günlərdə baş verənlər mənim üçün gözlənilən idi və buna görə də son vaxtlar tez-tez yazırdım ki, “Rusiya Prezidenti Putinin arzusu keçmiş SSRİ-ni bərpa etməkdir”. Məhz buna görə Rusiyanın Ukraynaya qarşı işğalçı hücumu başlayan gün yazmışdım ki, “Ukrayna xalqı bu gün tək özünün yox, həm də bütün postsovet ölkələrinin azadlığı uğrunda mübarizə aparır”. 44 günlük Qarabağ savaşının ilk günlərində Rusiya tərəfindən Azərbaycan XİN Ceyhun Bayramovun 18 saat Moskvada saxlanılmasının özü elə həmin günlər Qarabağın azad olunmasının qarşısını almağa yönəlmişdi. Həmin vaxt diplomatik yolla bunun qarşısı alındı. 2023-cü ildə Qarabağda aparılmış 23 saatlıq xüsusi əməliyyatdan sonra Rusiyanın bizə qarşı ən gözlənilməz addımları, o cümlədən hərbi təcavüz də ola bilərdi. Bunun qarşısını Rusiyanın Ukrayna müharibəsində planlarının pozulması, Azərbaycan-Türkiyə münasibətləri və ölkə rəhbərinin xüsusi bacarığı aldı. Bu gün Rusiyada Azərbaycan vətəndaşlarına, o cümlədən azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı keçirilən qanlı olaylar, zənnimcə, Rusiyanın ardı gələcək həmlələrindən biridir və məqsəd birinci növbədə Azərbaycanın son illər apardığı tam müstəqil xarici siyasəti ilə bağlıdır.
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayıov bildirib.
A.İsmayılov qeyd edib ki, baş verənlərin hansısa kriminal qrupların fəaliyyəti ilə bağlı olması tam uydurmadır: “Bu günlər heç kim bu hadisələrin hüquq-mühafizə orqanlarının işi olduğuna inanmasın, çünki Rusiyada heç bir kriminal qrup Rusiya Federal Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin icazəsi olmadan yarana bilməz, möcüzə nəticəsində yaransa da onlara aylıq haqq vermədən fəaliyyət göstərə bilməz. Bu sahədə canfəşanlıq edənlər məhz Putin hesabına var-dövlət sahibi olub, Rusiyanı özünə Vətən sayan, Azərbaycanda ucuz şoular hesabına “xeyriyyəçi” kimi tanınanlardır. Bu günlərdə eyni zamanda Ermənistanda və bizdə baş verənlər isə Azərbaycan və Ermənistan arasında artıq Rusiyasız mümkün olan sülh sazişinin bağlana bilməsi ilə əlaqədardır. Rusiya Prezidenti Putin çox yaxşı anlayır ki, Azərbaycan ərazisində Ermənistan adlı dövləti onlar yaradıb (bu barədə özü Ermənistan Parlamentində çıxışı zamanı da deyib) və ilk günlərdən bu iki xalq arasında düşmənçilik toxumunu onlar səpib və daim bundan istifadə edərək hər iki dövləti öz asılılığında saxlayıblar. Rusiya yaxşı bilir ki, Sülh sazişi bağlandıqdan sonra bu ölkələri əvvəlki kimi idarə edə bilməyəcək. Ermənistanda oliqarxlar və kilsə əli ilə çevriliş etmək istəyən Putin öz ərazisində azərbaycanlılara qarşı nifrət toxumu səpib, sonra onları kütləvi şəkildə Azərbaycana deport etməklə, burada yatmış agentlərini də işə salıb Azərbaycanda xaos yaratmaqla (İranı da qoşmaqla) onu da öz orbitinə qaytarmaq istəyir. Bütün bu işlərin başında duran Rusiya Prezidenti Vladimir Putindir. Buna heç kimin şübhəsi olmasın. 1994-cü il Bakı-Ceyhan sazişinin bağlandığından bu günə qədər əvvəllər rəhmətlik Heydər Əliyev, sonralar isə Prezident İlham Əliyevin xarici siyasətdə atdığı addımları diqqətlə izləyən bir insan kimi əminəm ki, bu məsələdə bu gün baş verənlər hansısa kampaniya deyil və ölkə rəhbərlərinin Azərbaycanın müstəqilliyi yolunda atdıqları ardıcıl addımların davamıdır və bu yolda nə qədər çətinlik olsa da, dönüş olmayacaq. Ona da əminəm ki, bu, Rusiya Prezidenti Putinin son və ən güclü (əgər bacarsa) həmləsi olacaq. Ona görə də hər birimiz vətəndaş olaraq bu günlər ölüm-dirim mübarizəsi olduğunu anlamalı və hazır olmalıyıq. Buna görə də hər birimiz ölkə daxilində yarana biləcək istənilən qeyri-sabitliyin qarşısını almalıyıq. Putinin Rusiyanın daim istifadə etdiyi milli, irqi, dini zəmində problem yaratmaq istəyəcəyinə şübhəm yoxdur. Xüsusilə, sosial şəbəkələrdə hər kəs diqqətli olmalı və məsuliyyətsiz yazılardan, paylaşımlardan uzaq durmalıdır. Ölkə daxilində heç bir milli, irqi, dini ayrı-seçkiliyə yol verilməməlidir, o cümlədən Azərbaycanda yaşayıb qanunlarımıza hörmətlə yanaşan, Azərbaycanı özünə Vətən sayan rus kökənli vətəndaşlarımıza, Rusiyadan gələn turistlərə qarşı mehriban davranmalıyıq. Bu, bəzilərinin yazdığı kimi hansısa qorxaqlıqdan yox, Putin kimi fitnəkarlara bəhanə verməmək üçündür. Xüsusilə, Rusiyada paylaşılacaq müsahibələrdə “biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”, “onlara maddi və mənəvi yardım göstəririk” və s. kimi fikirlərin başı təbliğatla yuyulmuş rus xalqında qıcıq doğurduğuna şübhə etmirəm. Ona görə də bu tip fikirlərdən yayınmaq və onların qəbul edəcəkləri fikirləri yaymaq lazımdır. Məsələn, “Rusiyada olan bütün cinayətkar qruplar Rusiya hüquq-mühafizə orqanları tərəfindən yaradılır” və “həmin qruplardan aylıq haqq alınır”. “Heç bir cinayət işi onlarsız açılmamış qala bilməz”. “Miqrantlar Rusiyada ən ağır və az maaş olan işlərdə çalışırlar”. “Bu gün miqrantlara qarşı aparılan təbliğat Ukrayna cəbhəsindəki uğursuzluqları, xalqın maddi rifahının pisləşməsini, ölkə rəhbərlərinin uğursuz fəaliyyətini ört- basdır etmək üçündür”. Xüsusi vurğulamaq lazımdır ki, “Azərbaycanda olan rus məktəblərinin sayı, Rusiya turistlərinə olan münasibət heç bir ölkədə yoxdur”, “Putin reytinqi düşən kimi, əhalinin maddi vəziyyəti pisləşən kimi xarici düşmən Ukrayna, indi də daxili düşmən miqrantları seçib” və s. Bu təklifi irəli sürməyin əsas səbəblərindən biri də Rus şovinistlərinin, ağlı təbliğatla yuyulmuş rusların Rusiyada yaşayan yüz minlərlə vətəndaşlarımıza, soydaşlarımıza qarşı aqressiv davranmasının qarşısını almaqdır”.


