“Ata, qorxma, biz irəliləyirik…” şəhid İlham Hüseynovun son zəngi VİDEO
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Göyçay, 16 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
44 günlük Vətən müharibəsi Azərbaycanın qəhrəman oğullarını tarixə yazdı. O igidlərdən biri də döyüş meydanında canını Vətənə fəda edən İlham Umud oğlu Hüseynovdur. AZƏRTAC-ın bölgə müxbiri şəhidin Göyçay rayonunun Qarayazı kəndindəki ata ocağında olub, ailə üzvləri ilə görüşüb.
İlham Hüseynov 2000-ci il sentyabrın 8-də Qarayazı kəndində anadan olub. Ailəsi və kənd sakinlərinin sözlərinə görə, o, uşaqlıqdan mərdliyi, ədalət hissi və Vətən sevgisi ilə seçilirdi. 2007-2018-ci illərdə kənd məktəbində təhsil alıb, sakit təbiətli, amma məqsədli bir gənc kimi tanınıb. Texnikaya marağı onu Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə gətirmişdi. Lakin taleyin onun üçün daha böyük planı vardı. O, Vətən yolunu seçdi.
Birinci kursu başa vurduqdan sonra İlham hərbi xidmətə yollanıb. Xidməti bitirdikdən az sonra, 2020-ci ilin sentyabrında hərbi təlimlərə qatılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə idi. Onun döyüş yolu Tərtər istiqamətindən başlayıb, Suqovuşan və Qaranlıq meşə ərazilərində davam edib.
İlhamın atası, Birinci Qarabağ müharibəsi iştirakçısı Umud Hüseynov övladının son zəngini heç vaxt unuda bilmir: “Təbiətən sakit idi, amma qeyrətli, mərd uşaq idi. Hər zaman Vətən mövzusu açılanda ciddi olurdu. Deyirdi ki, ata, bir gün mən də torpaq uğrunda döyüşəcəyəm. Həmin gün gəldi və o, sözünə əməl etdi”.

Atası onunla son danışığını belə xatırlayır: “Oktyabrın 2-də zəng etmişdi. Dedi ki, Suqovuşan istiqamətindəyik, vəziyyət ağırdır, amma qorxma, biz irəliləyirik. Səsində qəribə bir rahatlıq vardı. Elə bil ayrılığa hazır idi. Ondan sonra bir daha zəng gəlmədi…”.
5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə İlham qəhrəmancasına şəhid olub. Ailəyə bu xəbər oktyabrın 18-də çatıb.
Komandirlər və döyüş yoldaşları onun haqqında yalnız qəhrəmanlıqla danışırlar. Deyirlər ki, İlham daim ön sırada olurdu, qorxmadan irəliləyirdi. Hərbi xidməti təzəcə başa vurmasına baxmayaraq, sanki döyüş meydanı üçün doğulmuşdu. Ən çətin anlarda belə gülərüz qalır, “Qorxmaq olmaz, irəli!” deyə silahdaşlarına ruh verirdi.
“Bu, həm fəxarət, həm də yanğıdır. Şəhid atası olmaq qürurdur, amma çox ağır yükdür. Hər məzarının üstünə gedəndə həm ağlayıram, həm də başımı dik tuturam. Deyirəm, “Oğlum, sən mənim alnımı açıq etdin”. İlham mənim üçün təkcə oğul deyil, həm də bir məktəbdir. O öyrətdi ki, Vətəni sevmək tək sözlə yox, əməllə, fədakarlıqla olur”, - deyə şəhid atası bildirir.
İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
“Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Göyçay şöbəsinin sədri, şəhid övladı Eldəniz Rüstəmov bildirir: “27 il torpaqlarımız işğal altında idi və hər birimiz o günü gözləyirdik. 2020-ci ildə Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum xalqın birliyinin və inamının nəticəsi idi. Hər kəs silaha sarılmağa hazır idi. Qisas qiyamətə qalmadı, şəhidlərimizin qanı yerdə qalmadı”.
Bu gün azad edilmiş torpaqlarda Azərbaycan əsgəri addımlayır. Ora şəhidlərimizin qanı ilə sulanmış torpaqlardır. İlham Hüseynov kimi oğullar bu Qələbənin rəmzləridir. Onun ömür yolu bir gəncin Vətən sevgisinin, fədakarlığının və əsl igidlik məktəbinin canlı sübutudur. İlham Hüseynovun adı torpaqlarımızın azadlığı uğrunda yazılmış Qələbə salnaməsində əbədi yaşayacaq.


