Atalığı diləndirdi, səhnə paltarlarını sobada yandırdı Opera müğənnimizin film kimi həyatı
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün opera müğənnisi, Azərbaycanın mərhum xalq artisti Fatma Muxtarovanın anım günüdür.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, Fatma Muxtarova 26 mart 1893-cü ildə Urmiyada anadan olub.
O, hələ körpə ikən ailəsi Urmiyadan Rastova köçmüşdü. Atası gözəl bariton səsli küçə müğənnisi olub, yaxşı da qazanırmış. 1901-ci ildə 28 yaşında olanda o, soyuqdəymədən vərəmə tutulub və vəfat edib. O zaman balaca Fatmanın 3-4 yaşı olardı.
Fatmanın anası ikinci dəfə Səttar Muxtarov adlı iranlıya ərə gedib. 1910-cu ildə yeni ailə Saratovda məskunlaşıb. Ancaq bu nikah Fatmanın əzablı günlərinin başlanğıcı olub:
Fatma Muxtarovanın xatirələrindən: “Atalığım alver edirdi, yüngül yolla qazancı və “şən həyatı” xoşlayırdı. Biz zirzəmilərdə və daxmalarda yaşayırdıq. Atalığım ailəsinə heç nə vermirdi. O, tez-tez anamı və təsadüfən əlinə keçəndə məni də döyürdü. Bu döyməklərlə atalığım anamın ürəyini elə daşa döndərmişdi ki, anam məni qara günlərin səbəbkarı sayırdı. Onlar mənə ona görə dözürdülər ki, artıq səkkiz yaşından onları saxlayırdım. Mən evdən gedəndən sonra isə atalığım anamı atdı...
Yeddi yaşım vardı. Şəhərdən-şəhərə köçə-köçə Peterburqa gəlib çıxdıq. Orada güzəranımız hər vaxt olduğundan daha pis keçirdi. Valideynlərim qərara gəldilər ki, məni dilənməyə göndərsinlər. Nə qədər ağlsam da, yalvarsam da xeyri omadı. Məni küçəyə itələyib, dedilər ki, pulsuz qayıtsan, içəri buraxmayacağıq.
Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin əlim “uzanmadı”. İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Soyuğun və küləyin əlindən dörd tərəfdən hündür daş binalarla çevrələnmiş həyətlərdən birinə girdim. Divara söykənib qalmışdım. Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımızı xatırladım. Ardınca da oxumağa başladım: “Suxoy bı ya koroçkoy pıtalas”. Oxuduğum sözləri dəhşəli dərəcdə təhrif edirdim. Rus dilinə yaxşı bələd deyildim. Lakin səsim hər şeyi ört basdır edir, məni ürəkləndirirdi.
Pəncərələr açıldı. Adamlar mənə cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atırdılar.
O vaxt mən say bilmirdim və ilk qazancımı saya bilmədim. Ancaq mənə elə gəlirdi ki, burada bir milyon pul var. İlk “konsertimdən” sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım”.
Fatma Muxtarova 12 yaşıda şarmanka ilə küçələrdə mahnılar oxuyur, pul qazanırdı. Onu Saratovda “Katya Muxtarova” və ya “Şarmankaçı Katya” olaraq tanıyırdılar. Fatma qazandığı pulların hamısını evə verirdi. 8 yaşlı qızcığazın nəfəs dərməyə belə vaxtı olmurdu. Səhərdən axşamadək oxuyurdu. Çünki ailənin bütün yükü onun üzərində idi. Atalığı Səttar kişi də bir yandan göz verib, işıq vermirdi. Elə ki, Fatma evə az pul gətirirdi, atalığı onu döyürdü.
Fatma Muxtarova: “Elə bir şəhər yox idi ki, tale bizi ora qastrola aparmasın. Boyum balaca idi deyə, məni ücüncü dərəcəli vaqonda pulsuz aparırdılar. Mən aşağıda gizləndiyimdən yalnız vaqondakıların ayaqlarını görürdüm. Bir də kanduktr hürksü var idi. Qatarın pəncərəsindən görünən mənzərələr haqqında heç təsəvvürüm belə yox idi. Həmişə maraqla gözləyirdim ki, qatardan düşəndə hansı mənzərə ilə qarşılaşacağam. Soyuq, qarlı bir şəhərdən düşəndən sonra qəfildən günəşlə, istiliklə, yaşıllıqla qarşılaşırdım. Ən çox Tiflisdə qazanırdım. Oranın camaatı çox xeyirxahdı və mahnıları sevir. Görürdün ki, hansısa gürcü qədəhi şərabla doldurub içərisinə 5 və ya 10 manatlıq pul atdı: “Əgər içsən qədəhin dibindəki pul sənindir”. Ya da alnıma əskinas yapışdırdılar ki, “belə oxu”.
O vaxt şarmankaçılar arasında mən məşhur idim. Mənə ukraynalı kastyumu geyindirər və Katya çağırardılar. Anam mənim əsil adımı gizlədərdi. Bizim düşmənlərimiz “fironlar” adlandırdığmız polislər idi. Hansısa bayramda, ya bayram ərəfəsində, ya da orucluq vaxtı bizi bir yerə yığıb polis idarəsinə aparırdılar ki, protokol bağlasınlar. Şarmankanı və ya qarmonu tutub əlimizdən alırdılar”.
O, pul yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ - 1000 rubl toplaya bilir. Saratovun “Spravoçnı listok” qəzeti yazır ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Onun xanımı opera ifaçısı idi. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olur. O, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, “ictimaiyyətdən” olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirir, “cənablar” və “xanımlar”la bir masaya əyləşdirirlərmiş. Bu durumundan çox məyus olan Fatma yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, “Saratovski listok”un baş redaktoru Nikolay Arxangelskiyə danışır. Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Konsertdə toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına imkan verir:
“Bütün bunları dostum Arxangelskiyə danışdım. O, qərara aldı ki, bu tərbiyə dərslərini kəssin və məni konservatoriyaya düzəltsin. O, İran səfiri vasitəsi ilə ata-anamı yola gətirdi. Səfir valideyinlərimi hədələdi ki, bu deyilənə qula asmasalar, onları İrana sürgün edəcək. Özlərinə də bir qədər pul verib, ürəklərini ələ aldı”.
Konsetvatoriyada heç kim qızcığazla işləmək istəmirdi. İsti-soyuq demədən oxuyan Fatma xanımın səsi xırıldayırdı. Hamı düşünürdü ki, ondan bir şey çıxmayacaq.
“Doğrudan da görürdün ki, bəzən şaxtada qavalı üzümə tutub küləkdən qorunurdum. Oxuduqca qavala boğazımdan qan damlaları sıçrayırdı. Yalnız M.Y. Medvedyev qərara aldı ki, mənimlə məşğul olmağı sınaqdan keçirtsin və nəticəsini bir aydan sonra müəyyən etsin.
Təsəvvür edin, bir hərf belə tanımıram, rusca çox pis bilirəm. Mənimlə məşğul olmaq üçün böyük səbr lazım idi. İki həftə sonra o, bildirdi ki, mənimlə məşğul ola bilər. Bundan sonra hökumət hesabına oxumağa başladım”.
Konservatoriyada oxuduğu illərdə belə ailəsi Muxtarovanı rahat buraxmayıb. Onu məcbur ediblər ki, tətillərdə qastrollara gedib, pul qazansın. Bu qastrollar zamanı o, bir dəfə Bakıda da olub.
1914-cu ildə kanservatoriyanı bitirən Fatma Muxtarova ailə həyatı quraraq valideyinlərini tərk edib. O, həyat yoldaşı ilə birlikdə Moskvaya köçüb. Onu çox sevən həyat yoldaşı Aleksandr Malinin Fatmanı Səttar kişinin caynağından xilas etmək üçün atalığının bütün tələblərini yerinə yetirib- adını dəyişdirib, müsəlmanlığı qəbul edib.
Atalığı ilə Fatma Muxtarova axrıncı dəfə 1932-ci ildə opera ulduzu olduğu, Leninqradda S. M. Kirov adına Opera və Balet Teatrında işlədiyi vaxtlarda qarşılaşıb. O zaman Fatma xanımın 39 yaşı var idi. Təsadüfən küçədə görüb. Atalığı çəkmə silirmiş. Fatma xanım uzun müddət ona dayanaraq baxıb. Birdən o, başını qaldırıb və Fatma xanımı tanıyıb. “Sanki o anda gözünün işığı söndü, tez başını aşağı saldı”.
F.Muxtarovanın ailə həyatı qurandan sonra işləri yaxşı gedirmiş. S.İ. Zimin onun oxumağını bəyənib öz teatrına dəvət etmişdi.
Şəxsi həyatında da hər şey yolunda idi. 1919-cu ildə qızı Leyla dünyaya gəlmişdi. Ailədə xoşbəxt olan müğənni səhnədə şöhrətin astanasında idi. Daha sonra onun Saratova, Rastova, Xarkova qastrol səfərləri başlayıb.
Onun Bakıya biryolluq dönüşü 1928-ci ilə təsadüf edib. Fatma Muxtarova 25 il Azərbaycan opera səhnəsində bir-birindən gözəl rolları oynayıb.
O, səhnə ilə Tiflisdə 1953-cü ildəki axrıncı qastrol səfəri zamanı vidalaşıb. Çünki Bakıda birdən-birə ona təklif etmişdilər ki, təqaüdə getsin, dincəlsin. Fatma xanım isə bunu “sən artıq qocalmısan, sən gərəksizsən. Teatra yüksən" kimi qəbul etmişdi. Buna görə də incik qəlblə, heç kimə bir kəlmə belə demədən 1952-ci ifdə teatrdan ayrılmışdı. Deyilənə görə, Fatma xanım səhnədən gedəndən sonra səhnə paltarlarını sobada yandırıbmış...
O, teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz sənəti ilə bağlı səndləri, fotoları toplamaqla yaşayıb. Ömrünü, keçmişini həmişə nəvəsi Svetlanaya nağıl kimi danışarmış...
Fatma Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

