Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa uzun illər dünya iqtisadiyyatının sabitlik, rifah və sosial təminat nümunəsi kimi təqdim olunub. Güclü sənaye, inkişaf etmiş maliyyə sistemi, yüksək həyat standartları və sosial müdafiə mexanizmləri Avropa modelinin əsas üstünlükləri hesab edilib. Lakin bu gün həmin model ciddi sınaq qarşısındadır.
Artan dövlət borcları, bahalaşma, enerji xərcləri, büdcə kəsirləri və iqtisadi artımın zəifləməsi Avropa ölkələrinin qarşısında getdikcə ağırlaşan problemlər yaradır.
Bir vaxtlar iqtisadi gücün və maliyyə intizamının simvolu sayılan Avropada indi dövlətlərin borc yükü, inflyasiya və sosial narazılıq gündəmin əsas mövzularına çevrilib. Ən narahatedici məqam isə budur ki, bu problemlər ayrı-ayrı ölkələrin iqtisadi çətinlikləri olmaqdan çıxaraq bütövlükdə Avropa iqtisadiyyatının dayanıqlılığına təsir göstərir.
Borc bataqlığında boğulan iqtisadiyyat
Avropa İttifaqının 2026-cı il payız iqtisadi proqnozu vəziyyətin ciddiliyini rəqəmlərlə ortaya qoyur. Avropa Komissiyasının məlumatına görə, 2026-cı ildə Avropa İttifaqında dövlət borcunun ÜDM-ə nisbətinin 83,9 faizə, avrozonada isə 89,6 faizə çatacağı gözlənilir. 2027-ci ildə bu göstəricilərin müvafiq olaraq 84,7 və 90,5 faizə yüksələcəyi proqnozlaşdırılır.
Avropada dövlət borcunun iqtisadiyyata nisbəti üzrə ən yüksək göstərici Yunanıstanda qeydə alınıb. 2026-cı ilin ikinci rübünə aid məlumatlara görə, ölkənin dövlət borcu ÜDM-in 140,8%-nə bərabərdir. İtaliya 139,9%-lə ikinci, Fransa isə 119,1%-lə üçüncü yerdə qərarlaşıb.
Böyük Britaniyanın Milli Statistika İdarəsi və İsveçrə Federal Maliyyə Administrasiyasının məlumatları əsasında hazırlanann reytinqdə Avropanın 30 ölkəsinin dövlət borcu müqayisə edilib.
İlk beşlikdə Belçika (110,2%) və Böyük Britaniya (102,6%) da yer alıb. İspaniyada bu göstərici 101,4% təşkil edib. Beləliklə, Avropada altı ölkənin dövlət borcu illik iqtisadi istehsal həcmini, yəni ÜDM-i üstələyib.
Portuqaliya 92,5%-lə yeddinci, Finlandiya 90,2%-lə səkkizinci yerdədir. Avstriyada dövlət borcunun ÜDM-ə nisbəti 83,6%, Macarıstanda 75,6% təşkil edib.
Avropanın aparıcı iqtisadiyyatlarından Almaniya nisbətən aşağı borc göstəricisi ilə seçilir. Ölkənin dövlət borcu ÜDM-in 63,4%-nə bərabərdir. Bu, Fransanın göstəricisindən təxminən iki dəfə azdır. Almaniya reytinqdə 13-cü yerdə qərarlaşıb.
Skandinaviya ölkələri arasında da ciddi fərq müşahidə olunur. Finlandiyada dövlət borcunun ÜDM-ə nisbəti 90,2% olduğu halda, İsveçdə 35,3%, Danimarkada isə 27,1% təşkil edib.
Reytinqdə ən aşağı göstəricilər İsveçrədə (23,4%), Estoniyada (26,1%) və Danimarkada (27,1%) qeydə alınıb.
Fransa nümunəsi xüsusilə diqqət çəkir. Avropanın aparıcı iqtisadi güclərindən biri olan bu ölkədə yüksək dövlət borcu, büdcə kəsiri və siyasi fikir ayrılıqları iqtisadi sabitliyi çətinləşdirir. İtaliya da illərdir yüksək borc yükü ilə mübarizə aparır. Yunanıstan isə əvvəlki borc böhranının ağır nəticələrindən sonra maliyyə intizamını qorumağa çalışır.
İnflyasiya və enerji asılılığı Avropanı sıxışdırır
Borc problemini daha da mürəkkəbləşdirən amillərdən biri inflyasiyadır. Qiymətlərin artması əhalinin alıcılıq qabiliyyətini aşağı salır, müəssisələrin istehsal xərclərini artırır və dövlətlərin sosial xərclərini genişləndirmək zərurəti yaradır.
Avropa Komissiyasının noyabrın 17-də açıqladığı proqnoza əsasən, 2026-cı ildə inflyasiyanın Avropa İttifaqında 3,3 faiz, avrozonada isə 3,2 faiz olacağı gözlənilir. Avrozonada oktyabr ayında illik inflyasiya 4 faizə yüksəlib. Komissiya enerji bazarındakı gərginliyin 2027-ci ilin əvvəlinədək qiymətlərə təzyiq göstərə biləcəyini bildirir.
2026-cı ildə Avropa ölkələrində inflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə fərqlənir. Rumıniya 6,5%-lik illik inflyasiya ilə qitədə ilk sırada qərarlaşıb. Litva və Bolqarıstan da qiymət artımının ən yüksək olduğu ölkələr sırasında yer alıb. İsveçrə və İsveç isə ən aşağı inflyasiya göstəricilərinə malikdir.
“Eurostat” və Böyük Britaniya Milli Statistika qurumunun məlumatları əsasında hazırlanan reytinqdə 31 Avropa ölkəsi üzrə inflyasiya səviyyəsi müqayisə edilib.
Reytinq 2026-cı ilin oktyabr ayı üzrə göstəricilərə əsaslanır. Bəzi ölkələr üçün son mövcud məlumat kimi sentyabr ayının göstəricilərindən istifadə olunub.
Avropada inflyasiyanın ən yüksək olduğu 10 ölkənin siyahısı belədir:
Enerji məsələsi Avropanın iqtisadi zəifliklərini üzə çıxaran əsas istiqamətlərdəndir. Yaxın Şərqdəki münaqişələr, Hörmüz boğazında daşımaların pozulması, neft və qaz qiymətlərinin yüksəlməsi Avropa sənayesinə əlavə zərbə vurur. Enerji daşıyıcılarının bahalaşması istehsaldan tutmuş nəqliyyata, kənd təsərrüfatından məişət xərclərinə qədər bütün sahələrə təsir edir.
Nəticədə Avropa ölkələri bir tərəfdən əhalinin sosial müdafiəsini təmin etməyə, digər tərəfdən isə sənayenin rəqabət qabiliyyətini qorumağa çalışırlar. Lakin artan xərclər və məhdud büdcə imkanları bu vəzifələri getdikcə çətinləşdirir.
Silahlanma və geosiyasi qarşıdurmaların iqtisadi təsirləri
Avropanın maliyyə problemlərini yalnız enerji böhranı və inflyasiya ilə əlaqələndirmək düzgün olmazdı. Rusiya-Ukrayna müharibəsi, təhlükəsizlik qayğıları, müdafiə xərclərinin artırılması və beynəlxalq rəqabət də büdcələrə ciddi təsir göstərir.
Avropa Komissiyasının məlumatına görə, avrozonada müdafiə xərclərinin ÜDM-ə nisbətinin 2025-ci ildəki 1,5 faizdən 2026-cı ildə 1,7 faizə yüksəlməsi gözlənilir. Eyni zamanda dövlət borclarına xidmət xərcləri də artır. Komissiya bu xərclərin 2025-ci ildə ÜDM-in 1,9 faizindən 2028-ci ildə 2,4 faizinə yüksələcəyini proqnozlaşdırır.
Burada mühüm bir ziddiyyət meydana çıxır: Avropa təhlükəsizliyini gücləndirmək üçün daha çox vəsait ayırır, lakin bu vəsaitlərin artması sosial proqramlar, infrastruktur və iqtisadi inkişaf üçün maliyyə imkanlarını məhdudlaşdıra bilər.
Avropa Mərkəzi Bankının 2026-cı ilin noyabrında açıqladığı maliyyə sabitliyi təhlilində də dövlət borclarının artması, büdcə kəsirləri və borclanma xərclərinin yüksəlməsi əsas risklər sırasında göstərilir.
Avropa sosial rifah modelinin sınağı
Bütün bu proseslərin ən ağır nəticəsi sadə vətəndaşların həyatında hiss olunur. Ərzaq, mənzil, kommunal xidmətlər, nəqliyyat və enerji xərclərinin artması ailə büdcələrini sıxışdırır. Maaşların artımı isə bir çox hallarda bahalaşmanı tam kompensasiya edə bilmir.
Əhalinin sosial narazılığı, hökumətlərə inamsızlığın artması və siyasi qüvvələr arasında qarşıdurmalar da məhz bu iqtisadi reallıqla əlaqəlidir. İnsanlar haqlı olaraq sual edirlər ki, dünyanın ən inkişaf etmiş iqtisadi məkanlarından biri hesab edilən Avropada niyə həyat getdikcə bahalaşır, dövlətlər niyə borclarını azaltmaq əvəzinə yeni borclanmalara üz tuturlar?
Fakt budur ki, Avropa bu gün mühüm seçim qarşısındadır. Ya iqtisadi prioritetlərini yenidən müəyyənləşdirərək borc yükünü azaltmalı, enerji təhlükəsizliyini gücləndirməli, istehsalı və rəqabət qabiliyyətini artırmalıdır, ya da borclanma, bahalaşma və sosial narazılıq zəncirinin daha da dərinləşməsi ilə üzləşməlidir.
Surxay Atakişiyev, Bizim.Medi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Noyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















