Icma.az
close
up
RU
Avropanın müdafiə arzusu: “Pleven planı”ndan Transatlantik gərginliyə uzanan yol

Avropanın müdafiə arzusu: “Pleven planı”ndan Transatlantik gərginliyə uzanan yol

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Tarix bəzən susur, bəzən isə sükut içində səslənir. Avropanın müdafiə strategiyası məsələsində isə, o, illərlə eyni sualı təkrar edir: “Niyə Avropa hələ də öz təhlükəsizliyini başqasının çiyninə yükləyir?”

İkinci Dünya müharibəsindən çıxmış Avropa dağılmış şəhərlər və yanan sərhədlərlə üz-üzə qalmışdı. Fiziki dağıntılardan daha dərini isə inamsızlıq idi –bir-birinə, özünə və sabaha. Bu zəmində Fransanın Baş naziri Rene Pleven 1950-ci ildə ortaya radikal bir ideya atdı: “Gəlin, bir Avropa ordusu quraq!”.

Avropa İttifaqının (Aİ) müstəqil müdafiə strategiyası qurmaq cəhdləri tarix boyu bir çox siyasi, hüquqi və geosiyasi maneələrlə qarşılaşıb. Həmin səylərin təməlində isə müharibədən sonrakı Avropanın təhlükəsizlik axtarışı dayanırdı. 1950-ci illərdə “Pleven planı” ilə başlayan “Avropa ordusu” ideyası uzun illər davam edən Transatlantik əməkdaşlıq fonunda zaman-zaman dirçəlsə də, heç vaxt tam şəkildə gerçəkləşmədi. Bu gün isə ABŞ–Avropa münasibətlərinin zəifləməsi və 2024-cü ildə Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə Avropa dövlətləri bir daha kollektiv müdafiə və təhlükəsizlik modelini müzakirə etməyə başlayıblar. Bəs Avropa niyə vahid müdafiə strategiyasında birləşə bilmədi? “Pleven planı” niyə uğursuz oldu? NATO–Aİ əməkdaşlığı necə yarandı və bu gün niyə zəifləyir?

Ötən əsrin ortalarında Rene Pleven tərəfindən irəli sürülən plan Avropa tarixində ilk dəfə müstəqil, ABŞ-dan və

NATO-dan asılı olmayan bir müdafiə qüvvəsi yaratmaq niyyətini ortaya qoymuşdu. Avropa Müdafiə Birliyi ideyası bir tərəfdən Almaniyanın hərbi yüksəlişinə mane olmağı, digər tərəfdən isə Sovet İttifaqının təhdidlərinə qarşı ümumi müdafiə strukturu formalaşdırmağı hədəfləyirdi. Lakin bu iddialı təşəbbüs cəmi dörd il sonra – 1954-cü ildə Fransa parlamenti tərəfindən rədd edildi və tarixin tozlu səhifələrinə qovuşdu.

“Pleven planı”, əslində, o dövrün geosiyasi reallıqlarına cavab idi. Avropanın iki dünya müharibəsinin yaralarını sarımağa çalışdığı, ancaq, eyni zamanda, yeni bir ideoloji mübarizənin – soyuq müharibənin qapısında dayandığı bir dönəmdə formalaşmışdı. Siyasi analiz göstərir ki, planın arxasında duran əsas məqsəd Avropanı ABŞ-ın kölgəsindən çıxarıb daha müstəqil və vahid hərbi aktora çevirmək idi. Lakin dövlətlərarası güvən çatışmazlığı, güc balansının qeyri-bərabərliyi və hər bir dövlətin özünəməxsus milli təhlükəsizlik maraqları bu təşəbbüsün qarşısını aldı.

Siyasi baxımdan “Pleven planı” dövlətlərarası inteqrasiya və kollektiv təhlükəsizlik nəzəriyyələri çərçivəsində qiymətləndirilə bilər. Qlobal siyasətdə realist yanaşmaya əsasən, dövlətlər suverenliklərini qorumaq üçün ilk növbədə öz maraqlarını müdafiə edirlər. Bu baxımdan, “Pleven planı”nın uğursuzluğu milli suverenliyin qorunmasının dövlətlər üçün Avropa inteqrasiyasından daha önəmli olduğunu göstərdi. Realist yanaşmaya qarşı çıxan liberalist nəzəriyyələr bu cür inteqrasiyaların qarşılıqlı asılılıq əsasında sabitlik gətirəcəyini iddia etsə də, 1950-ci illərin Avropası buna hazır deyildi.

“Pleven planı” həm də federalizmlə konfederalizm arasında seçim dilemmasını ortaya qoyurdu. Plan hərbi gücün üstqurum – Avropa Müdafiə Birliyi tərəfindən idarə olunmasını təklif edirdi ki, bu da faktiki olaraq dövlətlərin hərbi suverenliyindən imtina etməsi demək idi. Bu isə yalnız dərin siyasi birliyin – federal quruluşun mümkünlüyü şəraitində ola bilərdi. Lakin Avropa dövlətləri o dövrdə belə bir siyasi dərinliyə hazır deyildilər. Hətta Avropa İqtisadi Birliyinin qurulmasından illər əvvəl bu cür hərbi federasiya ideyası siyasi elita üçün utopik görünürdü. Hüquqi baxımdan müqavilə milli parlamentlər tərəfindən ratifikasiya edilməli idi. Fransa parlamentinin müqaviləni ratifikasiya etməməsi göstərdi ki, inteqrasiyanın hüquqi legitimliyi yalnız beynəlxalq səviyyədə deyil, eyni zamanda, daxili demokratik legitimliklə də bağlıdır. Daxili siyasi qüvvələrin, xüsusilə solçuların müqaviməti hüquqi prosesi tıxadı və nəticədə plan hüquqi qüvvə qazanmadı. Buradan aydın oldu ki, hərbi inteqrasiya üçün hüquqi mexanizmlər nə qədər zəruri olsa da, siyasi iradə olmadığı halda bu mexanizmlər işlək olmur.

“Pleven planı” reallıqla toqquşmuş, kağız üzərində yaradılmış, lakin siyasi iradə və ictimai dəstək tapmamış xəyaldır. Avropa öz müdafiəsini özü formalaşdırmaq istədi, amma bir daha sübut olundu ki, tarixdə hər bir böyük ideya reallaşmaq üçün yalnız vizyona deyil, həm də konsensusa, inama və cəsarətə ehtiyac duyur. 1954-cü ilin Fransasında bu üç amildən heç biri mövcud deyildi.

Avropa tarixində hərbi və təhlükəsizlik məsələlərində ABŞ ilə Aİ arasında yaranan münasibətlərin tarixi həm əməkdaşlıq, həm də ziddiyyətlərlə doludur. “Pleven planı”nın uğursuzluğundan sonra Avropa dövlətləri hərbi müstəqillik arzularından geri çəkilərək təhlükəsizliklərini Atlantik okeanının o tayına – Vaşinqtona etibar etdilər. NATO-nun varlığı Avropanın qoruyucu çətiri oldu. Amma bu asılılıq heç də siyasi rahatlıq yaratmadı, əksinə, uzunmüddətli strateji dilemmanın əsasını qoydu: “Avropa müdafiəsini özü təmin etməlidir, yoxsa NATO-ya bel bağlamalıdır?”

NATO-nun Avropadakı rolu tarix boyu strateji sabitliyin əsas təminatçısı olub. Xüsusilə soyuq müharibə dövründə ABŞ-ın hərbi, iqtisadi və texnoloji gücü Avropaya SSRİ təhdidinə qarşı qalxan rolunu oynadı. Amma bu, eyni zamanda, asılılıq yaradan struktura çevrildi. Avropa dövlətləri öz hərbi imkanlarını genişləndirmək əvəzinə, daha çox sosial və iqtisadi rifah layihələrinə resurs ayırmağı üstün tutdular. Siyasi analitiklər bu vəziyyəti “təhlükəsizlik sərmayəsizliyi” kimi xarakterizə edirlər.

NATO və Aİ-nin münasibətləri güc balansı və struktur funksiyaları baxımından fərqlidir. NATO hərbi ittifaqdır və “əsas oyunçusu” ABŞ-dır; halbuki Aİ siyasi və iqtisadi birlikdir və daha çox konsensus əsasında işləyir. NATO-nun “iyerarxik” quruluşu ABŞ-ı lider kimi ön plana çıxarır, Aİ isə “horizontallıq” prinsipinə əsaslanır. Bu iki fərqli sistemin təhlükəsizlik sahəsində eyni məcrada fəaliyyət göstərməsi daim koordinasiya çətinlikləri yaradıb. ABŞ-ın iradəsi ilə formalaşan müdafiə qərarları bəzən Avropa dövlətlərinin milli maraqları ilə üst-üstə düşməyib.

Realist nəzəriyyə bu vəziyyəti belə izah edir: ABŞ və Avropa dövlətləri öz maraqlarını qorumaq üçün ittifaqlara girirlər, amma bu ittifaqlar dayanıqlı deyil və güc mərkəzinin dəyişməsi ilə zəifləyə bilər. İnstitusionalist nəzəriyyələr isə Aİ-NATO əməkdaşlığını uzunmüddətli sabitliyin təməli kimi görür. Lakin Aİ daxilindəki fikir ayrılıqları, milli orduların koordinasiyasının zəifliyi və strateji vizyonun parçalanması institusionalist gözləntiləri daim təxirə salıb. Beləliklə, Avropa müdafiəsi struktur və nəzəri baxımdan “yarımçıq layihə” olaraq qalıb.

Hüquqi cəhətdən NATO və Aİ-nin təhlükəsizlik mexanizmləri bir-birini tamamlasa da, aralarında tam inteqrasiya yoxdur. NATO-nun əsasını Vaşinqton müqaviləsi (1949) təşkil edir və burada kollektiv müdafiə prinsipi (Maddə 5) hüquqi cəhətdən təsbit olunub. Aİ isə 2009-cu ildə qüvvəyə minən Lissabon müqaviləsi ilə təhlükəsizlik və müdafiə sahəsində müəyyən addımlar atmağa başladı. Amma bu addımlar NATO-nun hüquqi çərçivəsini əvəz etmir, sadəcə, onu tamamlayır. Yəni, hüquqi baxımdan da Aİ-nin hərbi sahədə tam suveren aktora çevrilməsi üçün kifayət qədər mexanizm yoxdur.

Hazırda Avropa təhlükəsizliyi dilemma qarşısındadır: Ya Vaşinqtonun kölgəsində qalmaq, ya da öz müdafiəsini formalaşdırmaq. NATO ilə Aİ arasında paralellər qurulsa da, hərbi güc, strateji liderlik və siyasi birlik məsələlərində təzadlar dərinləşməkdədir. XXI əsrin ilk onilliklərində baş verən böhranlar – Ukrayna müharibəsi, Əfqanıstandan çıxış, Transatlantik münasibətlərin zəifləməsi – göstərdi ki, təhlükəsizlik yalnız razılaşmalarla deyil, siyasi iradə ilə də təmin olunur. O iradə isə olmadığından bu gün Aİ daxilində parçalanma əngəllənir.

ABŞ tarixində Donald Tramp Administrasiyası (2017–2021) Transatlantik münasibətlər üçün dönüş nöqtəsi oldu. Trampın prezidentliyi dövründə ABŞ ilə Aİ və NATO arasında gərginliklər artdı. Ənənəvi müttəfiqlik münasibətləri yerini qarşılıqlı inamsızlığa və bəzən açıq-aşkar ittihamlara verdi. ABŞ Prezidentinin "America First" (Öncə Amerika) şüarı Avropada ABŞ-ın qlobal təhlükəsizlik öhdəliklərinə olan sadiqliyinə dair ciddi suallar doğurdu.

D.Tramp Administrasiyasının NATO-ya yönəlik ritorikası açıq və sərt idi. Prezident Tramp Aİ ölkələrini, xüsusilə Almaniyanı müdafiə xərclərini artırmamaqda və ABŞ-dan “təhlükəsizlik almaqda” ittiham edirdi. ABŞ-ın NATO-dan çıxması ilə bağlı təhdidlər, müdafiə öhdəliklərini “şərtli” etməsi və bəzi görüşlərdə NATO-nu “köhnəlmiş qurum” adlandırması Avropa siyasi dairələrində ciddi narahatlıq yaratdı və bu ritorika illərdir formalaşmış strateji etimadın sarsılmasına səbəb oldu.

Trampın siyasəti Avropada “strateji muxtariyyət” anlayışını yenidən aktuallaşdırdı. Fransa prezidenti Emmanuel Makron bu kontekstdə Avropa ordusu ideyasını bir daha gündəmə gətirdi. Politoloji baxımdan bu təşəbbüslər Avropanın

NATO-dan kənarda öz təhlükəsizlik sistemini qurmağa cəhd kimi dəyərləndirilir. Amma siyasi parçalanma, maliyyə imkanlarının qeyri-bərabərliyi və Aİ daxilində birgə təhlükəsizlik vizyonunun olmaması bu cəhdləri zəiflətdi.

Trampın siyasəti klassik realizmin təzahürü idi: beynəlxalq münasibətlər güc üzərində qurulur, ittifaqlar ancaq milli maraqlara xidmət etdikdə əhəmiyyətlidir və bu yanaşma liberal nəzəriyyənin çoxpilləli əməkdaşlıq, institutlar və qarşılıqlı asılılıq kimi dəyərlərini zəiflətdi. Aİ isə, əksinə, institusionalizm və normativ güc üzərində qurulmuşdu. Tramp dövrü bu iki nəzəri yanaşmanın praktik toqquşması kimi tarixə düşdü.

NATO-nun hüquqi dayağı olan Maddə 5 – yəni bir üzvə edilən hücumun hamıya qarşı hücum sayılması – Tramp dövründə sözlə təsdiqlənsə də, siyasi səviyyədə zəifləməyə məruz qaldı. Ağ ev Administrasiyası bu öhdəliyi bir növ “maliyyə müqabilində verilən xidmət” kimi təqdim etdi. Hüquqi baxımdan bu, NATO-nun kollektiv müdafiə prinsipinə zidd olmasa da, onun mənəvi-siyasi əsaslarını sarsıtdı. Müqavilənin hüquqi mətnində boşluq yox idi. Amma siyasi iradə zəiflədiyi üçün ittifaqın mənası kölgələndi.

2024-cü ildə Donald Trampın yenidən Prezident seçilməsi Transatlantik münasibətlərdə yeni, lakin daha qeyri-müəyyən bir mərhələnin başlanğıcı oldu. Avropa liderləri üçün bu nəticə bir “oyanış zəngi” oldu. Çünki bu dəfə ABŞ-ın dünya nizamına liderlik etmək istəyi azalmış görünürdü.

Trampın qayıdışı, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda baş verərkən Aİ ölkələrini daha sürətli qərarlar verməyə və öz təhlükəsizlik məsuliyyətlərini bölüşməyə vadar etdi. Lakin Aİ daxilində bu məsələyə yanaşmalar fərqlidir: Şərqi Avropa ölkələri ABŞ ilə sıx əlaqələri qorumaq tərəfdarıdır, Qərbi Avropa isə daha müstəqil mövqe axtarır. Almaniya və Fransa strateji avtonomiya ideyasını müdafiə edir, amma Polşa və Baltik ölkələri bu ideyanı real və effektiv saymırlar.

D.Trampın ikinci prezidentliyi ilə bərabər, bəzi analitiklər artıq “post-Atlantikçilik” dövründən danışmağa başlayıblar. Bu dövr ABŞ və Avropa arasında strateji məsafənin artdığı, əməkdaşlığın seçici və situativ xarakter daşıdığı bir mərhələdir. ABŞ-ın əsas diqqəti Çin və Sakit okean regionuna yönəlmişkən, Avropa öz regionunda təhlükəsizliyi təmin etməyə çalışır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 03:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see178

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see132

Tramp bu kanalların maliyyəsini dayandırdı

02 May 2025 11:48see127

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see126

“28 May” stansiyasının bağlanması ilə bağlı vacibAÇIQLAMA

02 May 2025 14:34see125

Okolie Milana keçə bilər

02 May 2025 13:02see124

Ali məktəblərə ərizə qəbulu: Artıb, ya azalıb?

02 May 2025 11:33see122

Kəpəz də qalmaqal: Baş məşqçi komandanı meydana çıxartmaq istəmir

02 May 2025 11:57see122

Türk dünyasının liderləri Avropada TOPLAŞIR

02 May 2025 13:01see121

Təkcə çips və qazlı içkilər deyil: Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL

03 May 2025 02:33see118

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see118

Abituriyentlərin nəzərinə Bu qrup üzrə qəbul qaydası dəyişdi

02 May 2025 15:39see117

Sumqayıtda yaşlı qadını yük maşını vurdu

03 May 2025 12:28see117

Tibbi sosial aksiya keçiriləcək

03 May 2025 09:01see116

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır bank və enerji sektorları hədəfdə KONKRET

03 May 2025 00:55see116

Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib

02 May 2025 15:32see116

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see115

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see114

“Euronews” kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb

03 May 2025 15:14see114

Zəlzələdə çökmə riski olan binalar Belə binalar hansı ərazilərdə tikilib? + VİDEO

03 May 2025 12:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri