“Avstraliya zaman keçdikcə mənim evimə çevrilsə də, ürəyim vətənə can atır” Emil Cəbrayılovun ə MÜSAHİBƏSİ FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Emil Cəbrayılovun adı idman aləmində kifayət qədər tanınır. Suya tullanma üzrə veteran idmançı iki dəfə Olimpiya Oyunlarında iştirak edərək Azərbaycanı Atlantada və Sidneydə təmsil edib. 1996-2001-ci illərdə o, Yaponiya, Avstraliya, Meksika, Rusiya, Böyük Britaniya və İspaniyada keçirilən dünya çempionatlarında və Dünya kubokunun mərhələlərində çıxış edib. Karyerasını başa vurduqdan sonra Emil Avstraliyaya köçüb və artıq 15 ildən çoxdur ki, burada yaşayır.
İdman.Biz-lə müsahibəsində Emil Cəbrayılov “yaşıl qitə”dəki həyatından danışıb və idman karyerasının unudulmaz məqamlarını xatırlayıb.
- Neçə ildir Avstraliyada yaşayırsınız və hər şey necə başladı?
- Hər şey 1998-ci ildə başladı. Həmin il Qərbi Avstraliyanın Pert şəhərində suya tullanma üzrə dünya çempionatı keçirilirdi. Bu, mənim Avstraliyaya ilk səfərim idi - ora məşqçimlə birlikdə gəlmişdim. Səfər doğrudan da möhtəşəm alındı. O dövrdə Azərbaycandan Avstraliyada olmuş insan çox az idi. Amma tale elə gətirdi ki, biz məşqçi ilə birlikdə burada olduq və Pert(Avstraliyada şəhər – red) mənə dərhal çox xoş təsir bağışladı. Ümumilikdə, qitə məndə dərin təəssüratlar yaratdı. Həmin vaxt məndə bir arzu yarandı - bir gün xaricdə yaşamaq. Yarışlara tez-tez getdiyim üçün bu fikir məni tərk etmirdi. Daha sonra, Olimpiadanın Sidneydə keçiriləcəyini bildiyimə görə, 1998–2000-ci illər arasında Avstraliyada daha üç dəfə, bir dəfə isə Yeni Zelandiyada oldum. 1998-ci ildə Pertdə dünya çempionatı, 1999-cu ildə Olimpiadadan bir qədər əvvəl Sidneydə suya tullanma üzrə Dünya kuboku, həmin il isə Yeni Zelandiyada dünya çempionatı baş tutdu. Nəhayət, 2000-ci il Sidneydə keçirilən Yay Olimpiya Oyunları həmin dövrün zirvəsi oldu. O vaxtdan xeyli illər keçib və artıq on beş ildən çoxdur ki, Avstraliyada yaşayıram.
- Köhnə vərdişlərlə formadakı vəziyyətinizi qoruyursunuz, yoxsa bu, artıq keçmişdə qalıb?
- Əlbəttə, idmansız mümkün deyil. Avstraliyaya köçəndən sonra təbii ki, iş, mənzil, yeni şərait kimi məsələləri həll etmək lazım idi. İlk iki il çətin keçdi, idman haqda düşünməyə vaxt yox idi. Amma hər şey qaydasına düşəndən sonra formamı saxlamaq üçün nə ilə məşğul olmağı düşünməyə başladım. İlk işim 1998-ci ildə dünya çempionatında çıxış etdiyim həmin üzgüçülük hovuzuna getmək oldu. Orada o vaxtkı məşqçilərlə, o cümlədən komandamıza nəzarət edən xanımla qarşılaşdım. Ona yazdım, görüşdük - məni görməkdən çox sevindi. Keçmişi xatırladıq, köhnə şəkilləri göstərdim, çox səmimi və nostalji bir görüş oldu. Sonra böyüklər üçün suya tullanma qrupuna yazıldım. Tədricən məşqlərə başladım, hərəkətləri, texnikanı xatırladım. Və təəccüblü olsa da, heç nəyi unutmadığımı gördüm! Hətta Qərbi Avstraliya çempionatlarında “Masters” kateqoriyasında çıxış etməyə başladım - bu, böyüklər, keçmiş idmançılar və sadəcə həvəskarlar üçün keçirilən yarışlardır. Yenidən on metrlik tramplinə qalxdım və Olimpiya vaxtı etdiyim bəzi tullanmaları yerinə yetirdim. O vaxt təxminən qırx yaşım var idi, amma formam hələ də yaxşı idi.
İşlədiyim yerlərdən birində maraqlı hadisə baş verdi. İş yoldaşım keçmişdə suya tullanma federasiyasının prezidenti olub. Söhbət əsnasında mənim də Olimpiadada iştirak etdiyimi öyrəndi və məlum oldu ki, o, məni və məşqçimi xatırlayır! Bu, doğrudan da təsirli görüş idi - uzun müddət ortaq tanışlarımızdan danışdıq, Avstraliyada və dünyada suya tullanma idmanının vəziyyətini müzakirə etdik. Daha sonra hakim kimi ixtisas aldım və Qərbi Avstraliyada yarışlarda işləməyə başladım. Məni tez-tez dəvət edirdilər, demək olar ki, bütün yerli turnirlərdə hakimlik etmişəm. Hətta böyüklər arasında keçirilən dünya çempionatında yenidən çıxış etmək fikrim də vardı. Təəssüf ki, zədələndim. Suya tullanma ilə yanaşı voleybol və futbol da oynayırdım, çox fəal idim. Bir dəfə futbol oynayarkən zədə aldım və anladım ki, tempi bir qədər azaltmaq vaxtıdır. Yaş da artıq özünü hiss etdirirdi.
- Hazırda nə ilə məşğulsunuz? Bunu demək olarmı ki, idmandan sonra karyeranız Avstraliyada uğurla davam edib?
- Hazırda dəmir filizi hasilatı ilə məşğul olan bir mədən şirkətində çalışıram. Bu sahə xüsusilə Qərbi Avstraliyada çox inkişaf edib. İdman karyeram başa çatdıqdan sonra təbii ki, təhsil və yeni peşə barədə düşünmək vaxtı idi. Azərbaycanda Bədən Tərbiyəsi İnstitutunu bitirmişəm, sonra isə Moskva Dövlət Universitetinin filialında üç il təhsil alaraq “Maliyyə” ixtisası üzrə bakalavr dərəcəsi qazanmışam. Lakin o dövrdə bu sahədə karyera qurmaq mümkün olmadı. Avstraliyaya köçdükdən sonra yenidən özümü tapmağa çalışdım. Təhsili davam etdirdim və logistika üzrə diplom aldım. Daha sonra mədən şirkətlərinə müraciət etdim və bəxtim gətirdi. “Roheale” adlı şirkətdən təklif aldım - bu şirkət hazırda “Hancock Iron Ore” adı ilə tanınır. Artıq səkkiz ildir burada çalışıram və Avstraliyadakı karyeramdan çox razıyam. Əlbəttə, bir çox peşəkar idmançılar üçün idmandan sonrakı həyatda özlərini tapmaq çətindir, amma mən bunu bacardım. Belə bir mühüm sahənin bir hissəsi olma və inkişaf imkanına görə minnətdaram.
- Siz hələ də suyatullanma proqramında iki dəfə Olimpiadada çıxış etmiş yeganə azərbaycanlısınız. Ən çox nəyi xatırlayırsınız?
- Hər şeyi xatırlayıram. İlk dəfə suyatullanmanı, səhv etmirəmsə, 1984-cü ildə Los-Anceles Olimpiadasında gördüm. Və dərhal bu növə vuruldum. Atam və qardaşımla birlikdə yarışlara baxırdıq. Yadımdadır, yarışdan sonra atamdan məni aparıb bu idman növünü sınamağı xahiş etdim. Biz Ordu İdman Klubunun yaxınlığında yaşayırdıq - cəmi 15 dəqiqəlik məsafədə. Buna görə də çox təkid etməyə ehtiyac qalmadı. Ailəm idmanla məşğul idi: anam və atam idman gimnastikası ilə məşğul olublar. Beləcə, suya tullanma bölməsinə yazıldım. Yeddi yaşım olanda məşqlərə başladım. Hər şey uğurlu gedirdi. Məşqdən sonra valideynlərim evdə də mənimlə məşğul olurdu - məni şpaqata salır, körpü hərəkətlərini öyrədirdilər, hər cür dəstək göstərirdilər. Məşqçi tezliklə qabiliyyətimi gördü və qısa müddətdə yığmaya düşdüm. O vaxtdan bu idman növünün əsl fanatına çevrildim.
Təbii ki, çətin dövrlər də olub, xüsusilə SSRİ dağıldıqdan sonra. O zaman hər şey dayanmışdı: hovuzlar bağlanır, avadanlıqlar köhnəlirdi, məşq etmək mümkün deyildi. Amma biz təslim olmadıq. Məşqçi ilə birlikdə tanışlıqla hərbçi bazasına girib orada məşq edirdik. Hərçənd bu, çətin idi, amma yarışlara hazırlaşmağı bacarırdıq. Yeganə hovuz Mərkəzi Ordu İdman Klubunda idi, amma artıq köhnəlmişdi - tramplin və qüllələr yararsız hala düşmüşdü. Azərbaycanda o dövrdə məşq edib dünya səviyyəsinə çatmaq çox çətin idi, amma biz yenə də çalışırdıq. Moskvada, Belarusda, Ukraynada toplanışlarda olur, başqalarının necə məşq etdiyini görür və onlardan öyrənirdik.
1995-ci ildə, Atlanta Olimpiadasından əvvəl Milli Olimpiya Komitəsindən dəstək aldıq. Xaricə toplanışlara gedir, ciddi hazırlaşırdıq. Bu, Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiadada çıxışı idi. O vaxt cəmi 18 yaşım var idi. Beynəlxalq təcrübəm az olsa da, layiqincə çıxış etdim. Bundan sonra hər şey dəyişdi. Dünya və Avropa çempionatları, yeni toplanışlar başladı və artıq növbəti Yay Olimpiadasına - Sidneydəki Oyunlara hazırlaşırdım. Tullanmaların çətinlik dərəcəsini artırmaq lazım idi, çünki seçmə tələblər yüksəlmişdi. Amma yenə də uğur qazandıq - lisenziya əldə edib yarışdıq.
Azərbaycanda hələ də normal şərait yox idi, ona görə əsasən toplanışlarda hazırlaşırdıq. Yarışlardan bir neçə həftə əvvəl gəlir, son anda çıxışa köklənirdik. Ola bilsin, məhz bu çətinliklər mənə nailiyyət gətirdi. Uşaqlıqdan arzum idi ki, Azərbaycanda dünya səviyyəli bir üzgüçülük kompleksi olsun. Nəhayət, Avropa Oyunlarından əvvəl bu arzum gerçəkləşdi.
- Ümumilikdə, Avstraliyadan baxanda Azərbaycanda idmanın inkişafı sizə necə görünür?
- Məncə, bu gün Azərbaycanda idman çox fəal şəkildə inkişaf edir. Dövlət, şübhəsiz ki, bu sahəyə dəstək verir. Avstraliya ilə müqayisə etdikdə, bəzən burada idmanda bu qədər böyük nəticələrə necə nail olunduğuna təəccüblənirəm. Avstraliyada uşaq idmanı əsasən valideynlərin dəstəyi ilə inkişaf edir. Məhz valideynlər uşağın müəyyən səviyyəyə çatmasına qədər onun hazırlığına sərmayə qoyurlar, bundan sonra isə dövlət və ya korporativ sponsorluqla dəstək almaq mümkündür. Azərbaycanda, yəqin ki, bu sistem hələ formalaşma mərhələsindədir, amma bildiyim qədər, orada hələ də pulsuz idman bölmələri fəaliyyət göstərir. İdmançı yaxşı nəticələr göstərən kimi dövlət onu himayəyə götürür və maliyyələşdirir.
Avstraliyada yanaşma bir qədər fərqlidir: valideynlər uşağı milli komandaya düşənə, dünya çempionatları, Olimpiya Oyunları və ya Birlik Oyunları səviyyəsinə çatana qədər maliyyələşdirirlər. Bundan sonra dövlət dəstəyə qoşulur. Təbii ki, burada dünya səviyyəli idmançı yetişdirmək üçün bütün şərait yaradılıb.
Azərbaycanla bağlı desəm, düşünürəm ki, orada idman hazırda kifayət qədər yüksək səviyyədədir. Təəssüf ki, suya tullanma hələ geniş inkişaf etməyib, baxmayaraq ki, yaxşı üzgüçülük hovuzu tikilib və aralarında rusiyalı mütəxəssislərin də olduğu ixtisaslı məşqçilər fəaliyyət göstərirlər. Amma təəssüf ki, hələlik bu idman növündə beynəlxalq miqyaslı yarışlarda azərbaycanlı idmançılar görməmişəm. Ümid edirəm ki, gələcəkdə biz mütləq Azərbaycanın suyatullanma da təmsil olunduğunu görəcəyik.
Mən özüm bu idman növü ilə məşğul olduğum vaxt akrobatika üzrə məşqçim Adil Məmməd oğlu idi. Onu “Facebook”da izləyirəm və görürəm ki, onun yetirmələri tamblinq və batutda çox yüksək nəticələr göstərirlər. Suya tullanma, əlbəttə, çox çətin və texniki baxımdan mürəkkəb idman növüdür - havada üç salto, bir neçə burulma hərəkəti yerinə yetirilməlidir. Görürəm ki, tamblinqlə məşğul olan uşaqlar da bu qədər mürəkkəb elementlər yerinə yetirirlər və bu, məni çox sevindirir. Ümumiyyətlə, xəbərlərə və Olimpiadalara baxanda görmək olur ki, Azərbaycanda idmanın inkişafı üçün bütün şərait yaradılıb. Ümid edirəm ki, nəticələr bundan sonra yalnız yüksələcək.
- Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz? Yenidən gəlməyi planlaşdırırsınızmı?
- Sonuncu dəfə Bakıda pandemiyadan əvvəl olmuşam. Bəlkə elə bu il getməyi planlaşdırıram. Anamı və qardaşımı çoxdan görməmişəm, onları görmək istəyirəm. Bakı üçün, dostlarım üçün, uşaqlığımın keçdiyi yerlər üçün darıxıram. Hərçənd indi Avstraliya getdikcə mənim evimə çevrilir, qəlbim yenə də Vətənə can atır. Sonuncu gəlişimdə yeni tikilmiş üzgüçülük hovuzuna baş çəkdim. Baxdım - şərait sadəcə əladır. Həmin vaxt hələ formamda idim və məndə yenidən qüllədən, tramplindən tullanmaq, sadəcə zövq üçün, xatirə üçün bunu bir daha yaşamaq istəyi yarandı. Ola bilsin, bu dəfə o kiçik uşaqlıq arzum gerçəkləşər - su üzərindəki o uçuş hissini bir daha yaşamaq.
Zəki Feyzullayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 07 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















