“Azadlıq Radiosu”, “Amerikanın Səsi” fəaliyyətini dayandırdığı kimi qərəzli hesabatlar hazırlayan digər təşkilatlar da ləğv olunmalıdır RƏY
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
“9 apreldə ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərb dairələrinin anti-Azərbaycan fəaliyyətindən danışaraq ölkəmizə qarşı təşkil edilən siyasi təzyiq kampaniyalarla bağlı fikirlər ifadə etdi. Qərbin “demokratiya” adı altında fəaliyyət göstərən institutları ölkəmizdə də narıncı inqilabın baş tutmasına çalışırdı. Belə ki, radikal müxalifəti və onların sifarişlərini icra edən QHT-ləri maliyyələşdirməklə hakimiyyətə qarşı narazılıqlar yaratmağa çalışdılar. Bu gün isə həmin radikal qrupların maliyyələşdirlməsinin dayandırılması istiqamətində vaxtında atılan addımlar Qərbin Azərbaycanı narıncı inqilablarla gücsüzləşdirmək və özünə tabe etdirmək planlarının qarşısnı almış oldu”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
““Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency İnternational” və digər bu kimi təşkilatlar qərəzli hesabatlar açıqlayır və ölkəmizə təzyiqləri davam etdirirlər. Təbii ki, USAİD-nin maliyyələşdirdiyi qurumlar, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırdığı kimi qərəzli hesabatlar hazırlayaraq insanlar arasında narazılıq yaratmaqla milli dövlətlərin müstəqilliklərini parçalamağa çalışan digər təşkilatlar da ləğv olunmalıdır. Dövlət başçımızın qeyd etdiyi kimi, həmin beynəxalq təşkilatların korrupsiya fəaliyyətlərinə dair kifayət qədər faktlar mövcuddur və onların dağıdıcı fəaliyyətləri barədə faktları ABŞ prokurorluğuna, hüquq-mühafizə orqanlarına təqdim etməyə hazırdır. Demokratiya sifarişlərin icrası üçün silah olmamalıdır. Hər bir dövlət özünün milli müstəqilliyini özü qurmalı və xarici təsirlərə imkan verilməməlidir. Donald Trampın hakimiyyətə gəlməsi korrupsiyaya bulaşanlara və dağıdıcı fəaliyyətlə məşğul olanlara çox pis xəbər oldu...”, - deputat bildirib.
Aytəkin Qardaşova


