Icma.az
close
up
RU
ANAMA nın idarə rəisi: Minatəmizləmə prosesində pilotsuz uçuş aparatlarından istifadə olunur MÜSAHİBƏ

ANAMA nın idarə rəisi: Minatəmizləmə prosesində pilotsuz uçuş aparatlarından istifadə olunur MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 iyun, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş bir çox əraziləri mina və partlamamış hərbi sursatlarla çirklənmiş vəziyyətdədir. Həmin torpaqlarda bərpa-quruculuq işlərinə başlanması isə minatəmizləmə fəaliyyətlərini aktual və strateji əhəmiyyətli işə çevirib. Bu çərçivədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) mühüm vəzifəni – ərazilərin təhlükəsizliyinin təmin olunması və bu bölgənin dinc məqsədlərlə istifadəyə yararlı hala gətirilməsi missiyasını daşıyır.

Minatəmizləmə prosesi əhalinin geridönüşü, sosial infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi və regionun ümumi inkişafı üçün həyati önəm daşıyır. Bu baxımdan ANAMA-nın yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyi əməliyyatlar, tətbiq etdiyi yeni texnologiyalar və koordinasiya mexanizmləri diqqət mərkəzindədir.

Bu mühüm istiqamətdə görülən işlər, mövcud problemlər və gələcək planlar barədə daha ətraflı məlumat almaq üçün AZƏRTAC-ın həmsöhbəti ANAMA-nın Əməliyyatların Koordinasiyası İdarəsinin rəisi Rahib Quliyevdir.

- Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə prosesi hansı mərhələdədir?

- İşğaldan azad edilmiş ərazilərdə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun olaraq humanitar minatəmizləmə fəaliyyəti intensiv şəkildə həyata keçirilir. İcra edilən əməliyyatlar nəticəsində 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. 37 min 118 ədəd piyada əleyhinə mina, 21 min 846 ədəd tank əleyhinə mina və 138 min 569 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 197 min 533 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

- Hansı ərazilər prioritet olaraq minalardan təmizlənir və bu seçim hansı meyarlara əsaslanır?

- “Böyük Qayıdış” proqramı çərçivəsində, təsdiq edilmiş illik plan əsasında humanitar minatəmizləmə fəaliyyəti icra olunur. Əməliyyatlar əsasən yaşayış infrastrukturun formalaşdırılması, bərpa-quruculuq, kənd təsərrüfatı təyinatlı ərazilərin təmizlənməsi və digər prioritet layihələr istiqamətində həyata keçirilir.

- Rahib müəllim, minatəmizləmə işlərinə başqa hansı qurumlar cəlb olunub?

- İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, yerli şirkətlər və bir yerli qeyri hökumət təşkilatı cəlb olunub. İllik tapşırıqlar əsasında qurumlar tərəfindən minatəmizləmə fəaliyyəti icra edilir.

Qeyd olunmuş qurumların minatəmizləmə fəaliyyətinə cəlb edilən şəxsi heyəti ANAMA tərəfindən həm nəzəri, həm də praktiki şəkildə keçirilən “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi”, “Texniki tədqiqat”, eləcə də “İlkin tibbi yardım” üzrə kurslarda iştirak edib.

- Ərazilərin relyef və iqlim xüsusiyyətləri minatəmizləmə prosesinə necə təsir göstərir?

- Hava şəraiti minatəmizləmə fəaliyyətinə təsir edən amillərdən biridir. İsti havada insanlar yay vaxtı adi hallarda kölgəli yer axtararkən, minaaxtaranlar tam zirehli geyimdə saatlarla günün altında işləyirlər. İstilik dərəcəsi normanı keçdikdə minaaxtaranların da işi dayandırılır. Eyni zamanda, isti havalarda sürünənlər və əqrəblərin sayı çox olur və onların da təhlükəsi var. Çox küləkli havalarda külək partlayıcının qoxusunu fərqli yerlərə yaydığı üçün minaaxtaran itlərin işi məhdudlaşır. Yağıntılar zamanı yer nəm və palçıqlı olduqda mina sahələrində fəaliyyət təhlükəlidir. Sel suları və təbii faktorlar nəticəsində minalar olduqları yerdən fərqli yerlərə miqrasiya da edə bilir.

- Minatəmizləmə işlərində hansı texnologiyalardan və avadanlıqlardan istifadə olunur?

- Əl ilə minatəmizləmə əməliyyatları zamanı maqnetik-lokatorlar və detektorlardan, döyüş ərazilərinin metalla çirklənmə səviyyəsini müəyyən etmək və daha dərin axtarış əməliyyatları aparmaq üçün skaner avadanlıqlardan istifadə edilir. Eyni zamanda, texniki tədqiqat əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları və minaaxtaran itlər fəaliyyətə cəlb olunub. Aparılan tədqiqat və təmizləmə nəticələrini əks etdirən coğrafi məlumatlar rəqəmsal xəritələr üzərində əks etdirilir və bu da öz növbəsində təhlil işlərinə öz töhfəsini verir. Ərazinin daha dəqiq öyrənilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə olunur.

- Minatəmizləmə qruplarının hazırlıq səviyyəsi necə təmin edilir?

- ANAMA tərəfindən mütəmadi olaraq sahə işçilərinin bilik və bacarıqlarının artırılmasına dair təlimlər və ixtisasartırma kursları keçirilir. Təlimlərin başlıca məqsədi mütəxəssislərin nəzəri və praktiki bilik, eləcə də texniki peşə bacarıqlarının artırılması, vəzifə öhdəlikləri, bölmələrin idarəedilməsi və təhlükəsizlik qaydalarının öyrədilməsidir.

- Mina partlayışları nəticəsində baş verən hadisələrin qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülür?

- Mina təhlükəsi ilə bağlı əhali arasında genişmiqyaslı məlumatlandırma, təbliğat işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə xəbərdaredici-maarifləndirici lövhələr, eləcə də “təhlükəlidir mina” xüsusi nişanları quraşdırılıb. Həmçinin müəyyən ərazilərin çəpərlənməsi fəaliyyəti icra olunur ki, bu kimi ərazilərin təmizlənməsinin növbəti mərhələlərdə icra edilməsi nəzərdə tutulub. Qeyd edək ki, dünya təcrübəsində də minalarla çirklənən ərazilərin əksəriyyətində təmizləmə işləri həyata keçirilənədək, işarələnmə və çəpərlənmə kimi imkanlardan geniş istifadə olunur. Afrika, Asiya, Avropa və Yaxın Şərq ölkələrində bunu müşayiət etmək olar. Partlayıcı qurğularla çirklənən ərazilərə daxil olmanın qarşısını almaq üçün baryer quraşdırılması fəaliyyəti özünü doğruldub və riski azaltmaq üçün təsiredici üsul kimi qəbul edilib.

- Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqliyi və etibarlılığı nə dərəcədədir?

- Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi təxminən 25 faiz təşkil edir. Bu xəritələr minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edir. Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin təqdim edilən formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

- Minalardan zərər çəkmiş mülki şəxslərin sayı barədə nə deyə bilərsiniz...

- 1991-ci ildən 2025-ci il iyunun 1-dək mina qurbanlarının sayı 3 min 400-dən artıqdır. Təəssüf ki, onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək olan müddətdə isə mina qurbanlarının sayı 398 nəfər təşkil edir. Onlardan 70 nəfəri həlak olub, 328 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

- Yerli əhali mina təhlükəsinə qarşı necə maarifləndirilir və onlara hansı təlimlər keçirilir?

- ANAMA mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsinə dair genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. Maarifləndirmə tədbirlərinin keçirilməsi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətinə cəlb olunan nümayəndələrin, həmin ərazilərə səfər edən şəxslərin məlumatlandırılması məqsədilə zəruri addımlardan biridir. Agentlik işğaldan azad edilmiş ərazilərdə arıçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri, eləcə də energetika, bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mütəmadi qaydada maarifləndirmə tədbirləri həyata keçirir. Tədbirlər müharibədən zərərçəkmiş rayonların məktəblərində və məcburi köçkün qəsəbələrində də davam etdirilir.

- Beynəlxalq təşkilatların bu prosesə dəstəyi barədə nə deyə bilərsiniz...

- Azərbaycan dövləti bu problemlə öz daxili imkanları hesabına mübarizə aparır, bəzi ölkələr, beynəlxalq qurumlar tərəfindən dəstək verilir. Lakin ölkədə mövcud mina problemini nəzərə alsaq, bu dəstək yetərli deyil. Beynəlxalq təşkilatların dəstəyi minatəmizləmə prosesində mühüm rol oynayır. Bu dəstək texniki avadanlıqların təminatı, maliyyə yardımı və təlimlərin keçirilməsi istiqamətlərində aparılır.

- Azərbaycanda minatəmizləmə sahəsində yerli mütəxəssislərin hazırlanması üçün hansı addımlar atılır?

- ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzi mövcuddur. Həmin mərkəzdə uzun illərdir ki, minaaxtaranlar üçün müxtəlif təlim kursları tədris olunur. Minatəmizləmə əməliyyatlarına cəlb edilməsi nəzərdə tutulan heyətə “Humanitar minaaxtarma” və “Döyüş sahələrinin təmizlənməsi”, eləcə də “İlkin tibbi yardım” üzrə təlimlər keçilir. Təlimlər həm nəzəri, həm də praktik şəkildə həyata keçirilir. Bununla yanaşı, öncədən də qeyd etdiyimiz kimi, sahə işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə onlar mütəmadi olaraq müxtəlif təlimlərə cəlb edilirlər. Bu təlimlər bölmə və qrup rəhbəri, partlayıcı sursatların zərərsizləşdirilməsi və digər istiqamətlərdə təlimləri əhatə edir.

- Son olaraq vətəndaşlara mina təhlükəsi ilə bağlı çağırışınız nədir?

- Bilirsiniz, vətəndaşlara çağırışımız çox sadədir. Təhlükəli ərazilərə daxil olmasınlar, şübhəli əşyalara toxunmasınlar və bu barədə dərhal məlumat versinlər. Səbirli olmaq, qaydalara əməl etmək – həyatla ölüm arasındakı fərqdir. Təhlükəli hallarla rastlaşdıqları zaman 805, 102 və ya 112 qaynar xətlərinə müraciət etsinlər.

Unutmayaq ki, mina təkcə torpağa basdırılmış partlayıcı deyil – bu, bir ailənin gələcəyinə, bir uşağın arzularına, bir kəndin dirçəlişinə qarşı təhlükədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see176

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see133

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see131

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see123

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see120

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see120

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see118

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see117

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see115

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see114

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri