Azərabaycanlı futbol azarkeşlərinin ürəyinin döyündüyü Liverpuldan REPORTAJ
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Liverpul, 28 yanvar, AZƏRTAC
İkinci dəfədir ki, Liverpuldayam. Bu şəhərə yolum ilk dəfə 2023-cü ildə düşmüşdü. O zaman Avroviziya Mahnı Müsabiqəsi Liverpulda keçirilirdi və mən buraya azərbaycanlı təmsilçilərimizin çıxışlarını izləmək, onlara dəstək olmaq və bu anları ölkəm üçün işıqlandırmaq üçün gəlmişdim.
Bu gün isə yenidən buradayam. Yenə də milli səbəblərlə. Yenə də jurnalist kimi. Amma bu dəfə səhnə başqa, həyəcan daha dərin, məsuliyyət daha çoxdur.
Çünki “Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsinin həlledici – VIII turunda “Liverpul”un qonağı olacaq. Oyun Avropa futbolunun ən əfsanəvi stadionlarından birində – “Enfild”də keçiriləcək. Elə bir stadion ki, burada hər addım tarixlə nəfəs alır. Bu gün təkcə yalnız Azərbaycanın yox, Türk dünyasının da ürəyi "Qarabağ"la birlikdə döyünür. Bu, sadəcə bir oyun deyil. Bu, tarixi bir milli andır.
Bəlkə də elə buna görə Londondan qatarla gəldiyim bu şəhər bu dəfə gözümə tamam başqa cür görünür. Küçələri daha canlı, səması daha yaxın, ab-havası daha mənalıdır.
Dünən “Enfild” stadionunda keçirilən mətbuat konfransında “Liverpul”un baş məşqçisi Arne Slot və “Qarabağ”ın çalışıdırıcısı Qurban Qurbanov jurnalistlərin qarşısına çıxdılar. Qurban Qurbanovun çıxışında qürur vardı. O, futbolçularına inandığını, komandasının əlindən gələnin ən yaxşısını edəcəyini açıq şəkildə ifadə etdi. Bu inam gözəl sözdən daha çox, az qala etiqada bənzəyirdi.
Arne Slot isə “Qarabağ”ın asan rəqib olmadığını vurğuladı. Rəqibə hörmət, oyuna ciddi yanaşma - hər iki tərəfdən bunu hiss etmək olurdu.
Qurban Qurbanovun dediyi sözlər isə xüsusilə düşündürücü idi. O bildirdi ki, 15-16 il geriyə baxanda həm milli komanda, həm də klub səviyyəsində böyük oyunlardan sonra həyəcan azalır, amma təcrübə artır. Bu cür qarşılaşmaların, nəticəsi uğursuz olsa belə, gələcək nailiyyətlər üçün çox böyük təkan verdiyini qeyd etdi.
Bu gün “Qarabağ” qalib gələrsə, pley-off mərhələsinə vəsiqə qazanacaq. Heç-heçə və ya məğlubiyyət olacağı halda isə digər oyunların nəticəsini gözləmək lazım gələcək. Amma nəticədən asılı olmayaraq, bu gecə Azərbaycan futbolu üçün artıq tarixdir.
Artıq azarkeşlər də tədricən Liverpula toplaşmağa başlayıb. Qarşılaşmada “Qarabağ”ı təxminən 1 250 tərəfdarın dəstəkləyəcəyi gözlənilir. Şəhərin küçələrində gəzərkən tez-tez azərbaycanlı azarkeşlərə rast gəlirəm. Formalar, bayraqlar, tanış baxışlar…
Murad Mehdizadə Almaniyadan, Berlinə yaxın bir şəhərdən, dostu Anar Əzizov isə Polşanın Qdansk şəhərindən bu oyunu canlı izləmək üçün Liverpula gəlib. Onlarla söhbət edərkən yanımızdan keçən digər bir qrup azərbaycanlı azarkeş əlimizdəki bayrağı görüb dayanır, yaxınlaşır, salam verir.
Bir-birimizə uğurlar arzulayırıq. Heç tanımadığın insanlarla belə, sanki çoxdan tanışsan. Hamının üzündə eyni hiss var, sevinc, qürur və eyni ünvanı göstərən baxışlar: “Qarabağ”.
Bu gün Liverpulda təkcə futbol oynanılmayacaq. Bu gün iradə, inam və milli ruh meydanda olacaq.
"Qarabağ" Azərbaycandır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Liverpul
Baxış sayı:67
Bu xəbər 28 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















