Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq su təhlükəsizliyi arenasında Con Etgenlə müsahibə

Azərbaycan beynəlxalq su təhlükəsizliyi arenasında Con Etgenlə müsahibə

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Müasir dünyada təmiz suya çıxış və su ehtiyatlarının səmərəli idarə olunması artıq sadəcə rahatlıq məsələsi deyil, davamlı inkişafın, ərzaq təhlükəsizliyinin və sosial sabitliyin əsas amilinə çevrilib. Xüsusilə resursları məhdud olan regionlarda bu problem daha da kəskinləşir. İqlim dəyişiklikləri mövcud çətinlikləri dərinləşdirir, iqtisadiyyat, kənd təsərrüfatı və şəhər əhalisi üçün yeni çağırışlar yaradır.

Həll yollarının axtarışında beynəlxalq ictimaiyyət getdikcə daha çox kollektiv fəaliyyətə, dövlətlər, biznes, elmi institutlar və yerli icmalar arasında əməkdaşlığa əsaslanan yanaşmalara müraciət edir.

AZƏRTAC “Dünyada su təhlükəsizliyi naminə kollektiv fəaliyyət” (Collective Action for a Water Secure World, C4W) platformasının icraçı direktoru, kollektiv fəaliyyət vasitəsilə su təhlükəsizliyinin təmininə dair maliyyələşdirmə və tərəfdaşlıq təşəbbüslərinə rəhbərlik edən, davamlı su istifadəsi strategiyaları və beynəlxalq su əməkdaşlığı üzrə ekspert Con Etgenlə müsahibəni təqdim edir.

– C4W proqramı iqlim dəyişiklikləri şəraitində Azərbaycan kimi ölkələrə su təhlükəsizliyi problemlərinin həllində necə kömək edir?

– “Dünyada Su Təhlükəsizliyi naminə Kollektiv Fəaliyyət” proqramı (Collective Action for a Water Secure World, C4W) tərəfdaşı olan Beynəlxalq Su Ehtiyatlarının İdarə Edilməsi İnstitutu (IWMI) ilə birlikdə Azərbaycana və Cənubi Qafqaz regionuna su təhlükəsizliyi problemlərinin həllində dəstək göstərir. Təşəbbüsün əsas məqsədi hökumətləri, alimləri, biznesi və yerli icmaları birləşdirərək praktik həllərin birgə axtarışı və tətbiqini təmin etməkdir.

Azərbaycan bir-biri ilə əlaqəli bir sıra çağırışlarla üzləşir. Bunlara kənd təsərrüfatında suyun qeyri-səmərəli istifadəsi, sənaye tələbatının artması, xüsusilə neft-qaz sektorundan gələn tələblər, Bakının sürətli urbanizasiyası və əksəriyyəti transsərhəd olan su ehtiyatlarının idarə olunmasının çətinliyi daxildir. Bütün bunlar iqlim dəyişikliklərinin təsiri ilə daha da kəskinləşir, quraqlıq, daşqınlar və qeyri-bərabər su təminatı risklərini artırır.

C4W ölkəyə bir neçə strateji istiqamətdə dəstək göstərir. Onlardan biri biliklərin fəaliyyətə çevrilməsidir. Belə ki, proqram qərar qəbuletmə sistemlərinin inkişafını, məsafədən zondlama və coğrafi informasiya monitorinq texnologiyalarının istifadəsini dəstəkləyir. Bu, məlumatlara əsaslanan planlaşdırmanın tətbiqinə, suvarmanın səmərəliliyinin artırılmasına, su itkisini azaltmağa və iqlimədavamlı kənd təsərrüfatının inkişafına imkan yaradır.

Digər istiqamət dayanıqlı həllərin genişləndirilməsidir. C4W suvarma sistemlərinin, su təchizatı, sanitariya və gigiyena (WASH) infrastrukturunun modernləşdirilməsinə dəstək verir. Bunun sayəsində həm kənd, həm də şəhər əhalisi suya daha səmərəli və ədalətli çıxış əldə edir.

Az əhəmiyyət kəsb etməyən məsələ su diplomatiyası və idarəetmənin gücləndirilməsidir. Mərkəzi Asiyada Aralıq dənizini xilas etmək üçün yaradılmış Dövlətlərarası Fond (IFAS) kimi uğurlu regional nümunələrə əsaslanaraq, C4W çay hövzələri səviyyəsində su ehtiyatlarının idarə olunmasının inkişafına dəstək verir və ümumi çayların, su anbarlarının region ölkələri arasında rəqabət yox, əməkdaşlıq mənbəyinə çevrilməsinə kömək edir.

Bundan əlavə, C4W Azərbaycanı su təhlükəsizliyi sahəsində beynəlxalq liderliyini möhkəmləndirməkdə dəstəkləyir. COP29 konfransının Bakıda keçirilməsindən sonra proqram ölkənin qlobal iqlim arenasında mövqeyinin güclənməsinə töhfə verir. Xüsusi diqqət “İqlim dəyişiklikləri ilə mübarizədə su ehtiyatlarından istifadə məsələlərinə dair Bakı dialoqu” kimi təşəbbüslərə yönəldilir. Bu təşəbbüslər beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün platformaya çevrilir.

Bu səylər nəticəsində C4W texnologiyaları, səmərəli idarəetməni və kollektiv tərəfdaşlığı vahid uzunmüddətli strategiyada birləşdirməyə Azərbaycana kömək edir. Bu strategiya su təhlükəsizliyini dayanıqlılığa və iqlim dəyişiklikləri şəraitində suyu ölkənin davamlı inkişafının əsas amilinə çevirir.

– Davamlı su təminatı baxımından Cənubi Qafqaz regionunun qarşısında hansı əsas çağırışlar dayanır?

– Birincisi, kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin edilməsində həyati rol oynayır və Cənubi Qafqaz ölkələrinin ÜDM-sinə əhəmiyyətli töhfə verir, lakin bu sektorda suyun istifadəsi qeyri-səmərəlidir. İkincisi, sənaye çağırışları mövcuddur, çünki neft və qaz kimi təbii ehtiyatların işlənməsi sənaye məqsədləri üçün böyük miqdarda su tələb edir. Üçüncüsü, urbanizasiya təzyiqi artırır, belə ki, Bakı kimi şəhərlər getdikcə daha çox su çatışmazlığı ilə qarşılaşır. Azərbaycanın su ehtiyatlarının böyük hissəsi transsərhəd olduğundan, su diplomatiyası həm ölkə daxilində, həm də bütövlükdə Cənubi Qafqaz regionunda davamlı su təminatının ən mühüm elementi sayılır.

– Su ehtiyatlarının idarə olunmasında hansı yanaşmalar kənd təsərrüfatı, sənaye və şəhər inkişafında artan su tələbatını ödəməyə kömək edə bilər?

– “IWMI”nin təcrübəsinə əsaslanan bir neçə yanaşma mövcuddur ki, onlar kənd təsərrüfatında, sənaye sahəsində və şəhər inkişafında suya artan tələbatın ödənilməsinə kömək edə bilər. Birincisi, qərar qəbuletmə sistemlərindən və modellərdən istifadə bütün səviyyələrdə qərar qəbul edən şəxslərə suyun mövcudluğunu daha yaxşı anlamağa və resursları səmərəli idarə etməyə imkan verir. Bu alətlər planlaşdırma və su ehtiyatlarının bölgüsünü təkmilləşdirən məlumat və analitik nəticələr təqdim edir. İkincisi, suvarma normalarının yenidən nəzərdən keçirilməsi hesabına suvarmanın səmərəliliyinin artırılması kənd təsərrüfatında su itkisini əhəmiyyətli dərəcədə azalda bilər. Suvarma qrafiklərinin optimallaşdırılması, müasir texnologiyaların tətbiqi və itkilərin minimuma endirilməsi bu sahədə suyun qorunması üçün əsas tədbirlərdir. Üçüncüsü, daha az su tələb edən iqlimədavamlı kənd təsərrüfatına keçid də mühüm əhəmiyyət daşıyır. Bitkilərin müxtəlifləşdirilməsi, quraqlığa davamlı sortlardan istifadə və torpaq idarəçiliyinin təkmilləşdirilməsi kimi təcrübələr ümumi su tələbatını azaltmağa, eyni zamanda məhsuldarlığı qorumağa kömək edir. Dördüncüsü, suvarma və drenaj infrastrukturunun modernləşdirilməsi son dərəcə vacibdir. Sızmaların qarşısının alınması, boru xətlərinin vaxtında təmiri və su uçotunun düzgün aparılması su ehtiyatlarının kənd təsərrüfatı, sənaye və şəhər rayonları arasında ədalətli paylanmasına şərait yaradır. Nəhayət, şəhər yaşayış məntəqələrində əsas yanaşma WASH (su təchizatı, sanitariya və gigiyena) konsepsiyasıdır. Yerli maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsi şəhərlərdə su təchizatı və sanitariya xidmətlərinin keyfiyyətinin və etibarlılığının yaxşılaşmasına, bununla da şəhər əhalisi üçün suya davamlı çıxışın təmin edilməsinə töhfə verir.

– Su ehtiyatlarının monitorinqi və idarə olunmasında texnologiya və innovasiyaların rolu nədir?

– Texnologiyalar həlledici rol oynayır. Coğrafi informasiya sistemləri və məsafədən zondlama vasitəsilə məlumatların toplanmasının gücləndirilməsi mövcud su ehtiyatlarının və onların müxtəlif sektorlarda istifadəsinin xəritələndirilməsi və modelləşdirilməsinə kömək edir. Tədqiqatlara əsaslanan innovasiyalar xam məlumatların faydalı informasiyaya çevrilməsini və bu məlumatların davamlı su ehtiyatları idarəçiliyi üçün qərar qəbuletmə sistemlərinə inteqrasiyasını təmin edir. Bundan əlavə, suvarma sistemlərində ən yaxşı mövcud texnologiyaların tətbiqi sızmaları minimuma endirə və xüsusilə kənd təsərrüfatı işlərini planlaşdıran yerli fermerlər üçün su istifadəsinin səmərəliliyini artıra bilər.

– Azərbaycan və Cənubi Qafqaz üçün aktual ola biləcək kollektiv təşəbbüslərə hansı nümunələri göstərə bilərsiniz?

– Mərkəzi Asiya təcrübəsinə əsasən, diqqətəlayiq nümunələrdən biri 1992-ci ildə ölkələr arasında suyun regional bölgüsünün koordinasiyası məqsədilə yaradılmış Aral dənizini xilas etmək üzrə Beynəlxalq Fonddur (IFAS) (və ya Aral dənizini Beynəlxalq Xilasetmə Fondu). Hazırda IFAS öz fəaliyyətini kənd təsərrüfatı sahəsindən kənara çıxararaq, enerji və ətraf mühit ehtiyaclarını da əhatə etmək məqsədilə koordinasiyasını genişləndirməyə yönəlib. Digər bir nümunə isə IWMI-nin rəhbərliyi ilə Özbəkistanın Çirçik çayı üçün həyata keçirilən PYWR (Python Water Resources) modelidir. Bu model kənd təsərrüfatı, enerji və ekoloji sektorlar arasında suyun səmərəli bölgüsünü təmin edir. Bu model IFAS və digər qurumlar tərəfindən ssenarilərin hazırlanması və qərar qəbuletmə proseslərinə dəstək verir, inteqrasiya olunmuş su ehtiyatlarının idarə edilməsinə praktiki əsas yaradır.

– Xüsusilə 2024-cü ildə Bakıda keçirilmiş iqlim konfransından (COP29) sonra Azərbaycan beynəlxalq su təhlükəsizliyi və davamlı inkişafın təşviqində hansı rolu oynaya bilər?

– Azərbaycan su məsələlərinin beynəlxalq iqlim gündəliyində saxlanılmasında əsas rol oynayır. COP29 konfransından sonra da iqlim dəyişikliklərinə uyğunlaşmada suyun roluna dünya ictimaiyyətinin diqqətinin cəlb olunması vacibdir. Bu, həm milli töhfələr, həm də Azərbaycan rəhbərliyi ilə həyata keçirilən yeni təşəbbüslər vasitəsilə mümkündür. Məsələn, “İqlim dəyişiklikləri ilə mübarizədə su ehtiyatlarından istifadə məsələlərinə dair Bakı dialoqu” kimi təşəbbüslər əməkdaşlığın gücləndirilməsinə və su ehtiyatlarının idarə edilməsinin həm qlobal, həm də regional səviyyədə təkmilləşdirilməsinə yönəlib.

– Cənubi Qafqazda su ehtiyatlarının davamlı idarə olunmasını müəyyən edəcək uzunmüddətli strategiya və təşəbbüslər nələr olmalıdır?

– Uzunmüddətli strategiyalar inteqrasiya olunmuş su ehtiyatları idarəçiliyinin həyata keçirilməsinə, hövzə səviyyəsində idarəetməyə və transsərhəd əməkdaşlığın gücləndirilməsinə yönəlməlidir. Bütün bunlar Kollektiv Fəaliyyət vasitəsilə həyata keçirilir. Bu təşəbbüslər Azərbaycanı iqlim dəyişiklikləri nəticəsində yaranan su təhlükəsizliyi çağırışlarının həllində dəstəkləyir, hökumət, biznes, elmi dairələr və yerli icmaları birgə həllər ətrafında birləşdirir. Biz məlumatların toplanmasını gücləndirir, planlaşdırmanı təkmilləşdirmək üçün texnologiyaları tətbiq edir, suvarma, su təchizatı, sanitariya və gigiyena sistemlərini modernləşdirir, səmərəliliyi artırır və su diplomatiyasını inkişaf etdiririk. Bununla da transsərhəd problemlər əməkdaşlıq imkanına çevrilir.

Su diplomatiyası regional strategiyaların mərkəzində qalmalı, ümumi su ehtiyatlarının rəqabət deyil, əməkdaşlıq və dayanıqlılıq mənbəyinə çevrilməsini təmin etməlidir. IWMI-nin Mərkəzi Asiya təcrübəsi, xüsusilə kənd təsərrüfatında su ehtiyatları və WASH sahəsindəki ekspertizası uzunmüddətli uğur üçün dəyərli nümunə ola bilər.

Nəhayət, IWMI və C4W suyun qlobal iqlim gündəliyində əsas mövzulardan biri kimi qalmasında Azərbaycana dəstək verərək, insanlar, ərzaq sistemləri və davamlı inkişaf üçün uzunmüddətli dayanıqlılığı təmin edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri