Icma.az
close
up
RU
Menu

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

Müharibə riski ciddi olaraq qalır

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

Cabir İmanovun səs yazısı yayıldı VİDEO

Zamiqdən Cabir İmanovla bağlı təsirli paylaşım

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

Azərbaycan cərrahiyyəsinin patriarxı

Azərbaycan cərrahiyyəsinin patriarxı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Mustafa Topçubaşov – 130

Milli elm və səhiyyə tariximizdə silinməz izlər qoymuş, ölkəmizdə sivil inkişafa layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdən biri də Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən olmuş tanınmış alim və ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovdur.

Doğulub boya-başa çatdığı, təhsil və tərbiyə aldığı müqəddəs torpaq ona milli kimliyin güclü ruhunu, yüksək mənəvi-əxlaqi dəyərləri və elmin əbədi axtarışına inamı aşılamışdır. Bütün bunlar görkəmli təbibin gələcəkdə keçəcəyi enişli-yoxuşlu, lakin yüksəlişlə dolu həyat yoluna gur işıq salmışdır.

Mustafa Topçubaşov fundamental və tətbiqi tədqiqatları, elmi kəşfləri ilə Azərbaycan tibb elminin inkişafında yeni səhifə açmış, müasir səhiyyə sisteminin əsaslarını möhkəmləndirərək xalqın rifahına əhəmiyyətli töhfələr vermişdir. Mustafa bəy bütün şüurlu həyatı böyu praktiki fəaliyyətlə məşğul olmuş “xalq həkimi” titulunu qazanmaqla yanaşı, həm də intellektual və müdrik alim kimi dünya tibb elminə sanballı elmi irs miras qoymuşdur.

Topçubaşov akademik düşüncə ilə gerçək həyat baxışlarını, humanizm prinsipləri ilə təşkilati bacarıqlarını birləşdirərək, cəmiyyətin sosial sağlamlıq institutlarının formalaşdırılmasında mühüm rol oynamışdır. SSRİ Tibb Elmləri Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı kimi o, öz elmi nüfuzunu milli inkişaf strategiyasının xidmətinə yönəltməyə nail olmuşdur.

Akademikin nəzəri və praktiki fəaliyyəti həm elmi strukturlaşdırma, yeni nəsil kadrların hazırlanması, həm də xəstəliklərə qarşı sistemli mübarizə metodlarının işlənib hazırlanması ilə yadda qalmışdır. Onun rəhbərlik etdiyi qurumlar Azərbaycan tibb elminin və səhiyyəsinin dayaqlarına çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Mustafa Topçubaşovun elmi və mənəvi irsi milli sərvət və iftixar mənbəyidir. Onun bütün həyatı, davranışı, insanlara, xüsusilə tibbi yardıma ehtiyacı olanlara münasibəti, vətəndaş əxlaqı humanizm prinsiplərinin təntənəsi kimi dəyərləndirilə bilər.

Akademik Mustafa Topçubaşovun həyat və fəaliyyəti yalnız yaşadığı dövr üçün deyil, həm də gələcək nəsillərin sağlamlığına dəstək, elmi idealların ilham mənbəyi olaraq qiymətləndirilir. Bu səbəbdəndir ki, böyük alim və elm təşkilatçısının xatirəsi, onun irsi və əməlləri zaman keçdikcə unudulmamış, əksinə, daha çox dəyər qazanmış, yubileyləri isə hər zaman yüksək səviyyədə qeyd olunmuşdur.

Azərbaycan Prezidentinin 10 iyun 2025-ci il tarixli sərəncamına əsasən, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illik yubileyi də ölkə səviyyəsində geniş qeyd olunur. Sərəncamda deyilir: “O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Praktiki cərrahiyyədə geniş yayılmış orijinal müalicə üsullarının tətbiqi və beynəlxalq miqyasda Azərbaycan cərrahiyyəsinin layiqincə təmsil olunması Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır”. Yubiley tədbirlərində böyük alimin ömür yoluna, zəngin elmi yaradıcılığına və tarixi missiyasına bir daha nəzər salınır, onun gələcək nəsillərə ötürdüyü çoxşaxəli irs azərbaycançılıq işığında təhlil edilir.

Akademik Mustafa Topçubaşov 1895-ci il avqustun 5-də Qərbi Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan qədim İrəvan şəhərində anadan olmuş, ibtidai təhsilini tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə almışdır. Azərbaycan tarixinə Əziz Əliyev kimi görkəmli şəxsiyyətlər vermiş rusdilli Kisi gimnaziyasını 1914-cü ildə qızıl medalla başa vurduqdan sonra bir daha geri dönə bilməyəcəyi doğma evindən ayrılaraq Ukraynaya getmiş, burada Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdur.

Gənc Mustafa bəy universitetdə dövrün qabaqcıl alim və pedaqoqlarından, müasir cərrahiyyənin banilərindən dərs alaraq elmi dünyagörüşünü formalaşdırmış, tibb elminin fundamental biliklərinə yiyələnmiş və XX əsrin qarşıya qoyduğu mürəkkəb sağlamlıq problemlərinə cavab axtarışını həyat məqsədinə çevirmişdir.

1919-cu ildə ali təhsilini başa vuran Mustafa Topçubaşov yenicə istiqlaliyyət qazanmış Vətənə – ciddi səhiyyə çağırışları ilə üzləşən Azərbaycana dönmüşdür. O, AXC-nin yenicə təsis etdiyi Bakı Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının klinikasında ordinator kimi fəaliyyətə başlamış, dekan professor İvan Şirokoqorovun, kafedra müdiri Arkadi Oşmanın və rektor, görkəmli cərrah-anatom professor Vasili Razumovskinin elmi-metodoloji dəstəyi ilə elmi-pedaqoji inkişafını davam etdirmişdir. Mustafa Topçubaşov həmin şəxslərin rəhbərliyi ilə gərgin tədris və təcrübə mühitində çalışaraq yeni tibbi texnikaları mənimsəmiş, peşəkar cərrah kimi formalaşmışdır. Sonralar Mustafa bəy A.Oşmanı “özünün ikinci universiteti” adlandırmışdı.

Mustafa Topçubaşov 1922-ci ildə Nəriman Nərimanovun təklifi ilə Naxçıvana göndərilərək, orada xəstəxana, ambulatoriya, Ordubadda feldşer məntəqələri təşkil etmişdir. O, ilk cərrahiyyə əməliyyatını da Naxçıvanda etmişdir. Akademik sonralar xatirələrində həmin dövrü belə təsvir edirdi: “İş vaxtımın başlanğıcı və sonu yox idi. Gündüzün və gecənin nə vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üstə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi, həm yoluxucu xəstəliklər həkimi... işləyirdim. Həkimsən, demək loğmansan, bütün dərdlərə əlac qılmalısan”.

Mustafa Topçubaşov 1923-cü ildə Bakıya qaytarılaraq professor A.Oşmanın təqdimatı ilə əsasən neftçilərə xidmət edən və Bayılda yerləşən Paster adına xəstəxananın cərrahiyyə şöbəsinin, Cərrahiyyə Klinikasının müdiri təyin edilmişdirş O, tez-tez rayonlara gedərək, yerlərdə cərrahi şöbələr təşkil etmiş, ambulatoriya və stasionaraqədərki cərrahi yardımın mexanizmini qurmuş, əhaliyə birbaşa tibbi yardımlar göstərmişdir.

Gənc həkim 1923-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin cərrahiyyə klinikasında assistent kimi fəaliyyətini davam etdirmiş, eyni zamanda, Semaşko adına xəstəxananın 11-ci cərrahiyyə korpusuna rəhbərlik etmişdir. 1925-ci ildən Mustafa Topçubaşov elmi-tədqiqat işlərini malyariyanın klinikası, patogenezi və profilaktikası məsələlərinə yönəltmişdir.

1926-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığının tibbi təcrübə keçmək üçün Almaniyaya göndərdiyi həkimlərin sırasında gələcəyin akademiklərindən Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşov da olmuşlar. Berlin, Münhen, Leypsiq kimi elmi mərkəzlərdə, qabaqcıl klinikalarda təkmilləşmə keçən azərbaycanlı həkimlər yeni elmi biliklərə, cərrahi texnikalara yiyələnmiş, tanınmış nevropatoloq və cərrahlarla fikir mübadiləsi aparmışlar. Məşhur professor Krause azərbaycanlı həkimlərə müraciətlə demişdi: “Əgər Azərbaycanın indi sizin kimi yüz oğlu varsa, yarım əsrdən sonra yüz professoru olacaqdır. Mən bütün varlığımla buna inanıram”.

Mustafa bəy Topçubaşov Almaniyadan Vətənə yalnız əldə etdiyi yeni biliklərlə deyil, həm də elmi-metodik mərkəz yaratmaq ideyası ilə qayıtmışdı. O, şəhər xəstəxanalarından birində elmi-metodik bazanın əsası qoyulan ilk cərrahi mərkəzi təşkil etmiş, təcrübə və tədqiqatı gündəlik xəstəxana işi ilə sintez etmişdi.

Elmi tədqiqatlara böyük maraq göstərən və bu yolda durmadan çalışan cərrah 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patogenezi və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür. Gənc alim 1931-ci ildə Azərbaycan Cərrahlar Cəmiyyətini yaradaraq 1939-cu ilə kimi bu quruma rəhbərlik etmişdir.

1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun fəaliyyətə başlamasına dəyərli töhfələr vermiş Mustafa Topçubaşov burada cərrahiyyə klinikasına direktor və fakültətiv cərrahiyyə kafedrasına (indiki III cərrahiyyə kafedrası) müdir təyin edilmiş və ömrünün sonuna qədər (1981-ci il) həm kafedra müdiri, həm də professor kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Görkəmli alim 1930-cu ildə Semaşko adına xəstəxananın 14-cü Cərrahiyyə korpusuna rəhbər təyin edilmişdir.

Akademik Mustafa Topçubaşov tibb elmi tarixində bir sıra səmərəli kəşfləri ilə yadda qalmışdır. Bunların ən mühümlərindən biri cərrahi ağrısızlaşdırma problemi ilə bağlı olmuşdur. Mustafa bəyin bu sahədə illərlə apardığı elmi axtarışlar ona 1937-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodunu – “analgezin” adlanan inyeksion efir-yağ narkozunu aşkar və tətbiq etməyə imkan vermişdir. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların – dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s. aradan qaldırılmasına imkan verdiyinə görə cərrahlar tərəfindən geniş tətbiq edilmişdir. Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı müalicə və eləcə də doğuş proseslərində ağrısızlaşdırma vasitəsi kimi istifadə olunmuşdur.

1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “analgezin” adı altında istehsal edilməsinə icazə verilmişdir. 1963-cü ildə SSRİ Tibb Elmləri Akademiyası Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda keçirilmiş elmi sessiyada M.Topçubaşov “sürəkli analgeziya” adlı kəşfinə görə A.Vişnevski mükafatı və xatirə medalı ilə təltif olunmuşdur.

Leninqradlı akademik P.Kupriyanov M.Topçubaşovun qeyd olunan kəşfi haqqında demişdir: “Bakı nefti müharibə illərində tanklarımıza, təyyarələrimizə nə vermişdisə, efir-yağ narkozu da hərbi-səhra cərrahiyyəmizə onu vermişdir”.

M.Topçubaşovun II Dünya müharibəsi dövründəki fəaliyyətləri də təqdirəlayiqdir. O, Azərbaycan Xalq Səhiyyə Komissarlığı Təxliyyə Hospitalları İdarəsinin baş cərrahı təyin olunduqdan sonra ilk dəfə hərbi-səhra cərrahlığının səviyyəsini yüksəltmiş, profilləşməsini tətbiq etmiş və bunun sayəsində ixtisaslaşmış 32 evakohospital (torakal, neyrocərrahlıq, uroloji, travmatoloji) yaradılmışdır.

Müharibə dövründə daim cəbhəyə can atan Mustafa Topçubaşov Sabunçuda cərrahi şöbəyə rəhbərlik etməklə yanaşı, Bakıdakı Dəmiryolu xəstəxanasında, doğum evində, Xalq Səhiyyə Komissarlığı xəstəxanalarında, hərbi hospitalda, Təyyarəçilər xəstəxanasında, Keşlə, Qara şəhər, Mərdəkan, Neftçilər xəstəxanalarında, Binəqədi rayon xəstəxanasında da cərrahi əməliyyatlar aparmışdır.

Apardığı çoxsaylı əməliyyat və müşahidələr professora bir sıra səmərəli təkliflər irəli sürmək imkanı da verirdi. 1941-ci ilin sonunda M.Topçubaşovun ideyası əsasında bədəndə olan yad cisimlərin lokalizasiyasını təyin etməyə imkan verən universal cihaz yaradılmış və müvəffəqiyyətlə tətbiq edilmişdir. Bu və digər kəşflərinə görə Mustafa Topçubaşov 1943-cü ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Mustafa Topçubaşovun o illərdə apardığı elmi-tədqiqat işlərinin nəticəsi olaraq kəllə sümükləri defektlərinin zədələnmiş nahiyəsinin ətrafından götürülən sümüklər vasitəsilə alloplastikası, periferik sinirlərin zədələnməsi zamanı baş vermiş iflicin tendomioplastika üsulu ilə müalicəsi, sinir liflərinin yaralanması hallarında mum-parafin tubajından istifadə edilməsi, yanıqlar zamanı parafin applikasiyasının tətbiqi, borulu sümüklərin sınıqlarında təcili aparılan metal-osteosintez üsulundan istifadə hospitallarda müvəffəqiyyətlə tətbiq olunmuşdur. Bu yeniliklər ona respublikadan kənarda da böyük şöhrət qazandırmışdır.

Mustafa Topçubaşov çoxşaxəli elmi, elmi-təşkilati və həkimlik fəaliyyətlərini 1945-1950-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində çalışaraq davam etdirmişdir. Səhiyyə sahəsindəki xidmətlərinə görə akademik M.Topçubaşov 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Görkəmli alimin elmi-tədqiqat işlərinin əsas istiqamətini malyariya mənşəli splenomeqaliyanın klinikası, patogenezi, profilaktikası və cərrahi müalicəsi, öd yolları, xərçəng xəstəliklərinin cərrahi müalicə üsullarının işlənib hazırlanması və praktikaya tətbiqi, qarın və döş boşluğu orqanlarının cərrahi əməliyyat tələb edən xəstəliklərinin diaqnostikası, klinikası, profilaktikası və cərrahi müalicəsi, neyrocərrahiyyə və travmatologiya problemləri, müasir tibbi texnologiyaların işlənib hazırlanması, onların səhiyyə praktikasına tətbiqi və s. təşkil etmişdir.

M.Topçubaşov portal hipertenziya zamanı baş verən profuz qida borusu-mədə qanaxmaları ilə mübarizə metodu hazırlamış, qida borusu yanıqlarında rast gəlinən daralmaların müalicəsi ilə məşğul olmuş, bunun üçün ən yaxşı süni qida borusu vasitəsinin nazik bağırsaq olduğunu göstərmiş, borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsulunu təklif etmişdir.

Alim dalaq, qaraciyər, böyrək, böyrəküstü vəzi kimi orqanlara abdominal-diafraqmal və bel-diafraqmal yollarının, urologiyada, travmatologiyada, neyrocərrahlıqda, abdominal və torakal cərrahlıqda yüksək səviyyəli əməliyyatların müəllifi kimi keçmiş Sovetlər İttifaqı, eləcə də xarici ölkə cərrahları arasında şöhrət qazanmışdı.

M.Topçubaşov hirdrosefaliya və epilepsiya kimi təhlükəli nevroloji xəstəliklərin müalicəsində də əhəmiyyətli işlər görmüşdür. Ölkəmizdə ilk dəfə hidrosefaliyanın cərrahi müalicəsi onun tərəfindən aparılmışdır. Alim bu patologiyanın daxili formasının müalicəsində piylikdən hazırlanan drenajdan istifadə edilməsini əsaslandırmışdır.

Akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətinin mühüm bir hissəsi Elmlər Akademiyası ilə bağlı olmuşdur. O, 1945-ci ildə respublikanın 14 nəfər digər görkəmli alimi ilə birgə Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən və ilk həqiqi üzvlərindən biri olmuşdur. Görkəmli alim qısa bir müddətdən sonra Akademiyanın Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinə sədr təyin edilmiş və bu vəzifəni 1951-ci ilin yayına kimi böyük uğurla icra etmişdir.

Mustafa Topçubaşovun təşəbbüsü və səyləri ilə 1946-cı ildə Elmi-Tədqiqat Naftalan Problem Laboratoriyasının və Eksperimental Kliniki Təbabət İnstitutunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. Mustafa bəy Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin tərkibində 1947-1949-cu illərdə fəaliyyət göstərmiş həmin institutun direktoru, 1961-ci ildən laboratoriya rəhbəri kimi də təqdirəlayiq işlər görmüşdür.

Akademik Mustafa Topçubaşov 1951-1956-cı və 1959-1981-ci illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifəsində çalışmışdır. Akademiya şəhərciyi, nəşriyyatı və mətbəəsi məhz onun təşəbbüsü ilə yaradılmışdır.

Mustafa Topçubaşovun Bolqarıstanda apardığı təmənnasız mürəkkəb cərrahi əməliyyatlar, universitetlərdə və təlim kurslarında etdiyi mühazirələr, kadr hazırlığına dəstəyi ona bolqar xalqının hüsn-rəğbətini, səmimi məhəbbətini qazandırmış və o, 1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Mustafa bəy genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksəkixtisaslı həkim və alim kadrlarının hazırlanmasında böyük xidmətlər göstərmişdir. Onun layihəsi üzrə rəhbərlik etdiyi kafedrada operasiyon-auditoriya təşkil edilmişdir ki, bu da tələbələrə cərrahi müdaxilənin bütün fraqmentlərini izləməyə imkan verirdi.

Akademik Mustafa Topçubaşovun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 12 doktorluq və 32 namizədlik dissertasiyasının müdafiə edilməsi elmi kadr hazırlığına verdiyi böyük töhfələrə əhəmiyyətli sübutdur.

Akademik M.Topçubaşovun əldə etdiyi elmi nailiyyətlər 5 cildlik “Xüsusi cərrahlıq” kitabında, 8 monoqrafiyada, 300-dən çox məqalədə öz əksini tapmışdır. Mustafa bəyin "Ürək-damar xəstəlikləri və onların profilaktikası", "Xüsusi cərrahiyyə", "Portal hipertenziya və onun cərrahi müalicəsi" kitabları dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir.

Görkəmli alim beynəlxalq cərrahlıq konqreslərində çıxış etmiş, xarici ölkələrdə elmi-təcrübə mübadilələrinin iştirakçısı olmuşdur.

Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq konqresində akademik Mustafa Topçubaşov 20 nəfər sovet tibb alimi ilə birlikdə Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir. Akademik Mustafa Topçubaşov I-X çağırış Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmiş, 1953-1955-ci və 1967-1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsinin sədri (1950-1981), Ümumittifaq Sülhü Müdafiə Komitəsinin üzvü, Sovet İttifaqının Asiya və Afrika Ölkələri Xalqları ilə Həmrəylik Komitəsinin üzvü, “Böyük Tibb Ensiklopediyası”nın redaktorlarından biri və Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olmuşdur. Alim sülh işi uğrunda xidmətlərinə görə Ümumdünya Sülh Şurasının gümüş medalı və Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Akademik Mustafa Topçubaşovun ölkə və xalq qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Böyük alim, pedaqoq və ictimai-siyasi xadim şərəfli fəaliyyəti ərzində Sosialist Əməyi Qəhrəmanı fəxri adına (1975) layiq görülmüş, “Şərəf nişanı” (1936), “Qırmızı Ulduz (1936, 1942)”, 4 dəfə “Lenin” (1944, 1951, 1965, 1975), “Qırmızı Əmək Bayrağı (1946)”, “Oktyabr İnqilabı” (1971), Bolqarıstanın I dərəcəli “Kirill və M.Mefodi” ordenləri və bir çox fəxri mükafatlarla təltif edilmişdir.

Akademik Mustafa bəy Topçubaşovun xatirəsini əbədiləşdirmək məqsədilə onun Azərbaycan Dövlət Tibb İnstitutunda 51 il kafedra müdiri vəzifəsində çalışdığı iş otağında "Xatirə muzeyi" yaradılmış, 5 cildlik “Xüsüsi cərrahlıq” kitabı latın qrafikasına keçirilməklə yenidən çap olunmuşdur. Bakının və respublikanın bir sıra digər şəhərlərinin bəzi mərkəzi küçələrinə, Xəzər sularında üzən gəmiyə akademik Mustafa Topçubaşovun adı verilmişdir. 1995-ci ildə Azərpoçt tərəfindən Mustafa Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş poçt markası buraxılmışdır. Səhiyyə Nazirliyinin Respublika Elmi Cərrahiyyə Mərkəzi 1983-cü ildən böyük alimin adını daşıyır.

Akademik M.Topçubaşov cəmiyyət arasında gözəl ailə başçısı kimi də hörmət qazanmışdır. 1981-ci il noyabrın 20-də əbədiyyətə qovuşan görkəmli elm fədaisi, alovlu vətənpərvər, ictimai-siyasi xadim, akademik Mustafa bəy Topçubaşov qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır. Tarixi şəxsiyyətlərin böyüklüyü onların qoyub getdiyi zəngin irslə ölçülür. Məhz bu baxımdan bu böyük şəxsiyyətin şərəfli həyat yolu yalnız bir alim və həkimin bioqrafiyası deyil, həm də həmişəyaşar elm, əxlaq və vətəndaşlıq məktəbidir.

İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see344

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see243

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see229

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see211

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see190

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see181

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see161

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see160

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see147

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see145

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see142

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see140

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see139

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

29 Sentyabr 2025 23:47see137

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see137

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see134

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see133

Cabir İmanovun səs yazısı yayıldı VİDEO

29 Sentyabr 2025 16:45see128

Zamiqdən Cabir İmanovla bağlı təsirli paylaşım

29 Sentyabr 2025 15:56see128

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri