Azərbaycan Çin: uzunmüddətli inkişaf hədəfləri
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Hər iki ölkənin müştərək iqtisadi layihələri region üçün yeni imkanlar açacaq
Çin hökuməti ölkənin uzunmüddətli inkişaf strategiyasının prioritetlərini əks etdirən “15-ci beşillik plan” layihəsini qəbul edib. Bu günlərdə beynəlxalq ictimaiyyətə təqdim edilən sənəd Çinin qarşıdakı beş il və sonrakı on illik perspektiv iqtisadi və sosial inkişafının ümumi çərçivəsini və strateji ssenarilərini müəyyənləşdirir. Bu hədəflərə yüksək keyfiyyətli inkişafda əhəmiyyətli irəliləyişə nail olunması, texnoloji özünütəminetmə səviyyəsinin yüksəldilməsi, hərtərəfli islahatların dərinləşdirilməsi, sosial sivilizasiyanın təkmilləşdirilməsi, əhalinin həyat keyfiyyətinin artırılması, yüksək tərəqqinin təmin edilməsi və və milli təhlükəsizliyin möhkəmləndirilməsi daxildir.
Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, dayanıqlı inkişafının təmin edilməsində beşillik planlar mühüm töhfələr verməkdədir. Həmin proqramların icrası sayəsində Çin 1952-2024-cü illər ərzində yüksək iqtisadi göstəricilər əldə edib, ümumi daxili məhsulun (ÜDM) həcmi orta hesabla ildə 7,9 faiz artıb. Nəticədə Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına, ən iri istehsalçı dövlətə və ticarət dövriyyəsinin həcminə görə, ən böyük ölkəyə çevrilib. Hazırda qlobal iqtisadi artımın təxminən 30 faizini sabit şəkildə təmin edir.
Çin növbəti onillikdə qlobal iqtisadiyyatda birinciliyi hədəfləyir
Lu Meyin sözlərinə görə, Çin 2035-ci ilədək iqtisadi, texnoloji və müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirməyi, beynəlxalq nüfuzunu artırmağı, adambaşına düşən ÜDM-i orta inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmağı və sosialist modernləşməsi məqsədlərini əsasən reallaşdırmağı qarşıya məqsəd qoyub.
Diplomat vurğulayıb ki, dünya iqtisadiyyatının bərpasının ləngidiyi, geosiyasi gərginliyin və qeyri-müəyyənliyin artdığı şəraitdə “15-ci beşillik plan” Çinin dünyaya inamlı və açıq kursunu nümayiş etdirir, qlobal inkişafa sabitlik və proqnozlaşdırıla bilən üstünlük gətirir, ölkənin beynəlxalq ictimaiyyətlə artım imkanlarını bölüşməyə hazır olduğunu təsdiqləyir.
Ərazisinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsi, iqtisadiyyatının həcminə görə isə 2-cisi olan Çin Xalq Respublikası növbəti onillikdə qlobal iqtisadiyyatda birinciliyi hədəfləyir. Buna ölkənin resurs imkanları, mövcud iqtisadi potensialı və ümumdünya ticarət sistemində aramsız artan gücü də zəmin yaradır. Ölkənin ən nüfuzlu iqtisadi analitik qrupu hesab edilən Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesablamalarına görə, hazırkı illik 5-6 faiz iqtisadi artım tempinin qorunub saxlanması sayəsində 2035-ci ildə ÜDM-in həcmi orta hesabla 30,5 trilyon dollara çatacaq. Hazırda ölkənin ÜDM-nin həcmi 18 trilyon dollara bərabərdir. Çinin əsas rəqibi ABŞ-ın ÜDM-nin həcmi isə 26 trilyon dollar təşkil edir.
Bakı-Pekin strateji tərəfdaşlığı bölgənin iqtisadi xəritəsini dəyişir
Lu Mey bildirib ki, Azərbaycan və Çin arasındakı münasibətləri dəyərləndirərək vurğulayıb ki, hər iki ölkə inkişaf, dirçəliş yolunda yaxın tərəfdaşdır, iqtisadi əməkdaşlığın inkişafını təşviq edən iradəli addımlar atır.
Azərbaycan və Çin strateji tərəfdaş, iqtisadi imkanlar və əlaqələr baxımından ən yaxın dövlətlərdir. Çin Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biri, Azərbaycan isə Cənubi Qafqaz regionunda söz sahibi, liderdir. Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlarını tamamlayır. Prezident İlham Əliyevin ötən illərdə və cari ildə Çinə səfərləri, habelə bu ölkənin hökumət heyətlərinin respublikamıza səfərləri dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub. Hökumət üzvlərinin, iqtisadi qurumlarının və biznes icmalarının qarşılıqlı səfərləri və əldə edilən razılaşmalar iqtisadi-ticari münasibətləri daha da irəliyə aparıb. Bir neçə ay əvvəl tərəflər arasında imzalanmış yeni sazişlər, o cümlədən qarşılıqlı vizasız gediş-gəlişi haqqında sənədin qüvvəyə minməsi münasibətləri yeni yüksək mərhələyə çatdırıb.
Cənubi Qafqazda birinci
Azərbaycan və Çin arasında iqtisadi-ticarət dövriyyəsi son 10 ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dollar idisə, 2024-cü ildə iki ölkələr arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Bu ticari balans dinamikası 2025-ci ilin yanvar-noyabr aylarında da artıb və əmtəə mübadiləsinin həcmi 4,2 milyard dolları ötüb.
Beləliklə, Çin Cənubi Qafqazda Azərbaycanın birinci iqtiadi-ticari tərəfdaşı olmaqla bu bölgənin cəmi ticarət mübadiləsinin 70 faizə yaxınını Azərbaycanla həyata keçirir.
Çin, eyni zamanda, Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib. Asiya nəhənginin ölkəmizə yatırdığı investisiyaların həcmi 942 milyon dollara çatıb. Həmin sərmayələrdən başqa, Çin şirkətləri ölkəmizdə müxtəlif sahələrdə iri layihələr icra edib. Eyni zamanda, Azərbaycan özü də potensial sərmayədar dövlət kimi Asiyanın maliyyə sektorunda öz mövqeyini gücləndirir və Dövlət Neft Fondunun investisya portfelinin 2,1 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə etməkdədir. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir.
“Kəmər və yol” təşəbbüsü Zəngəzuru qlobal haba çevirir
Azərbaycan və Çinin təşəbbüskarlığı ilə “Bir kəmər, bir yol”un yeni körpüsü olan Orta Dəhliz regional haba çevrilir. Asiya, Xəzəryanı ölkələri və Avropanın vahid logistika zəncirində birləşdirən bu dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çinin müəllifi olduğu “Kəmər və yol” təşəbbüsünə tam inteqrasiya olunmaqdadır. Bu logistik kommunikasiyada artan tranzitlər sayəsində təkcə Azərbaycan ilə Çin arasında daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur.
Uzunmüddətli hədəf regiondakı tərəfdaşları və coğtafi hüdudları daha da genişləndirməkdir. Yaxın illərdə Orta Dəhlizin Zəngəzurla birləşməsi Şərqdən gələn böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasını və əmtəə zəncirinin genişlənməsini təmin edəcək, nəticədə Azərbaycan tranzit və əlaqələndirici ölkə kimi strateji mövqeyi daha da güclənəcək, Çin və Azərbaycanı iqtisadi blokda bağlantılarını artırmaqla, eyni zamanda, geosiyasi dividentləri də artıracaq.
İnkişaf yolu və hədəflərdə oxşarlıq
Strateji tərəfdaş ölkələr olan Azərbaycan və Çin yeni çağırışlar fonunda iqtisadi inkişagın müasir gündəliyini müəyyən edir, daha ambisiyalı inkişaf hədəflərini qarşıya qoyur. Azərbaycan hökuməti də Çin dövləti kimi uzunmüddətli iqtisadi hədəflər elan edərək daha güclü iqtisadiyat quruculuğunu ali məqsədlərdən biri hesab edir.
Azərbaycan ötən illər ərzində genişşaxəli islahatlar həyata keçirərək regionun qüdrətli və dinamik inkişaf edən dövlətinə çevrilib. Son 22 il ərzində Azərbaycan iqtisadiyyatı nominal ifadədə 14,8 dəfə böyüyərək əsas iqtisadi göstərici olan ÜDM-in həcmi 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlir və xərcləri 32 dəfə artaraq 1,2 milyard manatdan 39,9 milyard manata yüksəlib. Xarici valyuta ehtiyatları 49 dəfə artaraq 83 milyard dollara çatıb. Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb və xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 56 milyard dollara yüksəlib.
Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir. Bu regionda Azərbaycan ÜDM-in həcminə görə, şəksiz lideridir. Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 108 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür. Eləcə də bölgənin maliyyə-büdcə ehtiyatlarının 62 faizi Azərbaycanın sərəncamındadır.
Bu baxımdan regionun lider dövləti olan Azərbaycanla Çinin inkişaf yolu arasında oxşarlıq mövcuddur. Hər iki ölkənin iqtisadi ssenarilə arasında bir yaxınlıq olduğunu qeyd etmək mümkündür. Ən əsası isə hər iki ölkənin qlobal iqtisadi prioritetləri əksər məsələlərdə üst-üstə düşür, xüsusilə də nəqliyyat-logistika, kommunikasiya, “yaşıl enerji” və rəqəmsal proqramlarda Bakı və Pekinin ortamüddətli fəaliyyət prinsipləri bir çərçivəyə əsaslanır.
Azərbaycanın 2030-cu ilə dair prioritetləri
Tarixi Zəfərlə regionda yeni reallıqların müəllifinə çevrilən Azərbaycan post-münaqişə dövrünün bərpa və inkişaf yolunda irəliləməklə iqtisadiyyatın yeni strateji kursunu və rəqəmsal xəttini müəyyənləşdirir. Həmin strateji hədəflər Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əhatəli şəkildə öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və digər əhəmiyyətli proqramlar təsdiq edilib.
Həmin strtaeji proqramlarda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin daha da gücləndirilməsi, qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğuna nail olmaq üçün insan kapitalının və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, iqtisadi suverenliyin möhkəmləndirilməsi kimi hədəflər müəyyənləşdirilib. Eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin olunması üçün məqsədyönlü siyasət və islahat istiqamətlərinin müəyyənləşdirilməsi vacib hesab olunur.
Hökumətin inkişaf ssenarilərini əks etdirən “2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi”nə əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir. ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir. Qeyri-neft yığım mənbələrinin genişlənməsi sayəsində 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının daha da artaraq 80 faizə çatacağı fərz olunur.
2026-cı ildə əsas kapitala olan investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır. İnflyasiyanın isə azalaraq baza ssenaridə gələn il üzrə 5,7 faiz, orta illik inflyasiya növbəti illərdə tədricən azalaraq 2029-cu ildə 4,2 faiz olacağı gözlənilir. Əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6milyard manata qədər yüksəlməsi gözlənilir. 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
“Yaşıl nəqliyyat”, “ağıllı texnologiya” şirkətləri ilə birgə planlar
Həmin hədəflərin gerçəkləşməsi üçün ən qabaqcıl rəqəmsal şirkətlərlə təcrübə mübadilələri həyata keçirilir, innovasiya və startap ekosistemi formalaşdırılır, süni zəka arxitekturası qurulur və dünyanın iri intellekt icması ilə sıx mübadilələr təmin edilir, rəqəmsal sənayeyə sərmayələr yatırılır. Bu prosesdə Azərbaycan hökuməti beynəlxalq biznes icması və xarici investorlarla, qlobal maliyyə institutları, ən qabaqcıl texnoloji şirkətlərlə sıx əməkdaşlıq etməkdədir, onların sırasında Çin şirkətləri də xüsusi yer tutur. Bu ölkənin “Huawei”, “Tencent”, “Alibaba” və digər şirkətləri dünya bazarında İT və elektron ticarətin atributları sayılır, Azərbaycan bu İT nəhəngləri və digər “ağıllı texnologiya” şirkətləri ilə də razılaşma sənədləri imzalayıb. Eləcə də “yaşıl nəqliyyat” layihəsi çərçivəsində birgə əməkdaşlıq qurulub. Ölkəmizdə BYD şirkəti ilə birlikdə elektrik avtobuslarının istehsalına başlanması bu layihənin bir hissəsidir. Sumqayıt Sənaye parkında istehsal olunmuş 50 elektrobus artıq istifadəyə verilib. Müəssisə ilin sonunadək 300 elektrobus istehsal etməyi planlaşdırır. Həmin elektrobuslar Bakı, Naxçıvan və Qarabağda istifadə olunacaq.
Bu və digər nəhəng iqtisadi layihələri nəzərə aldıqda, Azərbaycanın 2030-cu ilə dair inkişaf planı ilə Çinin iqtisadi hədəflərinin üst-üstə düşdüyünü görmək olar.
Strateji tərəfdaşlıq və birgə təşəbbüslər Azərbaycan ilə Çinin regional və qlobal səviyyədəki təsir imkanlarını da artırmış olur. Bu nöqteyi-nəzərdən yaxın 5 illik inkişaf ssenarilərinin hərətərəfli qlobal əməkdaşlıq, sülh və rifah quruculuğuna fokuslandığını aydın sezmək mümkündür.
ELBRUS CƏFƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















