Azərbaycan dramaturgiyasının yeni uğuru Gülçöhrə və Əsgər
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Cəlil NAĞIYEV
Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin məşhur "Arşın mal alan" operettası bir əsr yarımdır ki, dünyanın müxtəlif dillərində səslənir, oxucuları və tamaşaçıları öz qeyri-adi sehri altında saxlayır. Dünya ədəbiyyatı və musiqisi tarixində heç vaxt köhnəlməyən, təravətini və dəyərini itirməyən xeyli sayda bədii və səhnə əsəri var. "Arşın mal alan" da belə əsərlərdən biridir. Bu günlərdə bu əsər yenidən gündəmə gəldi və onun "qayıdışının" səbəblərindən biri də Xalq yazıçısı, akademik Kamal Abdullanın həmin əsərin motivlərinə müraciət etməsi və bu motivlər əsasında "Gülçöhrə və Əsgər" adlı bir hissədən və 12 şəkildən ibarət olan orijinal bir musiqili dram əsəri yazması, bu əsərin Azərbaycan Dövlət Akademik Musiqi Teatrında səhnəyə qoyulmasıdır. "Gülçöhrə və Əsgər" əsərinin tamaşasının premyerası 2025-ci ilin noyabr ayının 18-də oldu. Bu premyerada Heydər Əliyev Fondunun vitse-pezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Arzu Əliyeva və Alena Əliyeva, həmçinin Azərbaycanın bir sıra görkəmli yazıçı, dövlət, elm və mədəniyyət xadimi iştirak etdi. Bu qeyri-adi səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Bu tarix milli teatrımızda yeni bir mərhələnin başlanğıcı, yeni bir mədəni hadisə oldu. Belə ki, Azərbaycan teatrında ilk dəfə olaraq yeni tipli bir orijinal, modern (postmodernist) dram əsəri səhnələşdirilməsi ilə reallaşdı. "Gülçöhrə və Əsgər" musiqili dram əsəridir (əsərin musiqisini Əməkdar incəsənət xadimi Cavanşir Quliyev yazıb). Bu dram əsərinin həm forması, həm də ideya-məzmunu tamamilə orijinal olsa da, onu müəyyən mənada Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasının davamı da adlandırmaq olar. Belə ki, "Gülçöhrə və Əsgər"də təsvir olunan hadisələr "Arşın mal alan" əsərində əks olunan hadisələrin formal olaraq davamı kimi verilib. Bu zaman belə bir sual yarana bilər, görəsən, bu pyesin müəllifinin, Üzeyir bəyin bir əsrdən artıq bundan əvvəl yazdığı bu əsərinə bu gün, yəni XXI yüzilliyyin üçüncü onilliyində yenidən müraciət etməyə nə vadar etmişdir? "Gülçöhrə və Əsgər" pyesi ilə tanış olduqda bu sualın cavabı aydın olur. Məlum olduğu kimi, "Arşın mal alan" əsərinin mövzusu keçən əsrin əvəllərində Azərbaycan həyatı üçün səciyyəvi olan bir ailə-məişət probleminə həsr edilmişdi. O dövrdə bu problem də aktual idi. Təbii ki, bəlkə də bu problem bu gün də müəyyən mənada öz aktuallığını itirməyib. Kamal Abdullanın "Gülçöhrə və Əsgər" pyesinin mövzusu və problematikası köhnə, klassik bir mətn üzərində qurulsa da, tamamilə yeni məzmunludur və hər zaman yeniliklərə can atan yazıçı bu klassik əsərə müraciət edərək onu yeni aspektdə, yeni ideya-məzmun istiqamətində qələmə alıb, köhnə ədəbi mətnin yeni interpretasiyasını verib. Bədii ədəbiyyatda bu tipli yanaşma prinsipi Kamal Abdullanın digər əsərləri üçün də səciyyəvidir ("Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Sirlərin sərgüzəşti" romanları, "Casus", "Elə bil qorxa-qorxa" pyesləri və s.). Klassik ədəbi mövzuların, motivlərin, obrazlar sisteminin yenidən, yeni aspektdə, yeni forma və məzmunda qələmə alınması postmodern ədəbiyyatın başlıca prinsiplərindən biridir və Kamal Abdulla bu prinsipə istinad edərək milli ədəbiyyatımızın klassik irsinin materiallırına müraciət edir və bu gün xüsusi aktuallıq kəsb edən maraqlı əsərlər yaradır (postmodern ədəbiyyatda bir qayda olaraq köhnə mətnlərə müraciət olunur, ancaq bu mətnlər yeni mənada, yeni platformada təqdim edilir. Bu zaman "köhnə-yeni" qarşıdurması anlayışı da itir. Köhnəyə müraciət təkrar, təqlid kimi deyil, kinayə (ironiya), qarakinayə, parodiya şəklində təqdim olunur. Köhnə mətn anlayışına klassik ədəbi janrlar, yazılı ədəbi əsərlər, folklor və mifoloji materiallar daxil ola bilər).
Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasında daha çox idillik, utopik aspektdə əks olunan köhnə feodal-patriarxal ailə-məişət problemləri Kamal Abdullanın əsərində yeni, sovet dövrünün gerçəklikləri ilə əvəz olunur. Təbii ki, Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" əsərində qabartdığı ailə-məişət problemi o dövr (XIX əsrin sonları-XX əsrin əvvəllıri) üçün səciyyəvi idi və müəllif musiqili komediya (operetta) janrına müraciət edərək bu problemi yarıutopik, bir qədər də ideal formada (sonda əsərin bütün iştirakçıları xoşbəxt ailə qurur) təqdim edilir. Bu məişət problemi XXI əsrin əvvəlləri üçün elə də ciddi problem sayıla bilməz. Ona görə də Kamal Abdullanın pyesində bu mövzu zahirən (formal olaraq) ailə-məişət məsələsi ilə əlaqədar olsa da, əslində daha çox ictimai-siyasi və sosial istiqamətlidir. Müəllif bu pyesdə Azərbaycan xalqının sovet dönəminin ilk çağlarından başlayaraq üzləşdiyi ailə-məişət məsələsini antiutopiya (distopiya) aspektində əks etdirib. Belə ki, dramaturq bu əsərində Azərbaycanda zorla hakimiyyəti ələ keçirən (vətənimizi işğal edən) sovet rejiminin (kommunist rejimi), "qırımızıların" gələcəyə böyük ümidlər bəsləyən, xoşbəxt yaşamaq arzusu ilə yaşayan gənc bir ailəni (minlələ bu tipli ailənin bir nümunəsini) məhv edir. Bu ailənin başçısı (Əsgər) ortabab bir tacir (pyesdə o, həm də şairdir) olduğu üçün proletariat diktaturasının qurbanı olur, sorğu-sualsız, heç bir qanun-qaydaya riayət edilmədən həbs edilib Sibirə sürgün olunur. Pyesdə təsvir olunan bu faciəli hadisə həmin dövrdə yüzlərlə və hətta minlərlə günahsız insanın başına gətirilmiş, dəhşətli ictimai-siyasi repressiyalar keçən əsrin ortalarına qədər davam etmişdi. Müəllif keçmiş "arşınmalçı Əsgər"in sovet siyasi pejimində yaşadığı taleyi təsvir etməklə, yüzlərlə, minlərlə Azərbaycan ziyalısının, aliminin, yazıçısının sovet (kommunist) repressiyaları nəticəsində qarşılaşdıqları acınacaqlı, faciəli həyatını əks etdirib.
Kamal Abdulla postmodernizm cərəyanının bir sıra ədəbi priyomlarına müraciət edərək sovet dövrü Azərbaycan dramaturgiyasında (və təbii ki, həm də teatrında) seyrək halda müşahidə olunan faciə janrını yenidən səhnəyə qaytardı. Müəllif bu əsərində postmodern ədəbi cərəyanının başlıca qollarından biri olan postkolonial ədəbiyyatın da bir nümunəsini yaradıb. Belə ki, bu əsərin baş qəhrəmanları Gülçöhrə və Əsgər məhz sovet postkolonial rejiminin ilk qurbanlarıdır.
Əsərdə tamaşaçıları özünə cəlb edən həm forma orijinallığı, həm də məzmun özünəməxsusluğudur. Kamal Abdullanın geniş spektrli yaradıcılıq istedadı onun dramaturgiyasında, xüsusilə də "Gülçöhrə və Əsgər" musiqili pyesində də özünü göstərir. Müəllif həm dramatik janrın tələblərinə uyğun olan, həm də çağdaş dövrün ədəbi-estetik prinsipləri ilə əlaqədar maraqlı bədii konflikt sistemi yarada bilib. Bu pyesdə "Arşın mal alan"dan fərqli olaraq ictimai-siyasi motiv qabardılıb.
Kamal Abdulla bu əsərdə postmodernist ədəbiyyatın qaydalarıdan çıxış edərək "Arşın mal alan" operettasının motivlərinə, obrazlar sisteminə müraciət edib, lakin tamamilə yeni məzmunlu, yeni ideyalı bir əsər yaradıb. Müəllif bu əsərə yeni mövzu, yeni fabula ilə əlaqədar olaraq yeni obrazlar da əlavə edib (Əsgərin atasanın dostu olmuş tacir Məşədi Cabbar, Məhkəmə sədri, Məhkəmə üzvləri, Qırmızı zabit, Cavan dustaq, Gombul nəzarətçi, qonşular və sair. Və əksinə, "Arşın mal alan"da olan Gülçöhrənin atası Soltan bəy obrazı bu əsərdə yoxdur). "Arşın mal alan"ın əsas qəhrəmanları (Əsgər, Gülçöhrə, Süleyman, Asya, Vəli, Telli, Xala - "Arşın mal alan"da Cahan xala) saxlanılsa da, onlar yeni, tam fərqli rollarda çıxış edirlər. Bu əsərdə sovet dövrünün ilk illəri üçün səciyyəvi olan siyası mühacirət diskursu (Əsgərin ailəsinin və yaxınlarının əvvəlcə İrana - İsfahan şəhərinə, sonra da Fransaya - Marselə köçməsi) da xüsusi əhəmiyyət kəsb edir.
"Gülçöhrə və Əsgər"də diqqəti cəlb edən özəlliklərindən biri də əsərin psixoloji dərinliyə malik olmasıdır. Müəllif əsərin əsas qəhrəmanlarının mənəvi aləmini, hiss və həyəcanlarını, keçirtdikləri psixoloji vəziyyətlərini açmaq üçün həm də siyasi diskursdan istifadə edir. Pyesdə antik yunan dramaturgiyası ilə yanaşı, həm də ən müasir absurd teatrının xüsusiyyətlərini müşahidə etmək olar.
Müəllif həm də milli folklor və klassik ədəbiyyatımızın ünsürlərindən də məharətlə istifadə edib. Bunu, xüsusilə mətnin tərkibinə daxil edilmiş müəllifin özünün poetik yaradıcılığının nümunəsi olan şeirlərdən istifadə olunmasında görürük. Əsərin baş qəhrəmanı Əsgər həm də incə ruhlu bir şair kimi verildiyinə görə müəllif onun daxili aləminin daha yaxşı açılmasi üçün poetik parçalara müraciət edib. Postmodernist poetikada mühüm yer tutan bu pastiş üsulu pyesin psixoloji tutumunun zənginləşməsinə xidmət edir.
Əsərin digər diqqətəlayiq xüsusiyyəti də postmodernist ədəbiyyatda geniş yayılmış intertekstuallıq və dekonsruksiya ədəbi priyomlarına müraciət edilməsidir. Kamal Abdulla Üzeyir bəy Hacıbəylinin məlum ədəbi-bədii mətnindən, obrazlar sistemindən yararlanaraq mətn daxilində yeni mətn, obrazlar üzərində yeni obrazlar, ideyalar əsasında yeni ideyalar yaradıb. Əsərin musiqili aspektdə işlənməsi də təsadüfi deyil. Məlum olduğu kimi, ənənəvi olaraq Azərbaycan dramaturgiyasında musiqili komediya janrında xeyli dəyərli əsərlər yazılıb. Ancaq "Gülçöhrə və Əsgər" pyesi musiqili olsa da, komediya deyil. Şübhəsiz ki, müəllif bu əsərində sovet gerçəkliyinin bir nümunəsini bədii konflikt kimi düşünüb və nəticədə yeni tipli musiqili faciə yaradıb. Onu unutmaq olmaz ki, klassik milli dramaturgiyamızda (C.Cabbarlı, H.Cavid və s.) faciə istiqamətlə olan əsərlərdə də poetik parçalar və musiqi nümunələri verilib.
Əsərin bədii strukturunun bir hissədən və 12 şəkildən ibarət olması da pyesə xüsusi dinamiklik verib. Əsərin ideya-məzmununun resepsiyası zamanı həm musiqi, həm səhnə tərtibatı uğurla seçilmiş mövzunun açılmasında mühüm rol oynayıb. Pyesin həm baş qəhrəmanlarının, həm ikinci, həm də üçüncü dərəcəli personajlarının rollarını ifa edən bütün aktyorlar, demək olar ki, öz vəzifələrini uğurla yerinə yetiriblər. Əsərin quruluşçu rejissoru Əsgər Əsgərovun, dirijor Fəxrəddin Atayevin, baletmeyster Nigar Şahmuradovanın və xormeyster Vaqif Məstanovun xidmətləri də xüsusi qeyd olunmalıdır. Aktyorlardan isə Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov və Prezident mükafatçıları Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Atilla Məmmədov və digər aktyorlar öz rollarını məharətlə ifa etdilər.
Yekunda inamla qeyd etməliyik ki, Kamal Abdullanın "Gülçöhrə və Əsgər" pyesi milli dramaturgiyamız tarixində əlamətdar hadisə olmaqla yanaşı, həm də milli teatrımızın uğurlu addımıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















