Icma.az
close
up
RU
Azərbaycan dünyada sülhə və tərəqqiyə mühüm töhfələr verir TƏHLİL

Azərbaycan dünyada sülhə və tərəqqiyə mühüm töhfələr verir TƏHLİL

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

İşıqlı, zəkalı dahilər təkrar –təkrar o fikri səsləndirirlər ki, dünyada sülhü, əmin-amanlığı elmin, mədəniyyətin inkişafı, insanların bir-birinə yaxınlaşması, hörmət göstərməsi təmin edəcək. Birmənalı şəkil də demək olar ki, bu gün Azərbaycan xalqı dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün elmlidir və mədəni biliklərə malikdir, həm də insanlığın sülh şəraitində yaşaması üçün əlindən gələni əsirgəmir. Ümumiyyətlə, mövcud reallıqlara əsasən sübuta yetirilib ki, böyük mütəfəkkirlərin, dahi şəxsiyyətlərin yetişdirdiyi Azərbaycan tarixən dünyada sülhə və təhlükəsizliyə də böyük tövhələr verib. Tarixin elə bir dövrü olmayıb ki, o zaman Azərbaycanla hesablaşan, xalqının tələblərini yerinə yetirən dövlət və ya hansısa mərkəz olmasın. 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı.Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr formalaşmışdır. Qədim tarixə malik və şimaldan - Baş Qafqaz dağları, Dərbənd, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Urmiyyə gölü və Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan Azərbaycan dünya sivilizasiyasına özünəməxsus adət-ənənəsini, mədəniyyətini, dövlətçilik prinsiplərini təqdim edə bilib. Bu ərazilərdə 300-400 min il əvvəl ilk insanın Azıx mağarasında tapılması Azərbaycanın qədim insan məskəninə malik olan dövlət olduğunu göstərir. Bu ərazilərdə ən qədim dövlətlər – Manna, İskit şahlığı, Atropotena, Qafqaz Albaniyası, Salarilər, Rəvvadilər, Səfəvilər, Şirvanşahlar və bu kimi digər bütün dünyaya hökm etməyə qadir dövlətlərin olması bugünkü Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik dövlət olduğunu təsdiqləyir. Tarixdə Azərbaycanın tələffüzü müxtəlif formalarda qeyd olunmuşdur. Təsdiq olunmuş məlumatlarda Azərbaycanın adı Andirpatian, Atropatena, Odlar Yurdu, Adirbican və Azirbican şəklində çəkilmişdir. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində ölkəmizin ərazisinin ilk insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azıx, Kiş, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında aşkar olunan arxeoloji tapıntılar Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Azərbaycan uğurları ilə yeni tarix yazır

Azərbaycan 5 min illik dövlətçilik tarixini böyük qürurla və şərəflə yaşadır. Həm də elə bir formada dövlətçiliyi yaşadır ki, dünya əldə olunan uğurlarını, zəfərlərini heyranlıqla izləyir. Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi, COP29 konfransına ev sahibliyi etməsi və digər bu kimi siyasi, iqtisadi, beynəlxalq uğurları Azərbaycanın dünyanın həm də aparıcı dövlətlərindən olduğunu təsdiqləyir. Əminliklə demək olar ki, çox qısa vaxt da Böyük Azərbaycan dövləti tarixi torpaqlarına yenidən sahib çıxacaq. Hər bir azərbaycanlıda o ümid var ki, Cənubi Azərbaycanla Şimalı Azərbaycan və digər sərhəd ərazilərdəki torpaqlar yenidən birləşəcək və böyük, qüdrətli Azərbaycan qurulacaq. Baxmayaraq ki, fars-molla rejimi bütün mümkün vasitələrdən istifadə etməklə güneyli soydaşlarımızın müstəqillik mübarizəsini boğmağa çalışırlar. Lakin qaniçən rejimin işgəncə maşını uğursuzluğa düçar olacaq. Çünki görülən sərt tədbirlərə, həbslərə, işgəncələrə baxmayaraq Təbrizdə, Tehranda, Ərdəbildə, Xoyda, Urmiyada və digər tarixi Azərbaycan torpaqlarında etirazlar səngimir. Yəni Səttarxan, Pişəvəri hərəkatları yeni formada, həm də uğurlu nəticələrin əldə olunması ilə davam edir. Hər gün həbslər, hər gün edamlar olsa da mübarizə davam edir. Qətiyyətlə bir daha vurğulamaq lazımdır ki, güneyli soydaşlarımızın başladığı müstəqil dövlət quruculuğu yarımçıq qala bilməz. Əksinə, Azərbaycanın Qarabağda separatçıları və terrorçu hərbi birləşmələri məhv edib, suverenliyini bərpa etdikdən sonra güneyli soydaşlarımızın müstəqil dövlətçiliyini bərpa etmək mübarizələri daha qətiyyətli xarakter alıb. Onu xatırlatmaq lazımdır ki, molla rejimi Azərbaycan müstəqilliyini əldə edib, demokratik, azad dövlət olaraq inkişafını davam etdirdiyi zamandan dövlətimizə qarşı düşmənçilik mövqeyində dayanıb. Hər zaman terrorçu qardaşı Ermənistana hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə Azərbaycanın torpaqlarının işğal edilməsinə və ərazilərdəki, yeraltı, yer üstü sərvətlərin talan edilməsinə dəstək göstərib. Hətta 44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatlara başlayanda ermənilərə qardaşlıq yaradılmalarını əsirgəmədilər. Lakin bütüm məkrli qüvvələr cəsur və müzəffər ordumuzun ayaqları altında məhv edildilər. Ərazilərimiz işğaldan azad edildi və torpaq bütövlüyümüz bərpa olundu.

Azərbaycanı dünyanın iqtisadi mərkəzinə çevirən LİDER

Reallıq ondan ibarətdir ki, bugünkü güclü və qüdrətli Azərbaycan çətin, həm də ağır proseslərdən keçməklə nail olub. Daha doğrusu Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəni parçalanmaqdan, iqtisadiyyatı tənəzzüldən xilas etməklə böyük Azərbaycanın quruculuğuna start verildi. Böyük Öndərimizin müdrik siyasəti nəticəsində Azərbaycan qısa zaman kəsiyində dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi. Ulu Öndərimiz Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı. Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Birmənalı mövqe ondan ibarətdir ki, əfsanə kimi görünən “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin imzalanması ilə Dahi Öndərimiz Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə 5 fəsil 159 maddədən ibarət olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Sonrakı mərhələdə çoxpartiyalı sistem əsasında parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Ulu Öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Eyni zamanda 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, Azərbaycan dünyada azad, demokratik, hüququn aliliyinin ən yüksək formada təmin olunan dövlətə çevrildi.

Yeni qələbələrə və zəfərlərə doğru

Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi işləri 2003-cü ildən sonra Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirdi. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin imza atdığı möhtəşəm qələbələrin kulminasiya nöqtəsi torpaqlarımızın erməni işğalından azad edilməsi oldu. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Fateh Sərkərdə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində 30 il erməni işğalı altında olan torpaqlarımız azadlığına qovuşdu. 2016-cı ilin aprelində Müzəffər ordumuz öz gücünü erməniləri bir sıra məntəqələrdə məhv edib, sıradan çıxartmaqla dünyaya nümayiş etdirdi. Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü .2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük savaşda erməni terroru tamamilə məhv edildi. Döyüş zamanı 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!. Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatizm tamamilə sıradan çıxarıldı və terrorçular həbs edilərək istintaqa təhvil verildi. Artıq Qarabağımız rahat nəfəs alır, aparılan genişmiqyaslı quruculuq, abadlıq, təmir işlərindən sonra insanlar öz doğma yurd –yuvalarına qayıdırlar. Bu qayıdış isə əbədidir. Əminliklə demək olar ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək və yeni -yeni zəfərlərə, qələbələrə imza atacaq.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see122

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

“Açığı, sualınız bir qədər qəribə səslənir” Arif Əsədov nəyə təəccübləndi?

29 May 2025 18:27see110

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri