Icma.az
close
up
RU
Fransa dünyada sülhə və təhlükəsizliyə təhdid yaradır TƏHLİL

Fransa dünyada sülhə və təhlükəsizliyə təhdid yaradır TƏHLİL

Son vaxtlar E.Makron hakimiyyətinə qarşı istər daxildə, istərsə də xaricdə yaranan etirazlar Fransada ciddi təlatümlər yaradıb. Vəziyyətdən çıxmaq və ölkə əhalisinin fikrini fərqli məcraya yönəltmək üçün Makron rejimi bir sıra ölkələrdə müharibələr, münaqişələr yaratmağa cəhdlər göstərir. Rusiya-Ukrayna müharibəsini qızışdırmaq üçün rəsmi Kiyevə canlı qüvvə ilə yardımlar göstərəcəyini bəyan etməsi, eyni zamanda Zelenski hakimiyyətinə nüvə silahının verilməsi çağırışları ilə çıxış etməsi Makronun nəzərdə tutduğu məqsədlərindən hesab olunur. Yəni bu vasitə ilə müharibəni daha da qızışdırmaq və Avropanın əhalisinin, xüsusilə də fransızların diqqətini Ukraynaya yönəltməkdir. Bir neçə gün əvvəl Ukrayna prezidenti Zelenski ABŞ və Avropa liderlərinə müraciət edərək ölkəsinə nüvə başlıqlarının verilməsini xahiş etmişdir. Hazırkı mərhələdə Makronun “Kiyevə nüvə başlıqları verilsin” bəyanatı təsdiq edir ki, Zelenskiyə həmin ideya E.Makron tərəfindən gəlib. Təbii ki, üç ilə yaxındır ki, qanlı müharibə aparan iki dövlətin nüvə silahına sahib olması dünya üçün təhlükələr yarada bilər. Yəni hər an üçüncü dünya müharibəsi baş verə bilər. Üçüncü dünya müharibəsinin baş verməsi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətləri, o cümlədən də Fransa anlamaq istəmir. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, İsraillə HAMAS arasında ilkin atəşkəs razılaşması əldə olunsa da, belə bir razılaşma Fransa hakimiyyətini qane etmir. Makronun Parisdə jurnalistlər üçün keçirdiyi brinfinqdə “HAMAS-la İsrail arasında əldə olunan atəşkəs razılaşması müvəqqəti xarakter daşıyır. Hər an müharibə yenidən qızışa bilər”, - deyə bildirməsi tərəfləri, xüsusilə də İsraili müharibəyə sövq etməyə hesablanıb. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl Makron İsrailə dəstək üçün beynəlxalq koalisiya şəklində müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Bu, Fransanın xarici siyasətinin nə qədər aqressiv və ağılsız olduğunu yenidən sübut edir - ərazisində milyonlarla müsəlman yaşayan Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik təklif etmək əvəzinə, müharibə təklif edir. Bu kimi hallar onu deməyə əsas verir ki, Fransa dünyada sabitliyin pozulmasında, müharibələrin, münaqişələrin yaranmasında maraqlı dövlətdir. Bəzən qızışdırıcı mövqe tutmaqla dövlətlərarasında münaqişələrin yaranmasına cəhdlər göstərir.

Makron hakimiyyəti müharibələrin sayının çox olmasına cəhdlər göstərir

Dünyada ölkələr arasında və ya bəzi dövlətlərin daxilində müharibələrin, münaqişələrin sayı çox olarsa Makron Fransada artmaqda olan etirazları qismən də olsa aradan qaldırmaqla yanaşı, keyfiyyətsiz silah-sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanmış olacaq. Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirilər. Əsa silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa “bacı”sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bununla bağlı razılıq Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı əldə olunub. İlk olaraq Ermənistana 50 zirehli texnika, daha sonra “Minstrel” hava hücumundan müdafiə raketləri gətiriləcək. Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Artıq Fransanın İrəvandakı səfirliyində hərbi missiya yaradılıb, attaşe təyin edilib. Ümumiyyətlə, faktlar təsdiq edir ki, Fransanın Ermənistana hərbi dəstəyi hər zaman olub. 44 günlük Vətən Müharibəsində Fransa müxtəlif vasitələrlə Ermənistanı silahlarla təchiz etmişdir. Bu gün də eyni siyasətini həyata keçirən Fransa müxtəlif dağıdıcı gücə malik silahlarını Ermənistana satır. Təbii ki, bu cür məkrli siyasəti ilə Fransa bölgədə yenidən müharibə ocağı yaratmaq və “bəlkə Ermənistan hərbi uğur əldə etdi” ümidinə köklənib. Lakin arzu və istəkləri puça çıxacaq. Çünki Azərbaycan elə bir gücə və qüdrətə malik dövlətdir ki, qabağında heç bir qüvvə dayana bilməz. Əgər Ermənistan Fransanın silahlarına arxalanıb, təxribatlara cəhd edərsə, o zaman dövlətçiliyindən tamamilə məhrum ola bilər. İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında dövlətimizin üçrəngli bayrağının dalğalanmasını təmin edirlər. Təbii ki, Ermənistan 44 günlük Vətən Müharibəsinin acı nəticələrindən nəticə çıxarmasa regionda yeni müharibənin baş verməsi qaçılmazdır. Bu halda Ermənistan mövcudluğunu tamamilə itirə bilər. Müharibə baş verəcəyi təqdirdə erməni hərbi xuntasını heç bir qüvvə, o cümlədən fransız silahları, ABŞ-ın dəstəyi, Avropa İttifaqının yardımları da kömək edə bilməyəcək. Ona görə də Ermənistanın hazırkı rəhbərliyi mövcud reallığı qəbul edərək, Azərbaycanın sülhə xidmət edəcək təkliflərini qəbul etməlidir, Zəngəzur dəhlizi açılmalı, sülh müqaviləsi imzalanmalı, Qərbin, xüsusilə də Fransanın regiona olan əsassız müdaxilələrinə qarşı etiraz edilməklə, imtina edilməlidir.

Ermənistan kimi Fransa da qərəzli və terrorçulara xas siyasətinin qurbanı olacaq

Araşdırmalar əsasında sübuta yetirilib ki, hələ 44 günlük vətən müharibəsindən öncə və müharibənin getdiyi dönəmdə Fransa Ermənistana hər cür silah, maliyyə və siyasi dəstəyi göstərib. Ancaq nədənsə Fransanın PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklifini Paşinyan rədd edib. Bununla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Davit Şahnazaryan bildirib ki, Fransa Ermənistana PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklif edib, ancaq Paşinyan qəbul etməyib. Görünür, Paşinyan Rusiyanı özündən incik sala biləcəyindən ehtiyat edib. Çünki o zaman Ermənistan hakimiyyəti indiki kimi Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsində deyildi. Paşinyan rejimi müharibənin ilkin mərhələsində Rusiyaya olan ümidlərini tam şəkildə üzməmişdir. Yəni xəyal edirdi ki, tarixin müxtəlif dönəmlərində olduğu kimi, bu dəfə də Rusiya bütün vasitələrlə onlara Azərbaycana qarşı müharibədə yardımçı olacaq. Lakin Rusiya və digər Ermənistana dəstək verməyi düşünən dövlətlər və qüvvələr Azərbaycanın sərt münasibəti ilə üzləşə biləcəklərindən ehtiyat etdiklərindən açıq şəkildə Ermənistana kömək etməkdən imtina etdilər. Nəticədə 2020-ci il noyabrın 10-da Ermənistan təslim olmaq haqqında sənədi imzalamağa məcbur oldu. Ermənistanın ağ bayraq qaldırmasından sonra Fransa daha geniş və əhatəli şəkildə Ermənistana siyasi və hərbi dəstəyini artırmağa başladı. Bununla geosiyasi, geostrateji maraqları fonunda Cənubi Qafqazda mövcudluğunu təmin etməyə ümid bəsləyir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Fransanın ümidləri puça çıxacağı şübhəsidir. Çünki regionun lider dövləti olan Azərbaycan heç bir halda Fransanın və ya hansısa digər pozucu qüvvələrin bölgəyə daxil olmasına imkan verməz. Nəzərə almaq lazımdır ki, Fransanın təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının “sivil” missiyası heç nəyə nail ola bilməyib. Baxmayaraq ki, “bnokl” siyasətindən uzağa getməyən Avropa İttifaqının mülki missiyası Azərbaycan-Ermənistan sərhədində təxribatlara yol açan, müşahidələr aparmaqdadılar. Hətta mülki missiyanın fəaliyyətinin daha iki il uzadılması ilə bağlı Avropa İttifaqı ilə Ermənistan arasında sənəd də imzalanıb. Lakin bu cür məzhəkələr heç də Ermənistanı üzləşdiyi fəlakətdən xilas etməyəcək. Əksinə, fəlakətin daha da dərinləşməsi və Ermənistanın daha böyük itkilərlə üzləşməsi halı yarana bilər.

Müstəmləkəçilik Fransanın qəsbkar siyasətinin mahiyyətidir

Birmənalı şəkildə qeyd etmək olar ki, Fransa açıq şəkildə müstəmləkə siyasəti aparan və terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan belə bir dövlət dünyada sülhə və təhlükəsizliyə heç bir halda töhfə verə bilməz. Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına çağırış etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq: “Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”. Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır: “Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur”.

Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: “Bu, çox güclü və çox doğru bəyanat idi.Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”.

Göründüyü kimi, Fransa dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir. Bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq aləmin ayıq-sayıq olmasına və terrorçu dövlət olduğuna heç bir şübhə yeri qalmayan Fransanın zərərsizləşdirilməsi, ən azı əski mövqeyinə qaytarılması üçün birliyə böyük ehtiyac var.

İLHAM ƏLİYEV

seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri