Icma.az
close
up
RU
Azərbaycan ərazisinin ölçüsü də yenilənəcək? KONKRET

Azərbaycan ərazisinin ölçüsü də yenilənəcək? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

500 illik dünya xəritəsi dəyişir. Belə ki, BMT Baş Assambleyası Merkator proyeksiyasına alternativ xəritə yanaşmasını dəstəkləyib. Afrika ölkələrinin rəhbərlik etdiyi təşəbbüs çərçivəsində qəbul edilən qərar qitələrin real səth sahələrini daha dəqiq əks etdirən Bərabər Yer proyeksiyasından istifadənin təşviq edilməsini nəzərdə tutur.

Qətnamə 164 ölkənin dəstəyi ilə qəbul edilib. ABŞ qərara qarşı səs verən yeganə ölkə olub, Serbiya, Estoniya, Gürcüstan, Litva, Moldova və Ukrayna isə bitərəf qalıb.

Bu qərar real həyatda nəyisə dəyişəcək? Azərbaycan bu xəritə dəyişikliyindən nə qazanır? Bizim coğrafi mövqeyimiz və ərazimizin dünyadakı vizual təsviri dəyişəcəkmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin rəhbəri Müqabil Bayramov deyib ki, dünya xəritələrində istifadə olunan proyeksiyalarda Yer kürəsinin qabarıq səthinin müstəvi üzərində təsviri üçün riyazi üsullardan istifadə olunur:

“Bu riyazi üsullar xəritə proyeksiyalarıdır. Yer kürə formasında olduğu üçün onu tam şəkildə müstəviyə yaymaq qeyri-mümkün olduğundan xəritə tərtibatında istifadə edilən proyeksiyalarda mütləq təhriflər yaranır. Bu təhriflər xüsusiyyətinə görə bucaq, sahə, məsafə, forma növlərinə bölünür. Belə təhrifləri tənzimləmək üçün 3 qrup xəritə proyeksiyasından istifadə olunur: bərabərbucaqlı, bərabərsahəli, ixtiyari.

– Bərabərbucaqlı proyeksiyalarda bucaqlar dəqiqdir, lakin sahələr təhrif olunur.

– Bərabərsahəli proyeksiyalarda sahələr düzgün qalır, amma bucaq və formalar təhrif olunur.

– İxtiyari proyeksiyalarda həm bucaqlar, həm də sahələr müəyyən qədər təhrif olunur.

Hamımız məktəbdən etibarən dünya xəritələrinə baxmışıq. Lakin çoxumuz bir mühüm məqamı nəzərə almamışıq: xəritədə gördüyümüz ölçülər həmişə Yer kürəsindəki real ölçüləri əks etdirmir”.

Ekspert bildirib ki, bunun ən məşhur nümunəsi Qrenlandiya və Afrikadır:

“Afrikanın sahəsi təxminən 30 milyon kvadrat kilometrdir. Qrenlandiyanın sahəsi isə təxminən 2,2 milyon kvadrat kilometrdir. Yəni Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür. Lakin Merkator proyeksiyasında Qrenlandiya vizual olaraq Afrikaya çox yaxın, hətta bəzi xəritələrdə ondan böyük təsir bağışlayır. Bu, Afrikanın və ya Qrenlandiyanın real ölçüsünün dəyişməsi deyil, xəritə proyeksiyasının yaratdığı təhrifdir. Merkator proyeksiyası istiqamətləri, xüsusilə naviqasiya baxımından, çox faydalı şəkildə göstərir. Lakin qütblərə yaxın ərazilərin sahəsini ciddi şəkildə böyüdür.

Ona görə hesab edirəm ki, məsələni “Merkator xəritəsi səhvdir” kimi qoymaq düzgün olmaz. Əsas məsələ budur: əgər xəritə naviqasiya üçün istifadə olunursa, bir proyeksiya daha məqsədəuyğun ola bilər.

Amma əgər xəritə xalqların, dövlətlərin və qitələrin ərazi ölçülərini müqayisə etmək, coğrafi reallığı ictimaiyyətə təqdim etmək və dünya haqqında obyektiv təsəvvür formalaşdırmaq üçün istifadə olunursa, onda sahəni qoruyan bərabərsahəli proyeksiyalara üstünlük vermək daha məqsədəuyğundur. Müxtəlif proyeksiyaların müxtəlif məqsədləri var və bərabərsahəli proyeksiyalar qitələrin nisbi sahələrini daha düzgün göstərmək üçün istifadə olunur.

Mənim təklifim belədir:

Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ictimaiyyətə təqdim etdiyi dünya xəritələrində xəritənin proyeksiyası açıq şəkildə göstərilməli və xəritənin məqsədindən asılı olaraq daha uyğun proyeksiya seçilməlidir.

Çünki xəritə sadəcə coğrafi təsvir deyil, həm də insanların dünyanı necə qəbul etməsinə təsir edən bir informasiya vasitəsidir. Biz XXI əsrdə yaşayırıq. Peyklər vasitəsilə Yer kürəsinin formasını və ölçülərini son dərəcə dəqiq müəyyən edə bildiyimiz halda, dünya xəritələrində yaranan vizual təhriflərə də elmi yanaşmalıyıq. Məqsədimiz köhnə xəritələri “qadağan etmək” deyil.

Dünya xəritəsinə baxan insan bilməlidir:“Bu xəritədə gördüyüm ölçü real ərazi ölçüsüdür, yoxsa xəritə proyeksiyasının yaratdığı görüntüdür?”

Fikrimcə, müasir beynəlxalq xəritəçilikdə bu prinsip daha geniş qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, xəritə sadəcə Yer kürəsini göstərmir; o, insanların Yer kürəsini necə təsəvvür etdiyini də formalaşdırır. Ona görə xəritə proyeksiyası elmi dəqiqlik məsələsidir.

BMT-də Merkator xəritələri dəyişdiriləcək deməkdənsə, BMT və digər beynəlxalq təşkilatların xəritələrində məqsədə uyğun proyeksiyalardan istifadə edilməsinə yenidən baxılması təklifini irəli sürmək daha düzgün olardı”.

Politoloq Züriyə Qarayeva deyib ki, bu qərar dövlət sərhədlərini, ölkələrin ərazisini və ya hüquqi-coğrafi mövqeyini dəyişmir:

“BMT Baş Assambleyasının qətnaməsi məcburi deyil, Merkator xəritəsini qadağan etmir və bütün istifadəçilərə yalnız bir proyeksiya tətbiq etmir; sadəcə BMT qurumlarını, hökumətləri, məktəbləri, medianı və rəqəmsal platformaları qitələrin sahəsini düzgün göstərən xəritələrdən istifadəyə təşviq edir. Buna görə real dəyişiklik əvvəlcə dərsliklərdə, atlaslarda, televiziya qrafikalarında və BMT sənədlərində görünə bilər. Naviqasiya və bəzi rəqəmsal xəritələrdə isə bucaq və istiqamətləri qoruduğu üçün Merkator proyeksiyasından istifadə davam edəcək. Qərarın əsas təsiri hüquqi deyil, dünyanı necə təsəvvür etdiyimizə yönəlmiş simvolik və maarifləndirici dəyişiklikdir. ⁠

Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisi və Şərqlə Qərb arasındakı coğrafi mövqeyi olduğu kimi qalacaq; ölkə bu dəyişiklikdən birbaşa siyasi, ərazi və ya iqtisadi qazanc əldə etmir. Əksinə, Azərbaycan təxminən 40-cı şimal paralelində yerləşdiyi üçün Merkator xəritəsində real ölçüsündən müəyyən qədər böyük görünür və Equal Earth proyeksiyasında vizual olaraq bir qədər kiçilmiş təsir bağışlaya bilər. Lakin Gürcüstan, Ermənistan, Türkiyə və digər yaxın ölkələr də oxşar enliklərdə yerləşdiyindən Azərbaycanın region daxilində ölçü nisbəti ciddi dəyişməyəcək. Əsas fərq Afrika və ekvatora yaxın ölkələrlə müqayisədə görünəcək: həmin ərazilər əvvəlkindən daha böyük və gerçək ölçülərinə uyğun təsvir olunacaq. Azərbaycanın qazancı isə daha düzgün coğrafi təsvir, təhsil materiallarında dəqiqlik və dünyadakı ərazi nisbətlərinin təhrif olunmadan göstərilməsi olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Sentyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri