Icma.az
close
up
RU
Azərbaycan etibarlı və strateji investisiya məkanıdır

Azərbaycan etibarlı və strateji investisiya məkanıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

6 ayda ölkə iqtisadiyyatına 9 milyard 295 milyon manat kapital yatırılıb

Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda mühüm əhəmiyyətə malik tranzit mərkəzin formalaşmasında həlledici rol oynaması, eyni zamanda, insan kapitalının inkişafının daim diqqətdə saxlanılması investisiya qoyuluşu baxımından respublikamızın cəlbediciliyini artırıb.

Sərmayə yatırımına marağın getdikcə artması həm də ölkəmizin siyasi cəhətdən sabitliyi, milli, dini və irqi tolerantlıq yönündən fərqlənməsi, iş adamlarının problemlərinin həllinə həssaslıqla yanaşılması ilə bağlı olub. Hökumətin həyata keçirdiyi iqtisadi siyasət, aparılan islahatlar nəticəsində son illər güclü iqtisadi potensial yaradılıb, yüzlərlə müasir infrastruktur və müəssisə qurulub. Bütün bunlarla yanaşı, Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna əsasən, investisiyanın təşviqi sənədini alan şəxslərdən, habelə fərdi sahibkarlardan ölkəyə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə əlavə dəyər vergisinin, habelə gömrük rüsumunun tutulmaması nəticəsində investisiya cəlbediciliyi daha da güclənib.

Xatırladaq ki, son illər qeyri-neft sektorunun inkişafı üçün investisiya qoyuluşu ilə mövcud təbii və iqtisadi resursların istehsala cəlb olunması, qabaqcıl texnologiyaların daha geniş tətbiq edilməsi istiqamətində də sistemli layihələr həyata keçirilir. Eyni zamanda, ixtisaslaşmış sənaye parkları və məhəllələri yaradılır, innovasiyalara, “yaşıl enerji” layihələrinə xüsusi önəm verilir.

Bütün bunların davamlı xarakter alması isə statistik göstəricilərdə öz ifadəsini tapıb: Cari ilin ilk yarısında iqtisadiyyata investisiya qoyuluşu 9 milyard 295 milyon manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çox) təşkil edib. Bu dövrdə ümumi iqtisadiyyata yatırılan investisiyanın 6 milyard 132 milyon manatı (5,5 faiz çox) isə qeyri-neft sektorunun payına düşüb.

Açıq yatırım mühiti

Azərbaycan son onilliklərdə enerji ehtiyatlarından asılılığı aradan qaldırmaq məqsədilə çoxşaxəli, rəqabətqabiliyyətli iqtisadi modelə keçid strategiyasını davamlı şəkildə həyata keçirib. Ölkənin coğrafi mövqeyi, sabit siyasi mühiti və hədəflənmiş dövlət siyasəti onu regionda cəlbedici investisiya məkanına çevirib. Beynəlxalq maliyyə institutları və xarici hökumətlərlə qurulan tərəfdaşlıqlar isə bu prosesi daha da sürətləndirib. Bu zaman Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsində mühüm rol oynayıb.

Hökumət xarici investisiyaların cəlb edilməsi istiqamətində “açıq qapı” siyasətini əsas prinsip kimi daim diqqətdə saxlayıb. Bu yanaşma iqtisadi islahatların davam etdirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını və qeyri-neft sektorunun inkişafını şərtləndirib. Ölkənin Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi isə ona regional logistika mərkəzi kimi əlavə üstünlük qazandırıb.

Xarici investisiyaların cəlb edilməsi məqsədilə 2003-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ötən müddətdə həm dövlət, həm də özəl sektorun iştirakı ilə qeyri-neft ixracının stimullaşdırılması və xarici investisiyaların bu sahəyə yatırılması istiqamətində mühüm tədbirlər həyata keçirib. İnvestorların hüquqları isə “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlarla, habelə beynəlxalq müqavilələrdə əks olunan zəmanətlərlə qorunub.

Həyata keçirilən islahatlar sırasında artıq lisenziya kateqoriyalarının ləğvi, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət satınalmalarının rəqəmsallaşdırılması və vergi rejimində dəyişikliklərlə bağlı narahatlıqlar öz həllini tapıb. 2024-cü ildə isə yeni rəqabət haqqında qanunun qəbulu, biznes lisenziyalarına müraciət prosedurlarının sadələşdirilməsi və ölkənin ilk bərpa olunan enerji hərracının keçirilməsi kimi məsələlər reallaşıb. Bütün bunlarla bərabər, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib.

Beləliklə, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verib. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşunun artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi olub.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən yuxarıda vurğulandığı kimi, “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, özünü investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib.

“Yaşıl enerji” əməkdaşlığı

İqtisadçı-ekspert Asif Həsənovun sözlərinə görə, Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşına, strateji müttəfiqinə çevrilmiş Azərbaycan, həm də bu gün dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də fəal iştirakçısı kimi tanınır. Bu sahədə zəngin potensiala malik olan ölkəmizdə hazırda mühüm “yaşıl layihə”lər uğurla icra olunur və sözügedən sahədə gələcəkdə yüksək göstəricilər əldə ediləcəyi proqnozlaşdırılır. Çünki respublikamızın bu sahədə potensialı olduqca yüksəkdir. Digər tərəfdən, Azərbaycanın əlverişli investisiya və siyasi sabitlik məkanı kimi tanınması, eyni zamanda, enerji ilə bağlı götürdüyü öhdəliklərə tam sadiqliyi ölkəmizin yaxın illərdə bu sahədə də əsas təchizatçılardan birinə çevriləcəyini deməyə əsas verir. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük investisiya tələb edir. Onun reallaşması üçün ölkədə əlverişli sərmayə şəraiti var.

Asif Həsənov söhbətində onu da xatırlatdı ki, Azərbaycanda bərpaolunan enerji potensialının icrası məqsədilə indiyədək xarici investorlarla bir sıra müqavilələr imzalanıb. Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təqdim edilən Yol Xəritəsində 2040-cı ilədək respublikamız investisiya qoyuluşu sayəsində dəniz küləyindən 7 qiqavatlıq enerji hasilatını reallaşdırmağı planlaşdırıb. Ümumiyyətlə, həmin ilədək respublikamızda 1,5 qiqavat qoyuluş gücünün gerçəkləşdirilməsi və dekarbonlaşdırılmış enerji istehsalının 7 faizinin reallaşdırılması, həmçinin bu dövrdə dəniz külək energetikasının qoyuluş gücünün 7,2 qiqavata çatdırılması və enerji təchizatının 37 faizinin təmin olunması nəzərdə tutulub.

İqtisadçı-ekspert daha sonra bildirdi ki, Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində indiyədək, ümumilikdə, 1,5 milyard ABŞ dollarından çox investisiya yatırılıb və bu sərmayə qoyuluşunun gəcəkdə də davam etdiriləcəyi nəzərdə tutulub. Qeyd edək ki, ölkəmizdə 20-25 il müddətinə hesablanan “yaşıl enerji” layihələri yerli və xarici ekspertlər tərəfindən Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilib.

Hazırda isə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri istehsal edilən “yaşıl enerji”nin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır. Məhz elə 3 dəhliz üzrə – “Xəzər–Qara dəniz – Avropa” “yaşıl enerji” dəhlizi, Zəngəzur dəhlizi və Mərkəzi Asiya ölkələrindən “yaşıl enerji” resurslarının Avropaya ixrac edilməsi çərçivəsində səmərəli iş aparılır.

Qaradağda fəaliyyət göstərən 230 MVt gücündə günəş elektrik stansiyası xarici investisiya hesabına inşa edilib. 262 milyon dollarlıq sərmayə ilə gerçəkləşdirilən bu layihə ilə Azərbaycanın “yaşıl enerji” sektoru yeni mərhələyə daxil olub. Eyni zamanda, xarici yatırım hesabına qurulan 240 MVt gücə malik Xızı – Abşeron külək elektrik stansiyası isə alternativ enerji sektoruna artan beynəlxalq marağın göstəricisi kimi dəyərləndirilib. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasının tikintisi üçün 2024-cü ildə imzalanan 160 milyon dollarlıq kredit sazişi ilə Azərbaycanın enerji təhlükəsizliyini şaxələndirmək istiqamətində önəmli addım atılıb.

Onu da qeyd edək ki, xarici investisiyalar respublikanın texnoloji bazasını yenilədiyi halda, daxili vəsaitlər sosial rifahın yüksəldilməsinə və strateji infrastrukturun genişləndirilməsinə yönəldilib. Məsələn, son 20 ildə ölkədaxili yolların tikintisi və təmirinə 4,96 milyard manat sərf edilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 3 mərhələli tikintisi üçün, təqribən, 870 milyon manata qədər vəsait xərclənib. 2024-cü ilin sonunda limanın gücünü 25 milyon tona çatdırmaq üçün əlavə 20 milyon manat ayrılıb.

Beynəlxalq tərəfdaşlıq

Neft-qaz sektoru uzun müddət Azərbaycana yönələn xarici investisiyaların ən böyük hissəsini cəlb etsə də, hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün qeyri-neft sektorunun 4 əsas istiqamətini – kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat-logistika sahələrini prioritet elan edib. Bu sahələrə diqqətin artırılması iqtisadi göstəricilərin yaxşılaşdırılması ilə bərabər, həm də daha inklüziv və dayanıqlı böyümə modelinin qurulmasını şərtləndirib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyası isə qeyri-neft sektoruna əsaslanan sürətli inkişafı əsas hədəf kimi müəyyənləşdirib.

Azərbaycan hazırda xüsusi iqtisadi zonalara, o cümlədən sənaye və yüksək texnologiyalı parklara, habelə qeyri-neft sektorununda prioritet sahələr kimi diqqətçəkən istehsal müəssisələrinə investisiya üçün müxtəlif güzəştlər təklif edir. Başqa sözlə, hökumət sadələşdirilmiş inzibati prosedurlar vasitəsilə istehsal sahələrində fəaliyyət göstərmək istəyən xarici şirkətlər üçün vergi və gömrük güzəştlərini əhatə edən əlverişli mühit yaradır. Xüsusi iqtisadi zonaların yaradılması dövlətin daha geniş sənayeləşmə strategiyasının bir hissəsidir və yerli istehsalın ixrac potensialının artırılmasını, texnologiya transferinin sürətləndirilməsini şərtləndirir. Eyni zamanda, bu təşəbbüslər qeyri-neft ixracının artırılması baxımından mühüm rol oynayır və ölkənin qlobal təchizat zəncirlərinə daha dərin inteqrasiyasına şərait yaradır.

Azərbaycanın investisiya cəlbediciliyi təkcə daxili islahatlarla deyil, həm də fəal xarici iqtisadi diplomatiya ilə formalaşır. Türkiyə ilə iqtisadi əlaqələr bu baxımdan xüsusi yer tutur. İki ölkə arasında ticarət sazişi və ona edilən dəyişikliklər iqtisadi və ticarət əməkdaşlığının möhkəmləndirilməsinə əlavə təkan verir. Enerji və nəqliyyat sahələrində Azərbaycan – Türkiyə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr regional önəm daşıyır və hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsini şərtləndirir. Bundan əlavə, Azərbaycan İslam İnkişaf Bankı Qrupu, OPEC Beynəlxalq İnkişaf Fondu kimi beynəlxalq maliyyə institutları ilə mütəmadi əlaqələr qurur, bu isə həm maliyyə resurslarının, həm də texniki təcrübənin ölkəyə cəlb olunmasına əlverişli imkan yaradır.

Beləliklə, Azərbaycanın investisiya mühiti bir sıra üstünlükləri – strateji coğrafi mövqe, hüquqi təminatlar, fəal dövlət təşviqi siyasəti, “yaşıl enerji”yə artan diqqət və sərbəst iqtisadi zonaların yaradılması kimi amillərlə diqqət çəkir. Eyni zamanda, hazırda ölkə iqtisadiyyatını neft-qaz asılılığından çıxarmaq üçün strukturlaşdırılan uzunmüddətli plan hazırlanır. Bu prosesin ardıcıl şəkildə davam etdirilməsi isə ölkəmizin regionda, o cümlədən qlobal miqyasda etibarlı və gəlirli investisiya tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.

Sərmayənin cəlb edilməsi hər bir ölkə üçün çox önəmli məsələdir. Hazırda bütün dünyada investisiyalar uğrunda ciddi mübarizə gedir. Ayrı-ayrı ölkələr tərəfindən milli iqtisadiyyatlarının inkişafı, infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər qurumlara çoxsaylı müraciətlər edilir. Azərbaycan nümunəsində isə fərqli mənzərə diqqət çəkir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri