Azərbaycan Hakimlər İttifaqı zərurətdən yaranan ictimai qurumdur
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası Bakıda keçiriləcək
Müsahibimiz Azərbaycan Ali Məhkəməsinin sabiq sədri Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri seçilib. Güman edirik ki, onunla söhbətimiz geniş oxucu kütləsi üçün maraqlı olacaq. Beləliklə, “Xalq qəzeti”nin qonağı 18 il Azərbaycan Ali Məhkəməsinin sədri işləmiş, xidmətləri dövlət tərəfindən “Azərbaycan Bayrağı”, “Şöhrət”, “Vətənə xidmətə görə” və “Şərəf” ordenləri, “Prokurorluğun Fəxri işçisi” döş nişanı, “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı ilə qiymətləndirilmiş, hazırda hüquqi fəaliyyətini Azərbaycan Hakimlər İttifaqı (AHİ) İdarə Heyətinin sədri kimi davam etdirən Ramiz Rzayevdir.
– Ramiz müəllim, Azərbaycan Hakimlər İttifaqının sədri kimi ilk dəfədir ki, Sizdən müsahibə alırıq. Sizi təbrik edirik. Rəhbərlik etdiyiniz qurum hansı zərurətdən yarandı?
– Təbrikə görə təşəkkür edirəm. Azərbaycan Hakimlər İttifaqı ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşməsi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı fonunda yaranmış obyektiv bir zərurətin nəticəsidir. Bu İttifaqın təsis olunması, ilk növbədə, hakimlərin institusional şəkildə bir araya gətirilməsi, onların peşə maraqlarının müdafiəsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi və vahid peşə mövqeyinin formalaşdırılması ehtiyacından qaynaqlanır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 105-1-ci maddəsi, hakimlərə ümumi maraqlar əsasında könüllülük prinsipi ilə ictimai birliklər təsis etmək hüququ verir. Bu hüquqi baza, eyni zamanda, belə birliklərin əsas məqsədlərini – hakimlərin birləşməsi, onların müstəqilliyinin möhkəmləndirilməsi və məhkəmə-hüquq islahatlarına dəstək verilməsini – müəyyən edir. Bu, həm hüquqi, həm də peşəkar kontekstdə hakimlərin təşkilatlanması üçün əsaslı zəmin yaradır.
AHİ-nin nizamnaməsinə nəzər saldıqda, onun hüquqi statusu, təşkilati strukturu və fəaliyyət prinsipləri tamamilə qanunvericilik normalarına uyğun şəkildə qurulub. Nizamnamədə ittifaqın əsas məqsədləri sırasında hakimlərin hüquq və mənafelərinin müdafiəsi, onların peşəkar bilik və bacarıqlarının artırılması, məhkəmə sisteminin inkişafına dəstək verilməsi, ictimaiyyətlə sağlam əlaqələrin qurulması və hüquqi maarifləndirmə mühüm yer tutur.
AHİ hakimlərin təcrübə və informasiya mübadiləsinə şərait yaradır, onların hüquqi maarifləndirilməsinə töhfə verir və məhkəmə sisteminə olan ictimai etimadı gücləndirir.
Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları və müasir tələblər hakimlərin yalnız fərdi şəkildə deyil, institusional səviyyədə də təşkilatlanaraq bu prosesdə aktiv iştirakını labüd edir. AHİ bu kontekstdə islahatların sosial dayağına çevrilərək, hakimlərin səsini ifadə edən, onların peşə nüfuzunu və sosial rifahını qoruyan, dövlətlə cəmiyyət arasında körpü rolu oynayan platforma kimi çıxış edir.
Nəticə etibarilə, AHİ hüquqi cəmiyyətin tələblərinə, məhkəmə sisteminin səmərəliliyinə və şəffaflığına töhfə verən, hakimlərin təşkilatlanmış şəkildə maraqlarını müdafiə edən mühüm və zəruri ictimai institut kimi meydana çıxıb.
– Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. Azərbaycan Hakimlər İttifaqı bununla bağlı hansı layihələri reallaşdırır?
– Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli qoyuldu, ictimai həyatımızın bütün sahələrində olduğu kimi məhkəmə-hüquq sahəsində də köklü dəyşikliklər və dərin islahatlar aparıldı. Bu islahatların həyata keçirilməsinin əsasını ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyamız qoyub.
Azərbaycanın yeni Konstitusiyası qabaqcıl dünya təcrübəsini, qanun yaradıcılığı prinsiplərini, çoxəsirlik dövlətçilik ənənələrini və ümumbəşəri dəyərləri özündə əks etdirir. Konstitusiyanın qəbul edilməsi milli dövlətçilik tariximizdə yeni bir mərhələ açdı, dövlət quruculuğunda, ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə demokratik proseslərə güclü təkan verdi. Hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmaqla yanaşı, müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsini də təmin etdi.
Bu il müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin 30, ərazi bütövlüyümüzün təmin edilməsinin 5 ili tamam olur. 44 günlük müharibədəki tarixi Zəfərdən və 23 saatlıq antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan yeni tarixi dövrə qədəm qoyub. Təbii olaraq, bu dövr çərçivəsində qanunvericilik bazasının daha da möhkəmləndirilməsi, yeni şəraitə uyğunlaşdırılması kimi məqamlar ön plana çıxır. Bir məsələni ayrıca qeyd etmək istərdim. 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Hüquq İslahat Komissiyası ölkə qanunvericiliyinin beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etdi. Burada vətəndaşların hüquq və azadlıqlarının qorunması əsas prioritet olaraq götürülür. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda təsbit edilmiş bu hüquq Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələdir. Vətəndaş cəmiyyəti institutu olaraq AHİ bu işlərə yaxından dəstək verməyə çalışır. AHİ-nin fəaliyyətinin əsas istiqamətləri ölkəmizdə qanunun aliliyinin təmin olunması ilə yanaşı, əhalinin hüquqi cəhətdən maarifləndirlməsi ilə bağlı layihələri davamlı olaraq həyata keçirməkdir. Bundan ötrü bizim yüksək ixtisaslı, peşəkar kadr potensialımız var. Eyni zamanda, sabiq hakimlərə hərtərəfli diqqət və qayğının göstərilməsi də ittifaqımızın nəzərindən yayınmayan məsələdir. Hesab edirəm ki, AHİ-nin “Konstitusiya və Suverenlik İli”nə ən böyük töhfəsi oktyabr ayında Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) 67-ci Baş Assambleyasının Bakıda keçirilməsi olacaq...
– 1995-ci il noyabrın 12-də Azərbaycanda ilk Konstitusiya Referendumu keçirilib. Ulu öndərin sədrlik etdiyi komissiya tərəfindən müstəqil Azərbaycanın ilk Konstitusiya aktı hazırlanıb və qəbul olunub. 2002, 2009 və 2016-cı illərdə Konstitusiyaya müəyyən əlavələr və dəyişikliklər edilib. Siz bu 30 illik mərhələni necə xarakterizə edərdiniz?
– 1995-ci il noyabrın 12-də keçirilən Ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqil dövlət kimi siyasi və hüquqi inkişafında dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış əsas qanun Azərbaycan xalqının dövlət quruculuğunda iradəsini ifadə edən ilk Konstitusiya aktı kimi demokratik dəyərlərə, insan hüquqlarına və hüquqi dövlət prinsipinə əsaslanan cəmiyyətin bünövrəsini qoydu.
Konstitusiyanın ilkin mətnində dövlət hakimiyyətinin qolları – qanunverici, icraedici və məhkəmə hakimiyyətləri arasında balanslı bölgü yaradıldı, müstəqil məhkəmə sisteminin formalaşdırılması üçün ilkin normativ çərçivə müəyyən olundu. Bu dövrdə Konstitusiyanın tətbiqi ilə yanaşı, məhkəmə sistemində əsaslı struktur islahatlarına başlanıldı: Apellyasiya və Ali Məhkəmə instansiyaları formalaşdırıldı, yeni ixtisaslaşdırılmış məhkəmələr yaradıldı, hüquq islahatları Konstitusiya prinsiplərinə uyğunlaşdırıldı.
Konstitusiya Məhkəməsinin təsis olunması isə hüquqi sistemin inkişafında dönüş nöqtəsi oldu və ölkədə konstitusional nəzarət mexanizminin formalaşdırılması baxımından mühüm nailiyyət kimi dəyərləndirildi. Konstitusiya Məhkəməsi ölkədə ali hüquqi nəzarət orqanı kimi formalaşaraq, Konstitusiyanın aliliyinin təmin olunmasında, normativ aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasında və vətəndaşların konstitusion hüquqlarının müdafiəsində əvəzsiz rol oynamağa başladı.
2002-ci ildə keçirilmiş referendumla Konstitusiyaya mühüm dəyişikliklər edildi. Bu dəyişikliklər çərçivəsində bir sıra məhkəmə qərarlarının dərhal icrası ilə bağlı müddəalar təkmilləşdirildi. Eyni zamanda, vətəndaşların seçki hüququ genişləndirildi, vəkillərin və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı bəzi müddəalar konkretləşdirildi. Məhkəmə-Hüquq Şurasının yaradılması da bu dövrdə gündəmə gələn əsas yeniliklərdəndir.
2009-cu ildə qəbul olunan dəyişikliklər artıq dövlət institutlarının səmərəli işləməsi və insan hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi istiqamətində atılan addımlar idi. Bu mərhələdə Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndirildi və vətəndaşların konstitusiya şikayəti vermək hüququ bir daha vurğulandı. Bununla da hüquqi dövlət anlayışı praktik müstəviyə keçirildi.
Məhz bu mərhələdə AHİ kimi ictimai birliklərin təşkili üçün zəruri olan hüquqi və ictimai zərurət formalaşdı. Hakimlərin kollegial şəkildə birləşməsi, onların peşə maraqlarının qorunması və islahat prosesində iştirakını təmin edəcək bir təşkilatın yaradılması bu dövrdə aktual məsələ kimi gündəmə gəldi.
2016-cı ildəki Konstitusiya islahatları müasir idarəetmə mexanizmlərinə uyğun olaraq həyata keçirildi, bir çox sahədə çevik qərarvermə sistemləri formalaşdırıldı. Buraya dövlət qulluğunda yeni vəzifə kateqoriyalarının əlavə olunması, vitse-prezidentlik institutunun yaradılması və sahibkarlıq hüquqlarının daha çevik qorunması daxildir.
1995–2025-ci illər arasında Azərbaycan Konstitusiyası hüquqi dövlət anlayışının inkişafı baxımından dinamik və çevik bir sənəd olduğunu sübut etdi. Onun prinsipləri əsasında formalaşan hüquqi mühit təkcə idarəetməni deyil, həm də məhkəmə orqanlarının funksional effektivliyini və ictimai etimadını artırdı.
Bu kontekstdə AHİ kimi ictimai birliklərin formalaşması da 30 illik hüquqi təkamülün məntiqi nəticəsidir. Belə birliklər Konstitusiyada nəzərdə tutulan hakimlərin müstəqilliyi prinsipini praktik müstəvidə gücləndirir, onların hüquqlarının və mənafelərinin qorunmasına xidmət edir, eyni zamanda hüquqi islahatların cəmiyyətə ötürülməsində körpü rolunu oynayır.
– Azərbaycan Hakimlər İttifaqı yeni nəsil hüquqşünasların yetişdirilməsi prosesində iştirak edirmi?
– Ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə, o cümlədən xarici dövlətlərdə təhsil alan hüquqşünas gənclər tərəfindən müasir texnalogiyalar və iş üslubu öyrənilir, hüquq elmi və təhsili müasir standartlara uyğun təşkil olunduğundan təcrübi biliklər əldə olunur, gənclərin hüquq düşüncəsi və hüquq mədəniyyəti inkişaf etdirilir, demokratik dəyərlərdən qidalanan və milli mənliyini qoruyan yeni vətəndaş siması formalaşır.
AHİ də yeni nəsil hüquqşünasların yetişdirilməsinə öz töhvələrini verir. İttifaqımızın fəaliyyətində təlimlərin və elmi-praktik tədbirlərin təşkili mühüm yer tutur. 2024-cü ilin fevralında Türkiyənin Danıştay məhkəməsində keçirilmiş təlimlərdə 10 nəfərlik nümayəndə heyətimiz iştirak edib. 2024-cü ilin martında “Vərəsəlik hüququ – müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans təşkil olundu. Həmin ay Azərbaycanın Ali və Apellyasiya məhkəmələrinin hakimlərinin Türkiyə Respublikasının Yarqıtay məhkəməsinə təcrübə səfəri həyata keçirilib.
Hakimlərin bilik və bacarıqlarının artırılması, habelə müxtəlif beynəlxalq tədbirlərdə daha səmərəli təmsil olunmalarının təmin edilməsi məqsədilə bütün instansiya məhkəmələri üzrə 50-dək hakim üçün AHİ-nin təşkilati dəstəyi ilə ingilis dili kursları təşkil edilib. Tədris müasir metodlarından istifadə edilməklə, müxtəlif səviyyələr üzrə peşəkar müəllimlər tərəfindən aparılır. Bundan başqa, ümumi dil bilikləri üzrə yüksək nəticələr göstərmiş hakimlər üçün hüquqi ingilis dili üzrə dərslər də artıq həyata keçirilməkdədir.
Ölkə daxilində təşkil edilən seminarlar mühüm əhəmiyyət kəsb edir. Təşkilatımızın təşəbbüsü ilə Şirvan, Gəncə və Sumqayıt şəhərlərində Apellyasiya Məhkəmələrinin yurisdiksiyalarına daxil olan hakimlərinin iştirakları ilə seminarlar keçirilib.
AHİ və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşəbbüsü ilə bir qrup hakimin ötən il tələbələrlə görüşü təşkil edilib, “Əlavə kassasiya qaydasında icraat”, “Mirasın qəbul edilməsi və müddəti (nəzəri və praktiki problemləri)” ilə bağlı çıxışlar edilmiş, tələbələrin çoxsaylı sulları cavablandırılıb.
Ötən il AHİ və Polis Akademiyasının birgə təşəbbüsü ilə bir qrup hakimin zabit-müəllim heyəti və kursantlarla görüşü keçirilib, “Həbs qətimkan tədbirinin tətbiqinə dair ibtidai istintaq orqanlarının vəsatətlərinə baxılıması”, “İstintaq hərəkətlərinin məcburi aparılması ilə bağlı məsələlər üzrə məhkəmə nəzarəti”, “Məhkəmə tərəfindən istintaq orqanlarının yol verdiyi kobud pozuntularla bağlı cinayət işlərinin ibtidai istintaqa qaytarılması” və digər mövzularında çıxışlar edilib. Görüşdə kursantların çoxsaylı sualları cavablandırılıb, bəzi hakimlər bilik və bacarıqlarının kursantlara çatdırılması üçün Polis Akademiyası tərəfindən tədrisə cəlb olunublar.
Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP 29) çərçivəsində ADA Universitetinin Kembric Universiteti ilə birgə “İqlim diyişikliyi risklərinin azaldılması və uyğunlaşdırılmasında milli məhkəmələrin rolu” mövzusunda keçirilən beynəlxalq tədbirdə AHİ üzvləri təmsil olunub və çıxış ediblər.
Azərbaycan Ali Məhkəməsi və AHİ-nin birgə təşəbbüsü ilə 6 sentyabr 2024-cü il tarixində COP 29 çərçivəsində “Hüquq və İqlim” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Bu tədbirdə BHA-nın rəhbərliyi və bir sıra xarici ölkələrin hakimləri, həmçinin iqlim dəyişikliyi üzrə beynəlxalq ekspertlər iştirak ediblər.
– Mətbuatın yaydığı məlumata görə, cari il oktyabr ayının 11-17-də Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçiriləcəkdir. Assosiasiyanın bu qərarı qəbul etməsinə beynəlxalq münasibət necədir?
– Nəzərinizə çatdırım ki, AHİ İB 29.12.2004-cü il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyası) və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyası) hüquqi varisi olmaqla, onların birləşməsi nəticəsində 2023-cü il oktyabrın 7-də yaradılıb. Yarandığı dövrdən başlayaraq fəaliyyətində məhkəmə hakimlərini birləşdirib, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək edib, hüquqi maarifləndirmə işini həyata keçirib, beynəlxalq təşkilatlarla əlqələr qurub.
Görülmüş işlərin nəticəsində AHİ 2009-cu ildə BHA-ya assosiativ, 2012-ci ildə isə tam hüquqlu üzv qəbul olundu. Bu dövr ərzində BHA və onun regional üzvü olan Avropa Hakimlər Assosiasiyasının keçirdiyi tədbirlərə qatıldı.
AHİ 2024-cü ilin oktyabr ayında Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən BHA-nın Baş Assambleyasında ölkəmizi layiqincə təmsil edib. Bu tədbidə AHİ-nin növbəti ildə Baş Assambleyaya evsahibliyi etməsilə bağlı namizədliyi irəli sürüldü. Ermənistan nümayəndə heyətinin kəskin etirazına baxmayaraq, 2025-ci ildə BHA-nın 67-ci Baş Assambleyasına evsahibliyi etmək hüququnu böyük səsçoxluğu ilə Azərbaycan qazandı. Bu, beynəlxalq hüquq ictimaiyyətində ölkəmizin müasir hüquq sisteminin yüksək səviyyədə tanınmasının bariz nümunəsidir. Biz 91 ölkədən 300-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulan bu möhtəşəm tədbirə evsahibliyi etməklə, milli hüquq sistemimizi deyil, ümumilikdə Azərbaycanın mədəni irsini və qonaqpərvərliyini dünya ictimaiyyətinə təqdim edəcəyik. Biz bu tədbirə ciddi hazırlaşırıq və inanıram ki, ölkəmiz tədbirin keçirilməsinə layiqli evsahibliyi edəcək, beynəlxalq aləmdə Azərbaycanın imicinin artmasına öz töhfəsini verəcəkdir.
– Bildiyiniz kimi, Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi İrəvan konstitusiya islahatını iki ildən sonraya planlaşdırdığını açıqlayıb. Bununlıa bağlı fikirlərinizi bilmək istyərdik...
– Azərbaycan regionda davamlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması məqsədilə 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib.
Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinin bəndləri üzrə razılaşmalar əldə edilsə də, həlli zəruri olan mühüm amillər mövcüddür. Bunlardan ən önəmlisi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır ki, bu da sülh sazişinin imzalanmasına maneə olur. Ermənistanın konstitusiyasında müstəqillik aktlna istinad olunur və bu, konstitusiyanın tərkib hissəsidir. Buradakı Qarabağın Ermənistana birləşdirilməsinə dair çağırışlar Azərbaycana qarşı açıq ərazi iddiası sayılır. Cənab Prezidentin dediyi kimi, Ermənistan konstitusiyasının dəyişdirilməsi bizim təklifimiz deyil, obyektiv fikrimizdir.
– Söhbətimizin sonunda oxucularımıza yeni planlarınız, perspektiv layihələriniz barədə məlumat verərdiniz.
– Qarşımızda duran ümdə məqsədimiz “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda və birliyimizin nizamnaməsində qeyd edildiyi kimi, hakimləri birləşdirməkdən, onların müstəqilliklərini möhkəmləndirməkdən, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə kömək etməkdən ibarətdir. Bu məqsədlərin həyata keçirilməsi üçün AHİ beynəlxalq tədbirlərdə iştirak edərək çağdaş təcrübəni öyrənib Azərbaycanda tətbiq olunmasına nail olacaq, beynəlxalq təşkilatları, digər ölkələrin hakimlər ittifaqlarını Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları ilə tanış edəcək, elmi-praktiki seminarlar, konfranslar, məşğələlər təşkil etməklə yeni nəsil hakimlərin yetişməsinə öz töhvəsini verəcəkdir.
Bu ilin oktyabr ayında bizi mötəbər tədbirə – Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasına evsahibliyi etmək gözləyir. Ona indidən ciddi və hərtərəfli şəkildə hazırlaşırıq. Hesab edirəm ki, dünyanın 91 ölkəsindən tədbirə qatılacaq nümayəndələrdə ölkəmiz barədə təkcə hüquqi aspektdə deyil, həm də müasir Azərbaycanın reallıqları barədə geniş təəssürat yaranacaq.
– Ramiz müəllim, həm qarşıdakı beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsində, həm də gələcək fəaliyyətinizdə Azərbaycan Hakimlər İttifaqına uğurlar diləyirik.
Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ


