Azərbaycan oğulları İkinci Dünya Müharibəsinin qəhrəmanlarıdır TƏHLİL
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada hazırlanan "pamyat-naroda.ru" saytı isə Azərbaycana qarşı qərəz nümayiş etdirib
Dünya yaranandan mala-mülkə, insan əsarətinə, torpaq ilhaqına susamış baş cəlladlar fitnə-fəsadla müharibələr törətmişlər. Nəticədə yüz minlərlə insan müharibələrin qurbanı olmuş, minlərlə şəhər, kənd və qəsəbələr dağdılaraq məhv edilib. Yəqin ki, bundan sonra da müharibələrdən qaçmaq mümkün olmayacaq. Albert Eynşteyn deyirdi ki, super gücə malik hegemon dövlətlər olduqca, müharibələr həmişə olacaqdır.
Bəşər tarixində ən qanlı savaş kimi tarixə düşən İkinci Dünya müharibəsindən çox yazılıb, danışılıb, bədii və sənədli filmlər çəkilib. Amma hələ də çox suallara, bir çox mətləblərə tam aydınlıq gətirilməyib. Yeganə aydın olan məsələ ondan ibarətdir ki, 20-ci əsrdə iki dəfə baş vermiş dünya müharibələrinin ideya müəllifi Almaniya olub. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücum etməsi ilə İkinci Dünya müharibəsi başlamışdır. 6 il davam edən müharibədə 70-ə yaxın dövlət və 1,7 milyarad insan iştirak etmişdir. Ümumilikdə, 40 ölkəni əhatə edən bu müharibədə 70 milyona yaxın insan həyatını itirib ki, onun da 30 milyonu SSRİ vətəndaşları olub. Ölkəmiz müharibə meydanına çevrilməsə də, neftlə zəngin Bakı nefti ozamankı hegemon və iddialı dövlətlərin paytaxtlarında siyasi rəhbərliklər tərəfindən müzakirə olunan mövzulardan olub. Faşist Almaniyasının füreri Adolf Hitler SSRİ şəklində hazırlanmış ad günü tortunun "Bakı hissəsi"ni kəsib yediyi də kinokadrlardan və fotolardan məlumdur. Hitler Bakı neftini ələ keçirməklə İran körfəzinə və Hind okeanına hərəkət etmək, eləcə də, SSRİ-nin yanacaq tədarükünü tamamilə sıradan çıxarmaq niyyətində idi.
Arzuların reallaşdırılması üçün A.Hitler Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin xəritəsi hazırlanmış və "Edelveys" hərbi planı hazırlamışdır. Ümumiyyətlə, təbii sərvətlərə, eləcə də, strateji-coğrafi mövqeyə malik olan Azərbaycan o dövrdə Hitlerlə yanaşı, digər aparıcı dövlətlərin maraq dairəsində əhəmiyyətli yerlərdən birini tutmuşdur. Hətta Böyük Britaniya və Fransa "Piker" planına əsasən, 1940-cı il may ayının sonlarında Bakının neft mədənlərini bombalamaq planları vardı ki, əgər bu baş versəydi, Bakı şəhəri tamamilə alova bürünmüş olardı. Lakin 1940-cı ilin mayın 10-da Almaniyanın Fransanı işğal etməsi və davamlı olaraq, Böyük Britaniyanı bombalaması "Piker" planının iflasa uğramasına gətirib çıxardı. Azərbaycanın paytaxtı yanmaqdan xilas olmaqla, öz nefti və igid, qəhrəman övladları ilə İkinci Dünya müharibəsinin hər bir döyüş gedən bölgəsində, cığırında od-alov olub, yandırdı, adı-sanı ilə dillər əzbərinə çevrildi. O zaman SSRİ neftinin 70-75 faizini, benzinin 85-90 faizini Bakı verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakı yanacağı ilə işləyirdi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərilmişdi.
Azərbaycan oğulları Moskvanın müdafiəsində, Stalinqradın, Leninqradın, Ukraynanın, Belarusiyanın, Polşanın, Çexoslovakiyanın, Rumıniyanın, Macarıstanın, Yuqoslaviyanın, Bolqarıstanın, Macarıstanın, Rumıniyanın azad edilməsində, Brest qalasının alınmasında, bayrağın Reyxin binasına sancılmasında böyük şücaət göstərmişlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu barədə demişdir: "Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı da öz sanballı töhfəsini vermişdir. Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların, Şərqi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsində, Qərbi Avropada genişlənən müqavimət hərəkatının uğur qazanmasında həmyerlilərimiz mühüm rol oynamışlar".
Müharibə illərində Azərbaycandan cəbhəyə 700 minə yaxın döyüşçü göndərilib
İkinci Dünya müharibəsi illərində Azərbaycandan cəbhəyə 700 minə yaxın döyüşçü göndərilmişdi ki, onların da 350 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Böyük Vətən Müharibəsində Azərbaycanın qəhrəman övladları çoxsaylı igidliklər göstərmiş və adlarını hərb tarixinə müharibə qəhrəmanları kimi yazdırmışlar. Müharibədə 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər "Şöhrə" ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. Minlərlə soydaşımız SSRİ-nin digər orden və medalları ilə təltif olunmuşlar. Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Ziya Bünyadovun, Qəzənfər Əkbərovun, Bəhyəddin Mirzəyevin, Yusif Sadıxovun, Qafur Məmmədovun, Baloğlan Abbasovun və başqalarının igidlikləri dillər əzbəri olub. General Şarl-De Qollun rəhbərlik etdiyi Fransa Müqavimət Hərəkatının qəhrəman döyüşçüsü, Xarqo təxəllüsü ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, dövlət bayrağından irəli getmək şərəfinə layiq görülmüşdür. Ümumilikdə, Fransanın müdafiəsində 3 min azərbaycanlı döyüşçü vuruşmuşdur. Bütün bunlara baxmayaraq, Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfələr Sovet İttifaqının başbilənləri tərəfindən lazımınca qiymətləndirilməmişdir. Qələbənin əldə olunmasında müstəsna rol oynamış Bakı şəhərinə "qəhrəman şəhər" adının verilməsinə də xəsisliklə yanaşmışlar. Təəssüf ki, bu qısqanc münasibət Stalin rejimini əvəz etmiş digər SSRİ rəhbərliyi tərəfindən də davam etdirilmiş və bu gün də öz aktuallığını saxlamaqdadır. Sual yarana bilər: bu gün niyə, SSRİ artıq yoxdur? Bəli, artıq SSRİ yoxdur, amma onun varisi iddiasında çıxış edən Rusiya var. Rəsmi Moskva səhvlərin təkrarlanması önündə getmədiyini nümayiş etdirmək istəyirsə, gec də olsa, Bakıya "qəhrəman şəhər" adının verilməsi barədə, Dövlət Duması səviyyəsində qərar verə bilər. Belə bir təcrübə var, Rusiyanın bəzi şəhərlərinə adlar və ayrı-ayrı müharibə iştirakçılarına ali orden və medallar təqdim olunub.
"Pamyat-naroda.ru" saytında Rusiya tərəfi faşistlərə nökərçilik etmiş Ermənıstan fərarilərinə daha çox yer ayırır
Hər il 9 may günü, Rusiya SSRİ-nin varisi olduğunu iddia edərək qələbə paradı keçirir. Bu ölkə müxtəlif tədbirlər də reallaşdırır. Həmin layihələrdən biri də İkinci Dünya müharibəsinin iştirakçıları haqqında saytın yaradılmasıdır. İlk baxışdan, bunu xoşməraramlı addım kimi dəyərləndirmək olar. Yetər ki, heç olmasa bu məsələdə ədalət prinsipi qorunsaydı. Ancaq "pamyat-naroda.ru" saytı adlandırlan Rusiyanın layihəsində, faşizm üzərində qələbənin əldə olunmasında öz canlarını qurban vermiş, sağlamlığını itirmiş, ömürlük şikəst olmuş, arxa cəbhədə "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" deyib, az qala 20 saat işləmiş, çalışmış azərbaycanlılar haqqında məlumatlar tam şəkildə yerləşdirilməyib. Adları qeyd olunan azərbaycanlı müharibə qəhrəmanları haqqında məlumatlar isə səthi verilib, yəni dolğun, ətraflı informasiya əks olunmayıb. Ermənilər barədə isə daha geniş məlumatlara rast gəlinir. Halbuki Ermənistandan cəbhəyə 120 min döyüşçü göndərilib ki, onun da 80 minə yaxını müharibənin gedişində fərarilik edib və ya könüllü şəkildə almanlara əsir düşüb. Hətta Njde Qaregin adlı erməni faşistlər tərəfindən sovet əsgər və zabitlərinə qarşı savaş aparıb. N.Qaregin yüzlərlə sovet insanının qətlə yetirilməsində şəxsən iştirak edib. Deyilənlərə və yazılanlara görə, hazırkı Rusiya rəhbərlərinin yaxınlarının, o cümlədən prezident Vladimir Putinin babası da N.Qaregin tərəfindən öldürülüb. Ancaq Rusiya rəhbərliyi faşistlərə nökərçilik etmiş N.Qareginə Yeravanda abidə ucaldılmasına etiraz səslərini qaldırmadılar. Hətta bəzi məsələlərdə, o cümlədən İkinci Dünya müharibəsi qəhrəmanları haqqında yaradılan "Pamyat-naroda.ru" saytında Rusiya tərəfi faşistlərə nökərçilik etmiş Ermənistan fərarilərinə daha çox yer ayırır. Bu halda nə etməli, təbii ki, özümüzün saytımızı yaratmalıyıq. Amma təəssüflər olsun ki, nəinki İkinci Dünya müharibəsinin döyüşçülərilə bağlı, heç Stalin rejiminin repressiya maşınının qurbanı olmuş şəxslər haqqında sayt yaratmağa təşəbbüs göstəmirik.
İkinci Dünya müharibəsinin iştirakçısı olmuş azərbaycanlı döyüşçülər və arxa cəbhədə fədakarlıq göstərmiş zəhmətkeş insanlarımızla bağlı, eləcə də, 1937-ci il repressiya qurbanlarının həyat və fəaliyyətləri haqqında sayt yarada bilərik. Belə bir saytın yaradılması, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinə, vətənpərvərlik ruhunda böyüməsinə çox müsbət təsiri olar. Ən azı, müharibə qəhrəmanlarının unudulmadığını və onların bizim üçün əziz olduğunu göstərə bilərik.
Millət vəkili Musa Qasımlı bizimlə söhbətində bildirdi ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın böyük rolu olub: "İkinci Dünya Müharibəsi illərində Azərbaycandan cəbhəyə 600 mindən çox insan səfərbər olunub ki, onlardan da 500 mini döyüşən ordu sıralarında vuruşub və ya partizan hərəkatında fəaliyyət göstəriblər. Arxa cəbhədə, cəbhə üçün çalışan on minlərlə insanlarımız olub. Ona görə də, Rusiyada İkinci Dünya Müharibəsi döyüşçüləri haqqında sayt hazırlayanlar, ilk olaraq, döyüşçü siyahılarının dəqiqləşdirilməsi üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli idilər".
M.Qasımlı QHT-lərin repressiya qurbanlarının saytının yaradılması məsələsini öz üzərlərinə götürmələrinin daha məqsədəuyğun ola biləcəyini söylədi: "Saytın hazırlanması üçün QHT-lər, müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməklə, repressiya qurbanları ilə bağlı saytın yaradılmasına nail ola bilərlər".
"Pamyat-naroda.ru" saytında ayrı-seçkiliyə yol verilməsi ciddi qüsur və nöqsandır"
Tarixçi-alim Firdovsiyyə Əhmədova isə bizimlə söhbətində "pamyat-naroda.ru" saytında azərbaycanlı döyüşçülərin adlarının tam salınmaması məsələsinin aydınlaşdırılmasına zərurət olduğunu bildirdi: "Ümumilkdə, saytda ayrı-seçkiliyə yol verilməsi ciddi qüsur və nöqsandır. Faşizm üzərində qələbənin qazanılmasında bütün İttifaq respublikalarının rolu olub. Qələbənin əldə olunmasında bir millətin və bir respublikanın adının çəkilməsi ədalətsizlikdir. Beynəlxalq tədbirlərdə, yalnız Rusiya deyil, qələbənin qazanılmasında rolu olan keçmiş SSRİ-nin bütün respublika rəhbərliyi iştirak etməlidir. Azərbaycan qələbənin qazanılmasına sərvəti, həm də canlı qüvvəsi ilə mühüm töhfələr verib. Respublikamızdan cəbhəyə 600 mindən çox insan gedib ki, onlarda da 300 mini həyatlarını itirib, itkin düşüb və ya yaralanıb. Minlərlə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, Lenin ordeni və digər medallarla təltif olunublar. Bir sözlə, müharibənin qələbə ilə başa çatmasında Azərbaycanın əhəmiyyətli rolu olub. Bu baxımdan, İkinci Dünya Müharibəsinin döyüşçülərilə bağlı "pamyat-naroda.ru" saytını hazırlayanlar azərbaycanlı döyüşçülərin adlarının sayta daxil edilməsinə xüsusi diqqət ayırmalı idilər" .
Tarixçi-alim Azərbaycanın repressiya qurbanları ilə bağlı saytın yaradılmasının aktual məsələlərdən olduğunu bildirdi: "1937-ci il repressiya qurbanları ilə bağlı saytın yaradılması vacib və əhəmiyyətlidir. Çünki repressiya qurbanları haqqında məlumaları repressiyadan əziyyət çəkmiş ailələr və tarixçilər deyil, bütün ölkə vətəndaşları məlumatlı olmalıdır. Bu məlumatları isə, yalnız hazırlanacaq sayt vasitəsi ilə əldə etmək olar".
Bir sözlə, göründüyü kimi, Rusiyanın İkinci Dünya müharibəsinin iştirakçıları haqqında yaratdığı saytda azərbaycanlı döyüşçülərə xəsisliklə yer ayrılması Kremlin qaranlıq dairələrinin ölkəmizə qarşı tarixə ədalətsiz yanaşmasının bu gün də davam etdiyini göstərir. Amma real bir həqiqət var, tarixi gerçəkliyi ört-basdır etməyə cəhd etmək, karlara, korlara və nadanlara məxsusdur. Azərbaycanlı döyüşçülər mərdlikləri, qorxmazlıqları və igidlikləri ilə İkinci Dünya müharibəsinin gedişini dəyişməyə müvəffəq olublar. Bəlkə də Azərbaycan xalqının, azərbaycanlı döyüşçülərin fədakarlığı, qəhrəmanlığı olmasa idi, müharibənin nəticəsi başqa cür olardı. Bunu ekspertlərin də dediyi kimi, yalnız Rusiya deyil, bütün demokratik düşüncəli dünya xalqları bilməmiş deyil. Ona görə də, Rusiya, eləcə də Avropa dövlətləri faşizmin məhv edilməsinə görə Azərbaycana minnətdar olmalıdır.
İLHAM ƏLİYEV


