Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru öz imkanları ilə dirçəldir
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans iştirakçılarını qəbulu zamanı etdiyi çıxışda qonaqların Qarabağa gedəcəklərini, Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərində olacaqlarını bildirərək, bu səfərin onlar üçün böyük maraq daşıyacağını vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, qəsbkardan geri alınan ərazilərdə işğalçının həm 30 il ərzində törətdiyi fəsadların, dağıntıların müşahidə olunacağını və bu gün dirçələn Qarabağın yeni simasının diqqət çəkəcəyini bildirib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən bütün şəhər və kəndlərimizin yerlə-yeksan olunduğunu qeyd edən dövlətimizin başçısı çıxışında Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu və bunun dünyada bir presedent yaratdığını söylədi. Ölkə rəhbəri fikrinin davamında xatırlatdı ki, bu vaxta qədər dünyada işğala məruz qalan torpaqlar təəssüf ki, azad edilmirdi. Hər halda, XX və XXI əsrlərdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda müşahidə olunurdu.
Respublika lideri dedi: “Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq…”.
Postmünaqişə quruculuğu modeli
Prezident İlham Əliyev görüş iştirakçılarına 30 ildən sonra işğaldan azad olunan Qarabağa səfərində bu torpaqlardakı şəhər və kəndlərin viran qoyulduğunu, evlərin söküldüyünü, milli sərvətlərimizin talandığını, məscidlərin dağıdıldığını gördüyünü bildirdi. Eyni zamanda, Vətən müharibəsindən sonra bu yerlərə səfər edən xarici ölkələrin rəsmi, qeyri-rəsmi şəxslərinin də həmin tarixi ərazilərimizdəki yaşayış məntəqələrimizin tamamilə dağıdıldığını görüb dəhşət yaşadıqlarını xatırlatdı.
Dövlətimizin başçısı sonda bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinin uğurla həyata keçirildiyini, artıq 48 şəhər və kənddə sakinlərin məskunlaşdırılğını qeyd etdi: “Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq”.
1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin, təxminən, 20 faizi işğal altında qaldı, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onların böyük əksəriyyəti çadır şəhərciklərində, ağır sosial şəraitdə yaşamağa məcbur oldu.
2020-ci ilin Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası məcburi köçkünlərin ümidini reallığa çevirdi. İndi artıq 90 mindən çox insan doğma yurduna qayıdıb. Deməli, qarşıdakı illərdə dövlətin üzərinə düşən əsas vəzifə məhz yüz minlərlə vətəndaşın mərhələli şəkildə məskunlaşdırılması ilə bağlıdır.
Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi hazırda dövlətimizin qarşısında duran ən mühüm vəzifədir. Prezident İlham Əliyev hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir. Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti var.
Milli Prioritetlərdə öz ifadəsini tapan “Böyük Qayıdış” proqramı vətəndaşlarımızın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasında körpü rolunu oynayır. Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətindəki təşəbbüsləri və həyata keçirdiyi layihələr respublikamızın qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, düşməndən təmizlənən ərazilərin inkişafına da əhəmiyyətli təkan verir.
Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi, eləcə də əbədiləşdirilməsi üçün bu gün Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu bölgələr iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilir, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsində qurulur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına ilk mərhələdən etibarən vahid mərkəzdən idarə edilməklə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyədək bu torpaqlarda bütün işlər ardıcıllıqla görülüb, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənməsi xüsusi diqqətdə saxlanılıb. Yeri gəlmişkən, Ermənistan tərəfindən işğal dövründə azad olunmuş ərazilərdə 1 milyondan çox mina və partlayıcı qurğu basdırılıb. 2020-ci ilin noyabrından indiyədək mina partlayışları nəticəsində 427 nəfər mina qurbanı qeydə alınıb. Onlardan 73 nəfər həlak olub, 354 nəfər isə ağır yaralanıb.
Böyük Qayıdış ümummilli hərəkatdır
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quruculuq prosesində təkcə fiziki infrastruktur deyil, həm də sosial həyatın bərpası nəzərdə tutulub. Çünki bu məsələdə dövlətin başlıca məqsədi ilk vaxtlardan keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətli qayıdışını təmin etmək olub. 2022-ci ildən başlayaraq artıq minlərlə insanın Ağalı, Talış, Füzuli, Laçın, Zəngilan, Kəlbəcər və Şuşaya qayıdışı reallaşdırılıb. Doğma ocaqlarına dönən ailələr üçün evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə məntəqələri və xidmət infrastrukturu da yaradılıb.
Xatırladaq ki, 2026-cı il “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın sonuncu ilidir. Əvvəllər başlanmış layihələrin böyük hissəsi bu il ərzində yekunlaşır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında, o cümlədən Ağdam şəhərində, Ağdamın iki kəndində, Füzulinin iki kəndində, eləcə də Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrində bərpa, təmir və tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur.
İlin sonuna qədər Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi ilə, təxminən, 10 min nəfərin köçürülməsinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda, Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli, Ağdam rayonunun Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisi davam edir. Xocavənd rayonunda isə bir şəhər, iki qəsəbə və 14 kənddə yaşayış məntəqələrinin bərpası aparılır və ilin sonuna qədər rayon əhalisinin 12 min nəfərə çatdırılması nəzərdə tutulur.
Bütün bu proseslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun həyata keçirilir. Hazırda II Dövlət Proqramı hazırlanır və onun çərçivəsində Ağdam şəhərində, rayonun digər kəndlərində, eləcə də Füzuli rayonunda bərpa işlərinin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə Ağdam rayonuna əlavə 30-40 min, Füzuli rayonuna isə daha 10 min nəfərin köçürülməsi nəzərdə tutulur. Əsas infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlandığından, bundan sonra sosial infrastrukturun tikintisi və köç prosesi daha sürətlə həyata keçiriləcək.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə kənd təsərrüfatı layihələri, sənaye məhəllələri və turizm klasterləri formalaşdırılıb. Ağdam Sənaye Parkı, Cəbrayıl Sənaye Məhəlləsi, Zəngilan Logistika Mərkəzi və Laçın “Yaşıl” Enerji Parkı istifadəyə verilib. Bu iqtisadi qurumlarda fəaliyyət göstərən iş adamları üçün hər cür şərait yaradılıb. Məsələn, bir sıra iş adamlarının (rezidentlərin) maliyyəyə çıxışı həll edilib. Onlara hökumət tərəfindən 500 milyon manat həcmində kredit portfeli təqdim olunub. Həmin kreditlərin 450 milyon manatdan çox hissəsinə dövlət zəmanəti verilib.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları bu iqtisadi rayonların inkişafına, bölgənin qeyri-neft sənayesinin sürətli inkişafına önəmli təsir göstərir. Eyni zamanda, bu müəssisələr respublikamızın ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açır.
İşğal dövründə ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəni abidələrin bərpası da milli kimliyin dirçəldilməsində əsas istiqamətlərdən biri kimi diqqətdə saxlanılıb. Məsələn, Şuşa şəhəri 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilib. Burada Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Xurşidbanu Natəvan, Vaqif məqbərəsi, Cıdır düzü, Qarabağ xanlarının sarayı kimi tarixi məkanlar bərpa olunub. Şuşa Bəyannaməsi (2021) ilə bu şəhər, eyni zamanda, siyasi və mənəvi birlik rəmzinə çevrilib. Ağdam, Füzuli və Zəngilanda xeyli sayda məscid, abidə və muzey yenidən tikilib.
Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Belə bir şəraiti nəzərə alan ölkə Prezidenti İlham Əliyev bu iqtisadi rayonların 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji zonası” elan edib. Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Azad torpaqların “ağıllı” siması
Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinin icrasına başlanan ilk vaxtlardan müasir infrastrukturun yaradılması daim diqqətdə saxlanılıb. Bunun nəticəsidir ki, Vətən müharibəsindən sonra 4 min kilometrdən çox avtomobil yolu və onlarla körpü inşa olunub. Zəfər yolu, Füzuli – Şuşa, Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd, Tərtər – Suqovuşan kimi magistrallar regionun yeni həyat arteriyalarına çevrilib. Horadiz–Ağbənd dəmir yolunun tikintisinə isə həm daxili inteqrasiyanın reallaşması, həm də Zəngəzur dəhlizinin gələcək fəaliyyəti baxımından mühüm önəm verilib.
Yol-nəqliyyat infrastrukturunun qurulması baxımından xüsusi önəm daşıyan Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi daha çox diqqət çəkir. Çünki bu magistral, ilk növbədə, Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihənin çətin relyef şəraitində keçilməz dağ cığırları üzərində həyata keçirilməsi də bunun bariz ifadəsidir.
Başlanğıcını Hacıqabul – Mincivan – Zəngəzur dəhlizi avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən bu yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasını, onlar üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasını şərtləndirir.
Burada söhbət yol tikintisindən düşmüşkən, onu da xatırladaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolu layihələrinin icrası bu ilin sonuna qədər başa çatdırılacaq. “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında 2022–2026-cı illərdə 20 avtomobil yolu layihəsinin tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrdən 7-nin tikintisi artıq başa çatıb, digərlərinin icrasının isə ilin sonunadək yekunlaşdırılması planlaşdırılıb.
Ötən illərdə işğaldan azad edilən ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə paralel energetika sisteminin bərpası da diqqətdə saxlanılıb. Bu müddətdə 30-dan artıq elektrik yarımstansiyası, 10 min kilometrdən çox elektrik xətti, eləcə də Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Şuşa və digər rayonlarda “yaşıl enerji zonası” konsepsiyasına uyğun enerji sistemləri qurulub. 2023-cü ildən etibarən Kəlbəcər və Laçında su elektrik stansiyaları işə salınıb, “Azərenerji” və “Azərişıq” tərəfindən bu ərazilərdə dayanıqlı enerji təminatı gerçəkləşdirilib.
Qarabağın bərpasında şəhərsalma və “ağıllı” kənd konsepsiyası diqqətdə saxlanılıb. Bunun nəticəsidir ki, azad edilmiş ərazilərdə şəhərsalma prosesi hazırda Azərbaycanın gələcək urbanizasiya modelinin sınaq meydanına çevrilib. Məsələn, Ağalı yaşayış məntəqəsi (Zəngilan) 2022-ci ildə ölkəmizin ilk “ağıllı” kənd layihəsi kimi istifadəyə verilib.
Ölkəmiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına başladığı ilk günlərdən etibarən bu ərazilərin yenidən qurulmasında “0” tullantı və bərpaolunan enerji, eləcə də davamlılıq, inklüzivlik və təhlükəsizliyə üstünlük verən müasir şəhərsalma prinsiplərinə əsaslanılıb. Məsələn, işğaldan azad olunandan sonra salınan ilk yaşayış məntəqəsi – Zəngilan rayonunun Ağalı kəndi dayanıqlı inkişaf məqsədləri əsasında tikilib və inşaat prosesində həmin məqsədlər əsas götürülüb. Burada tikinti zamanı izolyasiya edilmiş materiallardan geniş istifadə edilib.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 17 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















