“Azərbaycan sülhü yalnız bəyan etmir, onu praktik olaraq həyata keçirir” Deputat
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda keçirilən tədbirlərdə iştirakı və ümumilikdə səfəri kifayət qədər uğurlu qiymətləndirilə bilər. Reallıq ondan ibarətdir ki, Davos İqtisadi Forumu format etibarilə iqtisadi bir platforma olsa da, iqtisadiyyatın siyasəti, xüsusilə də geosiyasəti müəyyənləşdirdiyini nəzərə alsaq, bu forumun əhəmiyyəti daha aydın görünür. Bu baxımdan keçirilən görüşlərin mahiyyətinə diqqət yetirdikdə, Azərbaycanın yaxın perspektivə hesablanmış iqtisadi inkişaf strategiyasını və bu strategiya üzərindən formalaşan geosiyasi kursunu aydın şəkildə görmək mümkündür".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.
O, qeyd etdi ki, bu Davos İqtisadi Forumu da digər beynəlxalq tədbirlər, o cümlədən Münhen Təhlükəsizlik Konfransı və əvvəlki Davos forumları kimi prezidentin çoxsaylı görüşləri ilə diqqət çəkib:
"Bu görüşlərin əksəriyyəti qarşı tərəfin təkidli xahişi ilə baş tutub. Bu fakt ölkəmizə olan xüsusi diqqətin və marağın göstəricisidir. Dünyanın bir sıra iri şirkətləri öz biznes layihələrini və gələcək perspektivlərini müəyyənləşdirərkən məhz Azərbaycan üzərindən və Azərbaycanın iştirakı ilə reallaşdırmaq niyyətində olduqlarını açıq şəkildə ifadə edirlər. Nəticə etibarilə də Azərbaycan Prezidenti ilə görüşə xüsusi maraq göstərilir və bu görüşlər zamanı gələcək iqtisadi əməkdaşlıqlar geniş şəkildə müzakirə olunur. Həmin görüşlərin hansı şirkətlərin təşəbbüsü ilə keçirildiyinə diqqət yetirdikdə görürük ki, əsas istiqamətlər yüksək texnologiyalar, investisiya mühiti, rəqəmsal iqtisadiyyat və digər strateji sahələri əhatə edir. Bu isə onu göstərir ki, söhbət yalnız lokal deyil, Avrasiya qitəsini əhatə edə biləcək genişmiqyaslı biznes layihələrinin ayrı-ayrı komponentlərindən gedir. Şübhəsiz ki, enerji məsələləri və beynəlxalq yükdaşımalar bu layihələrin əsas xəttini təşkil edir. Bu istiqamətlərin Avrasiya üçün nə qədər əhəmiyyətli olduğu məlumdur. Məhz bu sahələrdə Azərbaycanla iqtisadi əlaqələrin qurulması, inkişaf etdirilməsi və dərinləşdirilməsi böyük əhəmiyyət daşıyır".
Deputat əlavə etdi ki, həm enerji layihələri, həm də beynəlxalq yükdaşımalar Avrasiya məkanında birbaşa Azərbaycanın iştirakı ilə həyata keçirilir:
"Xüsusilə Orta Dəhliz layihəsinin uğurlu icrası da Azərbaycanın bu prosesdə fəal və həlledici rol oynaması ilə mümkündür və bu amil Davos görüşlərində xüsusi olaraq nəzərə alınır".
Azər Allahverənov həmçinin vurğuladı ki, Sülh Şurasının nizamnaməsinə Azərbaycanın qoşulması da olduqca mühüm hadisədir.
"Çünki dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin həllində BMT-nin nə qədər zəif və qeyri-effektiv mexanizmlərə malik olduğu Azərbaycan nümunəsində açıq şəkildə görünmüşdü. Otuz il ərzində Azərbaycan torpaqları işğal altında qaldığı halda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icrasız qalmışdı. Nəticədə Azərbaycan yalnız öz gücü və səyləri hesabına, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü bərpa etməyə nail oldu və bütün ərazilərində suveren hüquqlarını təmin etdi. Bu proses eyni zamanda beynəlxalq hüquqa yeni bir məzmun qazandırdı və onun universal dəyərlərinin, təməl prinsiplərinin necə qorunmalı olduğunu dünyaya nümayiş etdirdi. Bundan sonra Azərbaycan ardıcıl və məqsədyönlü şəkildə sülh quruculuğu prosesinə başladı. Ermənistanla münasibətlərdə də sülh gündəliyini məhz Azərbaycan irəli sürdü. Sülh prinsiplərini özündə ehtiva edən və 17 bənddən ibarət olan sülh sənədinin hazırlanmasında Azərbaycanın təklif etdiyi prinsiplər geniş şəkildə yer aldı. Sözügedən sənəd Vaşinqtonda əldə olunan razılaşmalara əsasən paraflanıb və hazırda yekun mərhələ kimi sülh sazişinin imzalanması nəzərdə tutulur. Bunun üçün isə Ermənistan konstitusiyasında zəruri dəyişikliklərin edilməsi tələb olunur.
Beləliklə, Azərbaycan bir tərəfdən siyasi müstəvidə sülh gündəliyini uğurla həyata keçirir, digər tərəfdən isə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. Bu isə Azərbaycanın sülh modelini yalnız bəyan etmədiyini, onu praktik olaraq həyata keçirdiyini aydın şəkildə göstərir", - deyə o yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















