Icma.az
close
up
RU
Azərbaycan təbabətinin görkəmli siması Akademik Mustafa Topçubaşov 130

Azərbaycan təbabətinin görkəmli siması Akademik Mustafa Topçubaşov 130

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan xalqı həmişə ona şöhrət gətirən görkəmli elm xadimləri, bacarıqlı alimləri ilə öyünüb, fəxr edib. Belə elm xadimləri sırasında akademik Mustafa bəy Topçubaşovun xüsusi yeri var.

Görkəmli alim-cərrah, SSRİ Tibb Elmləri Akademiyasının (1960) , Azərbaycan SSR Elmlər Akademiyasının (1945) həqiqi, Bolqarıstan Xalq Respublikası Elmlər Akademiyasının müxbir üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1975), 1-10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Əməkdar elm xadimi (1940), SSRİ Dövlət mükafatı laureatı (1943), profesor Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də qədim Azərbaycan torpağı olan İrəvanda dünyaya gəlib. XIX əsrin sonu-XX əsrin əvvəllərində İrəvanda dini məktəblərlə yanaşı, dünyəvi savad verən yeni tipli məktəblər də açılmışdı. Dövrünün mütərəqqi ziyalıları tərəfindən açılan bu yeni məktəblərdə təbiət, coğrafiya, hesab, dil dərsləri əsas fənn kimi keçirilirdi. Balaca Mustafanın dünyaya gəldiyi ailədə elmə, maarifə marağın böyüklüyündən və həm də bu azyaşlı uşağın oxumağa çox ciddi meyilliliyindən, onu bu dövrdə yenicə yaranan, görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun azyaşlılar üçün açdığı məktəbə qoyurlar.

1904-cü ildə ibtidai təhsilini bitirən Mustafa Topçubasov İrəvanda fəaliyyət göstərən rusdilli kişi gimnaziyasında orta təhsilini 1914-cü ildə başa vurur. Hələ məktəb illərindən elmi biliklərə yiyələnməyə meyl göstərən Mustafa Bəy Azərbaycanın maarifpərvər oğulları tərəfindən yaradılan İrəvan gimnaziyasını bitirdikdən sonra Kiyev Darülfünunun tibb fakültəsinə daxil olub. Gələcək alimin tələbəlik illəri tarixin ən çətin dövrlərindən birinə - I Dünya müharibəsinin getdiyi, Rusiyada çar üsul-idarəsinin devrildiyi və Oktyabr İnqilabının baş verdiyi illərə təsadüf edib. Vətəndən uzaqlarda təhsil alan gənc möhkəm iradə və dözüm nümayiş etdirərək tibbi biliklərə tam yiyələndikdən sonra - 1919-cu ildə Azərbaycana qayıdır. Mustafa bəy 1919-cu ildə Bakı Universitetinin rektoru, professor Razumovskinin və universitetin fakültətiv cərrahiyyə kafedrasının müdiri professor Oşmanın razılığı və köməkliyi ilə kafedrada ordinator vəzifəsinə qəbul edilib.

M.Topçubaşov 1926-cı ildə bir qrup gənc həkimlərlə birlikdə Almaniyaya elmi ezamiyyətə göndərilib və orada məşhur tibb alimlərinin qabaqcıl iş təcrübələri ilə, elmi-tibbi yeniliklərlə yaxından tanış olub, bütün bunları vətənə qayıtdıqdan sonra səhiyyə praktikasına müvəffəqiyyətlə tətbiq etmişdir. Fəaliyyətinin ilk dövrlərindən elmi tədqiqatlara böyük maraq göstərən cərrah 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanin klinikasi, patogenezi və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyasi müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsi və professor elmi adına layiq görülüb.

Müdafiədən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun Fakültətiv cərrahiyyə kafedrasının müdiri seçilərək, ömrünün sonuna qədər (1981-ci il) həmin vəzifəni şərəflə yerinə yetirib. Bu yolda həm elmi, həm təlim-tərbiyə, həm də ictimai həyatda misilsiz xidmətlər göstərib, adını ölkəmizin səhiyyə tarixinə yazmışdır.

Akademik Mustafa Bəy Topçubaşov daim yeniliklərə can atır, bir-birinin ardınca cərrahiyyədə möhtəşəm ixtiralar, yeniliklər edir, dünya tibb elmini yeni nailiyyətlərlə zənginləşdirirdi. O, 1938-ci ildə "Analgezin" adlı efir-yağ ağrikəsicisini və ondan istifadə üsulunu kəşf etdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında Topçubaşovun kəşf etdiyi sürəkli analgeziyada istifadə olunan efir-yağ qarışığının "Analgezin" adi altında buraxılmasına icazə verilmişdir. Təklif olunan efir-yağ qarışığı (ağrıkəsici) inyeksiyalarından təkcə cərrahi əməliyyatlarda deyil, həm də öddaşı sancıları, travmatik şok, tetanus, doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə olunurdu. 1964-cü ildə SSRİ miqyasında bu üsulun tətbiqində qazanılan uğurlu nəticələrə görə akademik M.Topçubaşov keçmiş SSRİ dövründə elm adamlarına verilən ən yüksək mükafatlardan olan A.Vişnevski adına mükafata layiq görülərək, xatirə medalı ilə təltif edilib.

Mustafa Bəy Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edib. Müharibə illərində (1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifadə olunub. O, Xalq Səhiyyə Komissarlığı evakohospitallar idarəsinin baş cərrahı təyin edilib və bu işdə də özünü bacarıqlı təşkilatçı, novator cərrah kimi göstərib. Evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr professora bir sıra səmərəli təkliflər irəli sürmək imkanı da verib. Hərbi səhra cərrahlığının ən aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal-yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiyası əsasında hazırlanan stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyin etmə imkanına görə böyük müvəffəqiyyətlə təcrübədə tətbiq edilib. M.Topçubaşov periferik sinir zədələnmələrinin cərrahi müalicəsində mum-parafin tubajı, ətraflarda əmələ gələn və müalicəyə tabe olmayan ifliclər zamanı tendomioplastika, kəllə sümüklərinin kranioplastikası, termiki yanıqlar zamanı parafinin tətbiqi, yaraların müalicəsində naftalanın tətbiqi kimi böyük əhəmiyyət kəsb edən orijinal təkliflərinə görə respublikadan kənarda da böyük şöhrət qazanıb. O, bir-birinin ardınca mürəkkəb cərrahi əməliyyatlar apararaq yüzlərlə döyüşçünü həyata qaytarıb. 1940-cı ildə M.Topçubaşova Əməkdar elm xadimi fəxri adı verilib, 1943-cü ildə isə o, Dövlət mükafatı laureatı olub. Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən biri olan Mustafa bəy Topçubaşov, eyni zamanda, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyasının) yaradıcılarından, təsisçilərindən idi.

Akademik M.Topçubaşov 1945-50-ci illərdə respublikanın baş cərrahi və Azərbaycan SSR Səhiyyə Nazirliyi Tibb Xidməti İdarəsinin sədri vəzifəsini yerinə yetirib,  1947-1949-cu illərdə Eksperimental Təbabət İnstitutuna rəhbərlik edib. O, 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzv seçilib.

Mustafa bəy 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub və 1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, 1954-cü ildə XI Lissabon Konqresində Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilib. O, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ Böyük Tibb Ensiklopediyasinın redaktorlarından biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru, respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının redaksiya heyətlərinin üzvü olub.

1956-cı ilin sentyabrında M.Topçubaşov Berlində Cərrahların Beynəlxalq Konqresində sovet tibb elmini təmsil edən görkəmli alim, novator-cərrah kimi çıxış edib. Onun "Öddaşı xəstəliyinin efir-yağ keyitməsi ilə müalicəsi" mövzusundaki məruzəsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Məruzə əsasında tərtib edilən elmi məqalə həmin ildə Leypsiqdə çıxan beynəlxalq tibb jurnalında dərc olunub.

Mustafa bəyin tələbələri respublikada və onun hüdudlarından kənarda bacarıqlı cərrah kimi fəaliyyət göstərir, müəllimlərinin adına layiq çalışırlar. Onun rəhbərlik etdiyi klinikada müasir cərrahiyyənin problemləri, öd yollarının, xərçəng xəstəliyinin cərrahiyyəsi, travma məsələləri, bərpa cərrahiyyəsi və s. problemlər üzərində daim axtarışlar aparılıb.

Ömrünün 62 illik əmək fəaliyyəti dövründə akademik M.Topçubaşov 100 mindən artıq uğurlu cərrahiyyə əməliyyatı aparıb. Onun gərgin elmi və praktik fəaliyyəti ilə yanaşı, tibb kadrlarının hazırlanması işində böyük xidmətləri var. O, 300-dən artıq elmi və elmi-kütləvi məqalənin, 8 monoqrafiyanın, "Xüsusi cərrahlıq" adlı beşcildlik dərsliyin və dərs vəsaitlərinin müəllifi olub. Onun rəhbərliyi altında 12 elmlər doktoru və 30 elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Bakıda inşa edilən Akademiya şəhərciyi, həmçinin, hazırda akademik M.Topçubaşovun adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzi, AMEA-nin mətbəəsi bilavasitə Mustafa bəyin təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Akademik M.Topçubaşov görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı kimi respublikada çox əhəmiyyətli işlər görüb. O, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb, SSRİ Ali Sovetinin deputatı olub, Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd seçilib.

Akademik M.Topçubaşov 1950-ci ildən ömrünün sonunadək Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsinin, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin üzvü olub. Bu sahədə gördüyü ardıcıl və səmərəli fəaliyyətinə görə o, 1959-cu ildə Ümumdünya Sülh Şurasının gümüş medalı və Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları il təltif edilib.

1975-ci ildə anadan olmasının 80 illik yubileyi ərəfəsində SSRİ-nin ali mükafatına - Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülən akademik M.Topçubaşov çoxillik məhsuldar fəaliyyətinə, xalqın rifahı naminə göstərdiyi əvəzsiz xidmətlərinə göra 4 dəfə Lenin Ordeni, Bolqarıstanın III dərəcəli "Kirill və Mefodi" ordeni, eləcə də "Qırmızı əmək bayrağı", "Şərəf nişanı", "Qızıl ulduz", "Oktyabr İnqilabı" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə", "Fədakar əməyə görə" medalları ilə, SSRİ-nin "Sanitar müdafiəsi əlaçısı" döş nişanı və çoxsaylı digər mükafatlarla təltif edilib.

Tibb elminin inkişafinda misilsiz xidmətləri olan, SSRİ-nin varlığı zamanı beynəlxalq aləmdə sovet alimi kimi tanınan, insanlara tibb və səhiyyə xidmətləri göstərdiyi 62 illik yaradıcı fəaliyyəti dövründə 30 ilə yaxın bir müddətdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışan, 51 il Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasına rəhbərlik edən, elmi kəşf və ixtiraları, tədqiqat işlərinin nəticələri tibbi təcrübəyə tətbiq edilən Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci il tarixində sərəncam imzalayan Ümummilli lider Heydər Əliyev həmin yubiley gecəsindəki çıxışında demişdi: "Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır... Mustafa Bəy XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir".

1995-ci ilin yubiley təntənələrinin davamı kimi ATU-nun III Cərrahi xəstəliklər kafedrasında - 51 il çalışdığı iş otağında (Əfəndiyev adına 2 saylı şəhər xəstəxanası) Xatirə Muzeyinin təntənəli açılışı olub. Hazırda muzey öz fəaliyyyətini davam etdirir.

Bu il avqust ayında akademik Mustafa Topçubaşovun anadan olmasının 130 ili tamam olur. Yubileyin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar bu il iyun ayının 10-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb.

M.Topçubaçov geniş dünyagörüşü, hərtərəfli biliyi və yüksək musiqi zövqü olan bir şəxsiyyət idi. Onun Azərbaycanın görkəmli şairləri Səməd Vurğun və Süleyman Rüstəm ilə, həmçinin görkəmli incəsənət xadimləri Müslüm Maqomayev və Bülbül ilə dostluq əlaqələri olub. Üzeyir bəy Hacıbəyli istedadlı həkim dostunu "təbabətin filosofu və bəstəkarı" adlandırırdı. İştirak etdikləri məclislərin birində dahi bəstəkar demişdi: "Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı".

Dünyaşöhrətli alim M.Topçubaşov 1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat edib.

Azərbaycan xalqının sədaqətli oğlu, alovlu vətənpərvər, görkəmli alim, ictimai-siyasi xadim, gözəl insan, pedaqoq, həssas və qayğıkeş həkim-cərrah Mustafa Ağabəy oğlu Topçubaşovun xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Ş.ƏLİYEV

ATU-nun III Cərrahi xəstəliklər kafedrasının dosenti, Akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see667

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see313

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see259

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see192

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see155

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri