Azərbaycana qarşı hibrid təzyiq: insan haqlarından müdaxiləyə aparan yol
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
XXI əsrin əvvəllərindən etibarən böyük dövlətlərin xarici siyasət strategiyaları getdikcə çoxlaylı və hibrid xarakter alıb. Bu transformasiyanın mühüm elementlərindən biri də insan haqları, humanitar məsələlər, ekologiya və gənclər siyasətindən suveren dövlətlərə qarşı təzyiq aləti kimi istifadəyə başlanması oldu. Yumşaq güc (soft power) mexanizmləri, informasiya hücumları, kibermüdaxilələr və kimlik manipulyasiyaları - bütün bunlar daxili sabitliyin sarsıdılması, hakimiyyətin qeyri-legitim kimi təqdim edilməsi və beynəlxalq aləmdə mövqelərin zəiflədilməsi məqsədi daşıyan kompleks strategiyanın tərkib hissəsinə çevrildi. Bu tendensiyalar xüsusilə strateji mövqeyə və enerji resursları baxımından müstəqilliyə sahib olan dövlətlərə qarşı - o cümlədən Azərbaycana qarşı daha açıq şəkildə tətbiq olunur.
Cənubi Qafqazın enerji, nəqliyyat və diplomatik mərkəzi kimi artan rolunu nəzərə alaraq, Azərbaycan getdikcə daha çox ənənəvi diplomatiyanın çərçivələrindən kənara çıxan təzyiq formaları ilə üz-üzə qalır. Demokratiya uğrunda mübarizə, ekoloji ədalət və ya söz azadlığı pərdəsi altında əslində xarici müdaxiləyə hesablanmış ssenarilər reallaşdırılır. Bu məqalə məhz həmin təhdidlərin sistemli şəkildə təhlilinə, onların mənbələrinə, həyata keçirilmə mexanizmlərinə və bu proseslərə qarşı davamlılıq yollarının müəyyənləşdirilməsinə həsr olunub.
Beynəlxalq və regional kontekst
Azərbaycan məsələsinin inkişaf etdiyi kontekst qlobal geosiyasətdə dərin transformasiyalarla xarakterizə olunur. Dünya artıq Avro-Atlantik, Avrasiya və Asiya-Sakit okean kimi rəqabətli güc mərkəzlərinə bölünüb. Bu parçalanma təkcə hərbi və iqtisadi deyil, həm də ideoloji üstünlük uğrunda mübarizəyə səbəb olub. NATO-nun genişlənməsi, sanksiya müharibələri, "rəngli inqilablar"ın artması, enerji marşrutlarına nəzarət uğrunda yarış və informasiya qarşıdurması - bütün bunlar yeni dünya nizamının əsasını təşkil edir. Bu nizamda sərhədyanı regionlar - məsələn, Cənubi Qafqaz - böyük güclərin toqquşma nöqtəsinə çevrilib.
Nəqliyyat və enerji arteriyalarının kəsişdiyi coğrafiyada yerləşən Azərbaycan bu mübarizənin mərkəzinə düşüb. Ölkə eyni anda Avropa İttifaqı, Türkiyə, Rusiya və Çinlə mürəkkəb diplomatik danışıqlar aparır, TANAP, TAP, Zəngəzur dəhlizi kimi iri infrastruktur layihələrini reallaşdırır, COP29 da daxil olmaqla beynəlxalq forumlara ev sahibliyi edir və dövlət suverenliyinə əsaslanan öz modelini gücləndirir. Bütün bunlar regionda təsir imkanlarını qoruyub saxlamaq istəyən xarici aktorlar arasında narahatlıq doğurur. Onlar ənənəvi olmayan, hibrid təzyiq alətlərinə əl atırlar.
Qərb QHT-ləri: yumşaq ekspansiyanın aləti kimi
Beynəlxalq təcrübədə qeyri-hökumət təşkilatları (QHT) artıq çoxdan sırf humanitar strukturlar olmaqdan çıxıb. Onların siyasi təsir aləti kimi istifadəsi, xüsusilə də Qərb ölkələri üçün, soft power strategiyasının əsas komponentinə çevrilib. Azərbaycan kontekstində bu mexanizm xüsusi bir forma alır: insan haqları və ya ekoloji fəallıq adı altında aparılan fəaliyyət əslində hakimiyyətin legitimliyini sarsıtmaq, etiraz potensialını stimullaşdırmaq və ölkənin əsas strateji təşəbbüslərini hədəfə almaq məqsədi güdür.
Təsir mexanizmləri və strukturu
Azərbaycanda fəaliyyət göstərən əksər QHT-lər formal olaraq özlərini müstəqil qurum kimi təqdim etsələr də, onların əhəmiyyətli hissəsi ABŞ, Aİ və ayrı-ayrı Avropa ölkələrinin xarici siyasət institutları ilə birbaşa və ya dolayı əlaqəli olan strukturlardan maliyyələşir. National Endowment for Democracy (NED), Open Society Foundations (OSF), European Endowment for Democracy (EED) kimi fondlar ya yerli layihələri dəstəkləyir, ya da alternativ gündəmləri təşviq edən paralel ekspert və informasiya platformaları yaradır.
Bu alternativ gündəmlər tez-tez Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edir. Məsələn, ekoloji kampaniyalar çərçivəsində strateji enerji və infrastruktur layihələri hücuma məruz qalır. TANAP və TAP layihələrinə qarşı "ekoloji ədalət" şüarları altında aparılan sistematik çıxışlar guya yerli əhalinin hüquqlarının pozulduğunu iddia edir. Lakin reallıqda bu bəyanatların arxasında ya rəqib enerji layihələrinin maraqları, ya da qaz və neft ixrac marşrutları üzərində nəzarəti itirən dövlətlərin birbaşa təzyiqi dayanır.
Bundan əlavə, bir sıra QHT-lər etiraz potensialının formalaşdırılmasında fəal iştirak edir - "təhsil seminarları" təşkil edir, "müstəqil jurnalistləri" və blogerləri maliyyələşdirirlər, antihakimiyyət ritorikasını tirajlayırlar. Tez-tez bu fəaliyyətlər xarici informasiya kampaniyaları ilə koordinasiyalı şəkildə aparılır ki, bu da sinxronlaşdırılmış strategiyanın mövcudluğuna dəlalət edir.
Siyasi məntiq
QHT-lərdən müdaxilə aləti kimi istifadə, xüsusilə demokratik inkişaf mərhələsində olan ölkələrdə daha təsirli olur. Belə yerlərdə insan hüquqları, ifadə azadlığı və şəffaf idarəçilik kimi məsələlər "ümumbəşəri dəyərlər" adı altında tətbiq olunur. Lakin Azərbaycan kimi özünəməxsus siyasi balans sisteminə və daxili suverenlik ənənələrinə malik ölkələrdə bu "universal" yanaşmalar destruktiv nəticələr doğurur. "İslahat" adı altında göstərilən təzyiqlər əslində institutların inkişafına deyil, onların parçalanmasına və xarici idarəçiliyə uyğunlaşdırılmasına xidmət edir.
İllüstrativ nümunə: strateji layihələrə qarşı "ekoloji" ritorika
Strateji əhəmiyyət daşıyan layihələrə qarşı aparılan kampaniyaların içində Zəngəzur nəqliyyat dəhlizinə qarşı irəli sürülən "ekoloji" ittihamlar xüsusilə diqqət çəkir. Bu layihə guya "biomüxtəlifliyə təhlükə yaradır", "regional gərginliyi artırır" və hətta "Ermənistana təzyiq alətidir" kimi təqdim edilir. Belə iddialar Avropadakı bir sıra QHT-lər, o cümlədən erməni diasporası ilə sıx əlaqəsi olan Fransa mənşəli strukturlar tərəfindən fəal şəkildə dəstəklənir. Aydındır ki, bu ritorikanın arxasında ətraf mühitə qayğı deyil, regionun logistik memarlığını dəyişə biləcək nəqliyyat və enerji dəhlizinin reallaşmasının qarşısını almaq istəyi dayanır.
İnformasiya kampaniyaları və qarayaxma strategiyası
Müasir dövrün ən effektiv təzyiq alətlərindən biri - informasiya müharibəsidir. Azərbaycan nümunəsində biz sistemli şəkildə sinxronlaşdırılmış qaralama kampaniyalarının tətbiq olunduğunu müşahidə edirik. Bu kampaniyaların məqsədi beynəlxalq ictimai rəyə Azərbaycanı "avtoritar, aqressiv və qeyri-demokratik rejim" kimi təqdim etməkdir. Sözügedən kampaniyalar spontan yox, qabaqcadan hazırlanmış ssenari əsasında həyata keçirilir və burada transmilli QHT şəbəkələri, media korporasiyaları, analitik mərkəzlər və hətta bəzi diplomatlar birbaşa iştirak edirlər.
Distruktiv narrativin memarlığı
Bu informasiya hücumlarının əsas iştirakçıları arasında Human Rights Watch, Freedom House, Amnesty International kimi təşkilatlar və The Guardian, Le Monde, Deutsche Welle, BBC, Politico kimi aparıcı Qərb KİV-ləri var. Onlar mütəmadi olaraq hesabatlar, "jurnalist araşdırmaları" və şərhlər yayımlayır, Azərbaycanı "əzilən mətbuat", "boğulan müxalifət", "LGBT-yə qarşı təhdidlər", "ekoloji cinayətlər" ölkəsi kimi təqdim edirlər.
Ən maraqlısı budur ki, bu tip materialların yayımlandığı dövrlər daima ölkənin həyati əhəmiyyət daşıyan siyasi hadisələri ilə üst-üstə düşür - parlament və ya prezident seçkiləri, yüksək səviyyəli rəsmi səfərlər, strateji sazişlərin imzalanması və beynəlxalq forumların keçirilməsi. Bu fakt kampaniyaların koordinasiyalı şəkildə və siyasi motivasiyalarla həyata keçirildiyini açıq şəkildə sübut edir.
Misal: COP29-un hibrid hücumun hədəfinə çevrilməsi
Son illərdə bunun ən bariz nümunələrindən biri, 2024-cü ildə Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində Azərbaycana qarşı təşkil olunan qaralama kampaniyasıdır. Artıq 2023-cü ilin yazından başlayaraq bir sıra Qərb mediasında "Azərbaycanın ekologiyada liderliyə etik haqqı varmı?" sualı ətrafında şübhə toxumları səpən yazılar dərc olunmağa başladı. Başlıca tezis belə idi: "Avtoritar neft dövləti iqlim gündəminə rəhbərlik edə bilməz."
Media hücumu ilə paralel olaraq, beynəlxalq QHT-lər də fəallaşdı. Azərbaycanı "ekoloji soyqırım"da, "biomüxtəlifliyi məhv etməkdə" ittiham etdilər. Bu zaman erməni silahlı qüvvələrinin 30 illik işğalı dövründə Azərbaycanın ərazilərində həyata keçirilən meşə qırıntıları, su ehtiyatlarının çirkləndirilməsi və qeyri-qanuni faydalı qazıntıların çıxarılması kimi faktlar tamamilə görməzdən gəlinirdi.
Məqsədlər və nəticələr
Azərbaycana qarşı informasiya kampaniyalarının arxasında aşağıdakı strateji məqsədlər dayanır:
Beynəlxalq legitimliyin zəiflədilməsi - insan haqları ritorikası vasitəsilə hakimiyyətin qeyri-legitim kimi təqdim edilməsi;
İnvestisiya cəlbediciliyinin azaldılması - "sabitliyin pozulması" və "avtoritarizm riski" kimi tezislərin dövriyyəyə buraxılması;
Daxili təzyiqin formalaşdırılması - müəyyən liberal və müxalif qrupların "oyadılması" və mobilizasiyası;
Qlobal Cənubun lideri imicinin sıradan çıxarılması - xüsusilə Bakının Avropa İttifaqı, Türkiyə, Mərkəzi və Cənubi Asiya arasında körpü rolunun artdığı bir dövrdə.
Bu məqsədlər nadir hallarda açıq şəkildə, birbaşa üsullarla həyata keçirilir. Onların effektivliyi kümülyativ effektlə - yəni bir neçə il ərzində formalaşdırılan davamlı qərəzli fonla özünü göstərir. Belə ki, Azərbaycanın sülhməramlı təşəbbüslərdə iştirakı və ya hüquqi islahatlar kimi müsbət addımları belə "PR kampaniyası" kimi təqdim olunur.
Kiberhədəflər: infrastruktur və rəqəmsal suverenlik hədəfdə
Müasir dövrün siyasi-texnoloji reallığı kiberməkanı dövlətlər arasında əsl toqquşma arenasına çevirib. Azərbaycan üçün bu məsələ xüsusilə önəmlidir: ölkə rəqəmsal infrastruktur qurur və neft, qaz, nəqliyyat, dövlət idarəçiliyi kimi strateji sahələrin təhlükəsizliyini təmin edir. Bu baxımdan kiberhücumlar yalnız texniki deyil, birbaşa siyasi təhlükə olaraq çıxış edir.
Azərbaycana qarşı yönəlmiş kiberhücumlar şərti olaraq üç kateqoriyaya bölünə bilər:
Dövlət sistemlərinə hücumlar - nazirliklərin məlumat bazalarının, xarici siyasət qurumlarının və parlament serverlərinin sındırılması cəhdləri;
İnformasiya saxtakarlıqları və saxta sızmalar - saxta sənədlərin hazırlanması, "sızma" görüntüsü altında dezinformasiyaların Telegram, Twitter və dark web vasitəsilə yayılması;
Enerji və logistika infrastrukturlarına hücumlar - neft-qaz nəqli və logistik qovşaqların (o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycan Dəmir Yolları) idarəetmə sistemlərinin pozulmasına yönəlmiş cəhdlər.
Aktorlar və koordinasiya mərkəzləri
Azərbaycana qarşı həyata keçirilən kiberhücumların mənbəyinə nəzər saldıqda, onları əsasən üç kateqoriyaya ayırmaq mümkündür:
Qonşu dövlətlərlə əlaqəli haker qrupları - xüsusilə Ermənistan və İranın kiberbirlikləri ilə bağlılığı olan strukturlar daha fəaldır;
Transmilli qruplar - Anonymous, GhostSec kimi özlərini "azadlıq uğrunda mübariz" kimi təqdim edən, lakin arxasında siyasi sifariş dayanan qruplar;
NATO ölkələrindən olan özəl haker şirkətləri, hansı ki, qeyri-hökumət təşkilatları və analitik mərkəzlər vasitəsilə "boz sxemlər" üzrə kontraktla fəaliyyət göstərir.
Bu hücumların əksəriyyəti əhəmiyyətli diplomatik mərhələlərlə üst-üstə düşür. Məsələn, 2023-cü ildə Ermənistanla sülh sazişinin hazırlanması mərhələsində - sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əsas müddəalar müzakirə edilərkən - Azərbaycanın Xarici İşlər Nazirliyinin resurslarına sızma cəhdi qeydə alınıb.
Müqavimət və rəqəmsal suverenlik
Bu təhdidlərə cavab olaraq Azərbaycan hökuməti rəqəmsal müqavimət strategiyasını işə salıb. Buraya aşağıdakılar daxildir:
Təhdidlərin erkən aşkarlanması sistemlərinin tətbiqi;
Türkiyə və İsraillə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq;
İnformasiya təhlükəsizliyi üzrə xüsusi agentliyin yaradılması.
Lakin kibermüharibənin təbiəti fərqlidir: ənənəvi münaqişələrdən fərqli olaraq, burada hücum mənbəyini dəqiq müəyyənləşdirmək çox çətindir. Bu isə təzyiq göstərən tərəfə məsuliyyətdən yayınmaq, proksi-strukturlar vasitəsilə hərəkət etmək və ən həssas nöqtələrə, ən kritik siyasi-diplomatik məqamlarda zərbə vurmaq imkanı verir.
Tarixi yaddaş, dini və etnik kimlik üzərindən manipulyasiya
Tarix boyu dövlətləri daxildən zəiflətməyin ən təsirli yollarından biri - tarixi yaddaş, dini aidiyyət və etnik kimlik üzərindən manipulyasiyadır. Azərbaycan kontekstində bu metodlar xüsusilə 2020-ci ildən sonra - postmünaqişə dövründə - sistemli və çoxsəviyyəli xarakter alıb. Geosiyasi rəqiblər erməni amilini universal təzyiq rıçağına çevirib: BMT-dən tutmuş Avropa Parlamentinə, diaspor strukturlarından kilsə təşkilatlarına qədər müxtəlif platformalarda bu amildən istifadə edilir.
"Əbədi qurban" konstruksiyası
İnformasiya və insan hüquqları sahəsində formalaşdırılan əsas narrativ belədir: "erməni xalqının fasiləsiz əzabları" və guya davam edən "soyqırımı" - blokada, etnik təmizləmə və "mədəniyyətin məhv edilməsi" formasında. Bu tezislər sistematik şəkildə BMT, AŞPA, Avropa Parlamenti kimi beynəlxalq qurumların gündəminə salınır, dini konfranslarda, ali məktəblərdə, Avropa ölkələrinin məktəb dərsliklərində geniş şəkildə müzakirə olunur.
Bu kampaniyaların bariz nümunəsi - 2023-2024-cü illərdə Avropa Parlamentində dərc olunan hesabatlardır. Həmin hesabatlarda iddia olunurdu ki, Qarabağda "erməni xristian abidələri məhv edilir". Halbuki real vəziyyət bunun tam əksini göstərir: Azərbaycan hakimiyyəti tərəfindən dini obyektlərin qorunması və bərpası ilə bağlı konkret faktlar var.
Habelə, "Artsax blokadası" tezisi də bu ritorikanın tərkib hissəsidir. Halbuki, Azərbaycan 2022-ci ilin sonundan etibarən humanitar yardımlar üçün alternativ marşrutlar təklif etmiş, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT ilə əməkdaşlıq çərçivəsində humanitar koridorların fəaliyyətini təşkil etmişdir. Bütün bunlara baxmayaraq, bu addımlar beynəlxalq diskursda ya görməzdən gəlinir, ya da qəsdən təhrif olunur.
Diaspora şəbəkələri: təzyiq aləti kimi
Etnodini təxribatlar, əsasən, ABŞ, Fransa, Kanada, Niderland və Livanda yerləşən erməni diasporası tərəfindən fəal şəkildə dəstəklənir. Bu strukturlar həm maliyyə resurslarına, həm yerli elitalar üzərində təsir imkanlarına, həm də lobbiçilik alətlərinə çıxış imkanına malikdir. Konkret olaraq:
ABŞ-da erməni lobbisi bir sıra senator və konqres üzvləri ilə sıx əlaqəyə malikdir, bu da onlara anti-Azərbaycan yönlü qətnamələrin təşəbbüskarı olmaq imkanı verir;
Fransada erməni-fransız fondlarının dəstəyi ilə təşkil olunan sərgi və mədəni tədbirlər əslində Azərbaycanın demonizasiyasını hədəfləyən siyasi yük daşıyır;
Avropa İttifaqında isə xüsusilə katolik və pravoslav dairələr (xüsusilə yunan-katolik kilsəsi) vasitəsilə "Azərbaycanda xristianların təqib olunması" kimi uydurma ritorika tirajlanır. Bu isə ölkədəki xristian irsinin mövcudluğunu və onun qorunmasını tamamilə inkar edir.
Süni narrativlərin institutlaşdırılması təhlükəsi
Etnodini təxribatların ən təhlükəli cəhəti - yalan və təhriflərin institutlaşmasıdır. Yəni: saxta məlumatlar əsasında hazırlanmış hesabatlar sonradan rəsmi qətnamələrə, bəyanatlara, təhsil proqramlarına və dövlət mövqelərinə çevrilir. Bu isə uzunmüddətli perspektivdə sanksiyalar, investisiyadan imtina və diplomatik təzyiqlər üçün zəmin rolunu oynaya bilər.
Bu təhlükə ilə mübarizə yalnız feyk məlumatların təkzibi ilə məhdudlaşmamalı, kulturoloji diplomatiya, arxivlərin şəffaflığı, obyektiv tarixi diskursun təşviqi və neytral elmi mərkəzlərlə əməkdaşlıq kimi strateji yanaşmalar tələb edir.
Gənclər və liberal qruplar vasitəsilə arxa cəbhənin sarsıdılması cəhdləri
Müasir hibrid müdaxilənin əsas strategiyalarından biri - daxili sosial qruplar, xüsusən gənclər, tələbələr, blogerlər və liberal peşə sahibləri ilə işləməkdir. Bu istiqamət uzunmüddətli resurs yatırımı, dəyərlər sisteminin dəyişdirilməsi və postmilli identiklik formalaşdırılması ilə müşayiət olunur. Tez-tez bu kimlik milli və dövlət yönümlü dəyərlərlə toqquşan alternativ mənəvi platforma rolunu oynayır.
Cəlbetmə mexanizmləri
Gənclər və liberal qruplar vasitəsilə aparılan ideoloji transformasiya müasir hibrid mübarizənin əsas komponentlərindən biri olaraq müxtəlif alətlərin kombinasiyası ilə həyata keçirilir. Bu istiqamətdə istifadə olunan əsas vasitələr aşağıdakılardır:
Qərb fondları tərəfindən təklif olunan qrant proqramları (NED, EED, OSF) - "vətəndaş təşəbbüsləri"nin maliyyələşdirilməsi, xaricdə təhsil və təcrübə imkanları adı altında təsir dairəsi qurulur;
"Azadlıq platformalarının" yaradılması - media kanalları, podkastlar, Telegram səhifələri, diskussiya klubları vasitəsilə dövlətə qarşı tənqid normallaşdırılır, etiraz isə romantikləşdirilir;
Gender və seksual kimliyin alətə çevrilməsi - LGBT gündəmi, "inklüzivlik dili", feminist ritorika kimi anlayışlar Azərbaycanın real ictimai-mədəni kontekstindən qoparılmış şəkildə gənclərə ötürülür;
Psevdo-akademik formatlar - yay məktəbləri, vebinarlar, onlayn kurslar - müəllim heyəti isə əksər hallarda siyasi motivasiyalı strukturlar tərəfindən formalaşdırılır.
Bu mexanizmlərin başlıca məqsədi - ənənəvi milli və dövlətçilik dəyərlərinə kritik yanaşan, postmilli və postdövlətçi düşüncə tərzinə malik, lakin ölkəyə, mədəniyyətə və siyasi reallığa dərin bağlılığı olmayan yeni sosial təbəqə formalaşdırmaqdır.
Kimliyin transformasiyası: strategiya kimi
Söhbət sadəcə düşüncə tərzinin liberallaşmasından getmir. Burada uzunmüddətli məqsəd vətəndaş şüurunun yenidən formatlaşdırılmasıdır. Yeni modeldə:
"Vətənpərvərlik" - gerilik və köhnəlmişliklə;
"Vətəndaş cəmiyyəti" - xarici donorlarla;
"Məsuliyyət" - etiraz "hüququ" ilə əvəz olunur.
Bu transformasiya üçün xüsusilə böyük şəhərlərdə yaşayan və xarici, əsasən ingilisdilli mənbələrə çıxışı olan tələbələr daha həssas və prioritet hədəf qrupudur. Bu mənada Bakı - əsas eksperiment mərkəzi kimi seçilmişdir.
Əks-strategiya və dayanıqlılıq
Bu çağırışlara cavab qadağalarla deyil, rəqabətədavamlı ideoloji mühitin qurulması ilə mümkün ola bilər. Azərbaycan alternativ və cəlbedici dəyərlər sistemi formalaşdırmalıdır. Bu sistem aşağıdakı elementlər üzərində qurulmalıdır:
Milli dəyərlərə əsaslanan gənclər platformalarının inkişafı;
Tənqidi təfəkkürün dövlətçilik kontekstində tədrisini təşviq edən akademik proqramların dəstəklənməsi;
Vətənpərvərlik ruhlu sənət, jurnalistika və kinematoqrafiyanın inkişafı;
Yerli kimliyə əsaslanan könüllülük və sosial təşəbbüslərin stimullaşdırılması.
Bu yolla Azərbaycan təkcə liberal təşəbbüsləri neytrallaşdırmaqla kifayətlənməyəcək, açıq diskurs mühitində rəqabət aparmağa qadir alternativ mənalar sistemi yarada biləcək.
Enerji təzyiqi: geoiqtisadi silah və infrastruktur layihələrinə sabotaj
Azərbaycan Avrasiya enerji xəritəsində aparıcı oyunçulardan biridir. Xüsusilə 2022-ci ildən sonra - Avropada enerji böhranı, Qərb-Rusiya sanksiya qarşıdurması və enerji təchizatı marşrutlarının transformasiyası fonunda - ölkənin strateji əhəmiyyəti xeyli artmışdır. Lakin bu əhəmiyyət Azərbaycanı güclü rəqabət və təzyiqlərin hədəfinə çevirir.
Rəqiblər bir tərəfdən təşəbbüsü ələ keçirməyə, digər tərəfdən isə alternativ marşrutların inkişafını əngəlləməyə çalışırlar. Bu kontekstdə Azərbaycanın enerji diplomatiyası sabotaj, siyasi təzyiq və diskreditasiya cəhdləri ilə müxtəlif səviyyələrdə üzləşir - siyasi müstəvidən tutmuş infrastruktur səviyyəsinə qədər.
Cənub Qaz Dəhlizinin geosiyasəti
Cənub Qaz Dəhlizi (SGC) - TANAP, TAP və digər komponentlərdən ibarət olmaqla, Rusiyadan Avropaya qaz tədarükünə alternativin əsas sütunlarından biridir. Bu dəhliz həm Aİ-nin enerji asılılığını azaldır, həm də Azərbaycanın enerji suverenliyini gücləndirir.
Məhz bu fakt beynəlxalq rəqiblərin narahatlığına səbəb olur. Müxalif mövqedə olan aktorlar arasında:
Azərbaycanı kənardan dolanaraq marşrutları lobbiləşdirən transmilli korporasiyalar;
İran və Ermənistan kimi regional rəqiblər;
Şərq tərəfdaşları üzərində təzyiq rıçaqlarını qorumaqda maraqlı olan Aİ-nin bəzi siyasi mərkəzləri, o cümlədən layihələri "ekoloji" tənqid adı ilə hədəf alan dairələr mövcuddur.
Tipik nümunə - 2022-2023-cü illərdə TAP layihəsinə qarşı təzyiqlərin artmasıdır. İtaliya və Yunanıstanda "ekoloji etiraz" adı altında boru kəmərinin genişləndirilməsinə qarşı kampaniyalar başladıldı. Sonradan bəlli oldu ki, həmin etirazlarda iştirak edən bir sıra QHT-lər Azərbaycanla rəqabətdə olan enerji təchizatçılarına bağlı strukturlardan maliyyə alırmış.
Zəngəzur dəhlizinə qarşı müqavimət
Xüsusi diqqətəlayiq məsələ - Xəzər hövzəsini, Türkiyəni və oradan Avropanı birləşdirəcək Zəngəzur nəqliyyat dəhlizi ətrafındakı geopolitik qarşıdurmadır. 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Cənubi Ermənistan ərazisindən keçəcək bu dəhlizin açılması üçtərəfli sazişlərin gündəminə daxil oldu. Lakin layihənin icrası sistemli şəkildə süni bəhanələrlə əngəllənir:
Ermənistan tərəfi Fransanın və Aİ daxilindəki bəzi dairələrin dəstəyi ilə "sülh kəsişməsi" adlı alternativ konsepsiyanı təşviq edir;
Layihəyə qarşı beynəlxalq kampaniyalar aparılır - "Ermənistanın suverenliyinə təhlükə", "ekoloji qeyri-sabitlik" və "regional militarizmin güclənməsi" kimi ritorikalar səsləndirilir.
Əslində isə bu, geoiqtisadi qarşıdurmadır. Dəhlizin açılması aşağıdakı nəticələri doğura bilərdi:
Azərbaycanın Avrasiya logistik mərkəzi kimi mövqeyinin güclənməsi;
Mərkəzi Asiyaya və "Bir kəmər - bir yol" təşəbbüsünə çıxış imkanlarının asanlaşması;
Avropa İttifaqının Yaxın Şərq üzərindən keçən qeyri-sabit və siyasi baxımdan zəif marşrutlardan asılılığının azalması.
Məhz buna görə də Zəngəzur dəhlizinə qarşı mübarizə yalnız siyasi deyil, informasiya və psixoloji müstəvidə də kompleks xarakter daşıyır.
Enerji təzyiqinin alətləri
Müasir praktikada enerji sahəsində təzyiqlər müxtəlif formalar ala bilər:
Razılaşmaların rəsmi bloklanması - məsələn, Fransanın SGC-nin genişlənməsinə dair qətnamələri əngəlləməyə çalışması;
Logistik layihələrin sabotajı - inzibati əngəllər, marşrutlar boyunca təxribatlar, "təhlükəsizliyin zəifliyi" ilə bağlı dezinformasiyalar;
ESG ritorikasından istifadə - layihələrin "yaşıl standartlara uyğun gəlməməsi" iddiası ilə diskreditasiya edilməsi;
"Yerli təşəbbüs" adı altında daxili etirazların təşviqi - TAP layihəsinə qarşı Yunanıstan və İtaliyada həyata keçirilən kampaniyalar buna misaldır.
Azərbaycan isə enerji siyasətində suveren kursu qorumaqla yanaşı, Qərb strukturları ilə əməkdaşlıq zərurəti arasında balans saxlamalı olur. Çünki bu strukturlar tez-tez ikili oyun aparır: bir tərəfdən dəstək bəyan edir, digər tərəfdən isə əsas təşəbbüsləri bloklayır.
Hibrid təhdidlərin mahiyyəti və davamlılıq konturları
Azərbaycana qarşı yönələn xarici müdaxilə formaları - ayrı-ayrı insidentlər deyil, sistemli və çoxsəviyyəli strategiyanın tərkib hissəsidir. QHT-lərin fəaliyyətindən tutmuş kiberməkana, etno-dini narrativlərdən enerji geosiyasətinə qədər - bütün bu istiqamətlər dövlətin dayanıqlığını sarsıtmağa, suverenliyi zəiflətməyə və xarici idarəçiliyə əsaslanan alternativ inkişaf modelini zorla tətbiq etməyə yönəlib.
Bu təhdidlərin fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
Asimmetriklik - cavab vermək çətin, lakin dağıdıcı təsiri böyükdür;
Sinxronluq - informasiya hücumları diplomatik təzyiqlərlə paralel aparılır;
Təkrarlanma və adaptivlik - kiberhücumlar beynəlxalq danışıqlarla eyni vaxta düşür;
Çoxtərəflilik - etnik ritorika həm mediada, həm QHT-lərdə, həm də parlament qətnamələrində istifadə olunur;
İdeoloji mobilizasiya - liberal gənclik qrupu destruktiv diskursların daşıyıcısına çevrilir;
Kompleks hücumlar - enerji layihələri eyni vaxtda ekoloji, siyasi və iqtisadi arqumentlərlə hədəf alınır.
Davamlılığın konturları
Bu çağırışlara effektiv cavab verə bilmək üçün Azərbaycan bütün sahələri əhatə edən milli strategiya formalaşdırmalıdır. Bu strategiyanın əsas komponentləri aşağıdakılar olmalıdır:
Daxili və xarici informasiya siyasətinin koordinasiyası - informasiya və kiberhücumlara qarşı vahid təhlil və operativ reaksiya mərkəzinin yaradılması;
Rəqəmsal suverenliyin gücləndirilməsi - yerli İT həllərinin inkişafı, müttəfiqlərlə birgə platformaların qurulması, kritik infrastrukturun qorunması;
Gənclərlə mədəni və maarifləndirici iş - xarici narrativlərlə rəqabət apara bilən vətənpərvər mühitin formalaşdırılması;
Proaktiv diplomatiya - münaqişənin və postmünaqişə reallığının, həmçinin mədəni irsin Azərbaycanın baxış bucağından beynəlxalq platformalarda təqdim olunması;
Enerji müstəqilliyi və marşrutların diversifikasiyası - strateji layihələrin hüquqi, iqtisadi və siyasi alətlərlə qorunması;
Dost ölkələrlə strateji tərəfdaşlıq - o cümlədən türk dünyası, İslam Əməkdaşlıq Təşkilatı və Qlobal Cənub çərçivəsində alyansların genişləndirilməsi.
Azərbaycan artıq bir neçə dəfə hibrid təzyiqlərə qarşı müqavimət göstərmək qabiliyyətini sübut edib. Lakin qlobal qeyri-sabitlik və təsir zonalarının yenidən bölüşdürüldüyü bir dövrdə, yalnız strateji düşüncə, institusional yetkinlik və ictimai konsolidasiya ölkəyə uzunmüddətli davamlılıq və suverenlik qazandıra bilər.
Milli.Az


