Azərbaycanda 2025 ci ilin ən qabaqcıl universitetləri Adlar SADALANDI
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ilin başa çatmasına və yeni ilin gəlişinə artıq sayılı günlər qalır. Cari il ali təhsil sektoru üçün kifayət qədər dinamik, yeniliklərlə zəngin bir dövr oldu. Təhsil sektorunda aparılan islahatlar, universitetlərin beynəlxalq səyləri, elmi-tədqiqat göstəriciləri və s. son bir il ərzində daha aydın şəkildə özünü göstərdi.
Modern.az məhz bunları nəzərə alaraq, “2025-ci ilin uğurları ilə seçilən universitetləri hansılardır?” sualı ilə müxtəlif sahələrdən, eləcə də təhsil sektorundan olan şəxslər arasında sorğu keçirib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycandakı universitetlər arasında daim inkişaf edən, öz üzərində çalışan ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC):
“Azərbaycan Dövlət İqtisad Universiteti inkişaf edir, göstəriciləri yüksəlir, elmi potensialı və uğurları isə gündən-günə artmaqda davam edir. Deyə bilərəm ki, UNEC getdikcə Azərbaycan universitetləri arasında daha da önəmli bir mövqeyə sahib olacaq.
Azərbaycan universitetləri arasında inkişaf edən, öz üzərində çalışan ali təhsil müəssisələrindən digəri də ADA Universitetidir. Bu il ADA Universitetində İtaliya-Azərbaycan Universiteti yaradıldı. Bu, Azərbaycanın təhsil tarixində ən mühüm məqamlardan biridir. Bu baxımdan ADA Universiteti də öz uğurları ilə seçilir.
Eyni zamanda Qarabağ Universiteti bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Yeni binaların istifadəyə verilməsi, yeni strukturun yaradılması və tələbə qəbulunun artırılması göstərir ki, Qarabağ Universiteti də sürətlə inkişaf edir və irəliyə doğru addımlayır.
Azərbaycanın bölgələrindən isə bu xüsusda Mingəçevir Dövlət Universitetini nümunə göstərmək olar. Bu yaxınlarda dayanıqlı və davamlı inkişafla bağlı böyük bir konfrans təşkil edən universitet, özünü inkişaf etdirməyə və uğurlarını artırmağa böyük əzmlə çalışır. Bundan əlavə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin də adını qeyd edə bilərik.
Həmçinin düşünürəm ki, inkişafa can atan özəl universitetlərdən Xəzər Universitetinin adını çəkmək olar. Xəzər Universitetinin də öz növbəsində beynəlxalq göstəriciləri yaxşıdır və universitet inkişaf etməkdə davam edir.
Hesab edirəm ki, bu prosesdə digər universitetlər də fəal olmalı, öz üzərlərində daha çox çalışmalı və davamlı inkişafla nailiyyətlərini artırmalıdırlar”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev söyləyib ki, universitetlərimiz və ümumilikdə təhsil ocaqlarımız haqqında bəhs edərkən, ən uğurlu təhsil müəssisəsini seçməli olarsa, onun üçün birinci yerdə Qarabağ Universiteti dayanır:
“Qarabağa səfərlərim zamanı həmin universitetin auditoriyalarında olmuşam, təhsil alan gənclərlə müəyyən görüşlərim də olub. Bu səbəbdən də sorğuda Qarabağ Universitetinin adını birinci yerdə qeyd etməyimi tam anlaşılan hesab edirəm.
Digər tərəfdən, ölkədə yüksək qiymətləndirdiyim universitetlər arasında ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Xəzər Universiteti və Bakı Ali Neft Məktəbi də var. Bu universitetlərin əksəriyyəti ilə bizim sıx əməkdaşlığımız mövcuddur. Orada təhsil alan tələbələrin böyük bir qismi Beynəlxalq Avrasiya Mətbuat Fondunda təcrübə proqramlarından yararlanırlar. Xüsusilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə mütəmadi əməkdaşlığımız olur. ADA Universitetinin xarici tələbələrinin əksəriyyəti də bizdə təcrübə keçir. Bir necə gün öncə əməkdaşlıq etdiyimiz Bakı Slavyan Universitetində müəllim və tələbə heyyəti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə böyük bir tədbir də keçirdik.
Ölkəmiz inkişaf etdikcə, iqtisadi imkanlarımız genişləndikcə, təhsilin maddi-texniki bazası da güclənir. Amma əlbəttə ki, daha yüksək nəticələr əldə edə bilərik. Bu baxımdan təhsil sahəsində çalışan hər kəsdən xahiş edirəm ki, təhsilimizin inkişafına mümkün qədər töhfə versinlər. Çünki bizim gələcəyimiz, övladlarımızın gələcəyi təhsildən asılıdır”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova 2025-ci ili Azərbaycan ali təhsili üçün ümumilikdə inkişaf və keyfiyyətə doğru addımların daha aydın hiss olunduğu bir il kimi qiymətləndirdiyini söyləyib:
“Bu il konkret bir universiteti digərlərindən kəskin şəkildə ayırmaqdan daha çox, müxtəlif ali məktəblərin fərqli sahələr üzrə uğurlarla seçildiyini demək daha ədalətli olar.
Bakı Dövlət Universiteti elmi-tədqiqat fəaliyyəti, doktorantura proqramlarının aktivliyi və akademik ənənələrinin qorunub saxlanılması baxımından 2025-ci ildə də ön sıralarda yer aldı. Xüsusilə humanitar və fundamental elmlər üzrə stabil elmi mühit öz gücünü qorudu.
ADA Universiteti müasir idarəetmə modeli, beynəlxalq əlaqələri və praktiki yönümlü tədris sistemi ilə gənclərin liderlik və dövlət idarəçiliyi sahələrində formalaşmasına mühüm töhfə verdi. Burada əldə olunan biliklərin real sektorda tətbiq olunması əsas üstünlüklərdəndir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) sahibkarlıq, maliyyə və biznes yönümlü kadr hazırlığı, o cümlədən startap mühitinin inkişafı baxımından 2025-ci ildə də seçilən ali təhsil müəssisələrindən biri oldu.
Azərbaycan Texniki Universiteti isə mühəndislik, sənaye və texnologiya sahələrində əmək bazarının real tələblərinə uyğun kadr hazırlığı ilə xüsusi fərqləndi.
Region universitetlərindən Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti də bölgələrdə müəllim və mütəxəssis hazırlığında əsas dayaqlardan biri olaraq 2025-ci ildə müsbət dinamika nümayiş etdirdi.
Ümumilikdə isə mən 2025-ci ilin əsas uğurunu təkcə ayrı-ayrı universitetlərin deyil, bütövlükdə ali təhsil sistemində keyfiyyətə, praktik bacarıqlara və beynəlxalq standartlara doğru yönəlmiş dəyişikliklərdə görürəm. Bu da gələcək illər üçün daha dayanıqlı və güclü təhsil mühitinin formalaşacağına ümid yaradır”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, ali təhsil sistemində olan biri kimi, müşahidələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) hazırda Azərbaycanda ön planda olan universitetlərdən biridir:
“Onun uğurları təhsilin təşkili, beynəlxalq tələblərə uyğunlaşma, innovativ yanaşmalar və yenilikçilik kimi bir çox sahələri əhatə edir. UNEC beynəlxalq reytinqlərdə və qlobal qurumların qiymətləndirmə cədvəllərində ölkə üzrə birinci yerdə qərarlaşan ali məktəblərdən biridir. Bu ilin yekunlarına əsasən, beynəlxalq birlik tərəfindən yüksək qiymət alan dörd universitet arasında UNEC də yer alır.
Eyni zamanda bu silsilədə Azərbaycan Texniki Universitetinin də ciddi uğurları ilə seçilən bir universitet kimi qiymətləndirə bilərik. Burada sağlam akademik mühit, elmi fəaliyyət üçün geniş imkanlar və tədqiqatla məşğul olanlara hərtərəfli şərait mövcuddur. Tədrisin təşkili, tələbələrlə iş və müasir texnoloji imkanların tətbiqi baxımından universitet dinamik şəkildə inkişaf edir. Xüsusilə də süni intellekt sahəsində tələbələrin təşviqi, bu istiqamətdə tədqiqatların aparılması və nəticələrin təqdim olunması üçün geniş imkanlar yaradılıb. Buna görə də bir çox göstəricilər üzrə Azərbaycan Texniki Universiteti ön sıralarda dayanır.
Digər tərəfdən, Azərbaycan Dövlət Pedaqoji Universitetininin (ADPU), Azərbaycan Dillər Universitetinin (ADU), həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) də yüksək nəticələri var və bu ali məktəblər müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə ediblər. Özəl ali təhsil müəssisələri arasında isə Xəzər Universiteti xüsusilə seçilir və bir sıra uğurları ilə diqqət çəkir.
Ümumilikdə, sadaladığımız universitetlər bu il Azərbaycanda ən çox fərqlənən ali təhsil müəssisələri kimi qiymətləndirilir”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova deyib ki, 2025-ci ildə Azərbaycan ali təhsili bir sıra strateji yeniliklər, elmi nəticələr və institusional irəliləyişlərlə yadda qaldı:
“Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsinin və klinikanın istifadəyə verilməsi həm regionun bərpası, həm də müasir tibb təhsilinin genişlənməsi baxımından ilin ən mühüm addımlarından oldu.
ADA Universiteti beynəlxalqlaşma, sənaye ilə əməkdaşlıq və karyera yönümlü fəaliyyətləri ilə mövqeyini daha da gücləndirdi. Təşkil olunan forumlar və beynəlxalq tədbirlər ADA-nın tələbə mobilliyi və akademik diplomatiyadakı liderliyini bir daha təsdiqlədi.
UNEC və ADNSU-nun keçirdiyi elmi konfranslar və tədqiqat platformaları ölkədə elmi ekosistemin aktivləşdiyini göstərdi. Bu təşəbbüslər gənc tədqiqatçıların və doktorantların elmi prosesə daha sıx qoşulmasına imkan yaratdı.
Bakı Dövlət Universitetində süni intellekt etikası, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf mövzularında keçirilən tədbirlər tələbələrin qlobal gündəmlə daha yaxından inteqrasiyasına şərait yaratdı. BDU-nun beynəlxalq əməkdaşlıqları da il ərzində nəzərəçarpacaq dərəcədə genişləndi.
Naxçıvan, Gəncə və Lənkəran universitetlərinin yeni laboratoriyalar, elmi tədbirlər və innovativ layihələrlə çıxış etməsi regional ali təhsilin gücləndiyini göstərən mühüm tendensiya oldu”.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, ilin ən yaxşı ali təhsil müəssisəsi ADA Universitetidir. Onun fikrincə, ADA Universiteti müasir tədris modeli, tələbələrə verdiyi geniş imkanlar və beynəlxalq səviyyədə tanınan proqramları ilə seçilir. Universitetin innovativ yanaşması və gəncləri qlobal rəqabətə hazırlamaq istiqamətində gördüyü işlər də yüksək qiymətləndirilir.
Təhsil eksperti Elçin Əfəndi 2025-ci il üçün universitetlərin uğurlarını nəzərə salaraq qeyd edib ki, onun üçün ilk olaraq ADA Universiteti ön plana çıxır:
“ADA Universiteti bu il dövlət sifarişi əsasında qəbul apardığı üçün, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti də bu baxımdan diqqətə layiqdir. Bu universitetlər beynəlxalq QS reytinqində və digər nüfuzlu reytinq cədvəllərində yüksək mövqelər əldə ediblər.
Bundan əlavə, Qarabağ Universitetini də qeyd etmək lazımdır. Belə ki, universitetdə bu il tibb ixtisası açılıb və yüksək keçid balları formalaşıb. Bütün bunları nəzərə alaraq, sözügedən universitetlərin adını çəkmək tam məntiqlidir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində uğurlu rektor təyinatı və universitetin beynəlxalq reytinqlərdə əldə etdiyi nəticələr də bu ali təhsil müəssisəsinin xüsusi vurğulanmasına zəmin yaradır.
Özəl universitetlər arasında isə Xəzər Universiteti diqqəti cəlb edir. Onun beynəlxalq reytinqlərdə tanınması və yüksək nəticələri digər özəl universitetlərlə müqayisədə Xəzər Universitetini fərqləndirir.
Bu amilləri nəzərə alaraq, 2025-ci il üçün xüsusilə uğur göstərən universitetlər sırasında məhz bu ali təhsil müəssisələrini qeyd etmək olar.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, uğurları ilə seçilən ali təhsil müəssisələri sırasında ilk yerdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dayanır. O həmçinin ADA Universitetinin adını da qeyd edərək bildirib ki, bu universitet innovativ təhsil mühiti ilə fərqlənir. Hüquqşünasın fikrincə, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti də ölkənin aparıcı ali təhsil müəssisələri sırasındadır.
Yazıçı Şərif Ağayar isə kitaba olan münasibətinə görə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) yüksək qiymətləndirib:
“Biz UNEC-in həm rektorunu, eləcə də tələbələrini kitab sərgilərində çox görürük. Hiss olunur ki, bu ali təhsil müəssisəsinin tələbələrində öyrənmək əzmi, həvəsi var. Övladlarımın da biri bakalavr, digəri isə magistr pilləsi üzrə həmin universitetdə təhsil alıblar. Məhz buna görə də çox razı qalmışıq. Digər öz uğurları ilə fərqlənən ali təhsil müəssisələrindən ADA-nın adını qeyd edə bilərik”.
Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, 2024-2025-ci tədris ilinin nəticələrinə əsasən, ilk olaraq Qarabağ Universiteti xüsusi uğurları ilə seçilib:
“Yeni fəaliyyətə başlamasına baxmayaraq, universitet Bakının aparıcı ali məktəbləri ilə rəqabətə girərək yüksək bal toplayan abituriyentlərin etimadını qazanmağı bacardı. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də bu il nəzərəçarpan inkişaf nümayiş etdirdi. Rüfət Əzizovun rəhbərliyindən sonra ADNSU-da ingilis dilli ixtisaslarda və beynəlxalq proqramlarda mövcud problemlər aradan qaldırıldı.
Bakı Ali Neft Məktəbi isə yeni əməkdaşlıqları və tələbələrlə təşkil olunan yüksək səviyyəli görüşlərlə ilin diqqət çəkən universitetlərindən oldu. UNEC də IT korpusunun istifadəyə verilməsi və kompüteryönümlü ixtisaslarda bal artımı ilə öz mövqeyini gücləndirdi. ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti ilə yaratdığı model isə ali təhsil sahəsində ilin ən mühüm beynəlxalq nailiyyətlərindən biri hesab olunur. ADA artıq təkcə ölkənin deyil, regionun ən nüfuzlu universitetlərindən biri kimi qəbul edilir.
Bununla yanaşı, ali təhsildə praktiki biliklərin zəifliyi və laborator bazanın yetərsizliyi kimi problemlər hələ də qalmaqdadır. Məzunların əmək bazarına dərhal uyğunlaşa bilməməsi bu çatışmazlıqların nəticəsidir. Praktik tədrisin, tədqiqatın və universitet-özəl sektor əməkdaşlığının gücləndirilməsi isə növbəti illər üçün əsas inkişaf istiqaməti olmalıdır”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Bakı Dövlət Universiteti ölkənin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri kimi humanitar və təbiət elmləri sahəsində güclü ənənələrə malikdir.
“Universitetin akademik heyəti, elmi bazası və tədqiqat fəaliyyəti yüksək səviyyədədir, həmçinin beynəlxalq layihələrdə fəal iştirak edir.
Azərbaycan Texniki Universiteti mühəndislik və texnologiya sahəsində ixtisaslaşaraq texniki biliklərə yönəlmiş tədrisi ilə seçilir. Proqramlaşdırma, informasiya texnologiyaları və mühəndislik istiqamətlərində tələbələr arasında geniş populyarlığa malikdir.
ADA Universiteti beynəlxalq münasibətlər, biznes və diplomatiya sahəsində öz nüfuzu ilə tanınır. Bu ali təhsil müəssisəsi beynəlxalq proqramlar, həmçinin praktik yönümlü tədris modeli ilə diqqət çəkir.
Azərbaycan Tibb Universiteti tibb və sağlamlıq sahəsində ixtisaslaşaraq ölkənin əsas tibbi kadr hazırlığı mərkəzlərindən biridir. Universitet geniş klinik təcrübə imkanları və tədqiqat mühiti ilə fərqlənir.
Xəzər Universiteti özəl universitetlər sırasında beynəlxalq akkreditasiyaya malik proqramları ilə seçilir və biznes, iqtisadiyyat, humanitar və sosial elmlər sahəsində geniş ixtisas seçimləri təqdim edir. Tədrisin keyfiyyəti və xarici tərəfdaşlıqlar onun əsas üstünlükləridir.
Bakı Mühəndislik Universiteti müxtəlif ixtisaslarda praktiki yönümlü və beynəlxalq inteqrasiyaya açıq təhsil proqramları təqdim edir. Xüsusilə özəl universitetlər sırasında ingilis dilində tədrisi, fərdi yanaşma və müasir tədris mühiti ilə diqqət cəlb edir”.
Təhsil eksperti Səbuhi Abdullayev də sorğumuzda iştirak edərək bildirib ki, bu siyahıda ilk yerdə Bakı Dövlət Universiteti dayanır:
“Çünki beynəlxalq reytinq göstəricisində ölkə üzrə ilk sıradadır, Bakı Ali Neft Məktəbi məzunlarının işlə təmin edilməsi baxımından ilk sıradadır, ADA Universiteti beynəlxalq əlaqələr baxımdan ilk sırada olduğunu söyləmək olar”.
Ekoloq Rövşən Abbasov söyləyib ki, Azərbaycan universitetləri arasında, xüsusilə oxşar ixtisaslar üzrə fəaliyyət göstərən ali məktəblər arasında rəqabət getdikcə güclənir:
“Son illərdə ölkəmizdə ali təhsil müəssisələri beynəlxalq reytinqlərə xüsusi əhəmiyyət verməyə başlayıblar. Reytinqlər əsasən elmi nəşrlərin sayı və həmin nəşrlərə istinad göstəriciləri ilə müəyyən olunduğundan, bir çox universitetlərdə əməkdaşların elmi fəaliyyəti daha da artırılmağa çalışılır.
Bu rəqabət çərçivəsində bir neçə universiteti xüsusilə qeyd edə bilərəm: Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti. Bu ali məktəblər hər addımlarında bir-birilərini üstələməyi hədəfləyirlər. Digər universitetlər də bu sıraya qoşulmağa cəhd göstərir və bu yöndə müəyyən uğurlar əldə edirlər”.
Digər təshil eksperti Əmrah Həsənli isə deyib ki, 2025-ci ilin ali təhsil mənzərəsinə nəzər salanda görürük ki, universitetlər artıq sadəcə tədris ocağı deyil, ölkənin gələcəyini formalaşdıran inkişaf platformalarıdır. Onun fikrincə, bu il xüsusilə bir neçə universitet həm nəticələri, eləcə də yeni yanaşmaları ilə diqqətdə olub:
“İlk olaraq ADA Universitetini qeyd etməliyəm. ADA həm idarəetmə modeli, həm tədris keyfiyyəti, həm də beynəlxalq tərəfdaşlıqları ilə ölkədə standart yaradan universitet olaraq 2025-ci ildə də liderliyini qorudu. UNEC isə iqtisadiyyat və idarəetmə sahələrində yenilikçi addımları, beynəlxalq proqramların genişlənməsi və startap-ekosistemə verdiyi dəstək baxımından uğurlu il yaşadı.
Bu il mənim üçün ən diqqətçəkən yüksəliş isə Mingəçevir Dövlət Universiteti oldu. Yeni rektor təyinatı ilə birlikdə universitetdə idarəetmə fəlsəfəsi dəyişdi, daha şəffaf, daha innovativ və daha region yönümlü strategiya formalaşdı. Regional inkişaf yönümlü layihələr, yeni beynəlxalq əməkdaşlıqlar, elmi konfransların sayının artması və müəllim-tələbə mühitində dinamikanın yüksəlməsi MDU-nu bu ilin ən pozitiv inkişaf göstərən ali məktəblərindən birinə çevirdi.
Ümumilikdə, 2025-ci il ali təhsil sistemində sağlam rəqabətin artdığı, universitetlərin özünü yenilədiyi və qlobal trendlərə daha sürətli uyğunlaşdığı bir dövr oldu. Bu dinamika həm təhsilin keyfiyyətinə, həm də tələbələr üçün daha geniş imkanların yaranmasına xidmət edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















