Azərbaycanda “Women in Cyber” beynəlxalq konfransı keçiriləcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Cari il oktyabrın 11-də ölkəmizdə ilk dəfə beynəlxalq “Women in Cyber” (Kibertəhlükəsizlikdə Qadınlar) konfransı keçiriləcək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir “Critical Infrastructure Defense Challenge” (CIDC2025) kiberfestivalı çərçivəsində yan tədbir kimi təşkil olunur və kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılmasına, gənc mütəxəssislərin dəstəklənməsinə həsr olunub.
Konfransın məqsədi kibertəhlükəsizlik üzrə sürətlə dəyişən qlobal mühitdə qadınların liderlik mövqelərində iştirakını gücləndirmək, müxtəlif ölkələrdən olan qadın ekspert və tələbələri bir araya gətirməklə bilik və təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Tədbirdə Tural Məmmədov, Klaid Mägi, Elsa Neeme, Jana Krimpe, Nataliya Tkaçuk, Dr. Fariz İsmayılzadə, Rauf Cabarov, Nino Vadakaria, Natalia Spinu, Nata Goderdzishvili, Olga Pasichnyk, Zari Uslu və digər nüfuzlu ekspertlərin çıxışları gözlənilir.
Proqram çərçivəsində böhran kommunikasiyası, kiberdavamlılıq, qadınların kibertəhlükəsizliyin gələcəyinin formalaşdırılmasında rolu mövzularında panel müzakirələri keçiriləcək, həmçinin Azərbaycan, Gürcüstan, Estoniya və Birləşmiş Ərəb Əmirliklərindən qadınların uğur hekayələri təqdim olunacaq.
Konfrans ADA Universitetində baş tutacaq.


