Azərbaycanın dünya şöhrətli neft alimi
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Akademik Azad Mirzəcanzadə 300-dən çox elmlər namizədinin və 150-dən çox elmlər doktorunun rəhbəri olmuşdu
Dörd il əvvəl dünyasını dəyişməsinə baxmayaraq, işlədiyi kafedrada – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti neft yataqlarının işlənməsi və istismarı kafedrasında akademik Azad Mirzəcanzadənin ölümünə inanmırlar. İşçilərin tez-tez Azad müəllimlə ünsiyyətə ehtiyacı olur və onlar kafedrada akademikin şərəfinə yaradılmış xatirə otağına gedərək bir müddət onun irsi ilə təmasda olur, ruhi təskinlik tapırlar.
“Bu otaqda olanda mənə həmişə elə gəlir ki, Azad müəllim diridir və məni seyr edir”, – deyə 20 ilə yaxın akademikin rəhbərlik etdiyi kafedrada işləmiş aparıcı mühəndis Gülsüm Rzayeva Azad Mirzəcanzadənin naməlum rəssam tərəfindən işlənmiş portretini göstərir: “Baxın, gözləri canlıdır, otağın harasına gedirsənsə, get, gözləri ilə səni izləyir. Kafedranın əksər işçiləri o baxışların təsirini duymaq üçün buraya gəlirlər”.
İnsanlar adətən dünyalarını dəyişmiş doğmalarının portretlərinə baxanda bu hissləri keçirirlər, bu, nəsə şüuraltı bir instinktdir və kafedra işçilərinin belə düşünməsi də təsadüfi deyil. Azad Mirzəcanzadə onlar üçün sadəcə bir rəhbər, iş yoldaşı olmayıb, taleyin keşməkeşli yollarında doğmaya, əsl müəllimə və həyat yolunu örnək saydıqları gerçək ustada çevrilib.
Azad müəllim kafedra işçilərinin hər birini, o cümlədən indiki kafedra müdiri, onun işini davam etdirən professor Tulparxan Salavatovu da hələ gənc yaşlarından yüzlərlə tələbənin içindən şəxsən özü seçib, onunla böyük qardaş kimi davranaraq elmin sirlərini öyrədib. Kafedrada akademikin xatirə otağının da yaradılması elə sevimli tələbəsi Tulparxan Salavatovun ideyasıdır. O, Neft Akademiyasının Azad Mirzəcanzadəni sağlığında görə bilməyən gənc tələbələrinə də akademikin xatirə otağına gedərək onun irsi ilə tanış olmağı tövsiyə edir.
Maraqlıdır ki, Azad Mirzəcanzadə onu həqiqi ustad sayan bu tələbələri seçərkən yalnız 1949-cu ildə bitirərək neft mexaniki ixtisası aldığı və demək olar ki, həyatının sonuna qədər əməkdaşı olduğu Neft Akademiyasının auditoriyaları ilə kifayətlənməyib. 1970-80-ci illərdə Azad Mirzəcanzadə həm Neft Akademiyasında, həm də paralel şəkildə professoru olduğu Bakı Dövlət Universitetində keçirdiyi açıq məruzələri ilə məşhur idi. Bakının onlarla başqa ali məktəbinin tələbələri onun açıq dərslərinə gəlirdilər və akademik bunun üçün xüsusi imkan yaradırdı.
Bəziləri, sadəcə, maraq xatirinə, bəziləri “mən Mirzəcanzadənin dərsində olmuşam” demək xatirinə gəlirdisə, akademik gözlərində elm işartısı olanları dərhal seçirdi və onların gələcək inkişafına təkan verirdi. O indiyə kimi 300-dən çox elmlər namizədinin və 150-dən çox elmlər doktorunun rəhbəri olub. Sovet illərində dünyanın, demək olar ki, bütün ölkələrindən onun tələbələri olub, yalnız Amerikada istisna imiş, amma indi ABŞ-da da onun onlarla tələbəsi işləyir. O, dünyanın bir çox ölkələrində mühazirələrlə çıxış edib və tələbələrinin belə geniş coğrafiyadan seçilməsində bu mühazirələrin böyük rolu olub.
Akademikin tələbələri arasından neft sahəsində böyük uğur qazanmış insanlar var. Məsələn, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov, neft üzrə tanınmış mütəxəssis, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə bağlanmış “Əsrin müqaviləsi” çərçivəsində qərb şirkətləri ilə normativ-hüquqi sənədlərin təmin edilməsində ARDNŞ təmsilçisi kimi böyük rol oynamış və hazırda Milli Məclisin vitse-spikeri olan Valeh Ələsgərov da akademikin tələbələrindəndir.
Başqırdıstan Elmlər Akademiyasının prezidenti Ayrat Şammazov, “Rosneft”in vitse-prezidenti Mars Hasanov, Ufa Dövlət Neft Texnika Universitetinin prorektoru Ramil Baxtızin də onun tələbələrindəndir.
1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiyası Komissiyasının sədri olanda da yüzlərlə gəncin həqiqi alimlik dərəcəsi almasına imkan yaradıb.
Təsadüfi deyil ki, Azərbaycan müstəqillik qazanandan sonra akademikin fəaliyyəti buraya gəlmiş qərb neft şirkətlərinin, o cümlədən bp-nin diqqətini cəlb edib. Tələbəsi, texnika elmləri namizədi Arif Süleymanov danışır ki, 90-cı illərin əvvəllərində Bakıya bp-dən cəmi beş-altı adam gəlibmiş. Onlar yerli alimlərin necə işləməsini müəyyənləşdirmək üçün bəzi sifarişlər verirmişlər. Şimal dənizində yerləşən “Fortes” yatağı barədə müxtəlif alimlərdən, o cümlədən Azad Mirzəcanzadədən rəy istəyiblər. Daha sonra Şimal dənizində yerləşən “Maqnus” yatağının təhlil edilməsini xahiş ediblər.
Maraqlıdır ki, Azad müəllimin özünə məxsus üsulla apardığı araşdırmaların nəticələri bp-nin alimlər qrupunun əldə etdiyi nəticələrlə üst-üstə düşüb. Yəni əvvəllər Şimal dənizində yerləşən bu yataqlarda neftin tükəndiyi ehtimal olunurmuş, amma bu araşdırmalar nəticəsində yataqların istismar müddəti daha 10 il uzadılıb. Daha sonra 1990-cı illərin ortalarında Neft Akademiyasında bp-nin dəstəyi ilə qabaqcıl texnologiyalar laboratoriyası yaradılıb, sonradan laboratoriya mərkəzinə çevrilib. Azad müəllim bp-nin gördüyü işlər üzrə rəylər yazır, tövsiyələr verirmiş.
Azad Mirzəcanzadə, elmin və incəsənətin bir çox sahələri ilə yaxından tanış imiş və ovaxtkı Azərbaycan milli fikrinin bir çox aparıcı şəxsləri ilə yaxın olub.
O, musiqini çox gözəl bilirdi və Qara Qarayevin, Fikrət Əmirovun dünya musiqisində etdikləri yeniliklərdən iftixarla danışırdı. Klassik musiqiyə olan sevgisi o qədər güclü imiş ki, hətta gəncliyində alim, yoxsa peşəkar musiqiçi olmaq barədə seçim etməli olub. Bu maraq onu sonrakı illərdə də tərk etməyib, Fərhad Bədəlbəyli ilə birgə “Musiqili mozaika” əsərini yazıb. Ədəbiyyata da yaxından bələd olub, Dostoyevskinin, Hüseyn Cavidin, Cəfər Cabbarlının əsərlərini çox sevib, onları dönə-dönə oxuyub. Gəncliyində hətta “Teymurləng” dramı yazmaqla yazıçı da olmaq istəyib.
Dünyasını dəyişməzdən qabaq Azad Mirzəcanzadə hər gün kafedra əməkdaşları ilə 5-6 saat görüşürmüş. Onlara tapşırıqlar verir, nəticələrini yoxlayırmış. Öləcəyini bilirmiş, “vaxtım az qalıb, gərək bunları sizə çatdırım” deyirmiş. İsti bir cümə günü işçilər onunla sağollaşaraq bağlara yollanıblar, “inşallah, birinci gün görüşərik” deyiblər. Amma bu, onlara nəsib olmayıb. 1928-ci il sentyabrın 29-da Bakıda anadan olmuş bu böyük insanın elm və Vətən yolunda döyünən qəlbi 2006-cı il iyulun 16-dan 17-nə keçən gün dayanıb.
(Yazı “bp Azərbaycan” Şirkətinin “Kompas” jurnalının 2010-cu il iyun nömrəsindən götürülüb)
Baxış sayı:101
Bu xəbər 17 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















