Azərbaycanın qlobal tranzit xəritəsində mövqeyi yüksəlir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Ölkə ərazisindən daşımaların rekord səviyyəyə çatması bunun göstəricisidir
Son illər beynəlxalq ticarət və logistika sistemində baş verən dəyişikliklər nəqliyyat marşrutlarının əhəmiyyətini getdikcə artırır. Müxtəlif regionlarda geosiyasi gərginliklər, sanksiyalar, münaqişələr, nəqliyyat məhdudiyyətləri və qlobal iqtisadi qeyri-müəyyənliklər şirkətləri təchizat zəncirlərini yenidən nəzərdən keçirməyə vadar edir.
Əvvəllər beynəlxalq şirkətlər üçün əsas meyarlardan biri daşınmanın minimum xərclə həyata keçirilməsi idisə, hazırda etibarlılıq, alternativ marşrutların mövcudluğu, çatdırılma müddətinin proqnozlaşdırılması və risklərin idarə olunması xüsusi önəm daşıyır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan tranzit siyasətini məhz indiki geosiyasi dəyişikliklərdən əvvəl formalaşdırmağa başlayıb. Dövlət başçısının fikrincə, ölkəmiz təchizat zəncirlərindəki dəyişiklikləri əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığı bir dövrdə belə, respublika ərazisindən keçən multimodal daşımaların cəlbediciliyini artırmaq məqsədilə fiziki və inzibati mühitin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub.
Bu yanaşmada strateji planlaşdırmanın mühüm bir xüsusiyyəti də diqqət çəkir. Belə ki, iqtisadi siyasət təkcə mövcud problemlərə reaksiya vermir, eyni zamanda, gələcək risklərə və imkanlara da hazır olduğunu diqtə edir. Azərbaycanın nəqliyyat infrastrukturuna uzunmüddətli investisiyaların cəlb edilməsi, regional əməkdaşlıq mexanizmlərinin və logistika xidmətlərinin təkmilləşdirilməsi məhz belə bir yanaşmanın məntiqi nəticəsidir.
Digər tərəfdən, tranzit marşrutlarının cəlbediciliyi geosiyasi şəraitdən asılı olaraq dəyişir. Bu səbəbdən ölkə qarşısında duran əsas vəzifələrdən biri respublika ərazisindən keçən daşımaların iqtisadi səmərəliliyini və etibarlılığını davamlı şəkildə artırmaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı geosiyasi vəziyyət əvvəlki mərhələyə qayıtsa belə, Azərbaycan təchizatçılar üçün cəlbedici qalmalıdır. Bu fikir tranzit strategiyasının təkcə müvəqqəti imkanlara deyil, həm də uzunmüddətli rəqabət qabiliyyətinə əsaslandığını göstərir.
Rəqəmsal idarəetmə və logistika
Azərbaycanın tranzit xəritəsində mövqeyinin getdikcə güclənməsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu regionun zəngin təbii resursları, istehsal potensialı, artan xarici ticarəti və Avropa bazarlarına çıxış imkanlarına olan marağı Xəzər hövzəsinin nəqliyyat əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə respublikamızın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini misli görünməmiş hadisə kimi dəyərləndirməsi də məhz bu kontekstdə mühüm məna daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Qafqazda yerləşsə də, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq Mərkəzi Asiya regionunun bir hissəsi kimi çıxış edir. Bu yanaşma regionlararası əməkdaşlığın ənənəvi coğrafi sərhədlərdən kənara çıxdığını göstərir. Xəzər dənizi isə artıq yalnız iki sahil arasında yerləşən su hövzəsi deyil, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji nəqliyyat məkanıdır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi Orta Dəhlizin inkişafına əlavə siyasi və iqtisadi stimul verir. Bu əməkdaşlıq çərçivəsində limanların fəaliyyətinin əlaqələndirilməsi, dəmir yolu daşımalarının uzlaşdırılması, yük axınları haqqında məlumat mübadiləsinin reallaşdırılması və logistika xidmətlərinin rəqəmsallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi Azərbaycan üçün də yeni iqtisadi perspektivlər yaradır. Tranzit xidmətləri ilə yanaşı, anbar təsərrüfatı, yük konsolidasiyası, sənaye-logistika kompleksləri və digər xidmət sahələrinin inkişafı üçün əlverişli şərait formalaşır. Bu proses Azərbaycanın tranzit ölkəsi olmaqla bərabər, həm də regional iqtisadi əlaqələrin təşkili və koordinasiyasında iştirak edən mühüm tərəfdaş kimi mövqeyini gücləndirir.
Müasir logistikanın səmərəliliyi isə təkcə yolların, limanların və dəmir yolu xətlərinin mövcudluğu ilə ölçülmür. İnfrastrukturun fiziki imkanları qədər onun idarə olunması, yük haqqında məlumatların operativ mübadiləsi, gömrük prosedurlarının sürəti və inzibati qaydaların şəffaflığı kimi prioritet istiqamətlər də daim diqqətdə saxlanılır.
Azərbaycanın nəqliyyat sahəsində idarəetmə, rəqəmsallaşma və gömrük idarəçiliyinə xüsusi diqqət yetirilməsi bu baxımdan təsadüfi deyil. Çünki beynəlxalq yükdaşımalarda vaxt itkisi və inzibati maneələr logistika xərclərini artıran əsas amillərdəndir. Yükün sərhəddə uzun müddət saxlanılması, sənədlərin təkrar təqdim olunması, müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsinin zəif aparılması və prosedurların qeyri-müəyyənliyi marşrutun rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
Rəqəmsal gömrük sistemləri, elektron sənəd dövriyyəsi, əvvəlcədən məlumatlandırma, avtomatlaşdırılmış risk təhlili və nəqliyyat əməliyyatlarının vahid informasiya platformalarında izlənilməsi bu problemlərin aradan qaldırılmasına kömək edir. Azərbaycanın tranzit strategiyasında rəqəmsallaşmanın genişləndirilməsi investorlar və beynəlxalq logistika şirkətləri üçün daha anlaşılan biznes mühitinin formalaşdırılması baxımından da vacibdir.
İnvestor üçün təkcə nəqliyyat marşrutunun mövcudluğu kifayət etmir. O, daşınma müddətini, tarifləri, gömrük prosedurlarını, hüquqi tələbləri və əməliyyat risklərini əvvəlcədən müəyyənləşdirə bilməlidir. Qaydaların aydınlığı və proqnozlaşdırılmanın mümkünlüyü isə uzunmüddətli kommersiya qərarlarının qəbulunu asanlaşdırır. Bu baxımdan rəqəmsal idarəetmə tranzit infrastrukturunun ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Yollar yükün hərəkətini gerçəkləşdirirsə, rəqəmsal sistemlər həmin hərəkətin sürətini, şəffaflığını və səmərəliliyini artırır.
Tranzit gəlirləri ilbəil artır
Azərbaycanın nəqliyyat-logistika sektorunun inkişafı qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Belə ki, uzun illər ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biri enerji sektoru olub. Lakin son dövrlərdə qeyri-neft sənayesinin, kənd təsərrüfatının, turizmin, xidmət sektorunun və ixrac potensialının genişləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərinə çevrilib.
Nəqliyyat və logistika bu sahələr arasında əlaqələndirici rol oynayır. Çünki istehsal olunan məhsulun daxili və xarici bazarlara çatdırılması üçün səmərəli nəqliyyat sistemi zəruridir. Tranzit imkanlarının genişlənməsi isə yerli sahibkarların da beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Logistika xərclərinin azaldılması, daşınma müddətinin qısaldılması və ixrac marşrutlarının şaxələndirilməsi qeyri-neft məhsullarının rəqabət qabiliyyətinə müsbət təsir göstərir.
Bununla yanaşı, nəqliyyat infrastrukturu ətrafında formalaşan iqtisadi fəallıq regionların inkişafına da böyük töhfə verir. Başqa sözlə, limanlar, logistika mərkəzləri, anbar kompleksləri və nəqliyyat qovşaqları ətrafında xidmət müəssisələrinin yaradılması ilə yeni məşğulluq imkanları formalaşır.
Beləliklə, tranzit sektorunun inkişafı təkcə daşınan yüklərin həcminin artırılması deyil, həm də iqtisadiyyatın strukturunda xidmətlərin payının yüksəldilməsi, yeni sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi və ölkənin ixrac imkanlarının genişləndirilməsi deməkdir. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatından aydın görmək mümkündür.
Məlumatda qeyd edilib ki, Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də nəqliyyat infrastrukturunun modernləşdirilməsi nəticəsində 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötərək son 5 ilin rekord səviyyəsinə yüksəlib. Eyni zamanda, tranzit daşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artdığı, çoxalmanın Şərq – Qərb istiqamətində 20,2 faiz, Şimal – Cənub istiqamətində isə 19 faiz olduğu bildirilib. Müsbət dinamika Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyətində də qeydə alınıb. Belə ki, cari ilin 9 ayında konteyner aşırmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona yüksəlib.
Orta Dəhlizin əsas komponentlərindən olan Bakı – Tbilisi – Qars dəmir yolu xətti modernləşdirilib və onun illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb. Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu da genişləndirilib. Limanın illik konteyner aşırma gücü 100 min TEU-dan 160 min TEU-ya yüksəldilib. Əməliyyatların koordinasiyasının təkmilləşdirilməsi nəticəsində gəmilərin emal müddəti, təxminən, 20 saatdan 4-5 saata endirilib.
Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Genişləndirmə layihəsi çərçivəsində bu göstəricinin 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikirlər də göstərir ki, ölkəmizin nəqliyyat-logistika siyasəti ayrı-ayrı infrastruktur layihələrinin məcmusundan daha geniş məzmun daşıyır. Bu siyasət Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr sistemində rolunun gücləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə və qlobal təchizat zəncirlərində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində özünü qabarıq nəzərə çarpdırır.
Bu strategiyanın əsasını 3 mühüm amil – müasir fiziki infrastruktur, qonşu və tərəfdaş ölkələrlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq, investorlar üçün şəffaf və proqnozlaşdırıla bilən biznes mühiti təşkil edir. Azərbaycanın 2026-cı ildə tranzit daşımalarının həcmini 16 milyon tona çatdırmaq, 2030-cu ilədək isə bu göstəricini 25 milyon tona və daha yüksək səviyyəyə yüksəltmək hədəfi isə ölkənin qarşısında yeni inkişaf mərhələsi açır. Bu hədəfin reallaşması nəqliyyat sisteminin bütün komponentlərinin uzlaşdırılmış fəaliyyətini, beynəlxalq marşrutların rəqabət qabiliyyətinin artırılmasını və logistika xidmətlərinin keyfiyyətinin yüksəldilməsini tələb edir.
İqtisadçı-ekspert Asif Həsənovun fikrincə, Azərbaycanın tranzit siyasəti dəyişən geosiyasi şəraitdən asılı olmayaraq uzunmüddətli iqtisadi səmərəliliyə əsaslanmalıdır. Prezident İlham Əliyevin çıxışlarının birində xüsusi vurğuladığı bu prinsip ölkəmizin nəqliyyat strategiyasının davamlı xarakterini ifadə edir.
Müsahibimiz bildirdi ki, bu gün Azərbaycan təkcə Şərqlə Qərbi və Şimalla Cənubu birləşdirən coğrafi məkan deyil. Ölkəmiz həmin istiqamətlər arasında iqtisadi əlaqələrin qurulmasına, yük axınlarının təşkili və şaxələndirilməsinə, regional əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən mühüm tranzit və logistika mərkəzi kimi formalaşır.
Qlobal ticarətin yeni arxitekturasında etibarlı marşrutlara, dayanıqlı təchizat zəncirlərinə və proqnozlaşdırıla bilən tərəfdaşlığa ehtiyac artdıqca Azərbaycanın bu sistemdəki rolu da yeni məzmun qazanır. Qarşıdakı illərdə əsas vəzifə əldə edilmiş imkanları daha yüksək iqtisadi nəticələrə çevirmək, tranzit gəlirlərini genişləndirmək və nəqliyyat-logistika sektorunu qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə yüksəltməkdir.
Beləliklə, Azərbaycanın tranzit xəritəsində mövqeyinin güclənməsi təkcə nəqliyyat sahəsinin inkişafı deyil, həm də ölkənin iqtisadi təhlükəsizliyinin, beynəlxalq bağlantılarının və uzunmüddətli inkişaf perspektivlərinin möhkəmləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Oktyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















