Icma.az
close
up
RU
Azərbaycanın yeni Deflimpiya dövrü

Azərbaycanın yeni Deflimpiya dövrü

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın yeni Deflimpiya dövrü

Medianın İnkişafı Agentliyinin layihəsi

Bir çoxları üçün tanış olmayan Deflimpiya, əslində, Olimpiya Oyunlarından sonra dünyanın ən qədim ikinci multi-idman tədbiridir və 100 illik zəngin tarixə malik hərəkatdır. Bu hərəkat eşitmə məhdudiyyətli idmançıların potensialını üzə çıxaran, onların cəmiyyətə inteqrasiyasını gücləndirən mühüm sosial missiya daşıyır. Azərbaycan isə qısa müddətdə bu sahədə sistemli addımlar ataraq beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib və ilk Deflimpiya medalını qazanaraq yeni səhifə açıb. Bu yazıda həm qlobal tarixin əsas dönüm nöqtələri, həm də ölkəmizin bu sahədə inkişaf yolu təhlil olunur.
 
Deflimpiya hərəkatının tarixi və əhəmiyyəti

Deflimpiya beynəlxalq idman hərəkatıdır və onun iştirakçıları hər iki qulaqda ən azı 55 dB eşitmə itkisi olan şəxslərdir. Hərəkatın əsasını fransalı Eujen Rubens-Alçais və belçikalı Antoin Dresse qoymuşdular. Onların təşəbbüsü ilə 1924-cü ildə Parisdə doqquz Avropa ölkəsinin idmançılarının iştirakı ilə keçirilmiş “Beynəlxalq Səssiz Oyunlar” hərəkatın başlanğıcı oldu. Bu yarışlardan sonra Beynəlxalq Səssiz İdman Komitəsi (CISS) təsis edildi, daha sonra isə təşkilatın adı dəyişdirilərək Beynəlxalq Karlar İdman Komitəsi (ICSD) adlandırıldı. Hazırda ICSD-də 120-ə yaxın ölkə təmsil olunur.
Deflimpiya, Olimpiya Oyunlarından sonra dünyanın ikinci ən qədim beynəlxalq multi-idman tədbiri sayılır. Hərəkatın Yay Deflimpiya Oyunlarının proqramına 21, Qış Deflimpiya Oyunlarının proqramına isə 6 idman növü daxildir. İndiyədək 25 Yay və 18 Qış Deflimpiya Oyunları təşkil olunub.
Azərbaycanda Deflimpiyanın formalaşması və inkişafı
Azərbaycanda Deflimpiya hərəkatının hüquqi bazası “Bədən Tərbiyəsi və İdman haqqında” Qanunda təsbit olunub. Qanuna əsasən, Olimpiya, Paralimpiya və Xüsusi Olimpiya komitələri ilə yanaşı, Deflimpiya Komitəsi də eşitmə məhdudiyyətli şəxslər arasında idmanın təşviqi, inkişafı və onların beynəlxalq arenada təmsil olunması səlahiyyətinə malik subyekt kimi müəyyən olunub.

 
Bu sahənin institusional inkişafını təmin etmək məqsədilə 13 oktyabr 2023-cü il tarixində Azərbaycan Deflimpiya Komitəsi təsis edildi və bu, hərəkatın ölkəmizdə təşkilati əsasının formalaşmasında mühüm mərhələ oldu. Komitənin yaradılmasından sonra Beynəlxalq Karlar İdman Komitəsi (ICSD) və Avropa Karlar İdman Təşkilatı (EDSO) ilə üzvlüklə bağlı rəsmi danışıqlara start verildi. 2025-ci ilin aprel ayında ICSD prezidenti Adam Kosa və EDSO prezidenti Iosif Stavrakakis ölkəmizə səfər etdilər, dövlət qurumları, idman təşkilatları və eşitmə məhdudiyyətli idmançılarla görüşdülər, Komitənin fəaliyyəti və dövlət tərəfindən göstərilən dəstəklə tanış oldular.
Səfərin nəticəsi olaraq 1 may 2025-ci ildə ICSD və EDSO tərəfindən Azərbaycan Deflimpiya Komitəsi şərti üzv statusu aldı. Bu status ölkəmizin eşitmə qabiliyyəti məhdud olan idmançılarının Deflimpiya Oyunları da daxil olmaqla təşkilatın bütün beynəlxalq idman tədbirlərində iştirakını təmin etdi.
Bu ərəfədə Komitənin dəstəyi ilə idmançılarımız təcrübə toplamaq məqsədilə müxtəlif beynəlxalq idman tədbirlərinə ezam edilmişdirlər. Məsələn, 2024-cü ilin iyul ayında karateçilərimiz Rusiyanın, Soçi şəhərində keçirilmiş “Russia Open” beynəlxalq turnirində; 2025-ci ilin yanvar ayında atıçımız Almaniyanın Munhen şəhərində keçirilmiş “H&N Cup 2025” beynəlxalq turnirində; karateçilərimiz 2025-ci ilin iyun ayında Moldovanın Kişinyov şəhərində keçirilmiş “Chisinau Karate Open Grand Prix” açıq beynəlxalq turnirində; şahmatçılarımız 2025-ci ilin sentyabr ayında Özbəkistanın Daşkənd şəhərində keçirilən “13-cü İCCD Açıq Beynəlxalq Karlar Şahmat Turniri”-də iştirak edərək müxtəlif uğurlar əldə etmişdirlər. Bununla bərabər Komitə müxtəlif idman növləri üzrə idmançılarımıza həm paytaxta həm də reqionlarımızda təlim-məşq toplantıları təşkil etmişdir.
Bu inkişaf xəttinin məntiqi davamı kimi 2025-ci ildə Azərbaycan ilk dəfə XXV Yay Deflimpiya Oyunlarında 6 idman növü üzrə 20 idmançı (5 qadın idmançı olmaqla) ilə iştirak etdi. Bu Oyunlar ölkəmiz üçün tarixi nəticə ilə yadda qaldı. -60 kq çəki dərəcəsində çıxış edən cüdoçu Coşqun Əliyev Azərbaycan idman tarixinin ilk Deflimpiya medalını — gümüş medalı — qazandı.


Nəhayət, 29–30 noyabr 2025-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən ICSD-nin 52-ci Konqresində Azərbaycan Deflimpiya Komitəsi ümumi səsvermə ilə tamhüquqlu üzv statusu əldə etdi. Bu status Komitənin beynəlxalq aləmdə rəsmi tanınmasının tamamlanması, ölkəmizin Deflimpiya ailəsində möhkəm yer tutması və gələcəkdə daha geniş imkanlara malik olması baxımından hərəkatın ən mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.
Bütün bu mərhələlər — Komitənin təsis edilməsi, beynəlxalq təşkilatlar tərəfindən şərti üzvlük, ilk Deflimpiya medalının qazanılması və tamhüquqlu üzvlük — Azərbaycanda Deflimpiya hərəkatının qısa müddətdə sistemli şəkildə formalaşmasının və sürətli inkişafının əsas həlledici mərhələləri olmuşdur.
Tokio XXV Yay Deflimpiya Oyunları: Azərbaycan komandası üçün tarixi iştirak
Tokioda keçirilmiş XXV Yay Deflimpiya Oyunlarının açılış mərasimi Tokio şəhərinin Metropolitan Gymnasium arenasında keçirilmişdir. Tədbirin açılış mərasimində Yaponiyanın imperator ailəsinin üzvü, vəliəhd Şahzadə Akishino, Baş nazir Takaichi Sanae və digər rəsmilər açılış nitqi ilə çıxış etmişdirlər.
Yaponiyanın paytaxtı Tokioda keçirilmiş XXV Yay Deflimpiya Oyunları miqyası, təşkilatçılığı və idman mübarizəsinin səviyyəsi ilə yadda qalan möhtəşəm tədbir oldu. Təxminən 80 ölkə, eləcə də Qaçqınlar Komandası və Neytral İndividual Kar İdmançı Komandası olmaqla ümumilikdə 3000-ə yaxın idmançı və təqribən eyni sayda rəsmi şəxslər iştirak etdi.
Azərbaycan komandası üçün bu Oyunlar xüsusilə əlamətdar oldu. İdmançılarımız ilk dəfə belə irimiqyaslı yarışlarda 6 idman növü üzrə ölkəmizi təmsil etdilər və hər biri meydanda əzmkarlıq, iradə və rəqabətqabiliyyət nümayiş etdirdi. Komandamızın bəzi üzvləri gənc yaşda olmalarına və ilk beynəlxalq təcrübələrini qazanmalarına baxmayaraq, yüksək səviyyəli rəqiblərə qarşı sonadək əzmlə mübarizə apardılar. Medala yaxın nəticələr olsa da, Azərbaycan bir gümüş medalla Oyunları tamamladı.

 
Cüdoçu Coşqun Əliyevin qazanmış olduğu bu tarixi gümüş medal yalnız komandamız üçün deyil, bütövlükdə Azərbaycan idman tarixi üçün dönüş nöqtəsi sayılır. Bu nailiyyət komanda yoldaşları üçün motivasiya mənbəyinə çevrilməklə yanaşı, ölkəmizdə eşitmə məhdudiyyətli digər vətəndaşların idmana cəlb edilməsinə güclü stimul yaradacaq.
Deflimpiya hərəkatının ictimaiyyətə tanıdılması
Bu gün cəmiyyətdə Deflimpiya hərəkatı və eşitmə məhdudiyyətli idmançıların fəaliyyəti barədə məlumatlılıq müəyyən qədər mövcuddur, lakin hələ də geniş ictimaiyyət arasında bu sahənin tanıdılması üzərində sistemli şəkildə işləməyə ehtiyac var. Azərbaycan Deflimpiya Komitəsi məhz bu məqsədlə müxtəlif istiqamətlər üzrə maarifləndirmə tədbirləri həyata keçirir.
Komitə kütləvi informasiya vasitələrinin — televiziya kanallarının, onlayn media resurslarının, həmçinin sosial şəbəkə platformalarının imkanlarından geniş istifadə etməklə Deflimpiya hərəkatı haqqında informasiyanın artmasına çalışır. Bundan əlavə, eşitmə məhdudiyyətli şəxslərlə çalışan ictimai birliklərlə əməkdaşlığı genişləndirməklə, müxtəlif təşkilatlarla imzalanmış Anlaşma Memorandumları çərçivəsində həmin qurumların resursları vasitəsilə məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində addımlar atılır.
Komitənin nümayəndələri həmçinin eşitmə məhdudiyyətli uşaqlar və yeniyetmələr üçün fəaliyyət göstərən təhsil müəssisələrində mütəmadi maarifləndirici görüşlər keçirirlər. Bu görüşlər zamanı şagirdlər, valideynlər və müəllim heyəti həm idmanın sağlamlıq və inkişaf baxımından üstünlükləri haqqında məlumatlandırılır, həm də idmana qoşulmaq istəyən gənclərə fərdi dəstək göstərilir.
Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Nazirliyin tabeçiliyindəki reabilitasiya mərkəzlərində geniş maarifləndirmə işləri aparılır. Bu xətt üzrə fəaliyyət əhali arasında Deflimpiya hərəkatı haqqında məlumatlılığın artmasına və idman vasitəsilə sosial inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
 

Deflimpiya hərəkatının inkişafında mövcud olan çətinliklər
Deflimpiya hərəkatının inkişafında mövcud olan əsas çətinliklər bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, eşitmə məhdudiyyətli şəxslər və onların valideynləri bəzi hallarda bu vəziyyətin ictimailəşdirilməsindən çəkinir, daha qapalı həyat tərzinə üstünlük verirlər. Bu isə kütləviliyin təmin edilməsinə ciddi təsir göstərir. Beləliklə, potensial istedadların aşkara çıxarılması və idmana cəlb olunması prosesində müəyyən boşluqlar yaranır. Hazırda əsas məqsədlərdən biri məhz bu yanaşmanı dəyişmək, idmanın həmin kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən təsirli vasitələrdən biri olduğunu geniş auditoriyaya çatdırmaqdır.
Bu istiqamətdə Komitə ölkənin tanınmış idman simaları ilə birgə xüsusi internat məktəblərində görüşlər keçirir. Bu görüşlərdə azyaşlılara və gənclərə Deflimpiya hərəkatı, mövcud imkanlar və idmanın onların həyatına verə biləcəyi müsbət təsirlər barədə ətraflı məlumat verilir, idmana marağın artırılmasına çalışılır. Bu məqsədlə Komitə yaxın gələcəkdə internat məktəblərində idman zallarının yaradılması və ya mövcud zalların bərpa olunması istiqamətində fəaliyyət planı hazırlayıb. Paytaxtda aparılan işlərlə yanaşı, Komitə regionlarda yaşayan eşitmə məhdudiyyətli idman həvəskarlarının siyahısını formalaşdırır və onlarlın idmana çəlb edilməsi istiqamətində görüşlərin keçirilməsini planlaşdırır.
Digər təbii çətinlik isə məşqçi və texniki heyətin jest dilini bilməməsidir. Bu, idmançılarla səmərəli ünsiyyətin qurulmasını çətinləşdirir. Problemin həlli üçün Komitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə onların tabeliyində olan məkanlarda təmannasız jest dili kursları təşkil edir və müvafiq heyətə jest dilinin əsas biliklərini öyrədir.
Deflimpiyanın inkişafında dövlət dəstəyinin rolu
Deflimpiya idmanının ölkəmizdə inkişafı üçün ilk və ən vacib amil dövlət dəstəyidir. Bu sahə cəmiyyət üçün nisbətən yeni olduğundan dövlətin institusional və maliyyə dəstəyi xüsusi əhəmiyyət daşıyır. Məhz göstərilən dəstək nəticəsində Komitə beynəlxalq qurumlara üzv qəbul edildi, Deflimpiya Oyunlarında iştirak hüququ qazandı və 101 illik Deflimpiya tarixində ilk medalımızı əldə etdi.

Bununla yanaşı, Komitənin bir sıra idman federasiyaları ilə rəsmi əməkdaşlıq münasibətlərinin qurulması və bu əlaqələrin daha da gücləndirilməsi, habelə yeni federasiyalarla tərəfdaşlığın yaradılması Deflimpiya idman növlərinin ölkədə inkişafına mühüm töhfə verəcək. Bu əməkdaşlıq həm kadr hazırlığına, həm təlim-məşq bazalarının səmərəli istifadəsinə, həm də yeni nailiyyətlərin əldə olunmasına şərait yaradacaqdır.

Cəmiyyət eşitmə məhdudiyyətli şəxsləri Komitəyə yönləndirərək onların idmana cəlb olunmasına dəstək göstərsə, yeni istedadların üzə çıxmasına və Deflimpiya hərəkatının genişlənməsinə töhfə verə bilər.
Deflimpiyanın gələcək perspektivləri
Deflimpiya idmanının ölkəmizdə inkişaf perspektivləri olduqca ümidvericidir. Dövlətimizin dəstəyi nəticəsində Tokio Oyunlarında yığma komandamızın iştirakı, cüdoçumuz Coşqun Əliyevin tarixi medal qazanması və Komitənin həyata keçirdiyi ardıcıl fəaliyyət bu sahəyə marağı artırır və gələcək inkişaf üçün zəmin yaradır. Görülən işlər və yaxın dövrdə nəzərdə tutulan layihələr Deflimpiya hərəkatının ölkəmizdə daha geniş vüsət almasına mühüm töhfə verəcək.
Gələcək strategiyanın əsas hədəfi həm paytaxtda, həm də regionlarda azyaşlı və gənc eşitmə məhdudiyyətli vətəndaşların idmana kütləvi şəkildə cəlb edilməsidir. Bu məqsədlə onlara əlçatan idman infrastrukturu ilə təmin etmək, peşəkarlıq səviyyələrinin artırılması üçün planlı hazırlıq prosesləri təşkil etmək və beynəlxalq yarışlarda iştiraklarını dəstəkləmək prioritet istiqamətlər kimi müəyyən olunub.
Strateji baxış ondan ibarətdir ki, Deflimpiya idmanı yalnız yarış fəaliyyəti kimi deyil, həm də eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, özünəinamının güclənməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm sosial missiya daşıyır. Bu yanaşma gələcəkdə daha geniş kontingentin idmana cəlb edilməsinə və yeni nəsil Deflimpiya idmançılarının yetişməsinə zəmin yaradacaqdır.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see236

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri