Bahar ruhlu şəxsiyyət Şıxəli Qurbanov
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dilarə ADİLGİL
Əbədi gedişindən 60 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Şıxəli Qurbanov deyəndə bu gün də hər kəsin (hətta yeni nəsil ortastatistik azərbaycanlının belə) yadına ilk növbədə Novruz bayramı, "Sənsiz" dramı və onun müəllifinin müəmmalı ölümü düşür...
Şıxəli Qurbanovun adını ilk dəfə nə vaxt eşitmişəm? Məktəbə gedən gündən. 10 il təhsil aldığım 18 nömrəli məktəb bu şəxsiyyətin adı verilən küçədə yerləşirdi. Şəhərin mərkəzi... Get-gəlin üstü. Sağda "Azad qadın", solda Akademik Dram Teatrı. Öndə isə yazıçının böyüyüb boya-başa çatdığı məhəllə.
Hər şey nəzərə alınıb, düşünülüb...
Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqustun 16-da Bakıda fəhlə ailəsində anadan olmuşdu. Əsli-nəsli Bakının Novxanı-Kürdəxanı kəndlərindən idi. Yazıçı özü tərcümeyi-halında yazıb: "15 yaşına çatan kimi işləməyə getdim. Bacarırdım da. Harda mümkün oldu, işləyirdim".
Orta məktəbi bitirəndən sonra yaşı çatmasa da, xeyli canatmadan, hərbi komissarlığa get-gəldən sonra, nəhayət, cəbhə xəttinə düşə bilir. Halbuki boyu o vaxtlar elə tüfənglə bir imiş. Cəbhə xatirələrini, orada qəhrəmanlıq arzusu ilə yaşadığı kədərli və məzəli macəraları "Həyatımdan səhifələr" adı ilə qələmə almışdı.
Müharibədən döndükdən sonra o vaxtın "Lenin adına APİ"də təhsilini davam etdirir, daha sonra aspiranturaya daxil olub "Puşkin və Azərbaycan poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. S.Ə.Şirvanidən başlayaraq, Puşkin haqqında söz deyən, onu dilimizdə danışdıran ziyalılarımızın - Firudin bəy Köçərlinin, Rəşid bəy Əfəndiyevin, Abbas Səhhətin, Səməd Vurğunun yaradıcılığını bu istiqamətdə geniş araşdırmış, nümunələrlə, müqayisələrlə zəngin bir tədqiqat işi ortaya qoymuşdu. A.Səhhətin çevirmələrinə xüsusilə diqqət çəkmiş, "Qafqaz" şeirinin azərbaycancasını müdhiş bir tərcümə hesab etmişdi. Doktorluq dissertasiyasını "XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri" mövzusunda yazaraq müdafiə etmişdi.
Ş.Qurbanovun ədəbi irsi geniş spektrli, çoxşaxəlidir. Silsilə hekayələr, publisistik məqalələr, gözəl şeirlər müəllifidir. Şeirlərini müxtəlif imzalarla yazıb: Şıxəli Qurbanzadə, Şıxəli Sadiq...
Yaradıcılıqda satiraya böyük önəm verir, ondan bir silah kimi istifadə edirdi. Gülüşlə islahın yolunu tutmuşdu. Çünki onun gücünə inanırdı. Əsərlərində sovet quruluşunun əsas hədəfləri - karyeristlik, məmur özbaşınalığı, süründürməçilik, rüşvətxorluq tənqid olunurdu. "Telefon zəngi" adlı satirik şeiri və "Telefon zəngləri" adında ilk hekayəsi üslub fərqliliyi ilə seçilir. "Telefon zəngləri" 1963-cü ildə "Kirpi" satirik-karikatura jurnalında çap olunmuşdu. 60-cı illərin telefonsuzluğu bu gün təbəssüm doğursa da, telefon şəraitsizliyi zamanında çox problemlər yaradırdı.
Satira tək cəmiyyətin deyil, məişətin də eybəcərliklərini ifşa edirdi:
Allah heç kəsə göstərməsin
Xəsis evində qonaq olmağı.
Belə hallarda
İsməti olanlar həyadan yeyir,
Həyasız mayadan yeyir.
Xəsis xəsisə rast gələndə
Elə bil daş qayaya rast gəlir.
Ş.Qurbanov həm də gözəl lirik şeirlər müəllifidir. Şövkət Ələkbərovanın oxuduğu məşhur mahnının sözləri onundur:
Uca dağlar qatar-qatar
Dörd dövrənə çəkib hasar.
Nə gəzməli oylağın var...
Addım-addım, qədəm-qədəm
Dağlarını çox gəzmişəm...
Dayanıb bir dağ təki
Dağlar qoynunda Şəki!
Ş.Qurbanov 7 pyes, libretto yazmışdı. Ən məşhur pyesi "Milyonçunun dilənçi oğlu"dur. Əsəri səhnə üçün Şəmsi Bədəlbəyli hazırlamışdı. 1967-ci ildə Üzeyir Hacıbəyov adına Mükafata layiq görülən bu tamaşa (Ş.Qurbanov bu mükafatı ilk alanlardan idi) 2008-ci ildə, uzun illər onun öz adını daşımış Musiqili Komediya Teatrında yenidən səhnəyə qoyulmuşdu. Zamanında onun pyeslərinə görkəmli rejissorlar səhnə ömrü veriblər, zamanla da bu ömür uzadılıb. Sonradan Azərbaycan teatrının parlaq ulduzlarına çevrilən aktyor və aktrisalar Ş.Qurbanovun əsərlərində püxtələşiblər. "Rəis məşğuldur", "Əcəb işə düşdük", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Sevindik qız axtarır" pyesləri belə əsərlərdəndir.
Daim fəal milli mövqe nümayiş etdirməsi ilə seçilən Ş.Qurbanov birinci dəfə vəzifəsindən elə milliliyinə, vətənpərvərliyinə və cəsarətinə görə uzaqlaşdırılmışdı. "Azərbaycan Kommunist Partiyasının Tarixi" kitabında Şaumyanın adının 140, N.Nərimanovun isə 400 dəfə çəkilməsi kimi gülünc ittihama görə ermənilərin havadarı olan Sov.İKP funksionerlərinin qəzəbinə tuş gəlmişdi. Azərbaycan MK-da şöbə müdiri işləyən Ş.Qurbanov bu iddiaya belə məntiqli cavab vermişdi: "Biz Azərbaycan tarixini hər halda sizlərə nisbətən daha yaxşı bilirik. İcazə verin biz öz təşkilatımızın tarixini özümüz və bildiyimiz kimi yazaq".
Onun son "nəğmə"si "Sənsiz" dramı olub .Lakin premyeraqabağı, "pərdələr açılmaq ərəfəsində" anlaşılmaz faciə baş verir: Şıxəli Qurbanovun fiziki ömrü qəfil bitir...
Kimin sözüdür, unutmuşam: "Pərdələr qalxar, pərdələr enər, Əzrayıla "xoş gəldin" demək də bir hünər..."
"Sənsiz" əsəri Stalin repressiyalarına - onun əzmək, zülm etmək, susdurmaq metodlarının faciəvi nəticələrinə həsr edilib. Qeyd etmək lazımdır ki, "Sənsiz" bu mövzu ilə səhnəyə çıxan ilk əsər idi. Kameral səhnə üçün yazılmış bu dram həssas mövzusu, ağrılı süjeti ilə yanaşı, dar məkan, az personaj, dərin psixoloji dialoqları ilə bütöv bir səhnə hadisəsi idi. Tamaşanın anonsu getmişdi, ədəbi ictimaiyyət, teatr cameəsi, teatrallar möhtəşəm bir premyeraya hazırlaşırdı. Əsərin adı mistik məna kəsb edərək tamaşaçını elə Onsuz - Şıxəlisiz qoyur. "Sənsiz"in premyerası 1967-ci il iyunun 2-də, müəllifin vəfatından 1 həftə sonra Akademik Dram Teatrında baş tutur. Müəllifin dünyadan qəfil, gözlənilməz gedişi premyeranın möhtəşəmliyinə bir nisgil, ağır kədər qatmışdı. Tamaşadan sonra bütün zal, truppa mərhum dramaturqu yarım saat göz yaşları içərisində ayaq üstdə alqışladı. Teatrımız bu faciəni böyük Cəfər Cabbarlıdan sonra ikinci dəfə yaşayırdı...
Ş.Qurbanov "Bahar adam", "Bahar oğlu" idi. Öz sevimli baharına "Sənsiz"də də yer vermişdi. Tərlanın monoloqunda baharı həm də nicat, ümid kimi dinləyirik: "Yenə də bahar gəlir. Ömrümün qırx beşinci baharı. Bahar! Mən sənin gülüşünü gülər üzlə qarşılamalıyam. Həyatımın ən çətin çağlarında belə! Sənin necə də yumşaq, ilıq nəfəsin var. Ucsuz-bucaqsız çölləri, meşələri ağ qar örtüyü bürüyəndə, şaxta iliklərimə işləyəndə mən səni gözləmişəm, sənin gəlişinə inamımı itirməmişəm".
1967-ci ilə qədər "Novruz" sanki qorxulu bir söz kimi yasaq olunmuşdu. Halbuki hamı evində Novruzu bütün ritualları ilə bayram edirdi. Lakin "yeni gün"ün süfrə başından qalxıb küçələrə, meydanlara, xalq içinə ayaq açması məhz Şıxəli Qurbanovun adı (və canı ilə) bağlıdır...
Mərkəzi Komitənin katibi, Ali Sovetin neçə çağırış deputatı kimi nüfuzundan istifadə edən Ş.Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə ilk dəfə Azərbaycanda Novruz bayramının təntənə ilə keçirilməsinə müvəffəq oldu. Özü də yüksək səviyyədə. İlk təcrübə olmasına rəğmən. Bəzi cılız güzəştlərə də getdi. Məsələn, yadelli element olan Qarqıza bənzər "Bahar qız" obrazının pərçim edilməsi tələbinə də dözdü. Novruzun adını özünə, bayramı xalqa qaytardı.
Bu bayram təntənəsindən sonra Ş.Qurbanov Moskvaya Novruzun dini deyil, milli bayram olduğunu sübuta yetirən 22 səhifədən ibarət izahat yazmış və buna Kremlin ideoloji katibi Suslovu inandıra bilmişdi. Sonra da arxayınlıqla demişdi: "Novruz pasport aldı". Bu gün Şıxəlinin ruhu şaddır, onun sevimli Novruzunun "pasport"u YUNESKO-nun qeyri-maddi irs siyahısında qeydiyyatdan keçib.
Şıxəlinin özü də, ömrü də elə Novruz bayramı, onun atributları ilə assosiasiya olunur, özünü yandırıb ətrafı nura qərq edən şam ilə. O bu bayramdan sonra cəmi 2 ay yaşadı...
Azərbaycan Jurnalistlər İttifaqının da yaradıcısı məhz Ş.Qurbanov olub. Onun xalq qarşısında mənəvi xidmətlərindən biri də, böyük maarifçi və pedaqoq Həsən bəy Zərdabinin nəşinin qalıqlarının tapılıb Fəxri xiyabanda torpağa tapşırılmasına nail olmasıdır.
Rəsmi vəzifələrinə rəğmən, Ş.Qurbanov birinci növbədə yazıçı idi... Sosializm ideologiyası dövründə tərbiyə alıb yüksəlsə də, onda partiya nomenklaturasına xas quruluqdan əsər-əlamət yox idi.
Şıxəli Qurbanovun yaradıcılığı haqqında görkəmli ədəbiyyatşünaslar dəyərli sözlər deyiblər. İosif Braqinski, Abbas Zamanov, Bəkir Nəbiyev, Yaşar Qarayev və başqaları onun yaradıcılığını yüksək qiymətləndiriblər.
Akademik Azad Mirzəcanzadə deyirdi: "Vətənpərvər olmağı mən Ş.Qurbanovdan öyrənmişəm. O, ölümündən sonra da simasını itirməyən bir insan idi".
Bəstəkar Tofiq Quliyev xatirələrində yazırdı: "Onun cəsarəti və xeyirxahlığı sərhəd tanımırdı".
Müdriklərdən kimsə deyib ki, ölüm son məntəqə deyil, sadəcə bir otaqdan digərinə keçiddir. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov yazırdı: "Dostum Şıxəli Qurbanovu nisgilli-nisgilli yada salıb haqqında yazmaq istəyəndə elə bil kimsə təkidlə mənə gözləmədiyim bir sual verdi: Həyatdan çox tez getmiş o mərhum, fikrinizcə, necə adam idi - xoşbəxt, ya bədbəxt?" Bu sətirləri oxuyanda diksindim... Bu, mənim sualım idi. O "kimsə" də yəqin ki, özüm olmuşam... Yaxın, ya uzaq, rəhmətə gedən olanda həmişə mərhumu, onun necə bir ömür yaşamasını düşünürəm. Əgər tərəzinin "xoşbəxt" gözü ağır gəlirsə, bunu rəhmətliyin ruhuna, yaxınlarına bir təsəlli hesab edirəm. Burada isə təsəlli tək evə deyil, elədir. Şıxəli Qurbanov parlaq bir ömür yaşamışdır. Onun həyatı - Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti tarixində öz izini qoyan, milli şüurun oyanmasında müstəsna rol oynayan, ziya yayan, azərbaycançılıq ideyaları ilə alışıb-yanan, özünü xalq üçün Novruz şamları kimi əridən bir insanın, vətəndaşın, alimin, liderin nümunə ömrüdür. O, bu gün də sıralarımızdadır, bizimlədir. Sanki "harasa gedib... Bəlkə "Sənsiz" tamaşasına baxmağa, bəlkə Səməd Vurğunun yanına"... (Qəşəm Nəcəfzadə)
Ş.Qurbanovun "Sənsiz"i dövrünün yüksək təltifinə layiq görüldü.
Fəxri xiyabanda onun "başının üstündə Səməd Vurğun dayanıb".
Şıxəli Qurbanovun yaşı yoxdur... Novruz bayramı kimi!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Oktyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















