Bakı ilə sülh, Moskva ilə balans
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İndi Ermənistanın seçim üçün alternativləri var
Cənubi Qafqazda baş verən siyasi dəyişiklikləri yalnız Bakı–İrəvan münasibətləri ilə izah etmək düzgün olmaz. Azərbaycanla Ermənistan arasında formalaşan sülh gündəliyi iki ölkənin münasibətlərini dəyişməklə yanaşı, Ermənistanın xarici siyasətinə, xüsusilə Rusiya ilə münasibətlərinin gələcəyinə də təsir edir. Burada əsas məsələ Rusiyanın Ermənistandan çıxarılması deyil. Daha vacib olan odur ki, İrəvan artıq Moskva qarşısında əvvəlki kimi alternativsiz deyil.
Uzun illər Ermənistanın Rusiya ilə hərbi-siyasi bağlılığının əsas dayaqlarından biri Azərbaycan və Türkiyə ilə qarşıdurma olub. İrəvan öz təhlükəsizlik modelini böyük ölçüdə bu təhlükə üzərində qurub. Rusiyanın hərbi-siyasi imkanlarını isə həmin təhlükəyə qarşı təminat sayıb. Gümrüdəki Rusiya hərbi bazası, KTMT üzvlüyü, sərhədlərdə rusiyalı sərhədçilərin mövcudluğu, enerji və nəqliyyat sektorlarında Rusiya şirkətlərinin iştirakı bu modelin əsas elementləri idi.
İndi isə həmin sistemin ayrı-ayrı dayaqları dəyişir. Ermənistanın KTMT-də iştirakını dondurması bunun siyasi baxımdan ən aydın göstəricilərindən biridir. Moskva ilə İrəvan arasında siyasi fikir ayrılıqları və qarşılıqlı narazılıqlar da əvvəlki “strateji müttəfiqlik” ritorikasından kənara çıxıb. Lakin bunu Rusiyadan tam qopma kimi təqdim etmək doğru olmaz. Rusiya hələ də Ermənistanın mühüm iqtisadi və enerji tərəfdaşıdır, strateji infrastrukturlarda ciddi mövqelərə malikdir və Gümrüdəki hərbi bazası fəaliyyətini davam etdirir.
Politoloq Fərhad Məmmədovun məsələyə yanaşmasının əsas məğzi də bu fərq üzərində qurulur. Onun fikrincə, Azərbaycan Rusiyanı Ermənistandan çıxarmır. Azərbaycanla sülh Ermənistanın suverenlik və manevr imkanlarını genişləndirir. Müəllif hesab edir ki, yaranan yeni reallıq İrəvana Moskva ilə münasibətlərini əvvəlki kimi deyil, daha çox öz maraqları və seçimləri əsasında qurmaq imkanı verir.
Əslində, bu dəyişikliklərin mərkəzində Azərbaycanla sülh gündəliyi dayanır. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdıqca, İrəvanın təhlükəsizlik hesablamalarında Moskvanın əvvəlki rolu da dəyişir. Çünki Azərbaycan və Türkiyə ilə qarşıdurma zəiflədikcə, Rusiyanın hərbi-siyasi dəstəyinə əvvəlki səviyyədə ehtiyac qalmır.
Bu prosesin iqtisadi tərəfi isə bəlkə də siyasi nəticələr qədər əhəmiyyətlidir. Azərbaycanın Ermənistana müəyyən məhsullar, o cümlədən yanacaq tədarük etməsi yeni münasibətlərin simvolik göstəricisinə çevrilib. Bir neçə il əvvəl iki ölkə arasında belə bir iqtisadi əlaqə təsəvvürə gəlməzdi. İndi isə bu, artıq mümkün əməkdaşlıq formatıdır. Burada söhbət təkcə yanacaqdan getmir. Ermənistan üçün Rusiyadan başqa enerji mənbəyinin meydana çıxması alternativ deməkdir. Alternativ yaranan yerdə isə asılılıq azalır. Əgər bu əməkdaşlıq gələcəkdə enerji sektorunun digər istiqamətlərinə də yayılsa, İrəvanın seçim imkanları daha da genişlənəcək. Eyni məntiq nəqliyyat sahəsində də özünü göstərir. TRIPP layihəsi yalnız Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən marşrut deyil. Layihənin reallaşması Ermənistanı Şərq–Qərb nəqliyyat axınlarının bir hissəsinə çevirə, ölkəyə tranzit gəlirləri gətirə və onun regional geosiyasi əhəmiyyətini artıra bilər. Fərhad Məmmədov da son təhlillərində TRIPP-in artıq konkret məzmun qazandığını və daha geniş regional əməkdaşlıq çərçivəsinin əsas elementlərindən birinə çevrildiyini vurğulayır.
Bu, Ermənistan üçün ciddi dəyişiklik olardı. Uzun illər Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlılığı ölkəni regional nəqliyyat layihələrindən kənarda saxlayıb. Coğrafi baxımdan regionun mərkəzində yerləşən Ermənistan bu mövqeyindən tam istifadə edə bilməyib. Kommunikasiyaların açılması isə həmin coğrafiyanı problemdən üstünlüyə çevirə bilər.
Burada Rusiyanın maraqlarına toxunan başqa bir məqam da var. Ermənistanın dəmir yolu sistemi uzun müddətdir Rusiya ilə sıx bağlıdır. Yeni nəqliyyat marşrutlarının yaranması isə İrəvanı infrastruktura nəzarət, idarəetmə və nəqliyyat siyasəti məsələlərinə daha ciddi yanaşmağa vadar edəcək. Ermənistan regional tranzit imkanlarından maksimum yararlanmaq istəyirsə, bu sahədə öz rolunu və qərarvermə imkanlarını artırmağa çalışacaq.
F.Məmmədovun yanaşmasında mühüm məqamlardan biri də odur ki, Azərbaycan–Ermənistan sülh gündəliyini yalnız ikitərəfli münasibətlərin normallaşması kimi qəbul etmək olmaz. Sülh gündəliyi artıq regionun strateji mənzərəsinin transformasiyası üçün zəmin yaradır və bu prosesin əsas istiqamətlərindən biri TRIPP-in reallaşmasıdır.
Bəli, sülh bir tərəfdən Ermənistanın təhlükəsizlik mühitini dəyişir, digər tərəfdən onun iqtisadi, enerji və nəqliyyat seçimlərini genişləndirir. Bütün bunlar İrəvana Moskva ilə münasibətlərə əvvəlki mövqedən yanaşmamaq imkanı verir. Amma burada vacib bir məqamı nəzərə almaq lazımdır: Rusiya bu prosesə kənardan baxmır. Moskvanın Ermənistan üzərində iqtisadi, enerji, nəqliyyat və siyasi rıçaqları hələ də kifayət qədər güclüdür. Buna görə yaxın perspektivdə Rusiyanın Ermənistandakı təsirinin tamamilə yox olması real görünmür. Dəyişə biləcək əsas məsələ təsirin mövcudluğu yox, onun xarakteridir.
Əvvəllər Rusiya Ermənistan üçün demək olar ki, alternativsiz təhlükəsizlik və iqtisadi tərəfdaş idi. İndi isə İrəvan həmin münasibətləri başqa tərəfdaşlarla balanslaşdırmaq imkanına malikdir. Bu səbəbdən Ermənistanın siyasətində ilk baxışda ziddiyyətli görünən iki xətt, əslində, bir-birini tamamlayır. Siyasi müstəvidə Moskva ilə məsafə artırılır, iqtisadi müstəvidə isə əlaqələrin qorunmasına çalışılır.
Bu, qopmadan çox yeni balans axtarışıdır. İrəvan bir gündə Rusiyadan imtina edə bilməz. Bunun üçün nə iqtisadi, nə enerji, nə də təhlükəsizlik baxımından yetərli imkan var.
Ancaq Ermənistan Rusiya ilə münasibətlərin ölkənin bütün digər seçimlərini müəyyənləşdirdiyi əvvəlki modeli dəyişmək istəyir. Ona görə də mümkün qədər çox alternativ yaratmağa çalışır. Bura Qərblə əlaqələr, Azərbaycanla sülh, Türkiyə ilə normallaşma, yeni enerji imkanları, regional nəqliyyat layihələri və iqtisadi əməkdaşlıq daxildir.
Politoloq F.Məmmədovun fikirlərində də bu məqam önə çıxır: sülh prosesi yalnız təhlükəsizlik məsələlərinin həlli deyil, həm də Ermənistanın iqtisadi və siyasi seçim dairəsinin genişlənməsidir. O, Azərbaycan və Ermənistan arasında formalaşan yeni münasibətlər sistemində təhlükəsizliklə yanaşı, iqtisadi əlaqələrin və cəmiyyətlərin sülh gündəliyinə hazırlanmasının da mühüm yer tutduğunu bildirir.
“Suverenliyin artması” ifadəsinin praktiki mənası məhz burada ortaya çıxır. Dövlətin real suverenliyi yalnız müstəqil siyasi qərarlar qəbul etməkdən ibarət deyil. Əgər ölkənin təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadiyyat sahələrində alternativləri yoxdursa, siyasi manevr imkanları da məhdud olur. Əksinə, tərəfdaşların, marşrutların və iqtisadi imkanların sayı artdıqca seçim imkanları genişlənir. Azərbaycanla sülh Ermənistan üçün məhz belə bir pəncərə açır.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Avqust 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















