Icma.az
close
up
RU
Bakı Tehran: Yolumuz açıq, işimiz avand olsun

Bakı Tehran: Yolumuz açıq, işimiz avand olsun

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Sabah İran Prezidenti Məsud Pezeşkian böyük heyətlə Azərbaycana rəsmi səfərə gəlir. M.Pezeşkianın Bakıya ilk rəsmi səfəri, təbii ki, təkcə Azərbaycan və İranda deyil, o cümlədən yaxın-uzaq coğrafiyada, həmçinin güc mərkəzləri tərəfindən də diqqətlə izləniləcək. Səfər barədə razılıq Prezident İlham Əliyevin martın 31-də iranlı həmkarı ilə telefon danışığı zamanı əldə edilib.

Bununla bağlı yayılan açıqlamada qeyd olunur ki, İran Prezidenti bu səfər çərçivəsində iki qonşu xalq arasında münasibətlərin perspektivi, qarşılıqlı faydalı əməkdaşlığın, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə dair səmərəli və uğurlu məsləhətləşmələrin aparılacağını bildirib.

Ortaq maraqlara söykənən maraqlar

Bu səfəri zəruri edən amillərdən biri də tərəflərin müəyyən səbəblərdən ikitərəfli münasibətlərdə yaranmış suallara tam aydınlıq gətirmələridir. Suallar isə kifayət qədərdir. Amma burada ən önəmli fakt rəsmi Tehranın həmin sualların aradan qaldırılması üçün xoş məram və siyasi iradə göstərməsidir. Bu mənada, 2025-ci ilin birinci rübünü Azərbaycan–İran münasibətləri tarixində yeni mərhələnin başlanğıcı, mühüm dəyişikliklər dövrü kimi xarakterizə etmək olar.

Doğrudan da, ikitərəfli münasibətlərin pozitiv məcrada intensivləşməsi baxımından cari ilin ilk üç ayı əlamətdar hadisələrlə zəngin oldu. Xüsusilə M.Pezeşkianın Novruz bayramı münasibətilə İlham Əliyevə göndərdiyi təbrik məktubu bu baxımdan dostluq jesti kimi qəbul edilə bilər. Məktubda İran Prezidenti 2025-ci ilin ölkələrimizin dostluq münasibətlərinə müstəsna transformasiya gətirəcəyinə, xalqlarımızın rifah və firavanlığına xidmət göstərəcəyinə ümid etdiyini bildirir. Azərbaycan lideri də ölkələrimizin ortaq dəyərləri bölüşdüyünü, son dövrlərdə Bakı ilə Tehran arasında təmasların dinamikasının artmasını müsbət hal kimi qiymətləndirib.

Dövlətimizin başçısı bu fikri ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışında davam etdirərək bildirib ki, İran Prezidentinin Azərbaycana səfəri həm ikitərəfli münasibətlərin, həm də regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq: “Bu günə qədər iki ölkənin yüksəksəviyyəli nümayəndələri qarşılıqlı səfərlər ediblər. Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.

Diplomatik yöndən deyil, adi gözlə də görünən siyasi mənzərə ondan xəbər verir ki, Bakı–Tehran əlaqələri yumşalma fazasına qədəm qoyub. Artıq iki qonşu ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələrin öz axarına düşməsi istiqamətində konkret addımlar atılır. Xüsusən də logistik fəaliyyət özünü daha qabarıq şəkildə göstərir. Şimal–Cənub dəhlizi, Araz dəhlizi və digər istiqamətlər, həmçinin Rəşt–Astara dəmir yolu xəttinin çəkilişi ilə bağlı iki ölkənin müvafiq qurumları arasında danışıqlar aparılır.

Münasibətlərin yeni məzmunu

Yuxarıda cari ilin üç ayını ikitərəfli təmasların intensiləşnmə dövrü kimi xarakterizə etdik. Həmin dövrə qısa nəzər salaraq, fevral ayında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Tehrana səfəri zamanı İİR Prezidenti Məsud Pezeşkianla, onun siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşlərini sabah reallaşacaq rəsmi səfərin preambulası adlandıra bilərik. Qarşılıqlı rəsmi təmasların yüksək səviyyəyə qalxdığını göstərən növbəti fakt Azərbaycanın Baş naziri Əli Əsədovun Tehrana səfəri və Prezident Məsud Pezeşkian tərəfindən qəbul edilməsidir. İşgüzar səfər çərçivəsində reallaşmış görüşdə Azərbaycan–İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən birgə layihələrin icrası ilə bağlı məsələlər də nəzərdən keçirilib. Yəni, iqtisadi əməkdaşlıqla bağlı irəliyə doğru real addımlar atılır. Bu ilin yanvar ayında Baş nazirin müavini Şahin Mustafayevin Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası Birgə Komissiyasının 16-cı iclasında iştirak məqsədilə İrana səfər etməsi də ikitərəfli təmasların predmetli danışıqlar müstəvisinə keçməsindən xəbər verir.

Böyük potensial

Səfər ərəfəsində hökumətin iclasında çıxış edən Prezident Məsud Pezeşkian İran və Azərbaycan xalqları arasında əlaqələrdən, ortaq tarix və mədəni dəyərlərdən danışıb, iki dövlət arasında gələcək əməkdaşlıqla bağlı pozitiv mesajlar verib. Bu barədə məlumatı yerli “İSNA” agentliyi yayıb. İran Prezidenti bildirib ki, yaxın zamanda iki dövlət arasında münasibətlər sürətlə inkişaf edəcək: “Sərhədin hər iki tərəfində yaşayan xalqların minilliklərə söykənən, dərin dostluğa əsaslanan geniş qarşılıqlı maraqları var. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda davam edən münasibətlərin bərpası prosesi nəticəsində tezliklə sürətli və əhəmiyyətli əməkdaşlığa şahidlik edəcəyik”. “Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq”. Bunu İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib. Onun sözlərinə görə, İran Prezidentinin Bakıya səfəri regional və mehriban qonşuluq münasibətlərinin yeni arxitekturasının yaradılması istiqamətində atılan mühüm addımlardan biridir.

Razılaşın ki, bunlar kifayət qədər nikbin və cəsarətli açıqlamalardır. İran Prezidenti, eyni zamanda, səfərinin iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid etdiyini bildirib: “Aparılan məsləhətləşmələr və görülən hazırlıq işləri nəzərə alınmaqla, bu səfər hökumət, özəl sektor və dövlət sektorları arasında iqtisadi, ticarət, mədəniyyət, turizm və siyasi sahələrdə əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək”.

İclasda iştirak edən nazirlər Azərbaycanla əməkdaşlığın son vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün aparılan məsləhətləşmələr barədə Prezidentə məlumat veriblər. İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən olan 110 özəl sektor təmsilçisi və iqtisadi heyətin M.Pezeşkianın səfəri ərəfəsində Azərbaycana yola düşəcəyini bildirib.

Gözləntilər özünü doğrultmalıdır

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, İranla heç bir məhdudiyyət qoyulmadan, qarşılıqlı faydalılıq prinsipi əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu münasibətlərdə ön plana çıxan əsas məqam isə etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır. Hazırda intensivləşən ikitərəfli təmasların fonunda əsas gözlənti ondan ibarətdir ki, Prezident Məsud Pezeşkian İranın Azərbaycana yönəlik siyasətinə zəruri korrektələr etməlidir. Hökumətin iclasında onun verdiyi pozitiv açıqlamalar bu gözləntilərin doğrulacağına ümidləri artırır. Əlbəttə, bir səfər, bir görüşlə hər şeyin dərhal öz axararına düşəcəyini güman etmək sadəlövhlük olardı. Axı, burada söhbət təkcə Azərbaycan–İran münasibətlərindən getmir. Bakı və Tehranın razılaşdırdıqları və müzakirələri davam edən yeni layihələr regionun bütün ölkələrinin marağındadır. Deməli, sabah Bakıda reallaşacaq liderlərin görüşünün bölgədə və ondan kənarda diqqətlə izləniləcəyi şübhəsizdir.

Azərbaycana ilk rəsmi səfərə böyük heyətlə gələcək İİR Prezidenti bu səfərini “mühüm hadisə” kimi qiymətləndirib. M.Pezeşkianın sözlərinə görə, İran Azərbaycanla əlaqələri yaxşılaşdırmaq niyyətindədir. Bu yaxşılaşma tendensiyasını zəruri edən amillərə nəzər yetirsək, ilk növbədə, cənub qonşumuzun uzun müddətdir altını çəkdiyi sanksiyalardır. Məhz bu müstəvidə yaşadığı çətinlikləri aradan qaldırmaqdan ötrü Tehranın Bakı ilə münasibətləri yumşaltmaqda maraqlı olduğunu söyləyə bilərik. Azərbaycan həmişə cənub qonşusuna dost münasibəti sərgiləyib, sadəcə olaraq, oradakı mühafizəkar kəsim iki qonşu ölkə arasında münasibətlərin normal, sivil xarakter almasına həmişə qısqanc yanaşıb. Göründüyü kimi, artıq bu yanaşmanın dəyişməsinin məqamı çatıb.

Bölgədə hadisələrin hansı məcrada cərəyan edəcəyini dərk edən, reallığa praqmatik yanaşan ekspertlər bundan sonra Azərbaycan–İran əlaqələrində fərqli bir mərhələnin – əməkdaşlığın inkişaf dövrünün başlanacağını proqnozlaşdırırlar. Azərbaycan dövləti və xalqı bu dönüşü, ən azı, İranın türk mənşəli Prezidenti Məsud Pezeşkianın hakimiyyətdə olduğu illərdə görmək istəyir, buna ümid edir.

Yerli ekspertlərin əksəriyyəti M.Pezeşkianın Bakı səfərindən sonra Azərbaycan–İran münasibətlərində müsbət irəliləyişin olacağını bildirirlər. Onlar bu səfərdən sonra iki ölkə arasında münasibətlərdə köklü dəyişikliklərin şahidi olacağımıza inanırlar. Təsadüfi deyil ki, İranın yüksək rütbəli rəsmiləri azərbaycanlı həmkarları ilə keçirdikləri görüşlərdə ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə dövlət komissiyasının xətti ilə mövcud əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu dilə gətiriblar. Bu, münasibətlərin səmimi qonşuluq və faydalı əməkdaşlıqla davam edəcəyini, yolumuzun açıq, işimizin avand olacağını deməyə əsas verir.

Sonda oxuculara onu da xatırladaq ki, İran Prezidentinin Azərbaycana sonuncu səfəri 2018-ci ildə olub. O vaxt İranın Prezidenti Həsən Ruhani idi.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 02:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri