Bakıda gürcü ruhu “Bravo Metehi”
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Aynur Ədil
Gürcüstana, gürcü xalqına və bu ölkənin mədəniyyətinə olan sevgim əbədidir, hər kəsə məlumdur. Bir dəfə böyük səmimiyyətlə qəlbimin dərinliklərindən gələn duyğu ilə qeyd etmişdim ki, Gürcüstan mənim üçün sadecə xəritədəki qonşu ölkə deyil. Ora mənim ikinci evim, doğma yuvamdır. Hərdən isə mənə elə gəlir ki, o torpağın, havanın və suyun yetişdirdiyi açıqqəlbli, genişürəkli insanların mənim ətrafımda, həyatımda olmağı da mənə Gürcüstanı, ən əsası, bu xalqı daha çox sevdirir.
Bir də elə insanlar var ki, doğma vətənimə ayaq basanda özləri ilə birgə qucaq dolusu sevgi, istilik, səmimiyyət gətirir və yeni bağlar yaradırlar. Onların gəlişi sanki, Bakının ən soyuqlu günlərində bizə bahar fəslini bağışlayır. Ağaclar yarpaqlarını töksə də, onların bzim yanımızda olmağı ruhumuzda yaz fəslinin güllü-çiçəkli anlarını oyadır. Məhz bu insanlar Gürcüstanın qızıl səsləri - “Bravo Metehi” qrupudur. Əslində həmin musiqi qrupunun hər bir üzvü barədə ayrıca roman yazsam belə, yenə də cümlələr hiss və təəssüratlarımı tam ifadə etməkdə aciz qalar. “Bravo Metehi” qrupunun 3 noyabr 2026-cı il tarixində doğma Bakımızda Heydər Əliyev Sarayında konsert verməyi mənim üçün mühüm və unudulmaz hadisə idi.
Elə konsertlər var ki, onlar əbədi qəlbimizə və ruhumuza həkk olunur. “Bravo Metehi” qrupunun konserti məhz yaddaqalan konsertlərin ən gözəl və bariz nümunəsidir. Onların xüsusilə Azərbaycana məxsus “Ayrılıq” mahnısını bizim ana dilimizdə ifa etməkləri mənim kimi zalda əyləşən yüzlərlə azərbaycanlı dinləyicinin qəlbini fəth etməyi bacarmışdı. Məncə, hər bir ifaçı musiqiçi üçün ən qiymətli hədiyyə gurultulu alqış səsləri, sonsuz sevgi qazanmaqdır. “Bravo Metehi” qrupunun hər bir üzvü bu sevgiyə layiqdir və bunu zalda əyləşən hər bir dinləyicidən xüsusilə də məndən qazanmağı bacarmışdılar. Bu əsrarəngiz qrupun səhnə mədəniyyəti, sahib olduqları ilahi səsləri və ən başlıcası hər birinin daşıdıqları humanist keyfiyyətləri onlara olan sevgimi birə-beş artırırdı. Konsertdən bir gün əvvəl o insanlarla eyni məkanda olmaq, gürcü ruhunu, səsini, musiqisini duymaq mənim üçün böyük zövq idi. Qrup üzvlərinin hər biri əyləncəli, səssiz, mehriban, nisbətən daha ciddi (amma yenə də gülərüz olmaqları ilə) bir-birlərindən fərqlənirdilər. Lakin onları birləşdirən ən vacib və gözəl olan ortaq nöqtə insanı keyfiyyətləri idi. Hər bir gürcüdə gördüyüm kimi, “Bravo Metehi” qrupundan da eyni sevgi, səmimiyyət, doğmalıq və istiliyi görmək məni ikiqat xoşbəxt edirdi. Çünki onları mənim üçün xüsusi edən onlara olan pərəstişkarlığım və sevgim idi.
Yaxşı xatırlayıram ki, təxmini iki il əvvəl sosyal şəbəkələrin birində “Bravo Metehi” qrupunu “Saqartvelo İavnana” mahnısı ilə tanımışam. Baxmayaraq ki, bu mahnı Gürcüstana aid olan bir mahnıdır... Lakin səmimi etiraf etməliyəm ki, ən az gürcülər qədər məni təsirləndirmişdi. Və hələ də təsir altındayam desəm, yalan olmaz. Hər dəfə bu mahnını dinlədikdə mən çox kövrəlir, adını verə bilmədiyim o gözəl duyğuların içərisində itib batıram... Hətta o gündən bəri Gürcüstan ilə bağlı yazılarımı, hətta kitabımı yazarkən hər zaman öz ilhamımı bu mahnıdan aldım: “Bravo Metehi” – “Saqartvelo İavnana”. Ona görə ki, yazıçılıq da incəsənətin bir qoludur və mən eyni zamanda musiqi ilə də qidalanıram. Məhz mənim sevimli ikinci vətənim Gürcüstan haqqında yazarkən ilhamımı “Bravo Metehi” qrupundan aldığım üçün onlara olan sevgim ruhumun ən dərin yerində daim mənimlə yaşayacaq. Onların Bakıda konsert verməyi mənim ən xoş arzularım içərisində əsas yer tuturdu. Bu diləyimin gerçəkləşdiyi üçün onlara sonsuz minnətdaram. Konsert bitdikdən sonra isə sanki yaxın dostumdan ayrılmış kimi özümü məyus hiss etdim.
Gözəl şeylər sona çatanda insanlar ondan ayrılmaq istəmir. Və “Bravo Metehi” qrupunun konsertinin bitməyi ilə barışmaq da mənim üçün asan deyildi. Hətta bir neçə gün o ab-havanın içərisində özümü hiss edirdim. Paralel olaraq mütləq qeyd etməliyəm ki, bu musiqi qrupunun hər bir üzvünün yüksək istedada malik olmağı inkarolunmazdır. Lakin istedad hamıda ola bilər – bu, mümkündür. İnsanlıq, güclü xarakter, sədaqətli dostluğu bacarmaq isə hər zaman tapılmır. “Bravo Metehi” qrupunda isə insani dəyərlər, mənəvi keyfiyyətlər və zənginliyi çox aydın hiss etmək olurdu. Gürcü səsini, nəfəsini, musiqisini və ən əsası, o gözəl ürəklərindən dünya boyda sevgini Bakıya daşıyıb gətirdikləri üçün Giorgi Rukhadze, Ramazi Dagundaridze, Roman Sanodze, Tornike Berekashvili, Zura Kavteladze, Nodar Kheladze və Bondo Gumberidzeyə sonsuz təşəkkürlər və sevgilərimlə... İkinci eviniz Azərbaycan və xüsusilə mən hər zaman yolunuzu səbirsizliklə gözləyirik.
Bakıdan sevgilərlə...
Baxış sayı:89
Bu xəbər 10 Noyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















