Bakıdan dünyanı mat qoyan gediş: İki supergüclə paralel başladıldı Bayramovdan mesaj
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasında rəsmi səfərdədir. Bayramov səfər çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Görüş zamanı Bakı və Pekin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti, inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İlk növbədə qeyd edim ki, Azərbaycan–Çin münasibətləri hazırda tarixinin ən yaxşı mərhələlərindən birini yaşayır. Belə ki, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı sazişlər bir sıra sahələrdə əməkdaşlığa ciddi impuls verib. 2027-ci ildə isə Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunması planlaşdırılır ki, bu da tərəfdaşlığın institusional xarakter aldığını göstərir.
Bakı üçün Pekin strateji əhəmiyyətə malik tərəfdaşdır və bu səbəbdən Çinlə münasibətlərə xüsusi diqqət yetirilir. Fikrimcə, Ceyhun Bayramovun bu səfərinin pərdəarxası əsas məqamı Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ilə birbaşa bağlıdır.
Məlum olduğu kimi, son dövrlərdə ABŞ-la münasibətlər nəzərəçarpacaq dərəcədə intensivləşib. Vaşinqtonda keçirilən görüşlər, əldə olunan razılaşmalar, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesində ABŞ faktorunun aktivləşməsi, sülh sazişinin paraflanması, eləcə də TRIPP (Zəngəzur dəhlizi – red.) kimi regional infrastruktur təşəbbüsləri bu kontekstdə diqqət çəkən hadisələrdir. Son olaraq Azərbaycanın ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına təsisçi üzv olmaq təklifini qəbul etməsi və liderlərin yanvarın 22-də Davosda görüşməsi də Pekinin diqqətindən kənarda qalmayıb.
Beynəlxalq proseslərə yanaşma
Bütün bu proseslər Bakının Vaşinqtonda siyasi manevr imkanlarını genişləndirsə də, eyni zamanda Azərbaycanın xarici siyasətində hansısa tərəfin xeyrinə strateji meyl formalaşıb-formalaşmadığı ilə bağlı suallar doğurur. Lakin Bakı Vaşinqton–Pekin rəqabətində tərəf seçmək niyyətində deyil. Əksinə, Azərbaycan bu iki qlobal güc mərkəzi arasında tarazlığı qorumaqda israrlıdır. Məhz bu baxımdan Ceyhun Bayramovun Van İ ilə görüşündə ikitərəfli münasibətlərin “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsində dəyərləndirilməsi, 2025-ci ildə bu statusun rəsmiləşdirilməsinin vurğulanması, eləcə də Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış sənədlərin xüsusi qeyd edilməsi təsadüfi deyildi.
Azərbaycan Çinlə münasibətlərə uzunmüddətli və strateji çərçivədə yanaşır. Bu münasibətlər təkcə iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda regional təhlükəsizlik, nəqliyyat-logistika və qlobal diplomatik koordinasiya elementlərini də əhatə edir. Xüsusilə Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kontekstində Çinlə əməkdaşlığın önə çəkilməsi Bakının qlobal iqtisadi və geosiyasi xəritədə oynamaq istədiyi rolu aydın şəkildə ortaya qoyur.
Paralel strateji xətt
Bu məqam xüsusilə önəmlidir. Çünki Bakı TRIPP kimi regional infrastruktur layihələrini Vaşinqtonla əməkdaşlıq çərçivəsində irəli aparırsa, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Çinlə birgə inkişaf etdirir. Əslində Azərbaycan bu iki meqa-layihəni iki supergüc ilə paralel şəkildə reallaşdırmaqla qarşılıqlı ehtiyac və balans mexanizmi formalaşdırır. Bu yanaşma Azərbaycanın Vaşinqton və Pekinin təsir orbitlərinə tam şəkildə daxil olmadığını, əksinə, hər iki mərkəzlə rasional və praqmatik əməkdaşlıq qurduğunu nümayiş etdirir.
Hesab edirəm ki, Ceyhun Bayramovun Çinə səfəri Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun ardıcıl davamıdır. Azərbaycan Vaşinqton və Pekin arasında seçim etmək niyyətində deyil. Bakı hər iki güc mərkəzi ilə paralel və rasional münasibətlər quraraq öz strateji müstəqilliyini və manevr imkanlarını qorumaqda israrlıdır.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
Baxış sayı:87
Bu xəbər 29 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















