Bakının pozulan hüququ: Moskvanın dəyişməyən ayrı seçkiliyi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan İkinci Dünya müharibəsində ön cəbhədə yerləşməsə də, ona çox yaxın olub.
Faşist Almaniyasının lideri Adolf Hitlerin əsas hədəfi Bakının neft qaynaqlarını da ələ keçirmək idi. O, Azərbaycan paytaxtını ələ keçirməklə Uzaq Şərqə doğru irəliləyən qoşunlarının yanacaq ehtiyacını həll etməyi planlaşdırırdı. Ovaxtkı Almaniyanın Xarici Siyasət Şöbəsinin müdiri Alfred Rozenberq Bakının üçüncü reyxin nəzarəti altına keçməsi üçün "Qafqazın idarə edilməsi" planı hazırlamışdı. Həmin plan üzrə Bakı 1942-ci il sentyabrın 25-dək ələ keçirilməli idi.
Adolf Hitler 1941-ci ilin martında Bakı neftinin istehsalının, təmizlənməsinin və nəqlinin Kontinental Neft Cəmiyyəti tərəfindən idarə edilməsi barədə təlimat vermişdi. Faşistlər Bakını böyük bir hərbi obyektə çevirməyi planlaşdırırdılar.
Amerikalı məşhur alimlər Maykl Ekonomides və Ronald Olini yazırdılar ki, 1941-ci il iyunun 22-də alman qoşunları 930 millik cəbhə boyunca Sovet İttifaqına hücum etdi. Adolf Hitler ümumi və konkret vəzifələrini olduqca aydın şəkildə açıqlamışdı: "Hücumun son məqsədi Bakının neft mədənlərinə yol tapmaqdır".
Adolf Hitler başqa çıxışında belə demişdi: "Biz Bakının neftinə sahiblənəcəyik və bununla da Sovet İttifaqının təyyarələrini və tanklarını hərəkətsiz dəmir oyuncaqlara çevirəcəyik".

Həmin illərdə Azərbaycanla Şimali Qafqaz arasında, eləcə də Bakı ətrafında səngərlər qazılmışdı. Bu, Azərbaycanın, o cümlədən Bakının faşistlərə qarşı döyüşməsi üçün hazırlıq idi.
Paytaxt Bakı başda olmaqla Azərbaycan əhalisinin bütün təbəqələri, o cümlədən fəhlə, ziyalı insanları arxa cəbhədə faşizmin məğlubiyyəti üçün gecə-gündüz işləyirdilər.
1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı "Edelveys" kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzalamışdı. Bu plana əsasən, Qafqazın əsas neft rayonları - Bakı, Maykop, Qroznı işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi.
Hitlerin məqsədi Almaniya üçün təkcə SSRİ-ni resurslardan məhrum etmək deyil, onlardan dərhal istifadə etmək də son dərəcə vacib idi.
SSRİ-nin müttəfiqləri - Böyük Britaniya və ABŞ tərəfindən "Vilvet" adlı oxşar plan hazırlanmışdı.
Məlumatlara əsasən, 1942-43-cü illərdə faşist Almaniyasının hava qüvvələrinin Bakıya 74 hücum cəhdinin qarşısı alınmışdı.

Həmin dövrdə Azərbaycan paytaxtında neft sənayesində çalışan işçilərin 40 faizi qadınlar idi. Müharibə dövründə SSRİ-də bütün neft istehsalının 71.4 faizini, aviasiya benzininin 80 faizini, nafta və kerosinin 90 faizini, avtomobil və sənaye yağlarının 96 faizini Bakı təmin edib.
Şəhərdə avtomobil zavodu tikilmişdi və "Katyuşa", "Yak-3", "R-39 Airacobra" və "UTI-4" qırıcıları, "Şpagin" pulemyotları kimi 130-dan çox silah növü istehsal olunub.
Dövlət Müdafiə Komitəsinin 1942-ci il aprelin 5-i tarixli fərmanına əsasən, may ayında Bakı Hava Müdafiə Korpusu Dairəsi yenidən təşkil olunmuş, nəticədə Bakı Hava Müdafiə Ordusu yaradılmışdı.

1942-ci ilin sentyabrında hərbi vəziyyət elan edildikdən sonra Bakı müdafiə zonası qurulmuşdu.
İkinci Dünya müharibəsi illərində Azərbaycandan cəbhəyə 700 minə yaxın döyüşçü göndərilmişdi. Onlardan 350 mindən çoxu həlak oldu və itkin düşdü. 80-cı illiyi qeyd olunacaq qələbənin qazanılmasında Azərbaycanın övladları çoxsaylı igidliklər göstərərək adlarını hərb tarixinə müharibə qəhrəmanları kimi yazdırıblar. Müharibədə 121 nəfər azərbaycanlı "Sovet İttifaqı Qəhrəmanı" adına, 34 nəfər "Slava" ordeninin hər üç dərəcəsinə layiq görülmüşdü. Minlərlə soydaşımız SSRİ-nin digər orden və medalları ilə təltif olunub.
Bakı nefti və insanları ilə faşist Almaniyasına qarşı döyüşsə də, Azərbaycan paytaxtına "Qəhrəman şəhər" statusu verilməyib. Qələbənin 20, 28, 40 illiyində keçmiş SSRİ-nin 12 şəhəri Moskva, Leninqrad, Odessa, Sevastopol, Volqoqrad (Stalinqrad), Kiyev, Kerç, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk və Brest qalasına (Belarus) "qəhrəman" adı verilib.
Moskva, Azərbaycan ictimaiyyətinin istəklərinə və rəsmilərinin müxtəlif səviyyəli görüşlərdə müraciətlərinə baxmayaraq, məsələni hələ də müsbət həll etmək istəyənə oxşamır.
Keçmiş SSRİ zamanında Bakıya "Qəhrəman şəhər" adının verilməsinə 1935-66-cı illərdə Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, 1964-65-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Anastas Mikoyan və iki dəfə Sovet İttifaqı qəhrəmanı İvan Baqramyan mane olublar.

Keçmiş SSRİ rəhbərlərinə onların təsir imkanları olduğundan bu, inandırıcı sayılır. Ancaq əsl məsələ ermənilərlə bitmir. Çünki Kremlin Azərbaycana münasibəti sirr deyil. Kommunist və beynəlmiləlçi siyasi-ideoloji arxasında gizlənən Moskva Azərbaycan da daxil olmaqla türk respublikalarına qarşı velikorus şovinist ideyası ilə yanaşıblar. Bu baxımdan Bakının Moskva ilə yanaşı "Qəhrəman şəhər" statusunu daşımasını bu ideyanın daşıyıcıları özlərinə sığışdırmayıblar.
Onlar Bakının ön cəbhədə olmadığını, yaxud faşistlər tərəfindən işğal olunmadığını bəhanə olaraq göstəriblər. Onda belə bir sual yaranır: Keçmiş SSRİ üçün Bakı ilə İrəvanın, Tbilisinin və arxa cəbhəni təşkil etmiş başqa şəhərlərin fərqi yoxdur?! Bunlar və başqa şəhərlər qələbənin qazanılması üçün Bakı qədər fədakarlıq etməyib. O vaxt neft sahəsində işləyənləri əsgər aparmır, "bron" verirdilər. Bu, neft sahəsində çalışanların ön cəbhədəki əsgərlər qədər əhəmiyyətli olduğunu təsdiqləyən faktlardandır.
Azərbaycan paytaxtına "Qəhrəman şəhər" adı verilməsini Qələbənin 80 illiyində də tələb edə bilər.
Rusiya Prezidenti Vladimir Putin 2025-ci il yanvarın 16-da "Rusiya Federasiyasında Vətən Müdafiəçisi İlinin keçirilməsi haqqında" fərman imzalayıb. Sənəddə tarixi yaddaşın qorunması, 1941-45-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsi, veteranlara minnətdarlıq və xüsusi hərbi əməliyyat iştirakçılarının qəhrəmanlığını tanımaq məqsədilə 2025-ci il "Vətən Müdafiəçisi İli" elan edilib. Fərmana əsasən, bu il müxtəlif tarixi dövrlərdə "Vətən uğrunda döyüşən hər kəsin, eləcə də müasir qəhrəmanların", xüsusi hərbi əməliyyat iştirakçılarının (Ukraynada müharibədə iştirak edənləri) hərbi qəhrəmanlığına hörmət əlaməti olacaq. İlin mövzusu müasir Rusiyanın vətənpərvərlik, nəsillərin varisliyi və bütün dövrlərdə vətən müdafiəçilərinə hörmət kimi prioritetlərini əks etdirir.

Yəni Rusiya bu qələbəni öz adına çıxmaq istəyir. İkinci Dünya savaşında həlak olan başqa millətlər, respublikaların vətəndaşları fərmanda yada belə salınmır. Bu baxımdan, demək olar ki, Moskvanın Qələbəyə siyasi-ideoloji, fəlsəfi yanaşması belə dəyişib. İndi ona Ukraynada işğal və ilhaq etdiyi əraziləri əlində saxlamaq, yenilərinin ələ keçirmək üçün ideoloji boşluğu doldurmaq lazımdır.
Qələbə məsələsində manipulyasiya edərək, onun yalnız Rusiyaya məxsus olduğunu qabartmağın mahiyyətində də bunun dayandığı istisna edilmir. Çünki etnik rus gənclər Ukrayna ilə müharibədə iştirak etmək istəmirlər. Bu savaşa daha çox, rus olmayan etnik Rusiya vətəndaşları cəlb olunurlar. Bunlar da azlıq etdiyi üçün Şimali Koreya gəncləri ölkə lideri Kim Çen Inın iradəsinin ifadəçisi olaraq Rusiyanın Ukraynadakı maraqlarını müdafiə etmək üçün savaşırlar. Bu günlərdə Vladimir Putin onlara təşəkkür ünvanlamışdı.
Rusiyanın Ukraynadakı müharibəsi də İkinci Dünya savaşında rus etnosunun qələbənin əldə edilməsində nə dərəcədə rolunun olduğunu göstəricisi sayıla bilər.
Odur ki, Bakıya "Qəhrəman şəhər" adı vermək Moskvanın indiki siyasi-ideologiyasına uyğun gəlmir. Ancaq müharibə illərində Bakı neftçilərinin əməyini, yuxusuz gecələrini, çəkdikləri əziyyəti itirmək azından haqsızlıq, ədalətsizlikdir. Belə ehtimal etmək olar ki, SSRİ dağılsa da, Rusiyanın klassik ideoloji sistemi qalmaqdadır. Bakının hüququnu da qəhrəman Moskva bu sistemə əsasən tapdayır.
Vladimir Putin 2024-cü ilin avqustunda Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatında bildirmişdi:
"Ölkələrimizdə sovet xalqının Böyük Vətən müharibəsində igidliyini hörmətlə anırlar. Xatırlayırlar ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi qoruyublar və dünyanın nasizmdən xilasına həlledici töhfə veriblər".
Bu bəyanata əsasən, belə ehtimal etmək olar ki, Rusiya lideri Bakının da pozulan hüququnu bərpa edə bilər.

"Qələbənin yiyəsi çox olar" deyirlər. ABŞ Prezidenti Donald Tramp Birinci və İkinci Dünya müharibələrinin bayram olaraq qeyd edilməsinə dair fərman verib. Noyabrın 11-i - Amerika Milli Veteranlar Günü (Britaniyada bu "Anım Günü" kimi qeyd olunur) Birinci Dünya Müharibəsində Qələbə Günü adlandırılacaq.
Mayın 8-i isə hazırda ABŞ-də rəsmi olaraq Avropada Qələbə Günü adlandırılan tarix, müvafiq olaraq İkinci Dünya Müharibəsində Qələbə Günü olacaq.
Hər iki güc özünü qələbənin sahibi olaraq təqdim edir. Moskva və Vaşinqton bununla güc mərkəzi, dünyanın xilaskarı olaraq özünü nümayiş etdirməyə səy göstərir. Ancaq bu davranışda ən adi hiss, həyəcana əhəmiyyət verilmir. Bakının qəhrəmanlığı onların təkəbbürü fonunda gözə görünmür, dilə gətirilmir. Axı bu qələbədə hətta o vaxt müstəmləkə torpağı olsa belə, Bakının əməyi, rolu var. Odur ki, dünya savaşları belə güclərin yekəxanalığını dəyişməyib...
"Report" İnformasiya Agentliyi

