Baş yazar: Adnan Əhmədzadə olayında “xarici barmaq” amili istisna deyil
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aqil Camal: Adnan Əhmədzadə ilə bağlı məsələ ölkə sərhədlərini aşıb, beynəlxalq skandal xarakteri almaqdadır
Son günlərdə ölkə gündəmini zəbt edən Adnan Əhmədzadə olayı sadəcə bir şəxsin korrupsiya ittihamı ilə saxlanması hadisəsi olmaqdan çox, daha dərin və mürəkkəb məqamları ilə diqqət çəkir. Onu məhz Dövlət Təhlükəsizliyi Xidmətinin saxlaması məsələnin təkcə iqtisadi yox, həm də milli təhlükəsizlik müstəvisində qiymətləndirildiyini göstərir. Belə bir vaxtda dünyada gedən geosiyasi qarşıdurmalar, xüsusilə enerji sektoruna yönəlmiş təhdidlər fonunda bu hadisə həm daxili, həm də beynəlxalq kontekstdə ciddi təhlil tələb edir. Ortaya çıxan məlumatlar və cəmiyyətin artan marağı, bu məsələnin təsadüfi və lokal deyil, sistemli xarakter daşıdığını barəsində də müddəalar yaradır.
“Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camal Sherg.az-a iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan Adnan Əhmədzadənin adı ətrafında ajiotajın böyüməkdə olduğunu qeyd edib:

"Bu hardasa təbii şəkildə baş verir. Adamın çoxşaxəli iqtisadi və digər fəaliyyətləri, bu yöndə bir sıra istiqamətləri diqqətə gətirməyə, medianın və cəmiyyətin təftişinə səbəb olur.
Zaman-zaman ölkədə məmurların həbsi, onlara qarşı ağır ittihamların irəli sürməsi halları olub. Bu dəfə Adnan Əhmədzadə ilə bağlı məsələ ölkə sərhədlərini aşıb, beynəlxalq skandal xarakteri almaqdadır. Onun digər hüquq mühafizə orqanlarının deyil, məhz Dövlət Təhlükəsizliyi Xidmətinin saxlaması da bir sıra mətləblərdən xəbər verir. Demək ki, haqqında irəli sürülən ittihamlar dövlət təhlükəsizliyi, o cümlədən, iqtisadi təhlükəsizliklə bilavasitə əlaqədar olan ittihamlardır".
Baş yazar bu gün dünyada qlobal miqyasda müharibə getdiyini bidirib. O, Adnan Əhmədzadə olayında “xarici barmaq” amilinin mövcudluğunun istisna olunmadığını vurğulayıb:
"Baxmayaraq ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü, suverenliyini təmin edib, amma, dünyadaki mövcud durum istər-istəməz ölkəmizi də təhdid edir. Bu cür təhdidlərlə bağlı ölkə rəhbərinin son çıxışlarında artıq bir neçə dəfə xəbərdarlıqlar edib. Təhdid yalnız hərb meydanında olmur. Bu gün informasiya məkanında, iqtisadi sahədə, xüsusilə, strateji enerji sənayesinə qarşı təhdidlər və təhlükələr aktuallığını saxlayır. Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması, Ukrayna ərazisində Azərbaycana məxsus yanacaq neft bazalarının davamlı vurulması kimi örnəklər var.
Bu baxımdan, Adnan Əhmədzadə olayında “xarici barmaq” amilinin mövcudluğu istisna oluna bilməz. Bütün hallarda aparılan istintaq cinayət işi üzrə belə məqamları üzə çıxaracaq".


