Fikirləri əks, taleləri eyni oldu Birinci Türkoloji qurultay nümayəndələrinin izi
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Vilayət QULİYEV
Ərazisinin az qala 3 milyon kvadratkilometr (indi 2 724,9 kv.km.) olmasına baxmayaraq, 1926-cı ildə Qazaxıstan hələ sadəcə RSFSR-nin tərkibində Muxtar Respublika idi. Doğrudur, o zaman əhalisinin indikindən təxminən on dəfə az olduğunu da unutmamalıyıq. Amma bir məsələ də var ki, məşhur ifadədə deyildiyi kimi, xalqların böyüklüyü onların ərazisinin ölçüsü və əhalisinin sayı ilə deyil, bəşəriyyətə verdiyi diqqətəlayiq şəxsiyyətlərlə müəyyən edilir.
Torpaqlarından Böyük İpək Yolu keçən, VI yüzillikdə ərazisində tarixi Türk Xaqanlığı yaranan, azadlığını və dövlətçiliyini qorumaq üçün dəfələrlə qanlı savaşa girən, Kenesarı xan, Alixan Bukeyxan, Abay Kunanbayev kimi şəxsiyyətlər yetirən qazax xalqı əsrlər boyu üzləşdiyi basqı və təzyiqlərə baxmayaraq, bütün zamanlarda böyüklüyünün fərqində olmuşdu. Ucsuz-bucaqsız çöllərdə, əksəriyyəti at belində böyüyən qazaxların azadlıq ruhunu boğmaq, əvvəl çarizm, sonralar isə sovet idarəçiliyinin bürokratik qəliblərinə pərçimləmək mümkün olmamışdı.
Bu azadlıq ruhu Birinci Türkoloji qurultayda iştirak etmək üçün 1926-cı ildə Qazaxıstandan Bakıya gəlmiş nümayəndə heyətinin tərkibində, müzakirələrdə iştirakında, məsələlərə açıq, prinsipial münasibətində, sərbəst davranış və xarakterində də özünü aydın şəkildə büruzə vermişdi.
Qurultay haqda dəyərli tədqiqat əsərinin müəllifi, filologiya elmləri doktoru, Xankəndi universitetinin dosenti Elçin İbramovun ilkin mənbələr əsasında dəqiqləşdirdiyinə görə, qazax heyətinin tərkibinə 5 nəfər ("Türkoloqların birinci qurultayı - repressiya olunan və güllələnənlərin qurultayı" əsərinin müəllifi, qırğız alimi, prof. Baybolat Abıtov iştirakçıların milli-regional tərkibindən danışarkən Qazaxıstanın 3 nəfərlik heyətlə təmsil olunduğunu iddia edir. Bu yanlış məlumat bir sıra digər kitab və məqalələrə də yol tapıb) daxil idi. Sübut üçün çox uzağa getmək lazım deyil. Tarix həmin şəxslərin adların qoruyub. Birinci Türkoloji Qurultayda Qazaxıstanı təmsil edənlər Əhməd Baytursunov Nəzir Törəqulov, Eldes Omarov, Bilal Sileyev və Əziz Bayseidov idilər. Sonuncunu çıxmaq şərti ilə ilk dörd nəfər Qurultayın əksər iştirakçıları kimi sovet cəza maşınının dişləri arasında məhv olmuşdular. Amma Ə.Bayseidov da təqib və cəzadan tam kənarda qala bilməmişdi. Həyatının 15 ilini çar dövrünün katorqasından daha dəhşətli olan NKVD həbs düşərgələrində keçirmişdi. Beşinin də ən böyük suçu öz xalqını, türklüyü sevmələri, insanlığa və qardaşlığa xidmət etmək niyyətləri olmuşdu.
Onların adları XX əsr qazax elm və mədəniyyətinin tarixində layiqli yeri tutur.
Qazax nümayəndə heyətinin, elə də digər heyətlərin rəsmi başçıları vardımı? Kimsə lokal qruplara rəhbərlik səviyyəsində olsa da, rəsmi status daşıyırdımı? Suala cavab vermək çətindir. Çünki qurultay sənədlərində bu barədə heç nə deyilmir. Qazax dostlarımıza gəldikdə isə yaşına, nüfuzuna, milli hərəkatda iştirak stajına, yaradıcılıq təcrübəsinə, nəhayət, əlifba islahatı məsələsinin gündəlikdə əsas yerdə dayandığı qurultaya "öz əlifbası" ilə gəlməsi baxımından, heç şübhəsiz, görkəmli maarifçi, pedaqoq, dilçi-türkoloq, publisist, tərcüməçi, siyasi xadim - "Alaş" qazax milli hərəkatının liderlərindən biri, nəhayət, Qazaxıstan Muxtar Respublikasının ilk xalq maarifi komissarı Əhməd Baytursunov (soyadının Baytursun və Baytursunulı versiyaları da mövcuddur) ən azı qeyri-rəsmi rəhbər, yaxud ağsaqqal sayılırdı.
Qazaxların məşhur Arqın tayfasından olan Əhməd Baytursunov 1873-cü ildə Turqay əyalətində doğulmuşdu. Hələ yeniyetmə yaşında ikən ailəsinin və soyunun timsalında xalqının düşdüyü həqir vəziyyətin biri-birindən acınacaqlı mənzərələrini görmüşdü. İki sinifli rus-qazax məktəbini bitirib təhsilini əsası maarifçisi İbray Altınsarin (1841-1889) tərəfindən qoyulan 4 illik müəllimlər məktəbində davam etdirmişdi. On beş ilə yaxın Kustanay, Aktyubinsk, Karkarlinsk qəzalarının aullarında müəllimlik etmişdi. 40 il əvvəl xalqı üçün eyni addımı atan azərbaycanlı həmkarı Həsən bəy Zərdabi kimi Əhməd Baytursunov millət işi üçün mübarizəyə qəzet nəşri ilə başlamışdı. 1913-cü ildə Birinci Rusiya Dövlət Dumasının üzvü Alixan Bökeyxanov və yazıçı Mirjakub Dulatovla ilə birlikdə doğma xalqın adını daşıyan "Qazax" qəzetini təsis etmişdilər. Nəşr tezliklə bütün qazaxların tribunasına və səsinə çevrildi. Qəzetin redaktoru və ən fəal müəllifi Əhməd Baytursunov özü idi. Yazı və çıxışlarında yalnız ana dilində danışan, təhsil alan, bu dildə ədəbiyyat yarada bilən xalqın müstəqil həyata iddiaçı olması fikrini müdafiə edirdi.
Çar Rusiyasının süqutu ərəfəsində Əhməd Baytursunov "Alaş" qazax milli partiyasının yaradıcılarından və 1917-1919-cu illərdə fəaliyyət göstərmiş Alaş Orda hökumətinin rəhbərlərindən biri idi. Hərəkatının məğlubiyyəti və əfvi-ümumidən sonra siyasi fəaliyyətini artıq bolşevik rejiminin tərəfdarı kimi davam etdirmək məcburiyyətində qalmışdı. Müxtəlif rəhbər orqanlara seçilmişdi. XX əsrdə ilk qazax dövlətinin ilk xalq təhsil naziri - maarif komissarı olmuşdu. Siyasi ambisiyalardan uzaq idi. Sadəcə elmi-bədii yaradıcılıqla, pedaqoji fəaliyyətlə məşğul olmaq, yeni həyat yoluna çıxmaq istəyən xalqına kömək etmək istəyirdi.
Amma vaxtı çatanda keçmişini yadına salmışdılar. 1929-cu ildən başlanan yeni həbs "Odisseyası" 1937-ci il dekabrın 7-də Üçlüyün qərarına əsasən həyatına son qoyulması ilə başa çatmışdı. Şəxsinə qarşı "xalq düşməni" ittihamının irəli sürülməsində Alaş Orda hərəkatı ilə bir sırada Bakı Türkologiya Qurultayındakı fəal iştirakının, əlifba ilə bağlı məsələdə rəsmi sovet ideologiyasına zidd mövqeyinin də rolu vardı. Çünki sovet rejiminin artıq keçmişin qalığı kimi hökmünü verdiyi köhnə hürufatı ən azı özünün yaratdığı "jana emla" ("yeni imla"), yaxud da "Baytursunun ərəb əlifbası" versiyasında müdafiə və mühafizə etməyə çalışmışdı.
Günahsız repressiya qurbanlarının əsas bəraət dalğası XX qurultaydan sonra, 1956-1957-ci illərə təsadüf etsə də, Əhməd Baytursunova yalnız 1988-ci ildə bəraət verilmişdi. Bu gecikmiş qərar müəyyən mənada Qorbaçovun qazax xalqı qarşısındakı tarixi cinayətinin "qan bahası" kimi də dəyərləndirilə bilər.
Əhməd Baytursunovdan fərqli olaraq qazax heyətinin ikinci skripkası adlandıra biləcəyimiz Nəzir Törəqulov yeni rejimin yetirməsi idi. 28 yaşında Türküstan kommunist-bolşeviklər partiyası Mərkəzi Komitəsinin katibi, bir il sonra isə Türküstan MİK sədri seçilmiş, Türküstan MSSR xalq maarifi komissarı olmuşdu. Redaktorluğu altında rejimə xidmət edən mühüm nəşrlər buraxılmışdı. Bir sözlə, hələ 30 yaşına çatmamış Mərkəzi Asiyanın böyük bir ərazisini əhatə edən yeni dövlətin rəhbərliyində bacarıqla çalışmışdı. İrəli çəkilərək Moskvaya aparılan qazax gənci 1922-1925-ci illərdə Sentrizdatın - Şərq xalqları mərkəzi nəşriyyatı idarə heyətinin sədri, Şərqşünasların ümumittifaq elmi asossiasiyası rəyasət heyətinin üzvü, N.Nərimanov adına Şərq xalqları institutunun rektor müavini olmuş, yerli və mərkəzi əhəmiyyətli bir sıra nəşrləri redaktə etmişdi. Statistik məlumata görə, Sentrizdata rəhbərliyi dövründə SSRİ xalqlarının 50-dən çox dilində milyonlarla nüsxə kitab nəşrinə nail olmuşdu. Təbii ki, bu nəşrlərin böyük əksəriyyəti ideoloji-təbliğat xarakteri daşıyırdı.
Əlifba islahatı sahəsində fəallığı ilə seçilirdi. Türk yazısını ərəb qrafikasından latın əlifbasına keçirilmək məsələsi ilə məşğul olan ümumittifaq komissiyasının rəhbərlərindən, yeni türk əlifbası (yanalif) layihəsinin müəlliflərindən biri kimi Birinci Türkoloji Qurultayın mötəbər iştirakçılarından sayılırdı.
SSRİ rəhbərliyi 1927-ci ilin dekabrında onun həyatını dəyişən bir qərar vermişdi - Nəzir Törequlov Hicaz, Nəcd və birləşdirilmiş ərazilər krallığına (indiki Səudiyyə Ərəbistanı) daimi nümayəndə - səfir təyin edilmişdi. Fəaliyyət sahəsinin yeniliyinə baxmayaraq, burada da özünü göstərə bilmişdi. Neçə yüz illik təcrübəyə malik Britaniya diplomatiyası ilə gərgin siyasi rəqabətdə Səudiyyə Ərəbistanı krallığında sovet maraqlarını ön plana çıxarmışdı. 1932-ci ildə Baş nazir olan gələcək kral Feysəl ibn Əbdül Əziz əs-Saudu Moskvaya rəsmi səfərə gətirmişdi. SSRİ ilə Səudiyyə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın etibarlı təməli atılmışdı. Bəlkə də Törəqulovun diplomatik missiyası yarıda qırılmasaydı, Sovet İttifaqı hətta ölkənin tükənməz neft sərvətinin əsas istehsalçısına də çevrilə bilərdi. Amma 1936-cı ildə Nəzir Törəqulov, az sonra xələfi Kərim Həkimov geri çağırıldı. Növbəti il başlanan "böyük terror" ikisi üçün də faciə ilə nəticələndi. Yeddi il ərzində son dərəcə çətin şəraitdə, obrazlı şəkildə "Sandunov hamamının buxar kamerasına" bənzətdiyi Səudiyyə Ərəbistanında vətənə xidmət edən Nəzir Törequlov 1937-ci il oktyabrın 3-də "vətən xaini" kimi güllələndi.
Xəbəri eşidən kral Feysəl o dərəcədə sarsılmış və qəzəblənmişdi ki, SSRİ ilə diplomatik əlaqələri kəsmək qərarı vermişdi. Yeni sovet səfiri aqreman ala bilmədiyi üçün 1938-ci ildə Ciddədəki missiyasını bağlamaq lazım gəlmişdi. Kral 1975-ci ildə vəfat etsə də, 30-cu illərdə qoyulan qadağa yalnız 1990-cı ildə aradan qaldırılmışdı. İki günahsız səfirin qətli SSRİ-yə çox baha başa gəlmişdi. Sovet rejimi ərəb dünyasının ən zəngin və nüfuzlu ölkəsində dayaqlarını itirmişdi.
Bir haşiyə: Diplomat kimi Nəzir Törəqulovun həyat yolu və fəaliyyəti ilə 2017-ci ildən sonra maraqlanmağa başlamışdım. Bir dəfə Budapeştdəki qazax həmkarım Nurbax Rüstəmov məni səfirlikdə keçirilən tədbirə çağırmışdı. Məlum oldu ki, Qazaxıstanın macar dostlarına, qazax ədəbiyyatının, mədəniyyətini bilicisi və təbliğatçısı kimi tanınan bir neçə nəfər macar diplomatına, ictimai xadim və ziyalıya Qazaxıstan XİN-in Nəzir Törəqulov medalı təqdim ediləcək. "Yaxşı fikirləşiblər - deyə düşündüm. - Bizdə niyə olmasın?" Dərhal XİN-ə, Prezident Administrasiyasına Cümhuriyyət diplomatı, Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşovun adını daşıyan medal təsis etmək, ölkəmizin dostlarını bu medalla mükafatlandırmaq haqda təklif hazırladım Təbii ki, cavabsız kağızlar dənizində itib-batdı. Nazirlə, administrasiya rəhbəri ilə şəxsi görüş və söhbətlər, onları inandırmaq cəhdləri də bir səmərə vermədi.
Eldes Omarov (1892-1937) ictimai xadim, publisist, pedaqoq, tərcüməçi kimi tanınırdı. Təhsilini Orenburqdakı müəllimlər seminariyasında almışdı. Əhməd Baytursun və Mirjakub Camalovun təsiri ilə gənc yaşdan mətbuatla yaxından maraqlanmış, "Qazax" qəzetinin fəal müəlliflərindən biri kimi nüfuz qazanmışdı. Alaş Orda hökumətinin mövcudluğu dövründə ana dilində dərsliklər hazırlayan komissiyanın tərkibində çalışmışdı. Tibb məktəbləri üçün nəzərdə tutulan qazax dili dərsliyi öz orijinal əsəri idi. Bir sıra digər fənlərə - xüsusilə də dəqiq elmlərə və təbiət elmlərinə dair dərslikləri isə alman və rus dillərindən tərcümə etmişdi.
1926-1929-cu ildə Daşkənd Pedaqoji İnstitutunda və Orta Asiya Universitetinin şərqşünaslıq fakültəsində çalışmışdı. Birinci Türkoloji qurultayda çıxışında karyerası, yerli hakimiyyətlə münasibətləri üçün problem yaşayacağını bildiyi halda birmənalı şəkildə müəllimi Ə.Baytursunovun mövqeyində dayanmışdı. Yəni qazax yazısının ərəb əlifbasına əsaslanmalı olduğu fikrini müdafiə etmişdi.
1930-cu illərdə Qazaxıstan Dövlət universitetinin dosenti vəzifəsində çalışan Eldes Omarov öz dövrünün geniş bilik dairəsinə malik vətənpərvər ziyalılarından sayılırdı. Təsadüfi deyil ki, Alixan Bökeyxanov Əhməd Baytursunova məktubunda onu "qazax ədəbiyyatının bilicisi" kimi xarakterizə etmişdi. Səken Seyfullin isə xatirələrində yazmışdı ki, "əksəriyyətin fikrincə, o, bilik və erudisiya baxımından Əhməd Baytursunovdan geri qalmır".
Adi bir ehtiyatsızlıq (və heç şübhəsiz, adının NKVD-nin qara siyahısında olması) həyatının sonunu gətirmişdi. 58-ci maddə ilə, yəni "xalq düşməni" kimi həbs edilmiş müəllim həmkarının günahkar olmasına şübhə ilə yanaşan və bunu dilə gətirməkdən çəkinməyən Eldes Omarov özü də tezliklə məhbəsə atılmış, Üçlüyün qərarı ilə eyni maddə əsasında 1937-ci il dekabrın 1-də güllələnmişdi.
Türkoloji qurultayın digər qazax nümayəndəsi Bilal Suleyev (1893-1937) yazıçı, dramaturq, jurnalist və pedaqoq idi. Milli-azadlıq hərəkatının iştirakçısı, Alaş Orda hökumətinin gənc fəallarından biri kimi tanınırdı. Təhsilini Ufada, məşhur "Qali" mədrəsəsində almışdı. İctimai fəaliyyət yolu "Qazax" qəzetindən, Orenburda nəşr olunan "Şuro" jurnalından keçmişdi.
Çoxsaylı bədii-publisist əsərlərindən qırmızı xətlə keçən mövzu maarifçilik idi. Yalnız savadlı xalqın tarixinin, dilinin, mədəniyyətinin keşiyində dayanacağına, keçmişini qoruyacağına, gələcəyinə sahib çıxacağına inanan Bilal Suleyev onlarla ibtidai və orta təhsil müəssisəsinin, eləcə də müəllim hazırlayan pedaqoji texnikum və seminariyaların açılmasına nail olmuşdu. İlk milli universitetinin qurulması sahəsində də rolu və xidmətləri vardı.
Müasir qazax tədqiqatçısı Gülnar Mukanova Moskva arxivlərinin sənəd və materialları əsasında Bilal Suleyevin həyatının bəzi az öyrənilmiş səhifələrinə, eləcə də Birinci Türkoloji qurultayında iştirakına işıq salmışdır. Onun yazdığına görə, latın əlifbasına keçid məsələsi müzakirə olunan zaman Baytursunovun mövqeyində dayanaraq "...mən kommunist kimi həqiqətən inanmadığım bir işin dalınca kor-koranə gedə bilmərəm" - deyə sadəcə partiya direktivi əsasında əlifbanın dəyişməsi məsələsinə şübhəli münasibət bildirmişdi. Bununla da yerli partiya rəhbərliyinin, birinci katib Qoloşekinin gözündən düşmüşdü. Maraqlıdır ki, Azərbaycanda və Orta Asiyada repressiya maşını fərqli işləmişdi. 1937-ci ildə bizim ölkədə balta necə deyərlər, kökündən vurulduğu halda Qazaxıstanda proses bir qədər fərqli şəkildə getmişdi. Yəni bəzi "müqəssirlər" bir neçə dəfə həbs olunub sonra azadlığa buraxılmışdılar. Həmkarları kimi, Bilal Suleyev üçün də 1930-cu illər permanent həbs dövrü olmuşdu. Repressiyaların pik həddinə çatdığı 1937-ci ildə isə ən ağır cəzaya - güllələnməyə məhkum edilmişdi.
Qazaxıstan heyətinin beşinci üzvü Əziz Bayseyidov (1893-1955) qazax, ümumən türk ziyalılarına qarşı total terror siyasətinin həyata keçirildiyi fırtınalı illərdən nisbətən az itki ilə (iki dəfə, üst-üstə 13 ilə çatan həbs cəzası alsa da, hər halda həyatını itirməmişdi) xilas ola bilmişdi. Haqqındakı məlumatlardan 1920-ci ilə qədər İstanbulda səkkiz illik müəllimlər seminariyasını bitirdiyini, bir neçə xarici dil bildiyini, Qazaxıstanın müxtəlif əyalətlərində pedaqoq və təhsil təşkilatçısı kimi çalışdığını öyrənmək mümkün oldu. Birinci həbsindən əvvəl, 1935-ci ilə qədər Şərqi Qazaxıstan vilayətinin Semipalatinsk şəhərində avtomobil nəqliyyatı texnikumunun direktoru vəzifəsində çalışmışdı.
lll
Qurultayın qazax iştirakçılarının rol və xidmətlərini qiymətləndirməklə yanaşı, Qazaxıstan heyətinin ağır artilleriyasının obrazlı şəkildə desəm, səngərin əks tərəflərində dayanan Əhməd Baytursunovla Nəzir Törəqulov olduğu xüsusi qeyd edilməlidir. Hər ikisi SSRİ XKS-nin sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin üzvü idi. Fevralın 26-da keçirilən ilk iclasda Ə.Baytursunov həm də Rəyasət heyətinə seçilmişdi. Amma bir məsələ vardı ki, iki görkəmli qazax ziyalısı ərəb əlifbasına münasibətdə, xüsusən də onun latın qrafikası ilə əvəzlənməsi tam əks mövqelərdə dayanırdılar: Törəqulov latınçı, Baytursunov isə qismən ərəbpərəst idi.
O, 1912-ci ildə ərəb qrafikası əsasında əsas özəlliyi ərəb yazısının qazax dilinin fonoloji xüsuyyətlərinə adaptasiya edilməsindən ibarət olan və 1912-1927-ci illərdə geniş istifadə edilən "Baytursunov əlifbasını" yaratmışdı". Bu əlifbada çoxsaylı dərsliklər, qəzet və kitablar nəşr olunurdu. Qazaxıstanda yalnız sovet hakimiyyətinin ilk yeddi ili ərzində əhalinin savadlılığı 2 faizdən 22 faizə yüksəlmişdi. "Baytursunov əlifbasını" öyrənənlər ərəb əlifbasında çap olunmuş kitab və qəzetləri də oxuya bilirdilər. Yəni qədim ədəbi-mədəni irsə bələdliyin davamlılığı təmin olunmuşdu. Ə.Baytursunov əlifba məsələsinin Qazaxıstanın qarşısında kəskin şəkildə dayanmadığı qənaətində idi.
Ona görə də təbii ki, rus alim həmkarlarını deyil, rus idarəçilərini, bolşevik ideoloqlarını nəzərdə tutaraq deyirdi: "Biz hələ də qoyun və buzovlarla bir yerdə qaldığımız çalalarda boğuluruq. Əgər kömək etmək istəyirsinizsə, bu qurultayın keçirildiyi saray kimi binalar tikin. Onda bizə kömək etmiş olarsınız. Əgər buna qadir deyilsinizsə, sadəcə danışmaqla bizə kömək edə bilməzsiniz. Ya da bu işdən özünüz üçün bir mənfəət güdürsünüz. Əgər öz əlifbanız olduğu halda geridə qalmısınızsa, bizi də bu məsələyə qatmağa nə lüzum var?" Sonuncu cümlə ilə qazax maarifçisi necə deyərlər, baltanı kökündən vurmuş və gələcək "millətçilik" ittihamı üçün zəmin hazırlamışdı. Doğrudan da türk xalqlarına "gün ağlamaq" fikrinə düşən Rusiya sadə, asan əlifbasının olmasına baxmayaraq, kütləvi savadsızlıq içində boğulurdu. Hətta Lenin 1897-ci ildə yazdığı "İmperializm kapitalizmin ən yüksək mərhələsidir" əsərində rus mujikləri ilə müqayisədə qadınlar da daxil Kazan tatarlarının daha savadlı olduqlarını etiraf etmişdi.
Əhməd Baytursunov qurultay tribunasından digər "təhlükəli tezislər" irəli sürməkdən də çəkinməmişdi. Məsələn, qurultayın martın 4-də keçirilmiş 12-ci iclasındakı çıxışından gətirdiyim aşağıdakı sitatda olduğu kimi: "Əlifba yalnız səsin düzgün, texniki cəhətdən rahat əks olunmasını təmin etməlidir. Mövcud ərəb əlifbası bizim üçün kifayət qədər işləkdir və ideal sayılır. Latın əlifbasının üstünlükləri hələ sübut edilməyib; təklif olunanlar əsasən uydurmadır. Əsas diqqət mədəni güc və imkanların artmasına, dərslik və təhsil vasitələri ilə təmin etməyə yönəlməlidir, çünki xalqın inkişafı üçün əlifba yalnız vasitədir, məqsəd deyil". Yaxud: "Əlifbanın dəyişdirilməsi məsələsi yalnız o halda ortaya çıxa bilər ki, o, işləməsin, ya da ümumən mövcud olmasın. Amma bizim əlifbamız var. Deməli, başqa əlifba axtarmağa ehtiyac yoxdur. Əlifbamız pis olsaydı, bu, başqa məsələ olardı. Həm də müqayisə zamanı hələ heç kim latın əlifbasının hansısa üstünlüyünü sübuta yetirə bilməyib. Latınpərəstlər bu haqda danışanda yalnız uydurmalar söyləyirlər".
Ə.Baytursunov zərurət nəticəsində kiril əlifbasında istifadə etmiş və onu öz dillərinin tələblərinə uyğunlaşdırmış türk xalqlarının (məsələn, çuvaşlar, yaxud Şimali Qafqaz və Sibir türkləri) yazı sistemlərinin latın əlifbasına keçirilməsi fikri ilə razılaşmırdı. Bunu məntiqsizlik hesab edirdi: "Əvvəldən rus əlifbasından istifadə edənlər latın qrafikasına keçirlərsə, bunu anlaya bilmirəm. Niyə? Bunun mənası nədir? Buna nə ehtiyac var? Bu, sadəcə ikiqat xərc və əziyyətdir. Bu, mənasızlıqdır. Onsuz da onlar rus dilini və rus əlifbasını öyrənməli olacaqlarsa, onları başqa bir əlifbanı da öyrənməyə məcbur etməyin nə mənası var?"
Ə.Baytursunov əlifba islahatını, ilk növbədə isə latın əlifbasına keçidi "sehrli çubuq", yaxud "möcüzə" saymaq fikrindən uzaq idi. O, belə xəyallara dalmaqdansa, daha çox dərslik, metodik vəsait, oxu kitabları və s. yaratmaqla cəmiyyətdə maarif və mədəniyyətin pilləvari şəkildə yayılmasına dəstək verməyə çağırırdı.
Qurultayın 3 mart 1926-cı il tarixli iclasında "Əski ərəb əlifbası tarix tərəfindən məhkum edilib, birdəfəlik və həmişəlik rədd olunub" bəyanatı ilə çıxış edən Nəzir Türyakulov indiki mərhələdə rəqabətin yalnız iki yazı növü - islah olunmuş ərəb əlifbası ilə latın əlifbası arasında getdiyini vurğulamışdı. O, haqlı olaraq qeyd edirdi ki, "Əlifba məsələsi təkcə texniki problem deyil; həm də mədəni, maarifçilik və ictimai əhəmiyyətə malikdir. Latınlaşdırma yalnız sübutlarla və sınaqlarla dəstəklənməli, fikirlər yarımçıq qalmamalıdır. Əsas məqsəd xalqın oxu və yazı prosesini asanlaşdırmaq, mədəni inkişafı sürətləndirməkdir".
İslah olunmuş ərəb əlifbası ilə bağlı tənqidi qeydlərini daha çox bu məsələdə israrlı mövqe tutan tatar nümayəndə heyətinə, xüsusən Qalimcan Şərəfə ünvanlayan Nəzir Törəqulov ad çəkmədən "Baytursunov əlifbasının" funksionallıqdan uzaq olduğunu xatırlatmağı da unutmamışdı. Əlifbaya sadəcə yazı vasitəsi deyil, elmi düşüncənin, texnoloji tərəqqinin, hətta əməyin səmərəliliyinin göstəricisi kimi baxan natiq ərəb əlifbasının təbii inkişaf imkanlarının tükəndiyini, texniki və pedaqoji baxımdan müasir tələblərə cavab vermədiyini əsaslandıraraq latın qrafikasına keçidin qaçılmaz olduğunu qurultay tribunasında təntənəli şəkildə elan etmişdi.
Ə.Baytursunovun tənqidi mülahizələrindən, N.Törəqulovun təqdirlərindən asılı olmayaraq Birinci Türkoloji qurultay latın əlifbasına keçidlə bağlı tarixi qərarını vermişdi. Fikrimcə, qazax heyətinin hər iki tanınmış üzvü öz qənaət və mülahizələrində səmimi idilər. Ürəklərinin səsini, sözünü çatdırmağa, inanclarını bölüşməyə çalışırdılar. Sadəcə qəribəsi odur ki, əks fikirlər, zidd mövqelər onların eyni faciəli taleyi bölüşməsinə qətiyyən mane ola bilmədi...
lll
Başqırd əsilli türk humanisti, türk birliyi ideyasının atəşin tərəfdarlarından biri Zəki Vəlidi Toğan (1890-1870) bolşevik Rusiyası ilə müstəqillik uğrunda mübarizə aparan Polşa arasında ölüm-dirim savaşının getdiyi 1920-ci ilin may ayında azərbaycanlı məsləkdaşı Axund Yusif Talıbzadə vasitəsi ilə Fransaya, Alaş Orda hökumətinin keçmiş naziri Mustafa Çokay oğluna göndərdiyi məktubda xəbərdarlıq edərək yazırdı ki, "Sovet hökuməti Lehistanda müharibəni öz xeyrinə başa vursa, zənnimcə, yeni bir mədəniyyət siyasəti uyğulayacaq. Bu siyasətin əsasında isə Rusiya türklərini müştərək əlifba və dildən məhrum edib biri-birindən ayırmaq məqsədi dayanır. Bundan ötəri də onların min ildən çox istifadə etdikləri ərəb əlifbası latın qrafikası ilə əvəz olunacaq. Zəki Vəlidi latıncılıq kampaniyasının da keçici mahiyyət daşıyacağını bildirərək yazmışdı: "Latın hürufatı əlbəttə, rus hürufatına keçmək üçün bir intikal (keçid - V.Q.) vasitəsi olaraq kullanılacaq".
Sovet Rusiyasını tərk etməzdən əvvəl başqırd lideri şəxsən tanıdığı və dəfələrlə görüşdüyü Leninə 20 fevral 1922-ci il tarixində yazmışdı: "Artıq anlaşılıb ki, siz velikorus arkadaşlar hansı bir millətin dili, imlası ilə uğraşmağa başladınızmı, tam rus oluncaya qədər o millətin yaxasını buraxmayacaqsınız".
Təbii ki, ərəbpərəst deyiləm. Yüz il əvvəl vidalaşdığımız ərəb əlifbasına yas saxlamaq niyyətindən də uzağam. Amma bu fikirdə bəlli bir həqiqət payı olduğunu da qəbul etməliyik. Türk xalqlarının maarif və mədəniyyət xadimləri, siyasətdən uzaq ziyalılar əlifba islahatından müasirləşmə və tərəqqisi üçün, zamanla ayaqlaşma üçün istifadə etməyə can atdığı halda siyasətçilər, Kremlin milli məsələ ekspertləri həmin xalqları müştərək tarixi keçmişdən və bir-birləri ilə sıx mədəni mübadilədən məhrum etmək imkanını da nəzərdən qaçırmırdılar. Birinci Türkoloji qurultayda latın qrafikası əsasında ümumi türk əlifbasının, yaxud ortaq türkcənin bərqərar olması baxımından heç bir əməli addım atılmaması bunun əyani sübutu idi.
Sarayevo, dekabr, 2025-ci il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 29 Dekabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















