Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri yeni uğurlar vədd edir

Bələdiyyə seçkiləri yeni uğurlar vədd edir

Azərbaycan növbəti taleyüklü tədbir ərəfəsindədir. Bu da cəmiyyətdə yeni fəallığın, diskusiyaların, sağlam müzakirələrin aparılmasına yol açıb. Artıq bələdiyyə seçkilərinə hazırlıqla bağlı iddialı şəxslər ərazilər üzrə bələdiyyələrə namizədliklərini irəli sürürlər. Məlum faktdır ki, Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 noyabr tarixli qərarı ilə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. Bu, indiyə kimi respublikamızda keçirilən 6-cı əsas bələdiyyə seçkisi olacaq. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirilən iclasda bildirib ki, indiyə qədər 6 min 218 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb: “Hələ ki, qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb. 263 nəfərin nаmizədliyi qeydə alınıb. Onlardan 3 min 524 nəfərə imza vərəqələri verilib və 763 nəfər imza vərəqələrini qaytarıb. Bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair təşkil olunar seminarda isə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirdi ki, 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək: “Bu seminar proseslərində onları maraqlandıran məqamları müzakirə edəcəyik. Bir neçə ay əvvəl biz maarifləndirmə layihəsi həyata keçirmişik. Budəfəki layihə fərqli formatda hazırlanıb. Əvvəlki seçkilərdə əldə olunan təcrübəyə geniş yer verəcəyik. Məlumdur ki, bələdiyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək. Ümid edirik ki, bu gün keçirilən seminar məhsuldar olacaq”. Rövzət Qasımov onu da qeyd edib ki, bu bələdiyyə seçkiləri bir çox məqamlara diqqət yetirdikdə, əvvəlkilərdən fərqlənir: “Seçkidən öncə bələdiyyələrin fəaliyyətini daha təkmil həyata keçirməsi üçün addımlar atıldı. Burada fərqli məqamlardan biri də siyasi partiyaların daha mütəşəkkil qaydada bu seçki prosesinə qoşulma niyyətidir. 13 siyasi partiya öz səlahiyyətli nümayəndəsini MSK-da qeydiyyatdan keçirib və onların seçkidə namizəd kimi qeydə alınması üçün dairə seçki komissiyalarına müraciət edib”.

MSK yüksək seçki hazırlığı təşkil edir

Söz yox ki, təşkil edilən bələdiyyə seçkiləri daha azad və demokratik keçiriləcək. Çünki əvvəlki seçkilərdə qazanılan təəccrübə imkan verir ki, daha təkmil və yeni dəyişikliklər, müasir çağırışlara uyğun seçki təşkil edilsin. İnsanların fəallığı, seçkilərə marağı, namizədlərin sayının kifayət qədər çox olması da seçkilərin ədalətli, xalqın maraqlarına, dövlətin istəyinə uyğun keçiriləcəyindən xəbər verir. Bu istiqamətdə MSK yüksək, təqdirə layiq işlər görür. Demək olar ki, hər gün MSK-nın xətti ilə toplantılar, maarifləndirici xarakterli görüşlər, seminarlar təşkil olunur. MSK buletlər, kitabçalar hazırlamla kifayətlənməyib, insanların məlumatlandırılması üçün bildirşlər də hazırlayıb. Bu barəd məlumat verən MSK sədr müavini Rövzət Qasımov bildirib ki, 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 6 milyon 52 min 701 ədəd müəyyən edilib. Sədr müavini qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.

Bələdiyyə seçkilərində necə iştirak etmək olar?

Cəmiyyətin inkişafına təkan verən əsas amillərdən biri də bələdiyyə seçkilərdir. Ölkəmizdə bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Dahi Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə qayıdışından sonra həyata keçirilən demokratik islahatların davamı olaraq Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutu - bələdiyyələr yaradıldı və 1999-cu ilin dekabr ayında bələdiyyələrə ilk seçkilər keçirildi. Qısa müddət ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq bələdiyyələrə geniş səlahiyyətlər verildi.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə orqanları dedikdə isə bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti verilən və dövlət orqanları sisteminə daxil olmayan orqanlar başa düşülür.Bələdiyyələr, bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bələdiyyələr nümayəndəli orqan kimi seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunmuşdur.

Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvlərini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçirlər.

Seçkilər günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ - aktiv seçki hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ yoxdur.Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar din fəliyyəti ilə məşğul olduğları müddətdə) bələdiyyə üzvü ola bilməzlər. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. Seçicilər şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

Ölkəmizdə qanunvericiliyə əsasən bələdiyyə üzvləri aşağıdaklı qaydalar üzrə seçilirlər:

1) Əhalisi 500-dən az olan ərazilərdə - 5 bələdiyyə üzvü;

2) Əhalisi 500-dən 999-dək olan ərazilərdə - 7 bələdiyyə üzvü;

3) Əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə - 9 bələdiyyə üzvü;

4) Əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə - 11 bələdiyyə üzvü;

5) Əhalisi 10.000-dən 19.999-dək olan ərazilərdə - 13 bələdiyyə üzvü;

6) Əhalisi 20.000-dən 49.999-dək olan ərazilərdə - 15 bələdiyyə üzvü;

7) Əhalisi 50.000-dən 99.999-dək olan ərazilərdə - 17 bələdiyyə üzvü;

8) Əhalisi 100.000-dən 299.999-dək olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Namizədlərin Dairə Seçki Komissiyaları tərəfindən qeyd alınması üçün lazım olan seçici imzası isə ərazilər və əhalinin sayına görə dəyişir. Ümumilikdə 15-150 seçici imzası toplamaqla namizəd olaraq qeydə alınmaq mümkündür. Yəni görünən ondan ibarətdir ki, dövlət qanunvericilik aktları əsasında hər bir namizədə daha sadə və rahat şəkildə seçki marafonuna qoşulmağa imkan yaradır. Hətta qeydə alınan namizədin təbliğat-təşviqat kampaniyası dövründə özünün seçki platformasını ödənişsiz əsaslarla qurmaq üçün KİV-lər müəyyənləşdirib. Bu barədə məlumat verən MSK-nın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yanvarın 6-dan start veriləcək təbliğat kampaniyasında ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, o cümlədən də - İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, - "Xalq qəzeti”, "Respublika” qəzeti və "Bakinski raboçi” qəzeti ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Eyni zamanda digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.

YAP Cənubi Qafqazın lider partiası olaraq seçkilərdə qalib gələcək

Bütün bu kimi yüksək, etibarlı şəraitin yaradılması bələdiyyə seçkilərində hər bir ölkə vətəndaşının rahat şəkildə iştirak etməyə imkan verir. Ancaq ortada olan bir həqiqət var ki, siyasi partiyalar arasında ən reytinqli və cəmiyyət arasında ən nüfuzlu siyasi partiya Yeni Azərbaycan Partiyası olduğundan, bələdiyyə seçkilərinin də qalibi YAP olacaq. Xalqın partiyası seçki hazırlıqlarını partiyanın tərtib etdiyi fəaliyyət planına uyğun olaraq aparır. YAP İdarə Heyətinin dekabrın 16-da keçirilən iclasında məlumat verilib ki, artıq partiya bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərini müəyyən edib. Qeyd edilib ki, seçkilərin keçiriləcəyi 685 bələdiyyə üzrə YAP-ın ümumilikdə 8071 nəfər namizədi müəyyən edilib. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi dekabrın 10-dan başlayıb və dekabrın 30-u saat 18.00-dək davam edəcək. Nəzərə almaq lazımdır ki, 1999-cu il dekabrın 12-də Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərində YAP böyük uğur əldə etdi və partiyadan 10 min 431 nəfər bələdiyyə üzvü seçildi. Sonrakı bələdiyyə seçkilərdində də YAP-ın qələbə seriyası dəyişmədi, əksinə bir qədər də genişləndi. Bu isə xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə və bu siyasəti böyük uğurla davam etdirən Fateh Sərkərdə, Prezident İlham Əliyevin daxili və xarici siyasətinə bağlı olduğunu göstərir. Əminliklə, həm də qətiyyətlə demək olar ki, YAP-a olan etimad və inam Azərbaycan dövləti durduqca dəyişməz olaraq qalacaq.

İLHAM ƏLİYEV

seeBaxış sayı:27
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri