“Bir kəmər, Bir yol” Yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər
Ses qazeti-dan verilən məlumata əsasən, Icma.az bildirir “Bir kəmər, Bir yol” Yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər.
Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin, Azərbaycan-ABŞ münasibətlərinin, habelə Azərbaycanın son illərdə ard-arda qazandığı uğurların dürüst ideoloji mövqedən, nəzəri dərinlik və praktik universallıqla analizi, dəyərləndirilmə gerçəkliyidir.
Prezident İlham Əliyevin Çinlə qarşılıqlı əməkdaşlığa önəm verməsi iki ölkənin mənəvi-siyasi baxımdan yaxınlaşması üçün növbəti strateji addımlardan biridir. Xüsusilə də, bu yaxınlıq ötən il iki ölkə arasında uğurlu tərəfdaşlıq üzrə Bəyannamənin qəbulundan sonra daha vüsətli şəkil alıb. Bu bəyannamənin imzalanması dövlətçilik tariximizin mühüm proseslərindən olmaqla yanaşı, gələcək dostluq və əməkdaşlıq münasibətlərinin güclənməsində həlledici faktor səciyyəsi daşıyır. Bunu müsahibəsi zamanı İlham Əliyev də xüsusi olaraq vurğuladı: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.
Bu gün Çin və Azərbaycanın qlobal ticarətə töhfə verəcək ən mühüm layihə olan Orta Dəhlizdəki fəaliyyət mühüm əhəmiyyət daşıyan faktlardan biridir. Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarətə maraqlı olanlar da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verirlər.
Prezidentin çıxışında COP29-un mühüm nailiyyətlərindən, 200 dövlətin Azərbaycana göstərdiyi etimaddan, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzdan bəhs etməsi yaxın tarixin qürurverici məqamı kimi qeyd olunmalıdır: “Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi”.
Bundan əlavə 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın 4 il uğurla sədrlik etməsini də ölkə başçısı ilk növbədə, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətin beynəlxalq arenada dəstəklənməsinin zəmini kimi vurğuladı. Eləcə də, Azərbaycanın ən mühüm nailiyyəti olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, həmçinin bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirməsi ölkəmiz üçün həm ədalətin bərpası, həm də Azərbaycanın haqq davasının layiqli şəkildə sonuclanması demək idi: “Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq”.
Burada diqqətimi çəkən daha bir amil oldu. Prezident üç amilin üzərində dayanır və bu amilləri qələbəmizə gətirən yolun təməli, zəmini hesab edir: “İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı”. Bəli, sağlam, möhkəm özülü Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası, sabit, dayanıqlı iqtisadiyyat və milli məfkurəyə xidmət edən milli ideyalar! O ideyalar ki, ötən illər ərzində xalqın içindəki milli ruhun, mücadiləçi əzmin əriyib yoxa çıxmasına imkan vermədi.
Prezidentin müsahibəsində ABŞ və Çin münasibətlərinin yeni məcrada davam etməsini stimullaşdıran bir dost münasibəti, dost rəftarı hakimdir. Bu, yalnız öz ölkəsinin deyil, yer üzündə yaşayan bütün insanlarının sakit və müharibələrsiz yaşayışını arzulayan və bunun üçün çalışan Azərbaycan liderinin baxış yönü, həyat tərzidir. Belə bir müstəsnalığı tale məhz Azərbaycan xalqına nəsib edib. Qanı, savaşı, xaosu deyil, qarşılıqlı sevgi və əməkdaşlığı üstün tutan, prioritetə çevirən, dostluğa, sabitliyə sevinən və can atan lider obrazıdır İlham Əliyev! “Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq”, - bu ali arzu və niyyət ancaq humanist başlanğıcdan çıxış edən bir rəhbərin siyasətinin şah mətləbi, ana xətti ola bilər.
Prezident İlham Əliyev müsahibəsində həm qlobal prioritetlərin formalaşmasında, həm də bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirdi. Azərbaycan daim qarşılıqlı hörmət və həmrəyliyə önəm verən ölkə olmaq məziyyəti ilə seçilib. Bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində bir daha təsdiqlədi. Bildirdi ki, Çinin irəli sürdüyü yeni əməkdaşlıq modeli – “Bir kəmər, bir yol” layihəsi ona yalnız Çinlə münasibətlərinin tarixi köklərinin yeni çağırışlar əsasında davamı üçün deyil, həm də məhz Qlobal Cənubla Qlobal Şimalın birgəliyinin, konstruktiv iş birliyinin əməli varlığını görmək istədiyi üçün dəyərlidir. Çünki yalnız belə münasibətlər sistemi bəşəriyyətin nicatı üçün vacib amildir: “Qlobal Cənubun bir hissəsi olaraq Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”. Ölkə başçısının bəyan etdiyi kimi, Qlobal Cənubla Qlobal Şimal arasında qurulan körpülər qlobal problemlərin həlli baxımından Çin və ona tərəfdaş ölkələrin bir araya gəlməsi, sülh və həmrəylik təşəbbüslərinin uca kürsüdən səsləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən platforma ola bilər.
Ümumiyyətlə, mahiyyətində xaos deyil, harmoniya ehtiva edilən, birlik və əməkdaşlığa əsaslanan ideya irəli sürən, sülhü və dostluğu dəstəkləyən hər şey təqdirəlayiqdir. Öz sosial-siyasi görüşlərinin miqyası və məzmunu, sülh və həmrəyliyə, onun gücünə, humanist mahiyyətə verdiyi qiymət, əqli-əxlaqi-sosial təkamül idealı ilə Azərbaycan Prezidentinin mövqeyi əslində, bu gün iqtisadiyyat, bərabərlik, açıqlıq və əməkdaşlıq üçün çağırışa səsləmək missiyasının göstəricisidir. Dünyanın daha çox kataklizmlərə təşviq edildiyi, əksər xalqların və dövlətlərin nizamının pozulduğu indiki dövrdə daim birgəlik şüarları ilə bəşəriyyətə səslənmək və bunu məhəbbət düsturu olaraq irəli sürmək ancaq təqdir oluna bilər. Vaxtilə alman filosofu L.A.Feyerbax məhəbbət dini yaratmağı irəli sürmüşdü. Amma göründüyü kimi, nə cahanda məhəbbət qalib gəlir, nə də gözəllik dünyanı xilas edir. Amma bütün hallarda nicat, qurtuluş var: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.
İyirmi ildən artıq müddət ərzində həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.
Göründüyü kimi, Prezident İlham Əliyev bunu uğurlu lider obrazı ilə səciyyələndirir və çıxış yolunu elə bu müstəvilərdə arayır. Yalnız aramır, öz liderliyinin müstəsnalığı timsalında meyara çevirməyi bacarır. Bu mənada, yeni təfəkkür və əxlaqın, əqli-mənəvi düşüncənin təlqinində, milli-bəşəri dəyər və beynəlmiləl sərvət axtarışının indiki mərhələsində ölkə başçısının ali niyyəti əsil bir gerçəklik, uğur və əməl cizgiləri kəsb edir. Bu uğur və əməl vəhdətindən isə cızılan yeni yol xəritələri, qurulacaq dostluq körpüləri və açılacaq yeni üfüqlər görünür: “Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)