Bir kəndlinin yerişindən dünya şedevrinə
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan təkcə etnik azərbaycanlılardan ibarət deyil. Bu torpaq əsrlər boyu müxtəlif xalqlardan olan insanlara yuva olub – yolu buradan keçən, taleyini bu diyara bağlayan, həyatını, sevgisini, yaradıcılığını Azərbaycanla yoğuran insanlara. Onlar milliyyətcə azərbaycanlı olmasalar da, yaşadıqları, hiss etdikləri, yaratdıqları ilə bu xalqın ayrılmaz bir parçasına çevriliblər.
"Cümhuriyyət" -in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasında bu dəfə Sovet dövrünün sevilən ekran əsərlərindən biri olan "Əsgər atası" filmində Georqi Maxaraşvili obrazını canlandırmış məşhur gürcü aktyoru Serqo Zakariadze haqqında danışacağıq.
“Anam istəyərsə, bir az lobya göndərsin”
"Əsgər atası" təkcə müharibə filmi deyil. Bu, sadə bir kəndlinin, oğul itkisi ilə sınanmış, lakin vətənə olan sevgisindən dönməyən bir atanın hekayəsidir. Serqo Zakaridzenin yaratdığı Georqi Maxaraşvili obrazı Azərbaycan tamaşaçısının da yaddaşına silinməz izlərlə həkk olunub. Çünki onun ata qayğısı, vətən sevgisi və insanlığı millət tanımırdı, bu, hər bir azərbaycanlının da içində olan duyğular idi.
Serqo Zakariadze 1907-ci ildə Bakıda anadan olub. Atası Aleksandr Zakaridze XX əsrin əvvəlində ailəsi ilə birlikdə Bakını tərk edərək Zestafoniyə – ata-baba torpaqlarına köçür. Ailənin kökü Yuxarı İmereti dağlarından idi. Serqo uşaqlığını burada keçirir. Serqonun uşaqlığı daim hərəkətli olub və teatrı çox sevirdi. İlk dəfə məktəb səhnəsinə Bakıda çıxmışdı. Sonralar Zestafonidə tanınmış aktyorlar yay tamaşaları qoyanda, Serqo uşaq rolları üçün könüllü olmağa çalışırdı. Serqonun atası çox erkən, cəmi 28 yaşında dünyasını dəyişdi.
Ailəsinin yükü anasının çiyinlərinə düşdü və üç övladını təkbaşına böyütməyə başladı. Lakin Serqo bu ağır şəraitə baxmayaraq, məktəb tamaşalarında iştirak etməyə zaman tapırdı. Onun qəlbində həmişə bir sevda var idi – sənət və səhnə sevgisi. Ailənin maddi sıxıntıları da onu daha çox səhnəyə yaxınlaşdırdı. Bir gün məktəbə gedərkən yolda bir elan gördü:
“Tiflis dram studiyası qəbul elan edir…”
Bu xəbər onun həyatında dönüş nöqtəsi oldu. Elanı oxuyur-oxumaz, heç bir tərəddüd etmədən qərarını verdi və anasına heç nə demədən Tiflisə yola düşdü. Vağzala çatanda isə qardaşına sadəcə belə dedi: “Məndən narahat olmasınlar. Əgər anam istəyərsə, bir az lobya və qarğıdalı unu göndərsin”. İmtahan verən 80 nəfər arasında seçilsə də, yaşı az olduğuna görə qəbul etmədilər, onun cəmi 13 yaşı vardı. Amma Serqo razılaşmadı. Sonda onu dinləyici kimi studiyaya qəbul etdilər. Bir neçə il sonra Serqo Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsil almağa başladı. 1926–1928-ci illərdə isə artıq Şota Rustaveli adına teatrın bir aktyoru kimi fəaliyyətə başlayır. Hətta bir müddət idmanla da maraqlanıb və Tbilisinin “Dinamo” komandasının mərkəz müdafiəçisi kimi çıxış edib. Serqo Zakaridze səhnəyə ilk addımlarını kiçik rollarla atdı.
Əsasən Avropa və rus klassiklərinin – Toller, Lope de Veqa, Şekspir, Poqodin, Oleşa kimi müəlliflərin əsərlərində çıxış edirdi. Amma ona məşhurluq gətirən rollar gürcü dramaturqlarının pyesləri oldu. Serqo Zakaridze Kote Marcanışvili və Sandro Axmetelinin tələbəsi oldu, zamanla Gürcüstanın sevilən aktyorlarından birinə çevrildi. Rejissorların diqqətini çəkən onun səmimi ifası, gürcülərə məxsus temperamentli danışığı və tamaşalara verdiyi enerjiydi. “Hop-lya” tamaşasında cəmi bir səhnəsi var idi, bir neçə söz deyib paltosunu çıxarırdı. Amma tamaşaçılar onu hər dəfə alqışlayırdı. Çünki o, səhnədə həmişə canlı idi , rolu hətta bir neçə cümlə ilə olsa belə, hiss etdirirdi. Yuri Oleşanın “Üç gonbul” əsərində Tibul adlı sirk artistini canlandırırdı. Bu rolda bir neçə adamın üzərindən tullanır, salto edirdi. Bir dəfə bu səhnədə başını döşəməyə çırpdı və ağır xəsarət aldı. Amma sağalandan sonra da səhnəyə qayıtdı və həmin hərəkətləri etməyə davam etdi.
Heç bir söz demədən, sadəcə əlindən öpdü
Başqa bir tamaşada – “Yanğın” pantomimində rejissor ondan səhnəyə daxil olub sevinc içində “Ləzginka” oynamasını istəmişdi. Serqo bu rolu elə oynadı ki... Gənc “müjdəçi” obrazı bir anda bütün zalı öz enerjisi ilə tutdu. O, Gürcüstanın hər bölgəsini gəzmişdi. Onun hər bir obrazı fərqli yeriyir, fərqli danışır, fərqli təbəssüm edir və fərqli baxırdı. Bu milli xarakter və xalq ruhu Zakaridzenin aktyorluğunu digər rollardan fərqləndirən əsas cəhət idi. 1940-cı illərin sonlarında Zakaridze Tbilisi Teatrının səhnəsində klassik rollarla çıxış edirdi. Onun aktyorluq təcrübəsi artıq püxtələşmiş, özünü həm səhnədə, həm də kameralar qarşısında sərbəst və inamlı hiss edirdi.
Siko Dolidzenin “Birinci gün, sonuncu gün” filmində oynadığı poçtalyon rolu aktyorun kino karyerasında mühüm mərhələ oldu. Bu sadə, lakin duyğulu obrazla Zakaridze Minskdə keçirilən Ümumittifaq Kino Festivalında “Ən yaxşı kişi rolu” üzrə xüsusi mükafat alır. 1962-ci ildə isə “Dəniz yolu” filmində Zakaridze təqaüdə çıxmış, amma hələ də içindəki həyat eşqini itirməmiş bir dənizçini – Qocanı oynadı. Çəkilişlər payızın ortasında başladı, qışın sərt çağında başa çatdı. Soyuq dənizdə saatlarla qalmaq, suda sərbəst hərəkət etmək aktyor heyəti üçün də, hətta peşəkar üzgüçülər üçün də çətin idi. Amma Zakaridze nə şikayət etdi, nə də geri çəkildi, o, bu rolu yaşamaq qərarına gəlmişdi.
Soyuq, yorğunluq onun qərarını dəyişə bilmədi. Filmdəki ölüm səhnəsi isə xüsusi yaddaqalan idi. Gün batanda açıq dənizdə çəkilirdi. Zakariadzeni kiçik bir qayıqla sahildən uzaqlaşdırdılar və o, kameraların qarşısında tək buraxıldı. Sonralar bu səhnə haqda danışarkən deyirdi ki, həmin anda qorxmuşdu. Amma çəkiliş meydanında bunu heç kim hiss etmədi. Əksinə, soyuqdan titrəyən həmkarları ilə zarafat edir, gülümsəyirdi. İllər ötdükcə Zakaridzenin repertuarı daha da zənginləşdi. Gürcü ədəbiyyatının tanınmış adları Niko Lordkipanidze, Simon Çikovani, Georgi Leonidze, Kazbeqi, Asatiani, Anna Kalandadze onun ifasında yenidən doğulurdu.. Xüsusilə hind şairi Çandranın bir poemasını səhnədə 45 dəqiqə fasiləsiz səsləndirməsi yaddaqalan çıxışlardan oldu. Zalda sükut hökm sürür, kimsə tərpənməyə belə cəsarət etmirdi. Tamaşanın sonunda poetik mətnin sahibi Çandra özü yerindən qalxıb səhnəyə çıxdı və heç bir söz demədən, sadəcə Zakaridzenin əlindən öpdü.
Onu bütün dünyada tanıdan rol
1933-cü ildə Serqo Zakaridze ilk dəfə “Xaç yürüşçüləri” filmində kamera qarşısına keçdi. O, Torqvay rolunda həm həyat, həm də sevgi qarşısındakı qarışıq duyğularla mübarizə aparan bir adamı canlandırırdı. Obraz sadəcə qardaşının qatilinə qarşı hiss etdiyi qəzəbdən ibarət deyildi. Zakariadze bu qəhrəmanı alçaldıldıqda susmayan, içində baş qaldıran qəzəblə də oynayırdı. Tamaşaçı bu insanda nəfsə uymayan, amma haqsızlığa boyun əyməyən bir adam görürdü. Ardınca o, “Kutuzov” filmində general Baqrationu canlandırdı. Bu rol Zakariadze üçün sadəcə obraz deyildi. Baqrationun qüruru, sakit iradəsi, zahiri duruşu və milli ruhu aktyorun öz təbiətinə çox yaxın idi.
Bu uyğunluq rolu daha inandırıcı və təbii göstərirdi. Amma onu bütün SSRİ-də tanıdan və beynəlxalq arenaya çıxaran film “Əsgər atası” oldu. Revaz Çxeidzenin ekranlaşdırdığı bu ssenaridə Suliko Jgenti Gürcüstandan cəbhəyə oğlunu axtarmağa yollanan bir atanın hekayəsini danışırdı. Zakariadze bu rol üçün nə pafosa, nə də təmtərağa ehtiyac duydu. O, sadəcə bir ata kimi oynadı, oğlunu tapanadək dayanmayan, izinə düşən, soruşan, yollarda gecələyən, yorulmayan ata. Bu güclü performansı dünyanın hər yerində izləyicilər sevdi. Film Romada “Kapitolin Yupiteri” mükafatını aldı, San-Fransiskoda keçirilən kino festivalında nümayiş olundu və Zakariadzenin adı artıq təkcə Gürcüstanda yox, çox uzaqlarda da çəkilməyə başladı. Beləliklə, ata Georgi Maxaraşvilini Serqo Zakariadze oynadı. Oynayırdı deyəndə ki, əslində, o, yaşadı.
Gözlərindəki kədər, səsindəki titrək məğrurluq, yerişindəki yorğun, amma inadkar addımlar – hər detalı ilə bir ata idi. Tamaşa zamanı zaldakı sükut tez-tez kəsilirdi: kimisi burnunu çəkirdi, kimisi göz yaşlarını silməyə çalışırdı. Əslində, bu səmimi rolun bir sirri vardı. 1930-cu illərin ortalarında Zakariadze Siqnaqi bölgəsində, bir kənddə adi bir kəndli ilə qarşılaşmışdı.
O kəndlinin özündən əmin, yerə ayağını möhkəm basan yerişi aktyorun yaddaşında qalmışdı. Aradan illər keçdi, “Əsgər atası” filmi üzərində işləyərkən bu detal aktyorun gözünün önünə gəlir və beləliklə bir vaxtlar kənd yolunda gördüyü o sakit və dərin ifadəli insan ekran qəhrəmanına çevrildi. Georgi Maxaraşvilinin yerişi artıq təkcə bir insanın addımları deyildi, bir xalqın obrazı idi. Zakaridze illər sonra bu barədə danışarkən etiraf edirdi:
“Əgər bu gün Maxaraşvili obrazındakı uğurumdan danışırıqsa, deməli, mən bunu hər şeydən əvvəl Gürcüstan kəndlərində gördüyüm, hiss etdiyim, yaddaşımda saxladığım o kiçik, amma qiymətli adama borcluyam”.
Gözlərindən yaş süzülürdü...
Serqo Zakariadzeyə “Əsgər atası” filmində baş rolun təklifinin qəribə tarixi var. Rejissor Revaz (Rezo) Çxeidze bu prosesi illər sonra belə xatırlayırdı:
“Serqo bu rola tək namizəd idi. Əslində heç kimlə müqayisə etməyə ehtiyac da olmadı. O, artıq mənim “Dəniz yolu” filmimdə çəkilirdi, səhnədəki və ekrandakı imkanlarını yaxşı bilirdim. Teatrda yaratdığı rollar, oynadığı insan obrazları onun bu film üçün tam uyğun olduğunu göstərirdi. Mənim axtardığım sadə, lakin möhkəm bir adam idi. Həm yumor hissi olsun, həm də baxışlarında yaşanmış həyatın izi görünsün. Serqoda bunların hamısı vardı”.
Çxeidze deyirdi:
“Ssenarini oxuyandan sonra elə ertəsi gün Serqonun yanına getdim. O, çəkilişə hazırlaşırdı. Güzgü qarşısında oturmuşdu, qrimlənirdi. Hər kəs bilirdi ki, iş vaxtı onunla danışmaq çətindir, diqqətini yalnız hazırlığa yönəldirdi. Mən də sakitcə kənarda oturdum”.
Aralarında adi bir söhbət başlayır. Söhbət deyəndə, daha çox rejissorun danışırdı. Serqo isə sakitcə qrimlə məşğuldur. Baxmır, cavab vermir, yalnız arada bir “hımm” deyirdi. Amma rejissor ssenarini oxuduqca Zakariadze dayanır. Qrim ləvazimatlarını kənara qoyur. Səssizcə üzünü rejissora çevirir və yanaqlarından yaş axır. “Bu an, mən artıq başa düşdüm ki, bu rolu heç kim Serqo kimi oynaya bilməz. O, bu filmə çəkiləcək. Əslində, o zamanlar rəhbərlik Serqo Zakariadzenin “Əsgər atası” filmində çəkilməsini istəmirdi. Mənə açıq-aşkar bildirdilər ki, film başqa bir aktyorla çəkilməlidir. Amma mən bu rolda yalnız Serqonu görürdüm və geri çəkilmədim. İndi geriyə baxanda, qəribə görünür. Kimə qarşı çıxırdılar axı? Serqo Zakaridzeyə qarşı? Gürcüstan teatrının və kinosunun canlı əfsanəsinə?.
Filmin çəkilişindən sonra arzum vardı – filmin ikinci bir versiyasını hazırlamaq. Çəkilmiş, amma filmdə yer almayan bəzi kadrlar vardı ki, onları da əlavə edib daha dolğun bir variant yaratmaq istəyirdim. Amma bu mümkün olmadı. O kadrlar qorunmamışdı. Film nümayişə buraxıldıqdan cəmi bir neçə ay sonra, texniki səbəblərlə daha doğrusu, maddi zərurətlə neqativlər yuyulmuşdu. Çünki kinostudiyalar hər il dövlətə gümüş normasını təqdim etməli idi. Neqativlərdəki gümüş çıxarılır, material məhv edilirdi. Beləcə, o dəyərli fraqmentlərdən heç nə qalmadı..."
Dünyaya yayılan sevgi
Serqo Zakaridze özü “Əsgərin atası” filmindən sonra demişdi:
“Belə bir rolu hər aktyor arzulayar. Mən bu xoşbəxtliyi 30 ildən çox gözlədim”.
Filmdə canlandırdığı ata obrazı sadəcə bir aktyor işi deyildi, həm də bir ömrün toplanmış təcrübəsi, dərin müşahidələrin nəticəsi və insanlara olan sonsuz ehtiramın ifadəsi idi. Filmin obrazı Georgi Maxaraşvilinin doğulduğu kənddə bu obrazın şərəfinə abidə ucaldılıb. Həmin kənddə Şöhrət Muzeyi də var. Muzeyin ətrafına müharibədə həlak olmuş kənd sakinlərinin adları yazılmış qəbirdaşı düzülüb. Onlara baxanda görürsən ki, döyüşdən qayıtmayanların təxminən 40 faizi Maxaraşvili soyadını daşıyır.
Serqo bu rolu oynayarkən yaxşı bilirdi ki, yalnız aktyor deyil, həm də bir vətəndaş kimi borcunu yerinə yetirir. İllər sonra Kaliforniya Universitetində, Berklidə yerləşən İncəsənət Muzeyində keçirilən Gürcü Kinosu Həftəsində “Əsgər atası” da nümayiş etdirildi. Filmdən sonra amerikalı tələbələrdən biri mənə belə bir sual verdi:
“Sizi İkinci Dünya müharibəsi mövzusu niyə maraqlandırıb? Axı siz kiçik bir respublikasınız, adınızı güclə eşitmişik”.
Mən isə belə cavab verdim:
“Sizcə, ABŞ bu müharibədə neçə nəfər itirib?” Tələbə bir qədər qürurla dedi: “300 min nəfər.” Mən isə dedim: “Bəli, ABŞ böyük ölkədir. O dövrdə əhalisi 150 milyon idi. Əlbəttə, qələbənin bir hissəsi Amerikaya aiddir. Amma xəritədə bəlkə də tapa bilmədiyiniz kiçik Gürcüstan 350 min nəfər itirdi. ABŞ-dən çox. Təsəvvür edə bilərsinizmi bu nə deməkdir? Demək olar ki, hər bir gürcü ailəsindən döyüşə gedən kişi – ata, qardaş, ər – geri dönmədi. Bu, bizim üçün təkcə tarix deyil, ağrıdır”.
“Əsgər atası” filmi təkcə Sovet İttifaqında deyil, bütün dünyada tamaşaçılara dərin təsir bağışladı. Film Romada və San-Fransiskoda keçirilən beynəlxalq kinofestivallarda yüksək qiymətləndirildi, “Kapitoli Yupiteri” kimi nüfuzlu mükafatlara layiq görüldü. Hətta Berlinin alınması ilə bağlı xatirələrini danışan general-polkovnik Rodimtsev Zakaridzeni zarafatla “şahid” kimi təqdim edirdi: “Axı siz yaxşı xatırlayırsınız ki, biz Fridrixştrassaya necə girdik, siz oğlunuzu tapdınız, amma, təəssüf ki, artıq gec idi…” Halbuki Zakaridze heç vaxt alov içindəki Berlində olmamışdı, cəbhə briqadalarında çıxış etməmişdi. Generalın sözləri kino sənətinin necə güclü təsir gücünə malik olduğunu göstərirdi.
Serqo Zakaridze Maxaraşvili obrazını yaradarkən, əslində, illərlə topladığı bütün təcrübəsini, hisslərini, dünyagörüşünü bu bir obrazda cəmləmişdi. 1969-cu ildə Zakaridze “Araba aşmayınca” tamaşasında yaşlı kolxozçu rolunu oynadı. Tamaşa komediya janrında idi, amma final səhnəsində Minaqonun evə tək qayıdışında salon susur, tamaşaçılar göz yaşlarını saxlaya bilmirdi. Onun tənha silueti sanki səssizcə bir sual verirdi: “Gələcək baharı mən kimlə bölüşəcəyəm?..” Həmin dövrdə Zakariadze teatr kollektivi ilə Florensiya və Belqrad səfərlərinə hazırlaşırdı. O, Qaliley obrazı üzərində işləyirdi və çoxdankı bir arzusu – Brextin əsərində rol almaq nəhayət ki, gerçəkləşmək üzrə idi. O, Tbilisiyə gələn alman rejissoru Manfred Vekvertlə birgə çalışmaq və Parisdə “əsl gürcü teatrını” göstərmək istəyirdi. Zakariadzenin həyatı dəqiqələrə bölünmüşdü. İşindən bir an belə özünə zaman ayırmırdı. Yaxınları ona dəfələrlə sağlamlığını qorumağı tövsiyə etsə də, o, sadəcə gülümsəyərdi:
“Mən palıd ağacı kimiyəm”.
Amma birdən məlum oldu ki, o güclü ağacın , o tükənməz görünən ürəyin içində illərin yorğunluğu yığılıb. 1971-ci il, aprelin 12-də Serqo Zakariadze Tbilisidə vəfat edib. O, Mtatsminda yamacında, Gürcüstanın yazıçı və ictimai xadimlərinin dəfn olunduğu Panteonda torpağa tapşırılır. Onun qəbirüstü abidəsi də həyatının davamı kimi sənət əsəri sayılır. Bu abidəni məşhur heykəltəraş Merab Berdzenişvili hazırlamışdı. Serqo Zakaridzeni unutmaq mümkün deyil. O, xarizması, dərin və saf baxışları, səsi və jestləri, tamaşaçı ilə qurduğu görünməz, amma sarsılmaz bağları ilə həm teatrda, həm də kinoda əsl möcüzələr yaratdı. “Serqo Zakariadze” adını daşıyan bir gəmi də dənizlərdə üzür. O gəmi sadəcə dənizləri deyil, eyni zamanda bir aktyorun yaşatdığı sonsuz sevgini də gəzdirdiyi yerə aparır.
Səbinə Uğur
"Cebheinfo.az"


