“Bir pəncərə”dən keçən Avrasiya dəhlizləri
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan tranzit imkanlarını rəqəmsal üstünlüklərə çevirir
“Bir pəncərə” informasiya sisteminin yaradılması nəqliyyat-logistika sektorunda yeni inkişaf mərhələsinin başlanğıcıdır. Müasir dünyada iqtisadi güc və beynəlxalq rəqabət qabiliyyəti təkcə təbii resurslar, istehsal potensialı və coğrafi mövqe ilə ölçülmür.
Dövlətlərin qlobal iqtisadi sistemdəki yeri, eyni zamanda, onların nəqliyyat-kommunikasiya imkanlarından, rəqəmsal texnologiyalardan və beynəlxalq təchizat zəncirlərinə inteqrasiya səviyyəsindən asılıdır. Xüsusilə qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, geosiyasi gərginliklərin və iqtisadi qeyri-müəyyənliklərin artdığı indiki şəraitdə etibarlı tranzit məkanlarına, çevik logistika sistemlərinə və rəqəmsal idarəetmə mexanizmlərinə tələbat getdikcə yüksəlir.
Azərbaycanın son illər həyata keçirdiyi iqtisadi və infrastruktur siyasəti məhz bu reallıqlardan irəli gələn strateji məqsədlərə əsaslanır. Ölkəmiz Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əlverişli coğrafi mövqeyini müasir infrastruktur imkanları ilə birləşdirərək Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində ardıcıl addımlar atır. Dəmir yollarının, avtomobil magistrallarının, dəniz limanlarının, hava nəqliyyatı infrastrukturunun inkişafı, logistika terminallarının və yükdaşıma imkanlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətləridir.
Lakin müasir dövrdə tranzit imkanlarından səmərəli istifadə etmək üçün təkcə fiziki infrastrukturun mövcudluğu kifayət etmir. Yüklərin hərəkətinin izlənilməsi, sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi, daşıyıcıların, ekspeditorların, bankların və sığorta şirkətlərinin fəaliyyətinin əlaqələndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 16-da imzaladığı fərmanla təsdiq edilən “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə bu baxımdan ölkənin nəqliyyat-logistika sektorunun inkişafında yeni mərhələnin əsasını qoyur.
Rəqəmsal logistika ekosisteminə keçid
Azərbaycanın tranzit potensialının genişlənməsi uzun illər ərzində həyata keçirilən məqsədyönlü investisiya siyasətinin məntiqi nəticəsidir. Ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində iştirakının gücləndirilməsi, Şərq – Qərb və Şimal – Cənub marşrutlarının inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı – Tbilisi –Qars dəmir yolunun, avtomobil yollarının və digər nəqliyyat infrastrukturu obyektlərinin yaradılması respublikamızın regional və qlobal iqtisadi əlaqələrdə rolunu artırıb.
Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi ölkəmizin tranzit imkanlarına beynəlxalq marağı daha da gücləndirib. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut Asiya ilə Avropa arasında alternativ və etibarlı nəqliyyat əlaqəsinin formalaşmasında mühüm rol oynayır.
Eyni zamanda, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanı Rusiya, İran və daha geniş coğrafiyada yerləşən bazarlarla birləşdirən mühüm iqtisadi xətdir. Bu dəhlizin inkişafı Şimali Avropa ilə Fars körfəzi və Hind okeanı hövzəsi arasında yükdaşımaların genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri mövcud infrastrukturun imkanlarını maksimum səviyyədə reallaşdırmaq, tranzit əməliyyatlarının vaxtını və xərcini azaltmaq, beynəlxalq daşımalarda çevikliyi və etibarlılığı artırmaqdır. “Bir pəncərə” informasiya sisteminin yaradılması məhz bu məqsədlərə xidmət edir.
Əsasnamədə sistemin formalaşdırılmasının məqsədi xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması kimi müəyyənləşdirilib.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, yeni sistem sadəcə elektron sənəd dövriyyəsinin təşkili ilə məhdudlaşmır. Onun geniş imkanları yük axınlarının “ağıllı” idarə edilməsini, əməliyyatların təhlilini, statistik məlumatların əldə olunmasını, proqnozların və hesabatların hazırlanmasını da gerçəkləşdirir. Bu isə nəqliyyat-logistika sektorunda qərarların daha dəqiq məlumatlar əsasında qəbul edilməsinə şərait yaradır.
Çevik və şəffaf idarəetmə
Əsasnamədə nəzərdə tutulan sistemin strukturuna altı əsas altsistem – “Ticarət bələdçisi”, “Dövlət xidmətləri”, “Biznes xidmətləri”, “Təhlil və hesabatlılıq”, “Məlumatlandırma” və “İdarəetmə” daxildir. Bu struktur yeni mexanizmin əhatə dairəsinin kifayət qədər geniş olduğunu göstərir. Belə ki, “Ticarət bələdçisi” idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının həyata keçirilməsi, sərhədkeçmə prosedurları, daşıma qaydaları və tələb olunan sənədlər barədə məlumatların əldə olunmasına imkan verir.
“Dövlət xidmətləri” altsistemi sahibkarlıq subyektlərinin müvafiq dövlət xidmətləri ilə bağlı müraciətlərinin qəbulunu, emalını və cavablandırılmasını təmin edəcək. Bunun nəticəsində müxtəlif dövlət qurumlarına ayrı-ayrılıqda müraciət zərurəti azalacaq, prosedurların vahid rəqəmsal mühitdə həyata keçirilməsi mümkün olacaq.
Sistemin ən mühüm komponentlərindən biri isə “Biznes xidmətləri” altsistemidir. Bu altsistem vasitəsilə ekspeditorlar və daşıyıcılar haqqında məlumatlara çıxış, müştərilərlə onların əlaqələndirilməsi, xidmətlərə dair müraciətlərin qəbulu və cavablandırılması, tərəflər arasında mülki-hüquqi müqavilələrin elektron qaydada bağlanılması nəzərdə tutulur.
Bununla yanaşı, nəqliyyat vasitələrinə və daşınan mallara dair sənədlərin elektron formada hazırlanması, müqavilələrin və digər məlumatların təqdim edilməsi, yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi də sistemin funksional imkanlarına daxildir. Xüsusilə bankların, bank olmayan kredit təşkilatlarının və sığortaçıların informasiya ehtiyatlarına və sistemlərinə keçidin təmin edilməsi biznes mühitinin vahid platformada əlaqələndirilməsi baxımından mühüm yenilikdir.
Beləliklə, yükdaşıma prosesi təkcə daşıyıcı ilə sifarişçi arasında münasibətlərdən ibarət olmayacaq. Bu prosesin maliyyə, sığorta, sənədləşmə və digər əlaqəli xidmətləri də vahid rəqəmsal mühitdə əlaqələndiriləcək. Nəticədə, logistika əməliyyatlarının təşkilində vaxt itkisi və əlavə inzibati prosedurların azalması, xidmətlər arasında koordinasiyanın yaxşılaşması üçün əlverişli zəmin yaranacaq.
Yerli biznes üçün iqtisadi imkanlar
“Bir pəncərə” informasiya sisteminin əhəmiyyətini təkcə dövlət idarəçiliyinin rəqəmsallaşdırılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu mexanizm, ilk növbədə, yerli sahibkarlıq subyektlərinin beynəlxalq iqtisadi münasibətlərdə iştirak imkanlarını genişləndirmək potensialına malikdir.
Məlumdur ki, beynəlxalq yükdaşımalar çoxsaylı xidmətlərin əlaqələndirilməsini tələb edir. Daşıyıcı və ekspeditor şirkətlərlə yanaşı, sığorta təşkilatları, banklar, kredit qurumları, gömrük təmsilçiləri, anbar və terminal operatorları da bu prosesin iştirakçılarıdır. Əvvəllər onların hər biri ilə ayrı-ayrılıqda əlaqə saxlamaq, müxtəlif sənədləri toplamaq və məlumatları təkrar təqdim etmək zərurəti yaranırdı.
Yeni sistem bu münasibətlərin daha çevik təşkilinə imkan verəcək. Məsələn, beynəlxalq yükdaşıma həyata keçirən yerli şirkət elektron platforma vasitəsilə müvafiq daşıyıcı və ekspeditorlar haqqında məlumat almaq, xidmət sifariş etmək, müqavilə bağlamaq, yükün hərəkətini izləmək və əlaqəli maliyyə-sığorta xidmətlərinə çıxmaq imkanı qazanacaq.
Bu imkanlar xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün əhəmiyyətlidir. Çünki böyük logistika şirkətləri ilə müqayisədə kiçik müəssisələrin geniş xidmət şəbəkəsinə, xüsusi informasiya sistemlərinə və beynəlxalq əlaqələrə malik olmaq imkanları məhduddur. Vahid rəqəmsal platforma isə onların bazara çıxışını asanlaşdırmaqla rəqabət imkanlarını genişləndirə bilər.
Digər tərəfdən, yerli bankların, sığorta şirkətlərinin və maliyyə institutlarının beynəlxalq yükdaşımalarla bağlı xidmətlərdə iştirakının genişlənməsi qeyri-neft sektorunda əlavə iqtisadi dəyərin formalaşmasına kömək edəcək. Bu, həm də ölkədə logistika xidmətləri bazarının dərinləşməsi, yeni biznes modellərinin meydana çıxması və xidmət ixracının artırılması baxımından əhəmiyyətlidir.
Beləliklə, tranzit əməliyyatlarından əldə edilən iqtisadi gəlir təkcə yükdaşıma tarifləri və nəqliyyat xidmətləri ilə məhdudlaşmayacaq. Sığorta, maliyyə, anbar, ekspeditorluq, informasiya texnologiyaları və digər xidmət sahələrinin də bu prosesdə daha fəal iştirakı üçün imkanlar genişlənəcək.
“Ağıllı tranzit” və beynəlxalq rəqabət
Müasir beynəlxalq ticarətdə vaxt mühüm iqtisadi resursdur. Yüklərin sərhədlərdə gözləməsi, sənədlərin rəsmiləşdirilməsində yaranan gecikmələr, müxtəlif qurumlar arasında məlumat mübadiləsinin ləngiməsi daşıma xərclərini artırır. Bu amillər isə tranzit ölkəsinin rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.
Beynəlxalq təcrübədən məlumdur ki, nəqliyyat dəhlizlərinin səmərəliliyi yalnız onların uzunluğu, buraxılış qabiliyyəti və texniki imkanları ilə deyil, həm də gömrük və sərhəd prosedurlarının keyfiyyəti, rəqəmsal sənəd dövriyyəsi və məlumat mübadiləsinin sürəti ilə müəyyən olunur. Məhz buna görə də inkişaf etmiş nəqliyyat-logistika mərkəzlərində rəqəmsal idarəetmə infrastruktur siyasətinin ayrılmaz hissəsinə çevrilir və həmin strukturlarda beynəlxalq ticarətin asanlaşdırılması, elektron sənədlərin qarşılıqlı tanınması, yük məlumatlarının əvvəlcədən təqdim olunması və risklərin rəqəmsal təhlilinin aparılmasına qlobal logistikanın əsas istiqamətləri olaraq mühüm önəm verilir.
Azərbaycanın yeni informasiya sistemi də bu beynəlxalq meyllərlə uzlaşır. Əsasnamədə elektron sənədlərin beynəlxalq müqavilələrə, xarici dövlətlərin normativ-hüquqi aktlarına və beynəlxalq prosedurların tələblərinə uyğun təqdim olunması mexanizminin nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır.
Sistemin qeyri-rezident istifadəçilər üçün də elektron kabinetlər vasitəsilə əlçatan olması xarici tərəfdaşların ölkəmizin logistika xidmətlərindən istifadəsini asanlaşdırmağa yönəlmiş mühüm addımdır. Bu, Azərbaycanı yalnız tranzit ərazisi kimi deyil, həm də beynəlxalq daşıma əməliyyatlarının rəqəmsal təşkili üçün əlverişli platforma kimi təqdim etmək imkanlarını genişləndirir.
Digər mühüm məsələ məlumatların transsərhəd ötürülməsidir. Beynəlxalq təchizat zəncirlərinin fasiləsiz fəaliyyəti üçün müxtəlif ölkələrin logistika və ticarət sistemləri arasında operativ məlumat mübadiləsi vacibdir. Bu baxımdan yeni sistem vasitəsilə məlumatların təhlükəsizlik standartlarına və beynəlxalq tələblərə uyğun formalaşdırılması, toplanılması, mübadiləsi və izlənilməsinin gerçəkləşdirməsi Azərbaycanın rəqəmsal tranzit imkanlarının inkişafına xidmət edir.
V.BİNYATOĞLU
XQ
Baxış sayı:108
Bu xəbər 19 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















