Icma.az
close
up
RU
Bir qəribə adam haqqında hekayə Elçin

Bir qəribə adam haqqında hekayə Elçin

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Xalq yazıçısı Elçinin "Bir qəribə adam haqqında hekayə" adlı yeni hekayəsini təqdim edir.

Rafiq Qurbanovun xatirəsinə


...sonra birdən-birə həmin 2018-ci ilin o gözəl yaz günü bütün təfərrüatı ilə onun gözlərinin qabağına gəldi və aradan keçən - nə qədər keçmişdi? - indi 2092-cı ildir, deməli, aradan 74 il keçib, - hə, düz 74 il və elə bil, o gözəl yaz günü də o uzaq illərdə nəşr edilən kağız kitablardan birinin səhifəsi idi ki, çevrilirdi. O, yəni o zaman Bakı Dövlət Universitetinin fizika fakültəsində çalışan, 25 yaşını da təzəcə bitirmiş gənc alim S.Qafarlı Bakının Yasamaldakı köhnə qəbiristanlığında qəbir daşlarına baxa-baxa, qəbirlərin arası ilə eləcə gəzişirdi və əslində nə üçün bura gəldiyini, niyə bu qəbirlərin arası ilə dolaşdığını özü də dəqiq başa düşmürdü.
S.Qafarlı universiteti əlaçı diplomla qurtarmışdı və onda universitetdə Elmi Şura deyilən bir qurum var idi, həmin Şuranın qərarı ilə onu doktoranturada saxlamışdılar.
S.Qafarlı çox zehinli, hər şeyə fikir verən, düşünən yeniyetmə kimi məktəbdə oxuduğu çağlardan fizikanı sevmişdi və fizika get-gedə onun həyatının bir hissəsinə, əslində elə əsas hissəsinə çevrilmişdi, çünki fizika onun üçün hər şeyi - yerdə də, göydə də nə baş verirdi, ya da baş vermirdi, hamısını izah edirdi, hətta dostları heyrətlə, çaşqınlıqla yerdəki, göydəki möcüzəvari hadisələrdən danışanda, ürəyində: "- Fizikanı bilmirsiz də..." - deyirdi və fikirləşirdi ki, nə yaxşı, bu adamlar hələ dəli olmayıblar, çünki bu kainatda ki, bu qədər uzaqlıq var, bu qədər səliqə-sahman var - hər gün səhər işıq yanır, gecə qaranlıq çökür - heç nədə də bir an belə gecikmə, səhv, pozuntu olmur və sairə və ilaxır - fizikanı bilmirsənsə, adam dəli olar də.
S.Qafarlının atası məktəbdə idman müəllimi idi və oğlunun bu dərəcədə fizikanı sevməsi, məktəbdə oxuya-oxuya ali məktəblərin fizika dərsliklərini öyrənməsi ilə fəxr edirdi, gələcəkdə böyük fizika alimi olacağına tamam əmin idi, yəqin elə buna görə də hər gün oğlunu fizika ilə məşğul olmazdan əvvəl idmanla məşğul olmağa məcbur edirdi və tez-tez də təkrar edirdi ki, sağlam bədəndə sağlam ruh olur. Bu anlamda isə ruh, yəni fizika demək idi və atası bu məlum sözləri elə ürəkdən deyirdi ki, elə bil bu sözləri, bu fikri özü kəşf edib. S.Qafarlı da tələm-tələsik, bir az da həvəssiz idman edirdi ki, sevimli fizika ilə məşğul olsun.
Beləliklə, S.Qafarlı fizikanın dərinlərinə gedə-gedə dissertasiyasını vaxtından əvvəl, uğurla müdafiə etdi, ancaq qəribəsi bu oldu ki, uğurlu müdafiədən sonra fizikanın daha da dərinlərinə getdikcə onun içindəki fizika sevdası artmaq əvəzinə, görünməyən bir iş idi - yavaş-yavaş sönməyə başlamışdı, çünki fizika ilə məşğul olduqca, onun beynində cürbəcür fikirlər dolaşmağa başlamışdı, ürəyindən hansısa anlaşılmaz hisslər keçirdi, fikrində onlarla, hətta yüzlərlə dalbadal düzülmüş sual işarələri sıralanırdı.
S.Qafarlı təbiəti etibarilə ciddi adam idi, ancaq elə o vaxtlar bir dəfə gülməli bir əhvalat oldu: gecə yarısı yuxusu gəlmirdi, yata bilmirdi və pəncərənin qabağında dayanıb, gözlərini bomboş küçəyə dikmişdi. Bir az aralıdakı tində yolgöstərən işıq növbə ilə qırmızını, sarını, yaşılı bir-birini əvəz edirdi və gecənin bu adamsız, maşınsız küçələrində o işıqların eləcə boş-boşuna yanmağı çox mənasız görünürdü, elə bil S.Qafarlı hərəkətdə olan mənasız və mücərrəd bir mənzərəyə baxırdı.
O, gözlərini bir-birini əvəz edən qırmızı, sarı, yaşıl işıqdan çəkib, göyə baxdı, uzaqlarda iki-üç ulduz güclə görünürdü və S.Qafarlı o iki-üç ulduza baxanda onun fikrində birdən-birə, tamam gözlənilmədən İsaak Nyuton canlandı. S.Qafarlı gözlənilmədən də: "- Sənin qanunların mənasız bir şeydir..." - dedi, elə fikrində də əlavə etdi: "- Başqa qanunlar kimi..." və bardaş qurub, alma ağacının altında oturmuş İsaak Nyuton qaşlarını çatıb, acıqla, hətta kin-küdurətlə ona baxdı, qəzəblə başını buladı. Bu görüntü ani cizgi filmi kimi bir şey idi və sonralar hərdən yadına düşəndə, S.Qafarlını gülmək tuturdu. Bəlkə bu bir mistika idi? Niyə də yox?
74 il bundan əvvəlki günlərdən birində S.Qafarlı, dediyim kimi, heç özü də bilmədi, necə oldu ki, evdən çıxıb, qəbiristanlığa getdi - elə bil, ayaqları onu o zamankı Bakının Yasamaldakı köhnə qəbiristanlığına özbaşına aparıb çıxartmışdı. Niyə? Birdən-birə nə oldu ki?
Doğrusu, bu hekayəni yazmağa qərar vermiş bir adam kimi, mən də bunu bilmirəm və uşaq vaxtı, hətta yeniyetməlik çağlarında da qəbiristanlıqdan qorxan, çəkinən S.Qafarlı heç bir qohumu, əzizi dəfn olunmamış o qəbiristanlıqda tanınmaz-bilinməz insanların qəbir daşları boyunca addımladıqca, qurumuş otun-ələfin tozu ayaqqabılarını, şalvarının balaqlarını bulaşdırırdı, ancaq o, bunun fərqində deyildi.
Yaxşı yadındaydı, həmin gün hava mülayim, göy üzü tər-təmiz idi və S.Qafarlı köhnə-təzə qəbirlərin arası ilə dolaşa-dolaşa hərdən başını qaldırıb göyə baxırdı. Uşaq vaxtı bir dəfə atası onu qatarla hansısa bir kəndə aparmışdı və nə üçün ora getmişdilər - xatırlamırdı, yadına təkcə bu gəlirdi ki, o kənd dağ ətəyində idi, uzaqdan isə bu dağın davamı olaraq, başıqarlı silsilə dağlar görünürdü. Böyük, ya kiçik Qafqaz sıra dağları, bəlkə Talış dağları idi, bilmirdi və o dağ ətəyində atası sinədolusu nəfəs alıb, ona da:
- Dərindən nəfəs al, - dedi.- Bu hava bilirsən, hardandı? - Sonra da barmağını dağlara tuşladı. - Bu havanı sənə o dağlar göndərib.
Başıqarlı o dağlara baxa-baxa balaca S.Qafarlının içindən elə bir gözəl qürur hissi keçdi ki, guya o dağlar bu gözəl havanı həqiqətən, onun üçün göndəriblər və o hiss indiyəcən hafizəsində ilişib qalmışdı. S.Qafarlı orda gecə vaxtı göy üzündə milyonlarla ulduz gördü və o ulduzlar o qədər işıqlı idi ki, bu işıqlara baxanda, adamı xof basırdı. S.Qafarlı atasının əlindən yapışdı və ilk dəfə də "sirri-Xuda" sözünü onda eşitdi - atası ulduzlarla dolu o göy üzünə baxa-baxa, elə bil dünyada hər şeyi yadından çıxartmışdı və:
- Bu bir sirri-Xudadır də... - pıçıldadı.
Sonralar onun içində fizika sevdası baş qaldıranda da, universitetin fizika fakültəsində oxuyanda da S.Qafarlı hərdən o dağ ətəyindəki kənddə gördüyü göy üzünü xatırlayıb, gülümsünürdü - təəssüf ki, onun atası fizikadan uzaq bir adam idi və buna görə də o milyonlarla ulduzlara baxıb, o cür mat qalmışdı. Onun üçün, yəni S.Qafarlının atası üçün "Xuda", S.Qafarlının özü üçün "Fizika" demək idi və atasını mat qoyduğu o sirləri açmaqla məşğul idi.
Bunlar hamısı o uzaq illərin xatirələri idi.
Yasamal qəbiristanlığında gəzişdiyi o anlarda xatırladığı ulduzlarla dolu o göy üzü daha heç bir şövq gətirmirdi və doğrusu bu idi ki, onun içində bir boşluq, mənasızlıq yaranırdı.
Bir dəstə adam hansısa bir rəhmətliyi köhnə Yasamal qəbiristanlığında torpağa tapşırırdı və S.Qafarlı onların yanından keçəndə Universitetin tanınmış dosenti, fizika fakültəsinin dekan müavini B.Dadaşbəyli ilə rastlaşdı.
B.Dadaşbəyli alçaq boylu, yumurta kimi dolu, ancaq həmişə hərəkətdə olan, hər şeylə və hər kəslə maraqlanan, ötkəmliyinə və prinsipiallığına görə həmkarlarının da, qeyri-həmkarlarının da bir az çəkindikləri bir adam idi və deyilənə görə, yaxşı fizik idi, yəqin elə fizikaya məhəbbətə görə də onun S.Qafarlıya rəğbəti vardı. Birdən-birə qəbiristanlıqda S.Qafarlı ilə rastlaşanda B.Dadaşbəyli təəccüblə bu gənc fizikin, fəlsəfə doktorunun - o zaman belə elmi dərəcə var idi -toz basmış ayaqqabılarına, şalvarının tozlu balaqlarına baxaraq:
- Sən burda nə gəzirsən? - soruşdu.
S.Qafarlı bir müddət dekan müavininin sifətinə baxdı, elə bil, universitetdə tez-tez gördüyü bu adamı tanımırdı və bilmədi ki, nə cavab versin? Nə deyəydi? Deyəydi ki, bu köhnə-təzə qəbir daşlarının arasında nə axtarıram? Nə? Ən qəribəsi isə bu oldu ki, S.Qafarlının öz səsi öz qulaqlarında da gözlənilməz səsləndi:
- Başa düşmək istəyirəm...
Görünür, onun sözləri dekan müavinini daha artıq təəccübləndirdi:
- Başa düşmək istəyirsən?
S.Qafarlı başı ilə təsdiq etdi.
B.Dadaşbəyli zənnlə ona baxıb:
- Nəyi? - soruşdu.
S.Qafarlı maddım-maddım dekan müavininə baxaraq, yenə bir müddət susdu və nəhayət, çiyinlərini çəkdi, yəni ki, "nə bilim?".

2

Hamı məəttəl qalmışdı ki, bu gənc və perspektivli alim, növbəti doktorluq dissertasiyasını işləyə-işləyə niyə birdən-birə ərizə verib, universitetdə işdən çıxır və Elmi Şuranın üzvləri də, başqa dost-tanış elm adamları da başa düşə bilmirdi ki, S.Qafarlı nə üçün belə edir? Hətta B.Dadaşbəyli - o, artıq fizika fakültəsinin dekanı və professor idi - S.Qafarlını kabinetinə dəvət etdi və:
- Sən mənimlə açıq danış, - dedi. - Niyə gedirsən? Bəlkə kimdənsə incimisən? Bəlkə nədənsə narazılığın var? Hə? Adam elə-belə, durduğu yerdə işdən çıxıb getməz ki! Nə olub?
S.Qafarlı:
- Heç nə olmayıb, - dedi.
O zaman Amerika Birləşmiş Ştatları hələ dağılmamışdı, "ABŞ" deyirdilər və dekan səsini bir az yavaşıdıb:
- Bəlkə ABŞ-dan dəvət gəlib? - soruşdu.
- Yox.
- Avropadan?
S.Qafarlı başını buladı.
- Ordan da səni dəvət etməyiblər, - dedi. - Heç nə də olmayıb? Bəs, niyə gedirsən?
S.Qafarlı yəqin heç özü də bilmədən, eynilə Yasamal qəbiristanlığındakı kimi, yenə çiyinlərini çəkdi, yəni "nə bilim?" və qəribədir ki, Yasamal qəbiristanlığındakı görüş dekan B.Dadaşbəylinin də yadına düşdü - yaxşı yaddaşı varıymış:
- İnişil də qəbiristanlıqda, yadımdadı, deyirdin ki, "başa düşmək istəyirəm..." Nəyi - və dekan B.Dadaşbəyli bir neçə an susdu, sonra da yəqin başa düşdü ki, əməlli-başlı bir cavab almayacaq, başını bulaya-bulaya:
- Vallah, - dedi, - qəribə adamsan, sonra da Allahı şahid gətirərək: - Allah şahiddir ki, mən sənin getməyini istəmirdim, - dedi və S.Qafarlının ərizəsini vizalayıb, rektorluğa göndərdi.
S.Qafarlının fizikadan başqa bir peşəsi yox idi, ancaq Bakıdakı orta məktəblərdən birində fizika yox, ibtidai siniflər üçün idman müəllimi kimi işə düzəldi və uzun müddət uşaqların sağlamlığı ilə məşğul oldu. Evdə də fizikaya aid nə kitablar var idisə, yığıb aparıb, kitabxanaya bağışladı və S.Qafarlının bu əhvalatından razı qalan bir nəfər vardısa, o da onun həyat yoldaşı idi - əri daha gecənin yarısınacan oturub, fizika ilə məşğul olmurdu. Bir nəfər də var idi ki, yəqin ruhu çox incimiş, çox narahat olmuşdu, o da, şübhəsiz, rəhmətlik atası idi.
Onun dost-tanışları, bir yerdə işlədiyi həmkarları, hətta yaxın-uzaq qohumları, elə bil ki, dekan B.Dadaşbəylinin dediyi sözü eşitmişdilər, ona, yəni S.Qafarlıya qəribə bir adam kimi baxırdılar və hətta bu, onun ayamasına çevrilmişdi: Qəribə adam.

3

...2092-ci ilin də gözəl bir yaz günü idi və bu, həmişəki kimi proqramlaşdırılmış süni yaz günü deyildi. S.Qafarlının nəticəsi Sara yeni sevgilisi ilə "Yer kürəsi - Ay - Mars" marşurutlu turist səfərindən təzə qayıtmışdı. İndi oralara gedib-gəlmək, əvvəllər, yəni Bakı ilə Buzovna hələ birləşməmiş vaxtlar, Buzovnaya gedib-gəlmək kimi bir şey idi. Sara da, yeni sevgilisi də S.Qafarlını yoluxmağa gəlmişdi və S.Qafarlı soruşanda ki, oralarda, yəni Ay, Mars tərəflərdə təzə nə var, nə yox? - Sara bir az da təəssüflə:
- Heç nə... - dedi.
S.Qafarlının yaşı imkan vermirdi ki, belə səfərlərə çıxsın və ən doğrusu budur ki, onun buna heç həvəsi də yox idi, hərçənd oralardan Yer kürəsinə baxmaq maraqlı olardı, ancaq nə olsun, Yer kürəsində bəyəm, yüz cürə sirli şeylər yox idi? Bu da S.Qafarlının fikrindən keçdi ki, Yer kürəsində həyat nə qədər inkişaf edirsə, o sirlər də o qədər artır və onun beynindəki suallar sırası da uzandıqca, uzanır, ancaq bu suallar sırası onu daha rahatsız etmirdi, çünki bunlar adi cavabsız suallar idi. S.Qafarlının sifətində bir təbəssüm yarandı, ancaq Sara bu təbəssümün fərqinə varmadı, çünki S.Qafarlının sifətində belə sözsüz təbəssümlər tez-tez yaranırdı və ötüb də keçirdi, çünki fizikanı bilmək də, bilməmək də, əslində eyni şey idi və buna görə də heç kim dəli olmurdu. Hərdən onun eyvana çıxıb, o baş-bu baş göyə baxmağı var idi və həmin anlarda bəzən atasından soruşurdu: "- Oralarda nə var, nə yox?", sonra da özü öz sualına cavab verirdi ki, "orda da heç nə yoxdu, hə?" Ancaq "heç nə"" nədi? "Heç nə" yoxdusa, deməli, nəsə var də...
Sara:
- Bir şey lazımdı? - soruşdu.
S.Qafarlı:
- Yox, bir şey lazım deyil, - dedi.
Doğrudan da, ona nə lazım idi? Nə istəyəcəkdi?
Bir müddət əvvəl onun 99 yaşı tamam olmuşdu və heç ağlına gələrdi ki, 100 yaşına gəlib çıxacaq? Bunu fikirləşəndə rəhmətlik atası yadına düşürdü: "Sağlam bədəndə sağlam ruh olar." Sağlam bədən 99-u adlamağacan gəlib çıxmışdı, ancaq hissiyyatı ona bunu da deyirdi ki, daha dayanacaqdı, 100-ü görməyəcək.
Necə oldu? Nə oldu ki, 50-60 il bundan əvvəl rəhmətə getmiş B.Dadaşbəyli birdən-birə onun gözlərinin qabağına gəldi və 74 il bundan əvvəl köhnə Yasamal qəbiristanlığında o rəhmətliyə dediyi sözlər də bu uzun-uzadı illər boyu həmişə onunla bir yerdə idi: "- Başa düşmək istəyirəm..." Toxum cücərməyə başlayanda torpaqdan necə baş qaldırırsa, o sözlər də o vaxt S.Qafarlının daxilində eləcə baş qaldırmışdı və dediyim kimi, 99 yaşında da elə o cür idi. Bu barədə fikirləşəndə, özü-özünə çımxırırdı: "- Çox nahaq yerə..." və bu çımxırtıda qocaldıqca get-gedə artan bir kinayə də var idi.
Neçə vaxtıydı ki, onun evdən çıxmağa, harasa getməyə halı və doğrusu, bir az da həvəsi yox idi, ancaq 2092-ci ilin həmin təbii yaz günü elə bil, hardansa əsib gələn bir meh onun varlığına gözəl bir enerji gətirdi və S.Qafarlı başa düşdü ki, bu ölümqabağı bir dirilikdir, ancaq onun içində heç bir ölüm qorxusu, təlaşı, həyəcanı yox idi. O, 74 il əvvəlki kimi köhnə Yasamal qəbiristanlığına gedib, orda həmin köhnə-təzə qəbir daşları arasında gəzişmək istədi və onun içində dəli bir güman yarandı ki, fizikanın girişə bilmədiyi bütün sirlərinin cavabı elə orda - köhnə Yasamal qəbiristanlığındadır.
S.Qafarlı 99-cu mərtəbədə yaşayırdı - o, gülümsədi - yaşı da yaşadığı mərtəbənin hündürlüyünə gəlib çatmışdı və fərq onda idi ki, 99-cu mərtəbədən yuxarıda da hələ neçə qat var idi, ancaq hissiyyatı ona deyirdi ki, onun 99-cu son həddi. Ancaq bu binanın da, kürreyi-ərzdəki bütün qalan binaların qatları da haçansa bitəcəkdi, ya bitməyəcəkdi - nə olsun, fərqi nədir?
O, taksi sifariş etdi və çoxdan hiss etmədiyi bir yüngüllüklə 99-cu mərtəbənin taksi dayanacağına gedib, taksiyə mindi və pilot da elə Sara kimi cavan və gülərüz bir qız idi, elə bil ki, həqiqi insan idi, əsil insan kimi də şirin və səmimi bir dil ilə:
- Hara uçuruq? - soruşdu.
S.Qafarlı:
- Köhnə Yasamal qəbiristanlığına, - dedi.
Pilot qız təəccüblə S.Qafarlıya baxdı:
- Hara, dediz?
S.Qafarlının fikrindən keçdi ki, deyəsən, elə 2018-ci ildə də ilişib qalıb və:
- Qəbiristanlığa, - dedi.
Pilot qız yenidən:
- Hansı qəbiristanlığa? - soruşdu.
- Yaxında hansı qəbiristanlıq varsa, ora.
Qız daha təəccüb etmədi, çünki cürbəcür müştəriləri ora-bura aparıb-gətirdikcə belə bir qərara gəlmişdi ki, insanlar dünyanın çox çətin məxluqlarıdır və onlarla söhbətdə çox da dərinə getmək lazım deyil. Diqqətlə bu qocaya, yəni S.Qafarlıya baxıb, daha heç nə soruşmadı, özü müəyyənləşdirib başa düşdü ki, söhbət ənənəvi qəbiristanlıqdan gedir və qısa bir müddətdən sonra taksini yaxınlıqdakı ənənəvi qəbiristanlıqlardan birinin meydanına endirdi.
S.Qafarlı bu yerləri tanımırdı, ümumiyyətlə Bakı onun üçün tamam başqa bir meqapolis idi və bu başqa meqapolisin onun üçün heç bir doğmalığı yox idi, ancaq o, ənənəvi qəbiristanlıqda hamısı bir-birinin eyni olan qəbir daşlarının arası ilə dolaşarkən, elə bil, o yadlıq hissinə yavaş-yavaş nəsə bir məhrəmlik, bir dinclik qarışırdı. Hərdən də başını qaldırıb göyə baxırdı - boz-qara buludlar yığışırdı, xüsusən, üfüq boyu qapqara qaralırdı və bu buludlar süni deyildi - süni buludlar bu cür yığışmırdı, bu cür qaralmırdı - yəqin dənizin o tərəflərində təbii yağış yağacaqdı.
Bu dəfə də S.Qafarlının içində əməlli-başlı bir təbii yağış muradı baş qaldırdı və fikrindən də keçdi ki, ola bilsin, bir də heç vaxt yağış, yəni təbii yağış görməyəcək. Çox güman, elə də olacaqdı, ancaq bunun nə mənası var idi, S.Qafarlı bir də təbii yağış görəcəkdi, ya yox? Görsəydi, bu dünyada nə dəyişəcəkdi, görməsəydi, nə?
O, uzun illər bundan əvvəl atası ilə birlikdə getdiyi kənddə gecə vaxtı milyonlarla, milyardlarla ulduzların işım-işım işıldadığı göy üzünü yenidən xatırladı və həmin göy üzü ilə bugünkü göy üzü bəyəm, eyni şey deyildi? Hansı ulduz isə sönür, ya söndürülür, hansı ulduz isə yaranır, ya yaradılırdı - dəyişən yalnız dekorlar idi və elə 74 il əvvəl də köhnə Yasamal qəbiristanlığında onun beynində bu cür fikirlər dolaşmışdı. İndi nədir, təzə Amerika kəşf etmək istəyir?
S.Qafarlı səliqə ilə cərgə-cərgə düzülmüş bu qəbir daşlarını bir-bir nəzərdən keçirdi və köhnə Yasamal qəbiristanlığındakı səliqə-sahmansızlıq, qəbir daşlarının düzümündəki hərc-mərclik, oradakı cürbəcür abidələr, hasarlar, eləcə də ətrafı bürümüş alaq içində güclə görünən naməlum qəbir daşları onun xatirinə gəldi, elə bil aradan 74 il yox, 1000 il keçmişdi, ancaq fərqi nə idi?
Uşaq vaxtı gördüyü, işıltısı da adamı ürküdən o ulduzların arasında elələri var idi ki, milyard-milyard işıq illəri qədər uzaqlıqdaydılar - bunun nə əvvəli var idi, nə də axırı və bu əvvəlsizlik və axırsızlıq müqabilində qəbiristanlıqdakı rəhmətliklər xoşbəxtlikləri, ya bədbəxtlikləri, sevincləri və dərd-ələmləri ilə birlikdə gözə görünməyəcək dərəcədə kiçik və əhəmiyyətsiz idi. Bu ənənəvi qəbiristanlığa gəlib, ya da lap elə köhnə Yasamal qəbiristanlığı olsun, ora gedib "qaranlıq otaqda qara pişik axtarır"?
S.Qafarlının düşüncələrindən bu da keçdi ki, elə bu fikirlərin özü də dənizin başının üstünü almış o qapqara buludlar kimi, qaradır, ancaq dənizin üstündəki o buludlardan fərqli olaraq, bu buludlar heç vaxt yağmayacaq.
Onun özünün öz bənzətməsindən xoşu gəldi. Dekan V.Dadaşbəyli düz deyirdi, doğrudan da, qəribə adam idi. Bu qəribə adam yenə 99-cu mərtəbəyə qayıdacaqdı, sonra axşam düşəcəkdi, sonra gecə başlayacaqdı və çoxdan köhnələrək yox olmuş küçə göstəricilərinin qırmızı, sarı, yaşıl işıqları bir-birini əvəz edə-edə mənasız-mənasız yanacaqdı...

Skorsezenin yeni filmi: Baş rolları onlar oynayacaq Rejissora ağır itki Üstündən 33 il keçən faciəmiz - Reportaj
Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see251

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see250

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see231

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see126

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see125

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri