BMT nin zəifləmiş rolu və Azərbaycanın islahat təşəbbüsü
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
24 Oktyabr BMT Günüdür
Hər il oktyabrın 24-də qeyd olunan Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü beynəlxalq əməkdaşlığın, sülhün və təhlükəsizliyin qorunmasının əhəmiyyətini xatırladır. İkinci Dünya müharibəsindən sonra yaradılan təşkilat dövlətlər arasında dialoqun inkişaf etdirilməsi, münaqişələrin sülh yolu ilə həlli və insan hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Azərbaycanın BMT-yə üzv qəbul olunması isə ölkənin müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında mühüm mərhələ olub.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransiskoda imzalanıb və həmin il oktyabrın 24-də qüvvəyə minib. Bu tarix sonradan BMT Günü kimi təsbit edilib. Təşkilatın yaradılması İkinci Dünya müharibəsinin ağır nəticələrindən sonra beynəlxalq sülhü qorumaq və gələcək müharibələrin qarşısını almaq zərurətindən irəli gəlirdi. BMT Nizamnaməsi dövlətlərin suveren bərabərliyini, beynəlxalq mübahisələrin dinc vasitələrlə həllini və güc tətbiqindən çəkinməyi təşkilatın əsas prinsipləri kimi müəyyən edir. Sözügedən prinsiplər beynəlxalq hüququn mühüm dayaqlarındandır. Onların həyata keçirilməsi üzv dövlətlərin siyasi iradəsindən və böyük güclər arasında yaranan münasibətlərdən ciddi şəkildə asılıdır. Bu gün BMT beynəlxalq gündəliyin formalaşmasında, humanitar böhranlara müdaxilədə, inkişaf məqsədlərinin müəyyənləşdirilməsində və qlobal problemlərin müzakirəsində mühüm platforma olaraq qalır. Lakin təşkilatın imkanları ilə bağlı müzakirələr də davam edir. Təhlükəsizlik Şurasında veto hüququnun mövcudluğu, xüsusilə böyük dövlətlərin maraqlarının toqquşduğu məsələlərdə, qərarların qəbulunu çətinləşdirə bilir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Ölkə 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46/230 saylı qətnaməsi ilə təşkilata üzv qəbul edildi. Bu hadisə Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə möhkəmləndirilməsi və çoxtərəfli diplomatiyada iştirak imkanlarının genişlənməsi baxımından əhəmiyyətli idi. BMT-yə üzvlük Azərbaycana beynəlxalq hüququn prinsiplərinə istinad, milli maraqlarını beynəlxalq tribunada ifadə və qlobal məsələlərin müzakirəsində iştirak etmək imkanı verdi. Eyni zamanda, ölkə beynəlxalq öhdəliklərini yerinə yetirmək və digər dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək məsuliyyətini də üzərinə götürdü.
Azərbaycanın BMT çərçivəsində fəaliyyətinin mühüm istiqamətlərindən biri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərin beynəlxalq gündəliyə çıxarılması olub. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Həmin sənədlərdə hərbi əməliyyatların dayandırılması, regionda vəziyyətin sabitləşdirilməsi və münaqişənin sülh yolu ilə həlli ilə bağlı çağırışlar yer alıb. Qətnamələr Azərbaycanın ərazi bütövlüyü məsələsinin beynəlxalq səviyyədə müzakirəsində mühüm hüquqi-siyasi əhəmiyyət daşıyırdı. Lakin heç nə gözlənilən kimi olmadı. Prezident İlham Əliyev oktyabrın 15-də AQEM-in (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) 7-ci Zirvə Toplantısında çıxışı zamanı bu məsələni bir daha vurğuladı. Ölkə başçısı qeyd etdi ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də imitasiya xarakteri daşıyırdı: “Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir. Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”.
Prezident, həmçinin vurğulayıb ki, həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi: “Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı”.
Bir məqamı da vurğulayaq ki, Azərbaycan 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmiz səsvermədə 155 səs toplayaraq 2012–2013-cü illər üçün Şuraya üzv seçilib. Bu üzvlük ölkənin xarici siyasət tarixində əlamətdar mərhələ idi. Rəsmi Bakı 2012-ci ilin mayında və 2013-cü ilin sentyabrında Təhlükəsizlik Şurasına sədrlik etdi. Şuradakı fəaliyyət Azərbaycanın beynəlxalq təhlükəsizlik problemləri ilə də bağlı mövqeyini ifadə etməsinə də şərait yaratdı. Bu dövrdə terrorizmə qarşı mübarizə, münaqişələrin qarşısının alınması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə olundu. Sözsüz ki, qeyri-daimi üzvlük həm də diplomatik məsuliyyət tələb edirdi. Bu baxımdan, Azərbaycanın üzvlüyü ölkənin çoxtərəfli diplomatiya təcrübəsinin genişlənməsi üçün əhəmiyyətli imkan yaratdı.
Bununla belə, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi zərurəti də gündəmdədir. Təhlükəsizlik Şurasının tərkibi və qərarvermə mexanizmləri ilə bağlı islahat müzakirələri beynəlxalq sistemin müasir reallıqlara uyğunlaşdırılması ehtiyacını əks etdirir. Təşkilatın nüfuzunun və effektivliyinin qorunması üçün üzv dövlətlərin Nizamnamədə təsbit olunan prinsiplərə əməl etməsi, beynəlxalq hüquqa hörmət göstərməsi və siyasi fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çalışması vacibdir. Azərbaycan üçün də BMT çərçivəsində əməkdaşlıq beynəlxalq hüququn möhkəmləndirilməsi, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi və qlobal problemlərin həllinə töhfə verilməsi baxımından əhəmiyyət daşıyır. Ölkənin platformadakı fəaliyyəti milli maraqların ifadəsi ilə yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları ilə də bağlıdır.
Yeri gəlmişkən, oktyabrın 23-də Xankəndi şəhərində “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək naminə Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksək səviyyəli strateji dialoq keçirilib. Tədbirdə Azərbaycan–BMT tərəfdaşlığının prioritetləri, Qarabağ iqtisadi rayonunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması və regionun dayanıqlı inkişafının sürətləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.
Nəzrin ELDARQIZI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 24 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















