Britaniyada sığınacaq axtaranlara milyonlarla funt kompensasiya verilə bilər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
London, 9 sentyabr, AZƏRTAC
La-Manş boğazından qanunsuz yollarla Britaniyaya gələn sığınacaq axtaranların Daxili İşlər Nazirliyinə qarşı qaldırdığı iddialar nəticəsində milyonlarla funt-sterlinq kompensasiya ala biləcəyi bildirilir.
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, Dover yaxınlığındakı keçmiş Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazasında yerləşən Manston miqrantların saxlanma mərkəzində təxminən 200 nəfər qeyri-qanuni saxlanma və insanlıqdan kənar şəraitdə qalma ilə bağlı məhkəməyə müraciət edib.
Şikayətlər arasında mühafizəçilərin cinsi zorakılığı, fiziki təzyiqi, şəxsi əmlakın oğurlanması, tibbi yardımın rədd edilməsi, difteriya, qaşınma kimi xəstəliklərin yayılması, çirkli və soyuq şərait, ailələrin zorla ayrılması kimi hallar göstərilib. Qanunvericiliyə görə, miqrantların 24 saatdan artıq qeyri-qanuni saxlanması hər gün üçün minimum 500 funt kompensasiya ödənilməsinə səbəb olur. Bununla yanaşı, məhkəmələr əlavə olaraq daha yüksək və ya nümunəvi təzminat da təyin edə bilər.
Rəqəmlərə görə, ümumilikdə 18 minə yaxın miqrant Manstonda qalıb ki, bu da gələcəkdə daha çox kompensasiya iddialarına yol aça bilər. Xatırladaq ki, ötən ilin oktyabrında Qatvik hava limanı yaxınlığındakı Brook House mərkəzində üç ay qeyri-qanuni saxlanılan və alçaldıcı rəftara məruz qalan bir miqranta 203 min 995 funt-sterlinq təzminat ödənilmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London


