Bu gün odlar yurdunda yenə tonqallar qalanır NOVRUZ BAYRAMI FOTOSESSİYA
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Novruz bayramı – təbiətin oyanışı, yeni ilin və yazın gəlişi münasibətilə qeyd olunan ən qədim bayramlardan biridir. Azərbaycanın milli bayramlarından olan Novruz, hər il mart ayının 20-21-də gecə-gündüz bərabərliyi zamanı qeyd edilir. Bu bayramın kökləri min illərlə əvvələ, Zərdüştlük dövrünə gedib çıxır və Şərq xalqları arasında geniş yayılmışdır.
Novruz bayramının tarixi eramızdan əvvəlki dövrlərə dayanır. Bir çox tədqiqatçılar bu bayramın Zərdüştlük dini ilə bağlı olduğunu, Günəşin və təbiətin yenilənməsinin simvolu kimi qəbul edildiyini bildirirlər. Novruzun adı fars dilindən tərcümədə “yeni gün” mənasını verir. Bu bayram təkcə Azərbaycan deyil, həm də İran, Türkiyə, Orta Asiya ölkələri və digər Şərq xalqları tərəfindən qeyd olunur. Məhz bu kütləviliyə, geniş coğrafiyada yayılmasına görə bu bayram aparıcı təşkilatların da diqqətindən kənar qalmayıb. Belə ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mənəvi irsi siyahısına daxil olunub, 2010-cu ildə isə 21 mart tarixi BMT tərəfindən “Beynəlxalq Novruz Günü” kimi elan edilib.
Azərbaycan xalqı tarix boyu Novruzu geniş şəkildə qeyd edib. Orta əsrlərdən etibarən bu bayram rəsmi bayram kimi qeyd olunub, hətta müxtəlif dövrlərdə hökmdarlar tərəfindən xüsusi əhəmiyyət verilib.

Novruzun Azərbaycandakı ənənələri: Novruz bayramı ilə bağlı Azərbaycanda bir çox qədim adət-ənənələr mövcuddur. Bayramın əsas xüsusiyyətlərindən biri 4 çərşənbənin – Su, Od, Yel və Torpaq çərşənbələrinin qeyd olunmasıdır. Bu çərşənbələrdə suyun təmizlənməsi, odun müqəddəs sayılması, küləyin təbiəti oyatması və torpağın canlanması ilə bağlı inanclar yaşadılır.
Novruz bayramında bəzi adət-ənənələr var ki, onların yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir:
Xonça hazırlamaq – xonçaya səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, boyanmış yumurtalar düzülür; Səməni cücərtmək – səməni həyatın, bolluğun və bərəkətin rəmzidir; Papaq atmaq – uşaqlar qapı önünə papaq atır və ev sahibləri içini bayram şirniyyatları və hədiyyələrlə doldurur; Tonqaldan tullanmaq – insanlar odun üzərindən tullanar və "ağrım-acım odda qalsın" deyirlər; Kosa və Keçəl – Novruzun əsas personajlarıdır, müxtəlif səhnəciklər və zarafatlarla insanları əyləndirirlər.
Novruz təkcə bayram deyil, həm də birliyi, dostluğu və sülhü simvolizə edir. İnsanlar küsülüləri barışdırır, evlərini təmizləyir, süfrə açaraq qohumlarını və dostlarını bir yerə toplayırlar. Bu bayram Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin bir parçası kimi nəsildən-nəslə ötürülür.
Bu bayram həm tarix, həm də ənənələr baxımından Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu gün də xalqımız Novruzu sevinc və coşqu ilə qeyd edərək, qədim adətləri yaşadır və gələcək nəsillərə ötürür.
2020-ci ilin payızında Azərbaycan 30 illik işğaldan sonra öz torpaqlarını azad etdi. Bu tarixi hadisə yalnız ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, həm də bu torpaqlarda mövcud olan mədəniyyət və ənənələrin təzədən canlanmasına şərait yaratdı. Azad olunan ərazilərdə Novruz bayramının keçirilməsi xüsusi bir əhəmiyyət kəsb edir, çünki bu bayram həm yeni ilin gəlişini, həm də xalqın yenidən doğan ümidlərini simvollaşdırır.
Novruz bayramı Azərbaycan xalqı üçün yalnız təbiətin oyanışı və yazın gəlişi deyil, həm də milli birlik, əzmkarlıq və qarşıya qoyulan hədəflərə çatmaq üçün bir başlanğıcdır. Azad olunmuş torpaqlarda bu bayram, təkcə əhalinin hərtərəfli bərpası deyil, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin qalibiyyətinin simvoludur.
Qarabağda Novruz bayramının qeyd olunması həm regionun bərpası, həm də xalqın mədəni irsini qorumağa yönələn əhəmiyyətli bir addım oldu. Bu il Novruz bayramı müharibə nəticəsində həlak olmuş və yaralanmış əsgərlərimizin xatirəsinə həsr olundu və azad olunan ərazilərdə keçirilən bayram tədbirləri xüsusi mənəvi yüklə oldu.

Qarabağda, eləcə də digər azad olunan torpaqlarımızda Novruz bayramı, həm də həmin ərazilərdəki mədəniyyətin bərpasını və qorunmasının nişanəsidir. Tarixi və mədəni abidələrin bərpası, azad edilmiş kəndlərin və şəhərlərin yenidən qurulması, həmçinin yerli ənənələrin təzələnməsi, bu bayramın xüsusi bir mənası olduğunu göstərir.
Vətən müharibəsi başa çatdıqdan cəmi bir neçə ay sonra, 2021-ci ilin mart ayında ölkə başçısı İlham Əliyev Şuşada Novruz tonqalını yandırmaqla öz mesajını vermişdi. Bu bayramı milli bayramına çevirən, buna baxmyaraq, Azərbaycanın uğuruna sevinməyi bacarmayan dövlət artıq Qarabağda Azərbaycan odunun işığını seyr etməyə məcbur edilmişdi. Qarabağda və ətraf bölgələrdə Novruzun ənənəvi adətləri, o cümlədən səməni becərilməsi, xonça hazırlanması, tonqal atılması və uşaqların "Kosa" və "Keçəl" kimi maskaralarla küçələrdə gəzib əyləndirməsi adətləri yenidən həyata keçirildi. Bu, həmçinin xalqın qədim ənənələrini qoruyub saxlamasına və gələcək nəsillərə ötürməsinə imkan yaradıb.
Azad olunan torpaqlarda yaşayan insanlar, uzun illər sonra ilk dəfə Novruz bayramını öz doğma torpaqlarında qeyd edirdilər. Bu bayram xalqın sadəcə maddi yox, həm də mənəvi gücünü artırdı. Novruz bayramı insanların öz torpaqlarına və mədəniyyətlərinə bağlılıq hissini gücləndirdi və gələcəyə olan ümidlərini yenidən canlandırdı.

İşğaldan azad edilən bölgələrdə həyata keçirilən Novruz tədbirləri həm də birliyin və həmrəyliyin güclənməsinə xidmət edir. Bayramda iştirak edən hər kəsin, istər şəhər, istərsə də kənd yerlərində bir araya gəlməsi və qarşılıqlı dəstək göstərməsi, ölkəmizin birliyini və gücünü nümayiş etdirir.
Azad olunan torpaqlarda Novruz bayramı yalnız təbiətin oyanışı deyil, həm də xalqın həyatında yeni bir səhifənin açılmasının, həmrəyliyin və mübarizənin simvoludur. Bu bayram, Qarabağ və ətraf bölgələrdə yaşayan insanların keçmişə olan bağlılığını, bu gün isə yeni gələcək üçün əzmkarlığını və ümidini göstərir. Bu, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunmasının və yaşadılmasının vacibliyini vurğulayır.
Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin ənənələrinə malik bayramlarından biridir. Lakin müasir dövrün tələbləri və həyat tərzinin dəyişməsi ilə bir çox qədim adət-ənənələr unudulmağa başlayıb. Məsələn, Novruzun ən vacib simvollarından biri olan səməni cücərdilməsi, əvvəlki illərdə hər evdə mütləq şəkildə həyata keçirilirdi. Bu ənənə təbiətin oyanışını və bərəkəti simvolizə edirdi, lakin indi bu adət, xüsusilə şəhərlərdə daha az müşahidə olunur. Eyni zamanda, Novruz bayramı ilə bağlı ənənəvi "Kosa" və "Keçəl" maskalarının geyilməsi də əvvəlki illərdən fərqli olaraq, azalıb. Bu maskalar bayramın əyləncəli və rəngarəng tərəfini təşkil edirdi, amma indiki dövrdə bu ənənə yalnız bəzi kəndlərdə və böyük tədbirlərdə davam etdirilir.
Bundan əlavə, yeddi cür tərəvəz becərilməsi də Novruzun mühüm adətləri sırasındadır, lakin bu da unudulmağa başlayıb. Ənənəvi olaraq, hər evdə bu tərəvəzlər becərilərək Novruz bayramının bərəkətini və təbiətin yenilənməsini simvolizə edirdi. Lakin müasir dövrdə bu ənənə, xüsusilə şəhərlərdə yaşayan insanlar arasında getdikcə daha az tətbiq olunur.
.jpg)
Novruz bayramının əsas elementlərindən olan qapılara papaq atmaq da zamanla daha az həyata keçirilir. Əvvəllər tonqalın ətrafında toplaşaraq bir-birinə xoş arzular göndərən insanlar indi müvafiq təhlükəsizlik tədbirlərinə görə bu ənənəni unudublar. Bayramın üç gün ərzində qeyd olunması da zamanla dəyişmişdir. Əvvəllər bayramın 3 günü xüsusi yeməklərlə qeyd edilirdi, amma indiki dövrdə bu mərasimlər bir neçə gün ərzində sadələşib.
Novruz bayramı zamanı hədiyyə vermək, ailə üzvlərinə və dostlara xoş arzular göndərmək ənənəsi də getdikcə azalır. Əvvəlki illərdə bayramda müxtəlif hədiyyələr təqdim edilirdi, amma indiki dövrdə bu praktika çox hallarda yox olub.
Şirniyyatlar isə Novruz bayramının ayrılmaz bir hissəsi idi. Bayramın mütləq hissəsi sayılan qovurğa, şəkərbura, paxlava kimi şirniyyatlar əvvəlki illərdə evdə hazırlanırdı, amma hazırda şirniyyatlar daha çox mağazalardan alınır və bu da Novruz bayramının ənənəvi şirniyyatlarının hazırlanmasında azalmaya səbəb olub.
Bütün bu dəyişikliklər Novruz bayramının zəngin ənənələrinin müasir dövrün təsiri ilə necə tədricən unudulmasına və ya itirilməsinə səbəb olduğunu göstərir. Bununla belə, bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi, milli kimliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bəs Azərbaycanda Novruz bayramının milli kimliyi və köhnə adət-ənənələri qorunurmu? Xatırlayıram ki, biz uşaq olanda qonşular stəkanı divara qoyaraq digər qonşunun danışdıqlarını eşitməyə çalışır və orada eşitdikləri sözlərə əsasən bəxtlərinin necə olacağını müəyyən edirdilər. Həmçinin bacadan boğça sallamaq kimi maraqlı bir adət də var idi kənd yerlərində. Biz bunu bəzi klassik filmlərimizdə də görə bilərik. Bəs indi bu adət-ənənələr hələ də yaşadılırmı?
Mövzu ilə bağlı türkoloq-alim Faiq Ələkbərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqının ən qədim bayramı olan Novruzun əksər ənənələri öz tarixiliyini qorumağa davam edir:
“Çərşənbələrlə yanaşı, bayram günü də tonqallar yandırılır, şəkərbura və paxlava hazırlanır, evdə fal açılır və bəxt yoxlanır. Hər evdə Novruz süfrələri hazırlanır, şeirlər oxunur və bayramın sevinci ilə insanlar bir araya gəlir.
Bəzi qədim adətlər zamanla dəyişsə də bir çoxu hələ də yaşamaqdadır. Məsələn, bacadan torba atmaq adəti hələ də davam edir. Düzdür, indi bacalar olmadığı üçün torbalar qapının arxasına qoyulur. Qızların bulaq başında yarışması və çaydan su götürərkən sağlıq diləməsi kimi adətlər də hələ də qorunur.
.jpg)
Səməniyə olan maraq da hər zaman yüksək olub və bu ənənə hələ də yaşamaqdadır. Müasir dövrdə texnologiyanın inkişafı ilə bir çox yeniliklər olsa da, Novruzun mahiyyəti və ənənələri qorunub saxlanılır. Bayramın simvolikası və keçmişi ilə bağlı əsas prinsiplər hələ də yaşamaqdadır”.
Türkoloqlar hesab edir ki, dünyanın bir çox qədim bayramlarında olduğu kimi Novruz bayramında da ənənələrin bir qismi sadəcə öz formasını dəyişib. İnsanların sıx yaşadığı ərazilərdə belə ənənələr müxtəlif iradlar, gülüş hədəfi və s. hərəkətlərə tuş gəldiyi üçün sonradan dövrə uyğunlaşdırılıb. Məsələn, əvvəllər Novruz bayramında süfrəyə qoyulan xonçanın 4 tərəfinə çərşənbələrin sayına uyğun olaraq şam qoyulardı. Lakin indi bu ənənə əhalinin sıx yaşadığı ərazilərdə, əsasən şəhərlərdə, demək olar, unudulub. Bəzi bölgələrdə isə şam xonçadan çıxarılaraq masanın üzərinə qoyulur.
Digər tərəfdən, Novruz süfrəsində düzülməli olan 7 “S” hərfi ilə başlayan nemətin artıq sadəcə 2-3 ədədi ya qoyulur, ya qoyulmur. Doğrudur, bu adət bölgələrə görə dəyişə bilir, yəni hər bölgə öz dəyərlərinə görə süfrəyə “S” hərfi ilə başlayan nemətlər düzə bilər. Bir çox bölgələrdə səbzi plov, sumaq, sarıkök, süzmə, süd, sazan balığı və səməni süfrənin 7 “S” hərfi ilə başlayan neməti sayılır. Lakin bu ənənəni həyata keçirməyə çalışsa da, süfrəyə nə qoyulmasını unudanlar bir çox hallarda soğan, sarımsaq, saat, boş stəkan və s. kimi gərəksiz, müsbət mənaya yozulması mümkün olmayan ərzaq və əşyalar düzür.
Əvvəllər texnologiyanın sürətlə inkişaf etmədiyi dövrlərdə həm ölkəmizdə, həm də dünyada qonşuluq münasibətləri çox yaxşı irəliləyirdi. Lakin göydələnlərin sayı artdıqca və mobil telefondan istifadə yaşı aşağı düşdükcə bu münasibətlər pozuldu. Bu gün orta yaşlı və yaşlı nəslin nümayəndələri ocağın içinə kartof atıb bir növ kabab edir və azyaşlılara verir. Əvvəllər qapısına papaq atılanda ev sahibi sevinərdi, o papağı adına layiq doldurmağa çalışardı (imkanı daxilində). Bu gün kiminsə qapısına papaq atanda içinə “Bəxtinizi bir daha sınayın” yazılı kağız qoyurlar.
Əvvəllər hər məhəllədə Kosa və Keçəl kimi bəzədilən məktəblilər olardı, qapılara düşüb sovqat yığar, sonra məhəllənin digər uşaqları ilə birgə yeyərdilər.
Bu gün bu ənənələri yalnız dövlətin təşkil etdiyi tədbirlərdə görə bilirik. Məktəbdə, bağçada, iri konsert zallarında azyaşlıların bayramı heç vaxt unutmaması üçün...
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Eltac Zülfüqaroğlu
