Bilik və mədəniyyət bayrami
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı" ərəfəsində Bakıda 19 mart tarixində Azərbaycanda Atatürk Mərkəzində altıncı, yekun kulturoloji elmi oxunmalar baş tutdu. O, "Simurq" Mədəniyyət Assosiasiyasının Mədəniyyət Nazirliyinin qrantı ilə dəstəklənən "Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı" layihəsinə müvafiq olaraq təşkil olunmuşdur. Elmi oxunmalarda Azərbaycanın tanınmış kulturoloqları məruzələrlə çıxış etdilər. Benefisiarlar qismində isə alimlər, pedaqoqlar, məmurlar, jurnalistlər, həkimlər, muzey və kitabxana işçiləri, qadın və gənclər QHT-lərin nümayəndələri, tələbələr iştirak etmişlər.
Azərbaycan xalqının milli inkişaf tələbatlarının təhlilinə sistemli kulturoloji yanaşma metodologiyasına əsaslanan layihə Ümummilli lider Heydər Əliyevin tövsiyələri və ölkənin yeni sosial-mədəni inkişaf strategiyası işığında Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişaf etdirilməsinə yönəlib. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafının bərpa olunan strateji resursu və başlıca hərəkətverici qüvvəsi olan yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının "istehsalında" dövlətə vətəndaş dəstəyi göstərməkdir. Daimi dəyişikliklər, sivilizasiya böhranı və qloballaşmanın çağırışları şəraitində bu vəzifənin həlli milli inkişaf üçün ölçüyəgəlməz əhəmiyyət daşıyır.
Layihə çərçivəsində keçirilən ustad dərsi kulturologiya, kulturogenez, mədəniyyət və sivilizasiya, əmək və idarəetmə mədəniyyəti, liderlik mədəniyyəti, hüquqi və etik mədəniyyət, insanlararası və beynəlxalq münasibətlər mədəniyyəti, məsuliyyət mədəniyyəti və s. haqqında universal kulturoloji bilikləri özündə ehtiva edən yüzdən çox rəngli slayddan ibarət təqdimatın nümayişi ilə müşayiət olundu. Təqdimatın altı bölməsində sxemlər, formullar, meyarlar, dəyərlər, metodoloji prinsiplər, o cümlədən "kulturoloji piramida" sistemli innovativ təhlil metodu, xoşbəxtlik, rəqabətqabiliyyətli dövlət, meritokratik tərbiyə və idarəetmə formulları və s. öz əksini tapmışdı.
Layihənin iştirakçılarına Sülh Mədəniyyəti İnstitutunun (YUNESKO) Elmi Şurası, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət heyəti və "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının Rəyasət heyəti tərəfindən ali təhsil müəssisələri üçün dərs vəsaiti qismində tövsiyə olunan "Yüksək mədəniyyətli insan" monoqrafiyası paylandı. Kitabda yer alan universal kulturoloji biliklər məmurlar, alimlər, pedaqoqlar, maarifçilər, jurnalistlər, hüquqşünaslar, həkimlər, diplomatlar, mühəndislər və ixtiraçılar, ədəbiyyat və incəsənət xadimləri üçün, xüsusi istedada malik gənclərin və uşaqların hazırlığı üçün, eləcə də vətəndaşların və yaşlı nəslin nümayəndələrinin özünü təhsili üçün praktiki maraq kəsb edir. Monoqrafiyada açıqlanan özünüidarə mədəniyyətinin xüsusiyyətləri hər bir insana özünü təkmilləşdirməyə və öz həyatını yaxşılaşdırmağa, öz düşüncələrini və hislərini idarə etməyə, çətinlikləri dəf etməyə, sağlamlığını qorumağa və vaxtı rasional şəkildə idarə etməyə kömək etmək üçün nəzərdə tutulmuşdur. Kitabda sistemləşdirilən xarici ölkələrin dövlətçilik və dövlət idarəetmə mədəniyyəti sahəsində təcrübəsi insan inkişafının mürəkkəb problemlərinin həlli və milli idarəetmənin səmərəliliyinin yüksəldilməsi üçün istifadə oluna bilər. Nəhayət, monoqrafiyanın oxuyucusu orta əsrlərdə yaşamış görkəmli ruhi mədəniyyət yaradıcıları, öz həyat fəaliyyətlərini Azərbaycan xalqının və bütün bəşəriyyətin mədəniyyətinin inkişafına xidmətə həsr etmiş Nizami Gəncəvinin və İmadəddin Nəsiminin kulturoloji portretləri ilə tanış olmaq imkanı əldə edəcək.
Layihənin üstün cəhətlərindən biri cəmiyyətin ruhi mədəniyyətinin inkişaf səviyyəsini aşkar etmək məqsədilə işlənib hazırlanmış kulturoloji anketlərdir. Azərbaycan xalqının bu günü və gələcəyi xalqın ruhi mədəniyyətinin inkişaf səviyyəsindən çox asılıdır. Əhalinin müxtəlif sosial qruplarının kulturoloji anket sorğusunun keçirilməsi vətəndaşların intellektual və mənəvi mədəniyyət səviyyəsinin qiymətləndirilməsi, mədəni elitaların formalaşdırılması üçün etibarlı, təsdiqlənmiş biliklərin alınması, habelə Azərbaycan Respublikasının sosial-mədəni strategiyasının monitorinqinə və uzaq perspektivdə təkmilləşdirilməsinə istiqamətlənmiş elmi tövsiyələrin işlənib hazırlanması üçün yeni imkanlar açır.
“Yüksək mədəniyyətli insan” audiokitabının çap edilməsi və yayılması da daxil olmaqla, Azərbaycanın rayonlarında layihənin gələcəkdə həyata keçirilməsi mühüm praktiki əhəmiyyətə malikdir. Layihənin Azərbaycan cəmiyyətində universal kulturoloji biliklərin yayılması ilə bağlı olan əsas kulturoloji ideyaları intellektual mədəniyyətin qabaqlayıcı inkişafı və xalqın icbari kulturoloji təhsili və maarifləndirilməsinin qanunvericilik qaydasında tətbiqi ilə birgə rəqabətqabiliyyətli insan kapitalının inkişafı üçün möhkəm zəmin hazırlaya, ölkənin taleyüklü problemlərinin həlli üçün yeni imkanlar aça bilər.
Altıncı kulturoloji elmi oxunmaların iştirakçıları, o cümlədən mədəni elitanın və ziyalıların nümayəndələri bəyannamə qəbul etmişlər və dövlət quruculuğu və idarəetmə proseslərində ölkənin milli maraqlarına cavab verən bir sıra elmi tövsiyələrin praktiki cəhətdən reallaşdırılmasına dəstək göstərilməsi xahişi ilə hökumətə müraciət ünvanlamışlar. Onların arasında Azərbaycanda yüksək mədəniyyətli insanların “istehsalının” növbəti onillikdə prioritet milli vəzifəsi elan edilməsi var ki, bu vəzifənin yerinə yetirilməsi Azərbaycan xalqının həyat qabiliyyətinin yüksəldilməsi və milli insan kapitalının inkişafı amili kimi cəmiyyətdə ruhi mədəniyyətin və sistemli kulturoloji təfəkkürün qabaqlayıcı inkişafına təkan verəcəkdir. Mütərəqqi mədəni transformasiyalara istiqamətlənmiş tövsiyələr arasında – kulturologiyanın elm və tədris fənni kimi daha da institusionallaşması, uşaq bağçalarında və məktəblərdə mədəniyyətşünaslığın tədrisə daxil edilməsini, ali təhsil müəssisələrində kulturologiya kafedralarının açılmasını; uşaqlar, gənclər və analar üçün daimi fəaliyyət göstərən kulturoloji maarifləndirmə sisteminin, eləcə də uşaqların meritokratik tərbiyə mədəniyyəti sisteminin yaradılması; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində məqsədyönlü elmi tədqiqatların aparılması və milli ekspert-kulturoloqların hazırlanması üçün zəruri olan Heydər Əliyev adına Kulturologiya Akademiyasının təsis edilməsini; Bakıda daimi fəaliyyət göstərən Beynəlxalq Kulturoloji Elmi Oxunmalar Mərkəzinin yaradılmasını və s. misal göstərmək olar.
Azərbaycanın innovativ kulturoloji təşəbbüsünə tanınmış alimlər – YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun, M.Y. Lomonosov adına MDU-nun Qlobal proseslər fakültəsinin YUNESKO kafedrasının, Pitirim Sorokin Beynəlxalq İnstitutunun, “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin və s. rəhbərləri maraq göstərmiş və onun beynəlxalq səviyyədə həyata keçirilməsinə hazır olduqlarını nümayiş etdirmişlər. Yüksək mədəniyyətli insanların “istehsal edilməsinin” Azərbaycan modeli “Homo sapiens” insan növündən – “Homo kulturalis” insan növünə keçid üzrə planet miqyasında layihənin işlənib hazırlanması və həyata keçirilməsi üçün əsas ola bilər.
Oxunmaların təşkilat komitəsinin ünvanına “Sivilizasiyaların Dialoqu” Açıq Universitetinin, Sülh Mədəniyyəti İnstitutunun (YUNESKO), Rusiya “Xalq təhsili” Forumunun rəhbərlərindən, eləcə də Azərbaycanın xalq şairi, kulturoloq-alim, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Nəriman Həsənzadədən, AR-nin Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundovadan salam və dəstək məktubları daxil olub.
Azərbaycanın xalq yazıçısı, Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundovanın, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, politoloq, “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Svetlana Bayramovanın, kulturoloq-yaponşünas, BDU-nun müəllimi Əbülfəz Babazadənin, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin və başqalarının çıxışlarında “Simurq” AMA-nın 35 illik fədakar fəaliyyəti, Fuad Məmmədovun Azərbaycanda yeni elm istiqaməti kimi kulturologiyanın təşəkkülünə və inkişafına verdiyi töhfə yüksək qiymətləndirilmişdir.
Sülh Mədəniyyəti İnstitutunun (YUNESKO) rektoru, Beynəlxalq Humanitar “Avropa-Asiya” Akademiyasının prezidenti, akademik Engel Tahirov öz salamlama məktubunda Azərbaycan ziyalılarının “Rusiya xalqları, dünya ölkələrinin birliyi tərəfindən fəal şəkildə istifadə olunan” kulturoloji fikrinin nailiyyətlərini yüksək qiymətləndirdi. O, misilsiz poetik dillə Azərbaycan xalqına və onun mədəniyyətinə səmimi sevgisini və hörmətini bəyan etmiş, Bakılıları XXI əsrin yaradıcıları, “Simurq” AMA-nın Birinci Bakı kulturoloji elmi oxunmalarının təşkil edilməsi və keçirilməsi üzrə təşəbbüsünü humanitaristika sahəsində yeni söz, Azərbaycanın gənc nəslinin vətənpərvər-vətəndaş təfəkkürünün formalaşdırılması yönündə praktiki fəaliyyətində yeni addım, zamanın çağırışlarına və təhdidlərinə intellektual cavabın xüsusən dəyərli və tələb olunan forması adlandırdı. Akademik Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayaraq, “onun fenomeninin miqyaslı dəyişikliklərə tələbatdan doğulduğunu və ruhi sferada inqilabla müşayiət olunduğunu” qeyd etdi. Məhz Heydər Əliyev “millətin tarixi coşğusunun yalnız və yalnız mədəniyyətlə təmin oluna biləcəyini gözəl başa düşərək, onu ən qiymətli xəzinə, günün tələbi, xalqın ruhu və canı adlandırırdı”. Onun vəsiyyətlərinə uyğun olaraq, insanın nəcibləşdirilməsi, yüksək mədəniyyətli Azərbaycan vətəndaşının formalaşdırılması məqsədi ümummilli ideya qüvvəsi qazanıb.
Azərbaycanlı kulturoloqların diskussiyalarını və panel müzakirələrini diqqətlə dinləmiş Azərbaycanın xalq yazıçısı Elmira Axundova məmnuniyyətlə qeyd etdi ki, oxunmalar “ümumrespublika əhəmiyyətli hadisə olub, xaricdəki kulturoloqların və intellektual elitanın diqqətini cəlb etmişdir”.
Elmira xanım oxunmaların nəticələrinin və kulturoloji təhsil və maarifləndirmənin Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrinə sistemli şəkildə tətbiqi üzrə təkliflərin irəli sürüldüyü Bəyannamənin əhəmiyyətini yüksək qiymətləndirdi. “Bu, dövrümüzün çoxdan yetişmiş tələbatıdır, respublikada kulturologiya elminin banisi, tarix elmləri doktoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov bunun əhəmiyyəti barədə danışır. Çox şadam ki, onun ideyaları bu gün ölkəmizin intellektual elitası tərəfindən daha çox dəstək görür”.
O vurğuladı ki, Bəyannamədə irəli sürülən aktual elmi tövsiyələr Azərbaycanın qanunvericilik və hökumət strukturlarında ciddi şəkildə nəzərdən keçirilməli və müzakirə predmeti olmalıdır ki, “yüksək mədəniyyətli insan” anlayışı vətəndaşlarımızın ümumi mədəniyyət səviyyəsinin və sistemli kulturoloji təfəkkürünün yüksəlməsinə təkan verməklə, nəzəri modeldən sosial-mədəni strategiyaya və canlı praktikaya keçsin. Professor Fuad Məmmədovla bərabər mən də inanıram ki, gələcək “Yüksək mədəniyyətli insanındır”! Gəlin hamımız birlikdə bu gələcəyi yaxınlaşdıraq”.
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən ölkənin yeni sosial-mədəni inkişaf strategiyası çərçivəsində “Simurq” AMA-nın keçirdiyi Birinci Bakı kulturoloji elmi oxunmalarına Milli Aviasiya Akademiyasının kafedra müdiri, Azərbaycanın xalq şairi, tanınmış kulturoloq, professor Nəriman Həsənzadə yüksək qiymət verdi. O, “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsini Azərbaycan kulturoloqlarının vətəndaşların intellektual və mənəvi mədəniyyətinin, kulturoloji təfəkkürünün və Azərbaycan xalqının kulturogenezinin inkişafına ciddi töhfəsi, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ruhi mədəniyyətinin hərtərəfli inkişaf etdirilməsinin zəruriliyi barədə vəsiyyətinin həyata keçirilməsinin ən yaxşı forması adlandırdı. Ağsaqqal vurğuladı ki, Bəyannamədə intellektual mədəniyyətin qabaqlayıcı inkişafı, Azərbaycan cəmiyyətində universal kulturoloji biliklərin yayılması, icbari kulturoloji təhsil və maarifləndirmənin qanunvericilik qaydasında tətbiqi ilə bağlı verilən elmi tövsiyələr zamanın çağırışlarına ən yaxşı cavabdır. Sənəddə yüksək mədəniyyətli vətəndaşların yetişdirilməsi üzrə dəqiq formulə edilmiş postulatlar Azərbaycan cəmiyyətində milli maraqlara cavab verən mütərəqqi kulturoloji dəyişikliklər üçün geniş imkanlar açır. Nəriman Həsənzadə strateji milli resurs kimi Azərbaycanın yüksək mədəniyyətli vətəndaşlarının formalaşdırılmasına və inkişaf etdirilməsinə hədəflənmiş Birinci Bakı kulturoloji elmi oxunmalarının ziyalılarımız, xalqımız və dövlətimiz tərəfindən dəstək görəcəyinə və ölkəmizin bütün regionlarına yayılacağına ümidini ifadə etdi.
Rusiya Təhsil Akademiyasının akademiki, professor Sühəyl Fərəh öz salamlama məktubunda belə yazır: “19 mart 2025-ci il tarixində yekunlaşan Birinci Bakı kulturoloji elmi oxunmalarının əsas sənədi olan, Azərbaycan ziyalılarının nümayəndələrinin qəbul etdiyi Bəyannamənin mətnini oxuduqda onun dərin intellektual və elmi məzmununu, eləcə də aydın ruhi simasını qeyd etməyə bilmərəm”. “Bəyannamədə mədəniyyətin yalnız müxtəlif nəsillərin maarifləndirilməsi və tərbiyə edilməsi prosesində deyil, həm də müxtəlif elmi fənlər və koqnitiv fəaliyyətdəki rolunun yeni anlayışı verilir, amma heç də az əhəmiyyəti olmayan bir şey də var ki, həmin sənəddə strateji məqsədin – bütün məktəbəqədər, orta və ali təhsil müəssisələrində “Yüksək mədəniyyətli insan” ideyasının reallaşdırılması üçün praktiki yol xəritəsi faktiki olaraq təqdim edilib. Burada strateji vəzifə müəyyən edilib: “Yüksək mədəniyyətli insan” statusunu necə qazanmaq olar ki, o özünü və ailəsini keyfiyyətlə, ahəngdarlıqla və müvəffəqiyətlə idarə etməklə yanaşı, cəmiyyətdə iqtisadi və siyasi proseslərə səmərəli şəkildə rəhbərlik etməyi bacarsın. Nəhayət, ən önəmlisi odur ki, Bəyannamə “Yüksək mədəniyyətli insan” obrazının yayılması və onun dünyanın bütün ölkələrinin ziyalılarının, elitalarının və müxtəlif sosial təbəqələrinin şüurunda kök salması ilə bağlı konkret plan təklif edir. Bu, layihəyə planetar miqyas qazandırmaqla, bu nəcib humanist işə rəhbərliyi öz üzərinə götürə biləcək BMT və YUNESKO kimi beynəlxalq təşkilatların diqqətini cəlb edəcəkdir.
Azərbaycan Mədəniyyət Assosiasiyasının və Kulturoloqlar Cəmiyyətinin yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına və Azərbaycan cəmiyyətinin və dövlətinin mütərəqqi inkişafına yönəlmiş təşəbbüsü Rusiya Federasiyasının “Xalq Təhsili” Forumu tərəfindən yüksək qiymətləndirildi. Forumun rəhbəri Sergey Moroz “Simurq” AMA-nın icbari kulturoloji təhsil və maarifləndirmənin qanunvericilik qaydasında tətbiqi, kulturoloji elmi oxunmaların, ustad dərslərinin, audiokitabların, treninqlərin və uşaqların və gənclərin elmi biliklərinin artırılması və tədrisinin digər formalarının inkişaf etdirilməsi, uşaq bağçalarında və məktəblərdə mədəniyyətşünaslığın tədrisi, ali təhsil müəssisələrində kulturologiya kafedralarının açılması barədə təkliflərini praktiki dəyərə malik kulturoloji innovasiyalar adlandırdı. Məqsədyönlü elmi tədqiqatların həyata keçirilməsi və milli ekspert-kulturoloqların hazırlanması üçün Bakıda Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində Heydər Əliyev adına Kulturologiya Akademiyasının təsis edilməsinin vacibliyi də onun tərəfindən xüsusi vurğulanıb.
O, qəbul edilən qərarların və işin nəticələrinin kulturoloji ekspertizasının dövlət idarəçilik praktikasına tətbiqi, sosial-siyasi sabitlik, yüksək əmək məhsuldarlığı və vətənpərvərlik amili kimi meritokratik idarəetmə mədəniyyətinin inkişaf etdirilməsi kimi elmi tövsiyələrin də praktiki dəyərini qeyd etdi. Belə bir layihənin beynəlxalq səviyyədə həyata keçirilməsində iştirak etməyə hazır olduğunu ifadə edən Sergey Moroz bildirdi ki, “Homo sapiens” insan növündən “Homo culturalis” insan növünə keçidi nəzərdə tutan birgə kulturoloji fəaliyyət təkcə milli deyil, həm də planetar əhəmiyyətə malik nəticələr əldə etməyə imkan yaradacaq.
“Mən bu layihəni, ziyalıların bəyannaməsini, bu elmi tövsiyələri Fuad Məmmədovun 1989-cu ildən etibarən – 35 ildir Azərbaycanda yüksək mədəniyyətin təntənəsi uğrunda apardığı mübarizədə qələbəsi kimi qiymətləndirirəm” – “Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova belə dedi. Biz hamımız bu mübarizəyə fəal şəkildə qoşulmalıyıq. Onun mədəniyyət yaradıcısı kimi məhsuldar innovativ yaradıcılıq fəaliyyəti altı beynəlxalq elmlər akademiyasının akademiki seçilməklə həmin elmi müəssisələr tərəfindən tanınsa belə, bu günə qədər dövlətimiz tərəfindən qiymətləndirilməyib. Bir neçə akademik, deputatlar, ombudsman, professorlar və xalq artistləri daxil olmaqla, Azərbaycan ziyalılarının nüfuzlu nümayəndələri hələ 2016-cı ildə dəyərli alimin 70 illik yubileyi ilə əlaqədar olaraq, onun elm, təhsil və maarifin inkişafına verdiyi töhfənin qiymətləndirilməsi barədə xahişlə respublikanın rəhbərliyinə müraciət etsələr də, bu günə qədər cavab almayıblar.
Birinci Bakı kulturoloji elmi oxunmalarının iştirakçıları Bəyannaməni onda əks olunan, ölkənin milli maraqlarına cavab verən kulturoloji postulatların və elmi tövsiyələrin praktiki tətbiqinə dəstək göstərilməsi xahişi ilə Azərbaycanın qanunvericilik orqanlarına və hökumət strukturlarına göndərmək qərarı qəbul etdilər.
XQ

