Icma.az
close
up
RU
Çağdaş insan Harmoniya və Xaos dünyasının harasındadır!

Çağdaş insan Harmoniya və Xaos dünyasının harasındadır!

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fəlsəfi anlatma

Universum bütün sonsuz yaranışlarında və hər bir yaranışının bütün mərhələlərində harmoniya və xaos dövrəmlərindən keçərək öz mürəkkəblik və kamilliyinin daha yüksək formalarına doğru inkişaf edir. Universum – özünütəkrar deyil, sonsuz zaman mövcudluğunun hər anında arasıkəsilməz özünüyaratmadır.

Ancaq qalaktika, meteqalaktika sistemlərinin, Günəş ailəsinin Yer kürəsində  İnsanın yaranması ilə nəticələnən təkamülü kosmik eranın başlanğıcında özünün şah sualını doğurur: Kainat İnsanı nə üçün yaratmışdı: Harmoniya, yoxsa Xaos üçün?!  

                                                 Varlıq özünü necə dərk edir? 

Kainatın Günəş sistemi məkanında – yer kürəsində həyatın əmələ gəlməsi onun özünüyaratmasında ən böyük və əhəmiyyətli hadisə olaraq dünyanın mad­di­liyindən mənəviliyinə (Materiyadan Ruha) və əksinə keçilişinin ilk mərhələsi kimi ona görə unikaldır ki, məhz bu təkamül prosesində təşəkkül tapan insan tarixi öz optimu­muna­çat­ma durumunda kosmosivilizasiya ilə geosivilizasiyanın daha yüksək elmi əsas­larda münasibətlərinin qurulmasına zəmin hazırlayır. Antik fəlsəfədən müasir kosmologiya və astronavtikaya qədər ardıcıl düşüncə tarixi, ideya layihələri kosmoloqosla homo­loqosun bu vəhdətinə çatılmasına səy göstərmişdir. Bu vəhdət sayəsində in­san – ən yüksək intellektual səviyyədə, ali mənəvi-ruhi qatda təbiətin özünəbaxışı olur. Təbiət – yaratdığı insan və onun idrakı, mənəviyyatı vasitəsilə özü-özünə ba­xır, özünü dərk edir. İnsan – təbiətin həm mikroskopu, həm də teleskopudur.

Kainat harmoniyasında kosmik subyekt olan insan – təbiətin özünüdərketməsi, kosmik (noosferik) subyektin – insanın fəaliyyəti təbiətin özünüdərketməsinin prosesi olur. Buna görə də yer planeti üzərində homosivili­zasiyanın genişlənməsi, genişləndikcə məzmunlaşması, mahiyyətləş­məsi məntiqi kosmoloqosun məntiqinə proeksiya oluna bilir. Kainatın genişlənməsi homosivilizasiyanın tarixində xüsusilə qlo­ballaşma aktı ilə özünü sosiumda təkrar edir. Biosfer sistemi ilkin birhüceyrəli orqanizmlərdən hominidlərin, həmin mürəkkəb quruluşlu canlılardan homo sapiensin yaranışınadək özünüquruluşlayıcı təkamül prosesi keçmişdir. Məhz insanın planet həyatında meydana çıxmasından sonra biosferlə antroposferin xaoharmonik sinergiyalı münasibətləri formalaşmışdır. 

Biosfer təkamülündən onun tərkib hissəsi, inkişaf dönəmi kimi insanın yaranışı – pla­netin psixoloqos-həyata başlaması, deməli, insanın özünüyaratması tarixinin, dünya­nın gələcək idarəolunması, özünüidarəetmə tarixinin açılması perspektivinin, eyni zamanda, vəhşi-həyat törəmələrindən etik-həyat alternati­vinin seçilməsinin ilk mərhələsidir. Yer kürəsinin geoloji tarixinin indiyədək davam edən təkamül mərhələlərində noosfer dönəminin yaradıcısı insan öz sosial təbiətində bundan sonra hər iki təkamülün – biosfer və noosferin qarşılıqlı əlaqəsinin – koevolyusiya balansının strukturlaşdırıcı dominantlığını yaşatmaq zərurətini daşıyır. İnsan tarixə başlasa da, yenə təbiət olaraq qalır. İnsan nəinki Universumun genezisini, həm də onun bütün təkamül tarixinin kodlarını öz genomunda yaşadır. Bu mənada demək olar ki, İnsan – Kainatın “son improvizasiyası” – elə o Kainatın yaşıdıdır. İnsan Kainatın harmoniyayaradıcı başlanğıcını planet həyatında Mədəniyyətin prioritetinə çevirə bilən varlıq kimi xüsusi missiyanın daşıyıcısı olur. 

Harmoniya ən qədim çağlardan müasir dövrədək – mifoloji təfəkkürün yaranışından elmi təfəkkürün formalaşmasına, bundan da elm və humanita­ri­ya­nın indiki səviyyəsinədək – mədəniyyət düşüncəsinin bütün mərhələlərində daim inkişaf edən, dərinləşən və təkmilləşən bir ideya, anlayış, kateqoriya, meyar, prin­sip, fəlsəfi sistem, paradiqma və dünyagörüşü kimi özünü göstərmiş, tarixi təka­mü­lündə getdikcə daha mükəmməl, dəqiq, konseptual əsaslarda meydana çıxmışdır.

Harmoniya – bir ideya kimi fəlsəfi düşüncənin ən əsas aspektlərindən ola­raq, onun digər ideyaları ilə tərkiblənir, bir anlayış kimi semantik mənasını dərinləşdirərək, öz ətrafında “vəhdət”, “bütövlük”, “uyarlıq”, “orqanika”, “kanonika”, “simmetriya”, “proporsiya”, “ritm”, “alqoritm”, “ahəngdarlıq”, “meyar”, “ölçü”, “para­metr”, “balans”, “tarazlıq”, “müvazinət”, “nizam”, “düzən”, “tənasüb”, “bərabər­lik”, “tsiklik” və xaos, disharmoniya ilə əks-qütblükdə onların antoni­miyasının çoxvariasiyalı sferasını çevrələyir, fəlsəfi, estetik və elmi kate­qo­riya kimi formalaşır, meyar və prinsip kimi müəyyənləşdiricilik, tətbiqilik key­fiyyəti qazanır, fəlsəfi sistem kimi müxtəlif ideya və nəzəriyyələrin diasinxroniya müstəvisində konsentrasiyasını yarada bilir, paradiqma kimi mü­vafiq prob­lemlərin qoyuluşunun təyinedici modeli olur, dünyagörüşü kimi fərdi və sosial mədəniyyətin etik, estetik, siyasi normalarında və psixoloji laylarında müxtəlif səviyyələrdə, əsasən elitar-birləşdirici amil olaraq təzahür edir. Harmoniya – elmi-fəlsəfi fikrin tarixi bütövlüyünü, orqanikasını təmin edir, sağlam ideya rüşeymlərinin varisliyini qoruyur, onların böyümə, ötürülmə üsulunu, mexanizmini funksiyalaşdırır.

                                          Harmoniya və Xaosun kosmodialoqu

Fəlsəfi fikir təkamülünün müəyyən dövrlərində və müəyyən fəlsəfi cərəyanlarda harmoniya ideyası daha mühüm yer tutmuşdur. Harmoniya fəlsə­fə­sinin yük­sək inkişaf etdiyi epoxa və məkanlarda mədəniyyətin də hərtərəfli tərəq­­qi­sinə güclü stimul və geniş imkanlar yaranmış, maddiliyin və mənəviliyin harmoniyasından yoğurulan klassik incəsənət monumentallıq keyfiyyətləri əldə etmiş, elmi-fəlsəfi fikir, Yohannes Keplerin “Dünya harmoniyası” traktatının əsas ideyası nümunəsində – “... harmoniya özündə universal dünya qanununu əks etdirir. O, Kainat quruluşunun bütövlüyünü və qanunauyğunluğunu əyan edir” – qənaətinə gəlmişdir. Öl­çü və Bütövlüyün, Harmoniya və Kamilliyin təcəssümünə həssaslıq göstərən antik Yunan, Hind, Çin, Şərq İntibah, Qərb Renessans və XVIII–XIX əsr­lərin Avropa mədəniyyətləri və s. məhz harmoniya düşüncəsinin ifadəsində öz dərinliklərini və zamansızlıqlarını tapmışlar. Qanunauyğun və simvolikdir ki, harmoniya qanunları və simmetriya ölçüləri ilə yaradılmış klassik memarlıq abidələri bu prinsiplərlə ucaldılmayan tikililərdən müqayisəyəgəlməz dərəcədə möhkəm olur, zəlzələlərə və müxtəlif dağıdıcı “zərbələrə” davam gətirərək əsrlərdən-əsrlərə salamat qalır. Harmoniya ideyasını “substansial özək” kimi canında yaşadan mənəvi mədəniyyət abidələri də eləcə zamanları adlamaq, getdikcə daha yüksək dəyər kəsb etmək keyfiyyətinə malikdir.

Öz tarixi təcrübəsinin ən mühüm qənaətləri, makro- və mikrosistemlərin analitik və fundamental təhlilləri ilə elmi-fəlsəfi fikir Kainatın təkamül proses­inin əbədi və sonsuz bir harmoniyaya malik olduğunu təsdiq etməyə əsas verir: Materiyanın yaradılışı, varlığı, daxili və xarici quruluş və hərəkət prinsipləri, – bütövlükdə Kainatın ümu­mi mövcudluğu harmoniya qanunlarına tabedir; Harmoniya və xaos var­lı­ğın əbədi qarşı-substansiyası kimi bir-birindən ayrılıqda mövcud olan yox, bir-birindən törəyən hadisələrdir. Harmoniya xaosu, xaos harmoniyanı doğurur. Kainatda onların kosmomonoloqu yox, kosmodialoqu baş verir.

Ancaq xaos, disharmoniya yalnız harmoniya qanunlarının fəaliyyət sferasında müəyyən za­man və məkan kəsiyindəki pillələrdir. Məhz harmoniya qanunları içrə harmo­niya və xaosun əbədi dialektikası təzahür edir. Yəni varlığın əbədi və başlıca mə­nası, mövcudluq prinsipi – xaosun harmoniyaya tabe olmasıdır. 

Harmoniya sonsuz, əbədi proses, xaos isə bu əbədi, sonsuz prosesin zəruri, qaçılmaz “buğum­ları”, “düyünləri”, “intervallarıdır”;

Kainatın ümumi hərəkət və təkamülü, kosmosferin, onun daxili inkişafı kimi günəş sisteminin, bu sistemdə yer planetinin, burada biosfer və noosferin yaranışı, üzvi aləmin təşəkkülündə filogenez və ontogenez proseslərinin (bütövün və onun hissələrinin) vəhdəti, koevolyusiya sisteminin formalaşması, psixosferin idarəedici qüvvəyə çevrilməsi və onun daimi olaraq ilkbaşlanğıca – kosmosferə can atması məhz harmoniya qanunları əsasında baş verir;

Dialektikanın qar­şı­lıqlı bağlılıqda olan üç qanunu – əksliklərin vəhdəti və mübarizəsi, inkarı inkar və kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunları – ayrı­lıqda və bir-biri ilə münasibətdə ümumdünya harmoniyası qanununun tərkib hissələri kimi fəaliyyət göstərir. Varlığın universal əlaqələri, interaktivliyində mövcudlaşan sistemlərin və altsistemlərin daxili əlaqəliliyi məkan, zaman və hərəkət harmoniyasının pillə, mərhələ və proseslərində sinergiyalaşır. 

Harmoniya qanunu əsasında (1) varlıq – dünyaya, (2) hərəkət – dinamikaya, (3) zaman – tarixə çevrilir, (4) biosferin – antroposfer, (5) kosmoloqosun – psixoloqos, (6) təbiətin – mədəniyyət fazası yaranır. Beləliklə, varlıq – dünya – insan yaranışının bir-birini tamamlayan, homosivilizasiyanı planet həyatının mühüm təkamül aktına çevirən ilk böyük meqafazası başa çatmış və yenisinə keçilişin şərtlərini meydana gətirmiş olur. Bu günün universal aktını – qloballaşmanı da planeti piramidal siyasi məkana çevirməyə çalışan layihə deyil,   bu təbii-tarixi təkamül prosesinin bir inteqral mərhələsi saymaq olar. 

Təbiətin bir hissəsi olan insanın psixogenetikası elə quruluş tapıb ki, harmoniya varlıqdan təfəkkürə öz kanonikası ilə proyeksiya oluna bilir. Təbii həyat və inkişafın harmoniyasından sosial həyat və inkişafın harmoniyasına transformasiya zərurəti arasıkəsilməz olur. Onların identifikasiyası düzgün hər­əkət seçimlərinə şərait əmələ gətirir. Dünyaya sistemli yanaşma ondakı harmo­ni­yanı transsendental, nəzəri və empirik-eksperimental səviyyədə təsdiq edir ki, bu da harmonikləşmənin biososiumun bütün sferelarında əlverişli mühitini yaradır. 

Harmoniya haqqında təlim, harmonikləşmə nəzəriyyəsi kimi harmonika və ya harmonistika  harmoniya fəlsəfəsinin və ona dair tədqiqatların daha mükəmməl sistemləşdirilməsinə kömək edə bilər və bu istiqamətdə əldə olunan el­mi nəticələrin sosial-humanitar elmlər sistemində tətbiqinə imkan verərdi.

                                               Harmoniyanın təzahür formaları

Harmoniya, əsasən, aşağıdakı formalarda, özü də  qoşa və əks proseslərdə onların xüsusi interaksiyası kimi təzahür tapır: 

1. Struktur harmoniya ([composition harmonic] quruluşdaxili nizamlama prosesində); 

2. Kauzal harmoniya (determinativ bağlılığın dönərliyində);

3. Sinergetik harmoniya (sinergiyalaşma, özünütəşkildə);

4. Simmetrik harmoniya (simmetrik forma yaradılışlarında, proporsionallıq, variativlik və kontrapunktda);

5. Xaotik harmoniya (xaotik proseslərin nizamlılığında, fraktallıq kombinasiyalarında); 

6. Funksional harmoniya (ardıcıl funksiyaların yerinə yetirilməsi və onların bir-birini alqoritmik şərtləndirməsində); 

7. Diferensial harmoniya (permanent ayrılma proseslərinin qaydasında və inteqral harmoniya ilə interaktivliyində);

8. İnteqral harmoniya (birləşmə proseslərinin qaydasında, bütövləşmə və vəhdətyaratmada,  diferensial harmoniya ilə interaktivliyində); 

9. Zaman harmoniyası (ayrı-ayrı zaman tsikllərində və onun ritmikasında, məkan harmoniyası ilə uzlaşmasında); 

10. Məkan harmoniyası (məkan quruluşlanması qanunauyğunluğunda, zaman harmoniyası ilə uzlaşmasında); 

11. Statik harmoniya (statik vəziyyətlərin yaranması və dinamik proseslərə keçilişin hazırlanması, onlarla alternativləşməsində); 

12. Dinamik harmoniya (dinamik proseslərdə və onların statik fazalarla növbələşməsində özünü göstərir).

                                               Harmoniyanın universal prinsipləri:

1.    Müxtəlifliyin vəhdəti (yaxud  orqanikləşmə) 

Harmoniyanın başlıca prinsipi – müxtəlifliyin vəhdəti dünya orqanikasının quruluş xassəsi, forma- və essensiyayaradıcı təzahürüdür: “kauzal harmoniya”, “struk­tur harmoniya” (composition harmonic), “funksional harmoniya” özünütəşkiledən sistemlərin müxtəlifliyindəki vəhdəti şərtləndirir. 

Kon­ver­gen­siya – divergensiya, inteqrasiya – diferensiasiya və s. birləşib-ayrılma proses­lə­rinin və başqa tipli əks-xassəli proseslərin vəhdəti harmoniyanın həmin əsas prin­sipi ilə uzlaşıqda mövcudlaşır. Bütün quruluşlanma və sistemyaradılışları proseslərinə harmonikləşmə, simmetrikləşmə xasdır. 

Harmonikləşmə özünəməxsus ölçü, etalon, norma və standartları ilə strukturlaşmanın daxili şəbəkəsinin və fəaliyyət parametrlərinin müəyyənləşməsində təyinedici funksiya daşıyır.

2. Koordinasiya 

Sistemdaxili quruluşlanma və sistemlərarası münasibətlər prosesi koordinasiya prinsipi ilə qaydalanır. Tərəf-subyektlərin koordinasiya nöqtəsinin tapılması onların effektli-paylaşıqlı fəaliyyətinin şərtidir.

3. Loqos 

Ümumdünya Loqosu Materiyanı – Orqanikaya çevirir. Burada dünya sisteminin hər bir subyekti özünü və dünyanı vahid loqos prinsipi ilə birgə yaşayır: Bir Ürək Bütün Ürəklər kimi,  Bütün Ürəklər Bir Ürək kimi döyünür. Bu döyüntü Kainatın ümumi Loqosunun ritmində, onun ansamblındadır. Kainatın genezisi Loqos prinsipi ilə kodlaşdırılmışdır.

4. Dixotomiya 

Dünyayaranışının təbiətdən başlayan dixotomiyası ən müxtəlif modifikasiyalarda insan düşüncəsinin və onun yaratdığı sivilizasiyanın bütün səviyyələrinə “ötürülür”, yeni keyfiyyət və parametrlər əldə edir, sonsuz budaqlanmasının yeni fazalarına keçir: üzvi aləm – qeyri-üzvi aləm, harmoniya – xaos, Allah – iblis, xeyir – şər, cənnət – cəhənnəm, ruh – materiya, həyat – ölüm, kişi – qadın, yan – in, dinamika – statika, tərəqqi – tənəzzül, sülh – müharibə, Şərq – Qərb, renessans – dekadans, tezis – antitezis... Bütün tarixi mədəniyyət düşüncəsində bu dixotomiya önəm daşıyır.

5.  Koevolyusiya 

Kainatın mövcudluğu və hərəkəti koevolyusiya prinsipinə əsaslanır: onun bütün subyektlərinin inkişafı bir-biri ilə bağlıdır və bir-birini stimullaşdırır. Kainat özünüyaradan sistem kimi aramsız təkamüldədir. Yer planetində də biosfer və noosferin koevolyusiyası, ekosistem harmoniyasının qorunması onların hər birinin həyatının və vəhdətinin şərtidir.

6.  Proyeksiya 

Proyeksiya prinsipinə görə sosium təbiəti, xüsusilə ondakı duallığı, məsələn, qaranlıq – işıq, isti – soyuq, varlıq – yoxluq və s.-i  bu və ya digər formada özünə proyeksiya edir. Bütün fəaliyyət mexanizmləri bir-birindən proyeksiya alır.

7. “Güzgü” 

Dünya sanki “güzgü effekti” ilə yaradılıb: onun hər bir subyekti tən yarıdan “bölünəndə” (fraktal cisimlər və üzvi aləmdə canlıların daxili quruluşunun bəzi orqanları istisna olmaqla), sağ yarı sol yarının eyni olur (qabaq-arxa yarı yox, yalnız sağ və sol yarı). İnsan daxil olmaqla bütün canlıların sağ yarısı sol yarısının “təkrarıdır”. Bu proporsional biçimlənmə funksional və estetik keyfiyyətlərin vəhdətini yaradır, hərəkətə dinamika və ritm verir. “Güzgü” prinsipi atomik başlanğıcdan Kainatın quruluşunadək, toxumdan kəpənək qanadlarınadək “işləyir”. Varlıq elə güzgülənir ki, tən yarısını kənarda deyil, özündə tapır. 

Bu – Vəhdətin ən ideal gerçəkliyidir. “Güzgü” prinsipi bir həyat formasında onun iki ayrı qatını, mərhələsini, ritmini, trayektoriyasını, proqramını, hətta mənasını güzgüləyir: ağacın fəzada budaqlanması ilə (görünən dünya) torpaq altında kök atması (görünməyən dünya) ayrı funksiyalı oxşar prosesdir. Qışa adlayan payız yaya adlayan yazın fərqli zaman və funksiyada güzgü proyeksiyasıdır. Harmoniyanın “güzgü” prinsipi ilə varlıq daxili quruluşunda “əkizlənir” və özünə bütün həyat formalarında, kombinasiyalarında “içəridən baxır”.

8.  “Qızıl kəsim” 

Harmonik nisbətin saxlanmasına əsaslanan “qızıl kəsim” prinsipi təbiət və insan yaradıcılığında, incəsənətdə harmoniyanın sonsuz dərəcədə müxtəlif forma və variasiyalarını doğurur.

9.  Meyarlandırma 

İnsan təbiət və cəmiyyət hadisələrini, öz fəaliyyətinin nəticələrini dəyərləndirərkən, bu dəyərləndirmənin meyarlarını müəyyən etmək zərurəti ilə qarşılaşır. Bu prosesin optimal obyektivliyi praktiki, tarixi-ənənəvi, toplumsal və subyektiv yanaşmaların vektoru üzrə həqiqət anının tapılmasından asılı olur.

Həmin anda harmoniyayaratma və meyarlandırma aktlarının vəhdəti criteria harmonias prinsipini doğurur.  Criteria harmonias hadisənin görünənliyindən yox, mahiyyətindən çıxış etməyin böyük təcrübəsi ilə yaradılır, insanın varlığa münasibətinin bütün spektrlərində onun yaşadığı sivilizasiyanın keyfiyyətini və dərinliyini göstərir.

 10. Nizamlama 

Özünütəşkilin bütün sferalarında nizamlama prinsipi təbiət və sosium iradəsinin təzahürü kimi meydana çıxır. Həmin prinsiplə subyektlərin “həyat əraziləri”, fəaliyyət hüdudları, münasibət formaları və bunlara uyğun normalar müəyyənləşir. Nizamlama prinsipi kanonik sistemlərin, normativlərin, ümumən qanun yaradıcılığının əsasını təşkil edir.

11.  Konsensus 

Konsensus sistem daxilində onun hər hansı bir subyektinin mütləq üstünlüyünü istisna edən elə şərtlər dəstini yaradır ki, həmin əsasda bu sistemin həyatı və davamlı inkişafı təmin olunur. Consensus omnium  (Birgə konsensus) bütün tərəflərin həyat təminatlarını və mənafelərini uzlaşdırır. Sosial-siyasi münasibətlərdə konsensus prinsipi daha böyük önəm daşıyır.

12.  Konvergensiya 

13.  Divergensiya 

Konvergensiya  və divergensiya prinsipləri ilə sistem subyektlərinin enerjisi onun struktur proseslərinin xarakterindən (pozitivlik və neqativliyindən) asılı olaraq mobil formada idarə edilir. Məsələn, cəmiyyətdə demokratiyanın dərinləşdirilməsi prosesində sosial subyektlərin enerjisi konvergensiya olunur – gücləndirilir. Anti-demokratiyanın, avtoritarlığın sərtləşməsi situasiyasında bu aktı həyata keçirən vasitələr divergensiya olunur – zəiflədilir. 

Konvergensiya  prinsipi bu gün bəşəriyyətin planetar  enerjisinin (maddi və mənəvi) tükədilmədən səfərbər edilməsində, neoimperializmə, qlobal hegemonluğa yox, dünya birliyi quruculuğuna yönəldilməsində toparlayıcı vasitədir. Qloballaşma konvergensiya prinsipinin belə bir tezisinə əsaslansa, özünün humanist-proqressiv inkişafını dominanta çevirə bilər: Dünya birliyinin gücü – dünya dövlətlərinin, bu dövlətlərin vətəndaşlarının gücü qədər artmalıdır. Bu artım planetar enerjinin getdikcə yüksələn konvergensiyası deməkdir.

14.  Konsentrasiya 

Harmonik münasibətlərin inkişafı həmişə güclü və effektli konsentrasiya yaradır. Konsentrasiya prinsipi ilə sistemin periferiyalarından mərkəzinə və əks istiqamətə enerjinin hərəkəti – paylanması, toplanması və yönəldilməsi özünütənzimləyən bir proses kimi baş verir ki, bu da həmin sistemin davamlı inkişafını və orqanik bütövlüyünü təmin edir.

Harmoniyanın bu 14 universal prinsipi bir-biri ilə sıx bağlıdır və bir-birini şərtləndirir. Kainat həyatının hər zamanında və hər bir məkanında harmoniyanın bu prinsipləri ilə onun özünüyaratmasının getdikcə zənginləşən prosesi davam edir.

                                Harmoniya fəlsəfəsi yeni strateji paradiqma kimi

Dialektika – Sinergetika –­ Harmonika (inkişaf, özünütəşkil, vəhdət).

 Bu triadada fəlsəfi fikir öz bütövlüyünü əldə edir. Fikrimcə, müasir dünyanın qlobal problemləri də bu triadanın məhz Harmonikada sistemləşən metodologiyası vasitəsilə öyrənilmənin ən optimal imkanlarını qazanır.  

Dialektikada – varlığın ən ümumi qanunauyğun əlaqəliliyi, təşəkkülü və inkişafı, sinergetikada – özünütəşkil, xaosdan nizama doğru hərəkət, harmonikada isə – həm dialektika və sinergetikada izlənilən prosesin özü, həm də onların gəldiyi son nəticə – vəhdət əsasdır.  Dialektika olmasaydı, sinergetika, sinergetika olmasaydı, harmonika yarana, daha doğrusu, ona qayıdış ola bilməzdi. Harmonika (harmoniya fəlsəfəsi) – sinergetika ilə özünü ən müasir elmi əsaslarda bir daha təsdiq etmiş dialektikadır. 

Harmoniya anlayışı və  kateqoriyası hələ antik yunan fəlsəfəsinin düşüncə predmeti idi. Onun haqqında fəlsəfi təlimi – harmonikanı Pifaqor yaratmış, pifaqorçularsa onu inkişaf etdirmişdilər. Məntiqidir ki, Pifaqor harmonikanın sinonimi kimi “kanonika” anlayışından istifadə etmiş və onu ümumdünya harmoniya qanunlarının sistemi kimi nəzərdə tutmuşdur. 

Əgər dialektika və sinergetika bu gün daha çox elmi metodologiya kimi maraq doğurursa, harmonika və yaxud harmoniya fəlsəfəsi bunlarla yanaşı, həm də ideya boşluğu, “loqos çatışmazlığı” aydın görünən, konseptuallaşmaqdan daha çox fraqmentallaşan, qırıntılaşan müasir dünyada planetar əxlaqi konsepsiya, fəal mövqeli dünyagörüşü sistemi kimi maraq doğurur.   

Harmoniya fəlsəfəsi – fəlsəfə klassikasının harmoniya ilə bağlı ən kamil ideyalarını özündə ehtiva edərək yeni bir fəlsəfi paradiqma, metodologiya, sistemli yanaşma üsulu kimi müasir dünyanın mürəkkəb mahiyyətinin izah və dərk edilməsinin modern texnologiyasıdır. Çağdaş elmlərin konsentrasiyasında yeni bir səviyyəyə qalxan, sinergetika vasitəsilə öz tədqiqat texnologiyalarını bir qədər də təkmilləşdirən fəlsəfədə indi daha nəyi gücləndirmək lazımdır? – Əlbəttə, varlığın substansial mahiyyətinə, ümumən dünya problemlərinə harmoniya meyarları və prinsipləri ilə yanaşmanı.

 Bu yanaşma, vurğuladığım kimi, sinergetikada da var. Ancaq onda tam deyil, əsas prinsip deyil, metodologiya deyil. Harmoniya fəlsəfəsində isə məhz belədir. Deməli, harmoniya fəlsəfəsi müasir fəlsəfə elmində, yaradılmasına böyük zərurət duyulan ciddi bir tendensiyanın, tədqiqat istiqamətinin missiyasını öz üzərinə götürür. 

Harmoniya fəlsəfəsi – yalnız fəlsəfi mədəniyyət düşüncəsinin ideyası və idealı deyil, həm də müasir dünyanın yeni meqahumanist mərhələyə adlamalı olduğunu şərtləndirən zərurətdir, praqmatik konsepsiyadır.

Harmoniya fəlsəfəsinə görə, planet orqanizmi və onun üst qatı – homosivilizasiya onu destruksiya vəziyyətinə, ekosistem böhranına gətirə bilən bütün hallara qarşı əks-reaksiya alternativ­lə­rini hazırlamalı və onları hərəkətə gətirməlidir. Dünyanın qeyri-bərabər inkişafından onun tarazlı (harmonik) inkişafına əsaslı şəkildə dönüş strategiyası yaradılmalıdır.

Milli dövlətlərin siyasəti  dünya birliyinin vahid platformasında uzlaş­dırılaraq gücləndirilməlidir. Transmilli kapitalın milli kapitaldan üstünləşməsi, dövlətlərüstü strukturların fövqəldövlət maraqları səmtində milli strukturları öz içərisində əritməsi tendensiyalarına yol verilməməlidir. İnsan və dövlət suverenitetinin mükəmməl beynəlxalq sistemdə qorunma­sı təmin edilməlidir. 

                                       Piramidal, yoxsa inteqral qloballaşma?!

Qloballaşma – birqütb­ləşmə deyil. Dünyanın birqütblü-piramidal konstruksiyasında bir dövlətin hegemonluğu, bir sivilizasiyanın dominantlığı naminə bütün digər dövlət və sivilizasiyaların, bütövlükdə dünyanın hərtərəfli inkişaf imkanları məhdudlaş­dırılır. Bəşəriyyəti ardıcıl böhranlara, təsadüfiliklərə, sistemsizliyə, deməli, idarəolun­mazlığa uğraşdıra bilən amorf dünya konstruksiyası qlobal sivili­zasiyanın inkişaf məntiqinə ziddir. Planetar inkişafın nəzəriyyə və praktikasında piramidal qloballaşma modelinin deyil, inteqral qloballaşma modelinin funksionallaşdırılması, çoxqütblü dünyaya, çoxmərkəzli beynəlxalq sistemə təkamül transformasiyası müasir epoxanın qaçılmaz gerçəkliyidir. İnsanlığın siyası polifoniyası – onun xaotik burulğanlardan harmonik düzənə adlayışının rasional həqiqətidir. 

Harmoniya fəlsəfəsi məhz bu əsaslı dönüş strategiyasının birləşdirici xəttini irəli sürür və müdafiə edir. Bu gün dünya özünün mədəniyyət dəyərlərini üstün sayan  qlobal interhumanitariya mühitini  formalaşdırmaq zərurətini yaşayır. Bu zərurət, ilk növbədə, bəşəriyyətin humanitar biliklərinin konvergensiyasında bütün real imkanların maksimal səfərbər edilməsi deməkdir. Harmoniya fəlsəfəsi (Harmonika) – dünyanın özünüidarəedən bir sistem kimi, harmoniya meyarları və prinsipləri əsasında qlobal özünütəşkilinin yeni konsepsiyasını təqdim edir. Dünyanın qlobal vəhdətinin dərki ideyası – harmoniya fəlsəfəsinin təməl dünyagörüşüdür. İnsan fəaliyyətində, cəmiyyət həyatında harmoniyayaradıcı başlanğıcın prioritetə çevrilməsi – harmoniya fəlsəfəsinin əsas konseptual məqsədidir.

Bəşər sivilizasiyasının təməl ideyalarının qaynağı üzərində yetişən Harmoniya fəlsəfəsi xaos-həyata alternativ olaraq “harmonik özünüyaratma” və ya “özünüyaratma harmoniyası” model-paradiqmalarını inkişaf etdirməklə qlobal mədəniyyət düşüncəsinin yaradıcı proseslərinə qoşulmalı, onun öncinah hərəkatı olmalı,  dünyaquruculuğu layihələrinə ideya istiqamətləri verməlidir. 

Harmoniya – varlığın bütün ontoloji dərinliyi və immanent estetikası ilə yaşam mədəniyyətinin özəyidir. Fərd üçün də, insanlıq üçün də harmoniyasız yaşamaq – oksigensiz yaşamaq deməkdir! 

Dünya harmoniyasının yaradıcı gücü olduğunu dərk etməsi və buna uyğun “nizamlı dünya” məsuliyyətini daşıması – İnsan idrakının ən ali alqoritmik səviyyəsidir! 

Rahid  ULUSEL,
AMEA-nın baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri