Icma.az
close
up
RU
Cəfər Cabbarlı və Azərbaycan kinosu

Cəfər Cabbarlı və Azərbaycan kinosu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəfər Cabbarlı XX əsr Azərbaycan mədəniyyətinin, müxtəlif janrlı ədəbiyyatının, incəsənətinin, teatr və kinosunun görkəmli xadimidir. Onu haqlı olaraq Azərbaycan tarixinin sovet dövrünün böyük ədibi və dramaturqu hesab edirlər. Taleyin Cəfər Cabbarlıya bəxş etdiyi ömür payı çox qısa oldu. O, 1899-cu il martın 22-də Xızıda anadan olmuş və 1934-cü il dekabrın 31-də ürəktutmasından 35 yaşında vəfat etmişdir. Lakin Azərbaycan mədəniyyətinin tərəqqisi, xüsusən də qadınların azad olunması, onların maariflənməsi, hüquq bərabərliyi, ictimai işlərdə və əməkdə, “istismarçıların olmadığı yeni cəmiyyətin sosialist quruculuğunda” fəal iştirakı kimi mühüm problemin həlli üçün mühüm işlər görmüşdür.

Novator ədib əsərlərində həm dövrün müasir həyatını, həm də doğma xalqının zəngin tarixini təsvir etmişdir. O, öz yaradıcılığında klassik nəsrlə poeziyanın, şeir sənətinin siyasi dildə “sosialist realizmi” adlandırılan müasir dramaturgiyanın novator istiqamətləri ilə sintezini təcəssüm etdirən sənətkar sayılır.

Lakin Cəfər Cabbarlının yalnız ədəbiyyatda və teatr sənətində deyil, həm də Azərbaycanın yeni yaranmaqda olan milli “sovet” kinematoqrafiyasında novator istiqamətləri təbliğ etdiyi az məlumdur. O, nasir, dramaturq, şair idi; şeirlər, hekayələr, məqalələr, pyeslər və kinossenarilər yazır, rejissorluq işi ilə maraqlanırdı. İncəsənət nəzəriyyəçisi idi. Tərcüməçiliklə məşğul olur, Şekspirin, Şillerin, Bomarşenin, eləcə də L.Tolstoy, M.Qorkinin əsərlərini ana dilinə tərcümə edirdi.

Cəfər Cabbarlı daha görkəmli dramaturq kimi tanınır. Zamanında onun pyesləri təkcə Azərbaycanda deyil, Sovet İttifaqının digər bölgələrində, hətta Bolqarıstan, Almaniya, Fransa, Şərq və Qərb ölkələrində də səhnəyə qoyulurdu. Onun ssenariləri və əsərləri əsasında çəkilmiş bədii filmləri, xüsusən də bəstəkar Fikrət Əmirovun musiqisi ilə ərsəyə gələn əlvan, rəngli, genişekranlı “Sevil” film-operasını bir çox qitə və ölkələrin kino tamaşaçıları maraqla izləmişlər. Az bilinsə də, Cəfər Cabbarlı milli kinonun təməlini qoymuş tarixi şəxsiyyətdir. O, Azərbaycan kinodramaturgiyasının banisi, ssenarist, rejissor olmuş, aktyor kimi kiçik epizodik rollara da çəkilmişdir.

Cəfər Cabbarlının fitri istedadı ilə yanaşı, “yeni ilə köhnə” arasında mübarizə, əsrlərlə formalaşmış anlayış və doqmaların sınması ilə səciyyələnən “mürəkkəb” dövrü anlamaq, “böyük tarixi dəyişikliklərin və nailiyyətlərin mənasını düzgün dərk etmək” bacarığı var idi. Onun dahiliyi zamanın nəbzini həssaslıqla duymasında, yeni həyatın cücərən tumurcuqlarını görə bilməsində və onları parlaq bədii obrazlarda təcəssüm etdirməsində idi. 20-ci illərdə və 30-cu illərin əvvəllərində xalqın problemləri Azərbaycan mədəniyyətinin bu böyük xadiminin fikir və duyğularını tamamilə bürümüşdü. Cəfər Cabbarlının realizmi reallıqla işıqlı, xəyalpərvər insan düşüncəsinin pərvazlanmasının vəhdəti idi. Onun demək olar ki, bütün dram və kinossenariləri gələcəyə yönəlmiş romantika işığı ilə nurlanır. Bu romantikada mənəvi gözəlliyin və insan şəxsiyyətinin əzəmətinin duyulmasından doğan bir sevinc var.

Kino fəaliyyəti Cəfər Cabbarlının yaradıcılığında vacib, lakin geniş ictimaiyyətə az məlum olan bir səhifəni təşkil edir. O, təkcə Azərbaycanın deyil, “sovet” Şərqinin digər respublikalarının da ilk milli kinodramaturqlarından, ssenaristlərindən idi. Az tanınsa da, “sovet, Azərbaycan novator dramaturqu”, “yeni həyatın nəğməkarı”nın kinematoqrafik fəaliyyəti ssenarilər yazmaqla məhdudlaşmırdı. Hələ 1923-cü ildə Q.Breslav-Livrevin ssenarisi əsasında, C.Cabbarlının “Qız qalası” haqqında əfsanələrdən biri əsasında yazdığı poemayaya söykənən eyniadlı iki seriyalı film çəkilmişdi. Əfsus ki, ədəbi mənbəyin müəllifi filmin titrlərində qeyd olunmamışdı.

Cəfər Cabbarlı istedadlı və yaradıcı insan kimi kino yaradıcılığının mahiyyətini anlamaq və onu maariflənməyə, xalqının mədəni səviyyəsinin yüksəldilməsi ehtiyaclarına uyğunlaşdırmaq istəyirdi. 1925-ci ildə Bakı kinofabrikində (o vaxtlar kinostudiyanı belə adlandırırdılar) milli kinematoqrafiya üçün yerli yaradıcı kadrların hazırlanması məqsədilə məktəb yaradılmışdı. Moskva və Leninqraddan sovet kinosunun aparıcı xadimləri dəvət olunmuşdular. İlk dinləyicilərdən biri də Cəfər Cabbarlı idi.

Cəfər Cabbarlının incəsənətə, xüsusən də geniş əhali kütlələri üçün əlçatan bir sənət növü kimi kinoya olan fanatik bağlılığı haqqında maraqlı faktlar saxlanılmışdır. Həmin əhvalatlardan biri: İyirminci illər... Gənc kino sənəti əhalinin mütləq əksəriyyəti, xüsusən də respublikanın kənd rayonlarında, bölgələrində və qəzalarında bir növ şeytan əməli kimi qəbul edilirdi. Kinoekranı “şeytan məhrəbası”, ekranda görünən insanları isə “cin-şeytan törəməsi” adlandırırdılar. Və belə bir vaxtda Cəfər Cabbarlı “Bismillah” filmində (filmin quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə, ittifaq kinoprokatında “Allah naminə”, 1925-ci il) yeni doğulmuş oğlu Aydını xəstə uşaq obrazında çəkilməyə verir, həmin dövrdə çadra örtən bacısı qızı Mələyi isə çadranı atıb “Hacı Qara” filmində başıaçıq çəkilməyə razı salır. Övladlarını, ailəsini, qohumlarını, həyatını — hər şeyi incəsənət məbədinə qurban verirdi bu təəccüblü insan və sənətkar idi.

Əlamətdardır ki, kinoda debüt etmək üçün gənc, lakin artıq şöhrət qazanmış dramaturq, 8 pyesin müəllifi yeni süjet xəttinə malik orijinal ssenari yazmadı. Azərbaycan dramaturgiyasının banisi, böyük maarifçi Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasının motivləri əsasında ssenari yazdı və onu sovet cəmiyyətinin konyunktur tələblərinə və sorğularına uyğun olaraq müasirləşdirdi. O, ssenaridə qadın hüquqsuzluğunu və ağır taleyini göstərərək Sona obrazını gücləndirdi. Ssenariyə əlavə obrazlar daxil etdi. Varislik hissi, miqyas, mədəni dəyərlərin dəqiq qiymətləndirilməsi duyğusu novator dramaturqa, “Azərbaycan sovet sosialist realizmi dramaturgiyasının banisinə” yüksək dərəcədə xas idi. Və ya başqa bir səciyyəvi, ilk baxışdan əhəmiyyətsiz görünsə də, çox xarakterik bir ştrix: Cəfər Cabbarlı ilk birgə filmini həyat yoldaşı və dostu Sona xanımın şərəfinə “Sona” adlandırmışdı. Ekranda filmin titrlərində iri hərflərlə “Hacı Qara” adının altında kiçik hərflərlə “Sona” adı yazılmışdı. Quruluşçu rejissoru məşhur traqik aktyor, sənədli və bədii kinonun ilk azərbaycanlı rejissoru — Cəfər Cabbarlının pyeslərində Aydın, Oqtay, Elxan rollarının əvəzsiz ifaçısı, onun yaxın dostu və silahdaşı Abbas Mirzə Şərifzadə olan “Sona” filmi böyük əks-səda doğurdu.

Müasirlərinin xatirələrinə görə, rejissor kimi çəkmək istədiyi ilk film özünün “1905-ci ildə” ssenarisi əsasında “erməni-azərbaycanlı (türk) milli münaqişəsi və zəhmətkeş xalqların dostluğu” haqqında olmalı idi, lakin ona bu imkanı vermədilər. Cabbarlının məşhur pyesinin motivləri və ssenarisi əsasında yaradılmış ilk ağ-qara səssiz “Sevil” bədii filminin hansı zəhmətlər və axtarışlar bahasına başa gəldiyi də məlumdur. Əsərin mövzusu o zaman “azərbaycanlı və Şərq müsəlman qadınlarının azad olunması üzrə sovet siyasəti” çərçivəsində çox aktual idi. Bütün problemlərdən əlavə, çəkilişlərə başlamaq üçün həmin dövrün ən çətin və əsas vəzifəsini həll etmək — baş qəhrəman roluna qız tapmaq lazım idi. Axtarışlar zamanı Bakının bir çox məktəb və mədəni-maarif müəssisələrini, hətta həyətləri belə gəzdilər.

Təsadüf nəticəsində Cəfər Cabbarlı tələbə İzzəti “Təyyarə” kinoteatrında gördü. Xoşbəxtlikdən, Cəfərin yanında olan dostu qızın atasını tanıyırdı. Qız atasının icazəsi olmadan razılıq verə bilməzdi. Qızın atası, qocaman neftçi Mirzə Ağakişi ilk vaxtlar “qohumlar, qonşular, məhəllə ağsaqqalları nə deyər?” desə də, sonradan razılıq verib. Sevil rolunun ifaçısı İzzət Orucova “Almaz” rolunu da oynayıb. “Sevil” filmindən sonra Cəfər Cabbarlı “Almaz” filminə ssenari yazır.

1960-cı ildən “Azərbaycanfilm” kinostudiyası milli kino sənətinin inkişafında böyük rol oynamış Cəfər Cabbarlının adını daşıyır. Görkəmli yazıçıya, kino xadiminə sevgi və ehtiram əlaməti olaraq, 1980-ci ildə kinostudiyanın həyətində onun monumental heykəli ucaldılmışdır.

Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı daha bir maraqlı sual ortaya çıxır: teatr onun üçün doğma olduğu halda, niyə kinoya getdi? Onun yaxın dostu, məşhur teatr xadimi, rejissor A.A.Tuğanov bunu kinonun daha geniş təsvir imkanları və böyük dramaturqun teatr səhnəsinə artıq sığmayan yeni yaradıcılıq planları ilə izah edir. Onların ssenariləri əsasında çəkilən, C.Cabbarlının rejissorluq və aktyorluq işi olan filmlər Azərbaycan, eləcə də Ümumittifaq, sovet kinematoqrafiyasının səssiz ağ-qara dövrünün uğurlu bədii lentləri sırasına daxildir.

Cəfər Cabbarlının “Azərkino hara gedir?” məqaləsi Azərbaycan milli kinematoqrafiyasının inkişafında böyük rol oynadı. Məqalədə dramaturq burada çəkilən filmlərin mövzusunun zəifliyini, müasir cəmiyyətin və respublika həyatının təxirəsalınmaz tələblərindən uzaq düşməsini tənqid edirdi. O, zəif, səthi ssenarilərdən və Azərbaycanla bağlı olmayan filmlərin çəkilməsindən imtina etməyi təbliğ edir, digər respublikalardan və mərkəzdən kinokadrların dəvət edilməsi təcrübəsindən əl çəkməyi, “Azərkino” kinostudiyasında (kinofabrikində) daimi işçi heyəti yaratmağı və müxtəlif profilli milli kinokadrlar hazırlamağı təklif edirdi. Onun tövsiyələri sonradan nəzərə alındı və yerinə yetirildi.

Cəfər Cabbarlının kino fəaliyyəti, yaradıcılıq irsi və iş təcrübəsi Azərbaycan xalqının və Şərq xalqlarının mədəni səviyyəsinin yüksəlməsi üçün tükənməz bir mənbədir; onun həyat və yaradıcılığı xalqına həqiqi sevgi, “beynəlmillətçilik və xalqlar dostluğu” təzahürlərinin sintez nümunəsidir. Cəfər Cabbarlının Azərbaycan milli kinematoqrafiyasının ilkin inkişaf dövründəki fəaliyyəti sənət fədakarlığıdır.

Nizami AĞAYEV,
araşdırıcı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see486

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see359

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see355

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see333

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see305

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see304

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see291

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see281

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see272

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see249

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see225

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see222

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri