Cənubi Qafqazda yeni gerçəklik: Rusiya və Qərb...
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev Şuşada hansı mesajları verdi?
“Cənubi Qafqaz son illərdə köklü şəkildə dəyişib, yeni güc mərkəzləri formalaşıb”. Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media forumunda Rusiyanın Cənubi Qafqazda rolu barədə sualı cavablandırarkən bildirib. Hesab edirik ki, dövlətimizin başçısının açıqladığı fikirlər son dərəcə əhəmiyyətlidir. Çünki məsələ yalnız Rusiyanın regiona münasibətində deyil.
Rusiyadan söz düşmüşkən, bu ölkə tarixən Cənubi Qafqaza öz daxili məkanı kimi yanaşıb və mövcud tendensiyanın ayrı-ayrı elementləri qalmaqdadır. Qeyd edək ki, tipik imperialist yanaşma Rusiyaya əks çıxan qüvvələrin də regiona baxış bucağını şərtləndirib və şərtləndirməkdədir. Sadəcə, ikincilər tarixin heç bir dövründə istəklərinə çata bilməyiblər. Ona görə ki, Rusiya güclü olub.
Əlbəttə, heç də onu demək istəmirik ki, Kreml hazırda Cənubi Qafqaza təsir rıçaqlarından məhrumdur. Yəni bu fikri bildirmək üçün şərait yaransa da, məqsədimiz Rusiyanın zəif duruma düşdüyünü vurğulamaq deyil. Nə də bu zəiflikdən regiona maraqlı digər qütblərin istifadə istəklərini legitim sayırıq. Region sülh və əməkdaşlıq məkanı kimi inkişaf etməlidir ki, bu məqam həm Rusiyada, həm də Qərbdə ciddi şəkildə nəzərə alınmalı və nəticə çıxarılmalıdır. Nəticə Cənubi Qafqaza yanaşmaların yeni reallıqlara uyğun qurulmasının vacibliyinə əsaslanmalıdır. Çünki dövr dəyişib. Onu dəyişdirən isə Azərbaycandır. Elə Prezident İlham Əliyevin vurğuladığı da budur: “Məncə, bu dəyişikliklərin əsas dönüş nöqtəsi İkinci Qarabağ müharibəsi oldu. Həmin müharibə uzun illər dəyişməz hesab olunan bir çox geosiyasi yanaşmaları tamamilə dəyişdirdi. Daha sonra Azərbaycanın suverenliyinin tam bərpası, Ermənistanın Avropaya inteqrasiya istiqamətində addımları və bununla bağlı digər proseslər regionun tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Mən hesab edirəm ki, bu vəziyyət həm analitiklər, həm də siyasətçilər üçün Cənubi Qafqaz barədə yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri edir”.
Hazırda İrəvanın Avropa İttifaqına doğru can atması Moskvada kəskin etirazalara səbəb olur. Rusiyanın müxtəlif dairlərində, hətta media məkanında Ermənistana münasibətdə, yumşaq desək, xoş olmayan ifadələrin sıralandığını görürük. Yeri gəlmişkən, Azərbaycanla bağlı da dəfələrlə eyni durumun şahidi olmuşuq. Rusiyanın dövlət telekanalında ölkəmizə xitabən elə fikirlər səslənib ki, sanki Moskva üçün müstəqil Azərbaycan adlı bir məmləkət yoxdur.
...Halbuki belə olmamalı, Rusiyanın hədə-qorxu ritorikasına son qoyulmalıdır. Başqa sözlə desək, boş və mənasız şantajın yerini praqmatik və rasional yanaşma tutmalıdır. Bunun üçün isə dövlətimizin başçısının təbirincə desək, regionla daimi təmas və mövcud müstəvidə baş verən proseslərin yaxından izlənilməsi lazımdır. Hər halda, başqa cür mümkün də deyil.
Bəli, Prezident İlham Əliyev Cənubi Qafqaza dair metodologiyaların artıq tamamilə köhnəldiyini vurğulamaqla, regionla bağlı yeni yanaşmaların zəruriliyini, bir növ, stimullardırır, ən əsası, doğru yol göstərir. “Bu gün region beş il əvvəlkindən tamamilə fərqlidir. Yeni güc mərkəzləri formalaşıb”, - deyən dövlətimizin başçısı fikirləri ilə müxtəlif istiqamətlərdə inkişaf edən siyasi kursların meydana çıxmasını dövrün reallığı olaraq qiymətləndirir. Elə bir reallıq ki, onun üzərinə tank və topla yerimək mənasızdır. Həm də ona görə mənasızdır ki, “istənilən xarici oyunçu üçün Cənubi Qafqazla münasibətlər qurmaq kifayət qədər mürəkkəb vəzifədir. Çünki region nə siyasi, nə iqtisadi, nə də nəqliyyat baxımından vahid məkan deyil”.
Prezident İlham Əliyev eyni fikirləri ölkəmizin avropalı tərəfdaşlarının diqqətinə çatdırdığını da vurğulayıb. Yəni böyük ölçüdə, mesaj yalnız Rusiyaya deyil. Nəzərə alaq ki, dövlətimizin başçısı IV Şuşa Qlobal Media forumunda Qərbin Ermənistana münasibətdə açıq şəkildə birtərəfli yanaşmasının yolverilməzliyini də bildirib. Axı “biz regionun coğrafiyasını, iqtisadi potensialını və digər reallıqları yaxşı bilirik. Öz imkanlarımızı da yaxşı qiymətləndiririk”.
O zaman Ermənistanın regionun əsas nəqliyyat qovşağı kimi təqdim olunması nəyə lazımdır? Sualımız ritorikdir. Çünki bu kimi təqdimatların zaman-zaman ortaya atılma məqsədindən xəbərdarıq. Məqsəd Ermənistanın regionda əlahiddəliyini vurğulamaq və ölkəyə dəstək məntiqini diri tutmaqdır. Söhbət hay avantürizminin gündəmdə qalmasına yönələn dəstəkdən gedir. Onu da nəzərə alaq ki, bu sayaq dəstək motivi Rusiya üçün də xarakterikdir.
Bəli, sanki xaricdə kimlərsə Ermənistan üçün yalnız avantürist dövlət ampluası formalaşdırmaqla məşğuldur. Ona görə Prezident İlham Əliyev vurğulayır: “Tranzit ölkəsi təcrübəsi olmayan bir dövlət birdən-birə regionun əsas nəqliyyat mərkəzi elan edilirdi. Halbuki ortada hansı tranzitdən söhbət getdiyi belə aydın deyildi. Bu, siyasi məqsədlərlə yaradılmış açıq balanssızlıq idi. Belə yanaşmalardan hamı imtina etməlidir. Cənubi Qafqaza geosiyasi rəqabət meydanı kimi baxmaq düzgün deyil”.
Prezident İlham Əliyevin şəxsində Azərbaycan özünün heç bir oyunçuya qarşı istifadəsinə imkan verməmək potensialını daşıyır. Mövcud xarakter Ermənistana yönələn planların qarşısını kəsir, bu ölkə üzərindən oynanılmasına cəhd göstərilən oyunları puça çıxarır. Çünki rəsmi Bakı Cənubi Qafqazın müstəqil orqanizm obrazını vurğulayır. Dövlətimizin başçısı isə bu qənaətdədir ki, qonşu dövlətlər də eyni yolda addımlamalıdırlar, “həm də bunu sözlə deyil, əməli şəkildə göstərməlidirlər”. Regionda sülh və əməkdaşlıq istəyən bütün tərəflər “Cənubi Qafqazın hər bir ölkəsi ilə ayrıca və balanslı əməkdaşlıq formatı qurmalıdırlar”. Mövcud düzəndə tərəfkeşlik elementlərinə, ikili standartalara imkan tanınmamalıdır.
Əlbəttə, Prezident İlham Əliyev köhnə stereotiplərin aradan qalxmasının vacibliyini deyəndə, prosesin heç də tez bir zamanda reallaşmasının mümkünlüyünü vurğulamır, mahiyyət etibarilə, Cənubi Qafqazın haqqında söz açdığımız müstəqil orqanizm obrazının qərarlaşması yolunu göstərir. Yol isə Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinin başa çatmasıdır. Başqa sözlə desək, “birbaşa nəqliyyat əlaqələri – Zəngəzur dəhlizi və ya digər marşrutlar vasitəsilə açıldıqdan sonra, həmçinin region siyasi baxımdan üçtərəfli əməkdaşlığa hazır olduqda vəziyyət tamamilə fərqli olacaq”.
Sonda Prezident İlham Əliyevin cavabı fonunda onu da bildirək ki, Cənubi Qafqaz müstəvisinə maraq göstərən tərəflərin regiona özlərinin imperializm pəncərəsindən baxmağı bir kənara qoymaları şərtdir. Onlar hər bir ölkənin iqtisadi, siyasi, hərbi, demoqrafik və digər potensialını obyektiv qiymətləndirməyi bacarmalıdırlar. Dövlətimizin başçısı bu məqamın perspektiv düzən baxımından əhəmiyyətini önə çəkir.
“Bu, düzgün prioritetlərin müəyyən edilməsinə imkan verəcək və sonradan yanlış seçimlərə görə peşmançılıq yaşanmayacaq. Ən əsası isə regionla əməkdaşlıq etmək istəyən hər kəs ilk növbədə, Cənubi Qafqazı sülh, əməkdaşlıq və mümkün qədər geosiyasi rəqabətdən uzaq bir məkan kimi görməlidir”, - deyən Prezident İlham Əliyevin regionda yeni münasibətlər sisteminin qurulmasını nəzərdə tutan yanaşmanın tətbiqinin vacibliyindən söz açdığı məlumdur. Elə bir yanaşma ki, onun barəsində nəinki Rusiya, həmçinin, Qərb düşünməlidir. Özü də vaxt itirmədən. Nəhayət, Cənubi Qafqaz rahat nəfəs almalı, qlobal konfrantasiyalar meydanına çevrilməməlidir.
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 14 İyul 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















