Icma.az
close
up
RU
Çernobıl dəhşətləri: Üzünü yuyanda başına toxunduqda saçla birgə dərisi də əlində qalırdı

Çernobıl dəhşətləri: Üzünü yuyanda başına toxunduqda saçla birgə dərisi də əlində qalırdı

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

1986-cı ilin aprelində baş vermiş Çernobıl Atom Elektrik Stansiyasındakı partlayış təkcə SSRİ miqyasında deyil, bütün dünya üçün dönüş nöqtəsi oldu. Bu faciə nəticəsində minlərlə insan, əsasən də hərbçilər ölüm təhlükəsi ilə üz-üzə qalaraq əraziyə göndərildilər. Onlardan biri də Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənovdur. O, ilk andan etibarən radiasiya zonasında olan, qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb edilən hərbçilərdən olub.

Oxu.Az Mirhəsən Həsənovla həmsöhbət olub. O həmin illərə dair xatirələrini, hadisənin susdurulmuş həqiqətlərini bölüşüb.

- Çernobıl faciəsi baş verən zaman siz harada idiniz, həmin dövrü necə xatırlayırsınız?

- Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verən zaman - 1986-cı ildə mən Belarusda həqiqi hərbi xidmətdə idim. Zabit heyəti də daxil olmaqla biz əraziyə göndərildik.

- Sizi göndərən zaman hara getdiyiniz və nə baş verdiyi barədə məlumat verilmişdi?

- Hərbidə xidməti vəzifəsini yerinə yetirən heç kəsə bu barədə məlumat verilməmişdi. Biz yalnız əraziyə yaxınlaşan zaman - yoxlama postlarında qarşılaşdığımız səhnədən sonra hara gəldiyimizi soruşduq. Hər şey buradan başladı - boş kəndlər, qəsəbələr, əhalinin çıxarılması...

- Bəs bundan sonra radiasiyalı ərazidə olduğunuz barədə məlumat verildi?

- Ümumiyyətlə, o dövrdə radiasiya haqqında hansısa dərin bilgiyə sahib deyildik.

- Əraziyə daxil olduğunuz anı necə xatırlayırsınız?

- Bizi avtobuslarla aparırdılar. Qarşılaşdığımız mənzərə çox fərqli idi. Özümdən asılı olmadan ətrafı daha aydın görmək üçün avtobusun pəncərəsini açdım. Bu zaman zabit mənə dedi ki, Həsənov, bura Şuşa deyil. Həmin zabit vaxtilə Şuşada xidmət keçmişdi. O belə deməklə qısaca bildirdi ki, burada vəziyyət tamamilə fərqlidir.

- Belə başa düşürəm, ilkin mərhələdə sizi təlimatlandırmayıblar.

- Nəinki ilkin mərhələdə, həmçinin sonrakı vaxtda da təlimatlandırma olmadı. Hər şey tam məxfi saxlanılırdı. Əhalinin ərazidən çıxarılması bizim vasitəmizlə həyata keçirilirdi, amma o zaman da biz bilmirdik ki, orada nə baş verib. Demişdilər ki, əhali müvəqqəti çıxarılır, qısa müddət sonra geri qayıdacaqlar.

- Bəs əhalinin çıxarılmasını nə ilə əsaslandırırdılar?

- Deyirdilər ki, partlayışın qarşısını almaq üçün hərbçilərlə birlikdə müəyyən təmizləmə işləri aparılır və buna görə əhalinin oradan təxliyə edilməsi lazımdır.

- Oraya göndərilənlər arasında yaşlı hərbçilər daha çox idi, yoxsa təcrübəsiz, cavan olanlar?

- Əraziyə ilk olaraq robotlar göndərilib, lakin onlar sıradan çıxdığı üçün insan qüvvəsindən istifadə etmək gündəmə gəlib. Qəzanın ləğvi işinə 650 mindən çox insan cəlb edildiyi bildirilsə də, mən hesab edirəm ki, say bundan artıq olub. Onların əksəriyyətini hərbçilər təşkil edib. Oraya məcburi şəkildə evindən çıxarılaraq göndərilən adamlar da, çox gənc insanlar da olub.

- Azərbaycandan Çernobıla göndərilən insanlarla bağlı nə deyə bilərsiniz?

- Orada səkkiz mindən çox azərbaycanlı olub. Onlar arasında dünyasını dəyişənlər də çox olub. Həmin vaxt biz deyirdik ki, çernobılçılar yox, artıq onların övladları əzab-əziyyətə düçar olacaqlar. Belə də oldu. Faciədən sonra doğulan çox sayda uşaq vəfat etdi. Ondan sonrakı mərhələdə müəyyən yaşa gəlmiş gənclər bəlalara düçar oldular. Bu gün o gənclərdən vəfat edənlər var. Çernobıl yanıb, sönmüş bir oddur, amma tüstüsü hələ də davam edir.

- Çernobıldan döndükdən sonrakı dövrü necə xatırlayırsınız?

- Ən böyük problem məhz bu mərhələdə idi. Çernobıldan qayıdan subay insanlar evlənməyi düşünmürdülər. Onlar həyatlarının artıq bitdiyini zənn edirdilər. Hadisə 1986-cı ildə baş versə də, 1990-cı ilə qədər tam məxfi saxlanıldı. Sonrakı mərhələlərdə radiasiyadan zərər görmüş, küçələrə atılmış insanlar səhhətlərində baş verən dəyişiklikləri aidiyyəti qurumlara çatdırmaq istədilər. Amma heç bir nəticə olmadı. Bu səbəbdən insanlar küçələrə axışaraq, sağlamlıqları ilə bağlı problemlərə diqqət çəkməyə çalışdılar.

Mən həmin dövrdə Zeynalabdin Tağıyev adına fabrikdə çalışırdım. Poliklinikalara müraciət edirdik, amma bizi sağlam yazırdılar. Tək mən deyildim, digər iştirakçılar da tibbi yardım ala bilmirdilər. Halbuki o dövrdə vaxtında müayinələr aparılsaydı, bir çox faciələrin qarşısı alınardı. Məsələn, ana bətnində olan körpənin vəziyyəti, ananın səhhətinin qiymətləndirilməsi çox vacib idi. Axı hansı ana istəyər ki, övladı xəstə doğulsun?

Bundan əlavə, evlənən Çernobıl iştirakçıları da çox vaxt orada olduqlarını dilə gətirmirdilər.

- Bunun səbəbi nə idi?

- Hansı valideyn Çernobılda olmuş, radiasiyaya məruz qalmış birinə qız verərdi? Orada iştirak edənlərin bəziləri ailə qurmaqdan tamamilə imtina etdilər. Onlar düşünürdülər ki, evlənsələr, övladları xəstə doğulacaqlar.

- Çernobılda radiasiyanın təsirini necə hiss edirdiniz?

- Bu, güllə yarası deyildi ki, dərhal hiss olunsun. Radiasiya görünməz düşmən idi. Orada çətinlik təkcə radiasiya deyildi. Psixoloji gərginliklə də mübarizə aparırdıq. Dözə bilməyib öz canına qıyanlar da olurdu.

- Bu gərginliyi yaradan nə idi?

- Məsələn, səhər kiminsə əl-üzünü yuyarkən başına toxunduqda saçla birgə dərisinin də əlində qaldığını görürdük. Bəzən radiasiya hansısa nöqtəni vururdu və kimsə qəfil özündən gedirdi. Onu dərhal aparırdılar və bir daha geri qayıtmırdı. Sonrakı taleyi bizə məlum olmurdu. Həmin insanların aqibəti hələ də bilinmir.

Zaman keçdikcə bizə naməlum məktublar gəlməyə başladı. İçərisində ölüm ayağında olan insanların fotoları olurdu və altında yazılırdı: "Sizin də halınız belə olacaq", "Sizin uşaqlarınız xəstə olacaqlar" və s. Bu, bizdə elə bir hiss yaradırdı ki, sanki artıq cəmiyyətə lazım deyilik.

- Həmin məktublar haradan gəlirdi?

- Bilmirdik. Onların kim tərəfindən və haradan göndərildiyi hələ də bizə sirr olaraq qalır. Bu çap materialları çox ciddi psixoloji gərginlik yaradırdı. Son aylarda sanki həyatımızın sonuna yaxınlaşdığımızı hiss edirdik.

Ərazi artıq əhali üçün bağlı elan olunmuşdu, amma biz orada qalırdıq. Bilirdik ki, həmin yerlərdə yaşamaq mümkün deyil. Öz-özümüzə sual verirdik: "Bizi onlardan fərqləndirən nədir? Niyə biz hələ də buradayıq? Bizi bu görünməz düşməndən qoruyan nədir?"

Tək cavab var idi - biz hərbçi olduğumuz üçün orada idik. Bu psixoloji gərginlik sonradan bir çoxumuzda ciddi problemlərə səbəb oldu.

- Azərbaycana qayıtdıqdan sonra faciənin təsirləri ilə necə mübarizə aparırdınız?

- Əvvəlcə ailəmin dəstəyi, daha sonra isə mütəxəssis yardımı ilə bu çətinliklərin öhdəsindən gəldim. Kitablara sarıldım, təhsil almağa başladım. Diqqətimi başqa şeylərə yönəltdim və beləliklə yaşadığım psixoloji gərginliyin təsirlərinə qalib gəldim.

Həmin dövrdə - yəni 1990-cı illərin əvvəllərində - Böyük Vətən müharibəsi, Çernobıl əlilləri və 20 Yanvar faciəsi iştirakçılarına qarşı ciddi təzyiqlər var idi. Biz çernobılçıların hüquqlarının müdafiəsi üçün qanun layihələri hazırladıq. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə bu layihəni təqdim etdik və onun təşəbbüsü ilə 1993-cü il dekabrın 6-da "Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun parlamentdə qəbul olundu.

Heydər Əliyev hələ Naxçıvanda olduğu dövrdə çernobılçılara ömürlük əlillik dərəcəsinin verilməsi məsələsini həll etmişdi. Naxçıvanda bu tətbiq olunsa da, digər bölgələrdə əlillik yalnız bir il müddətinə müəyyənləşdirilirdi. 1993-cü ildən etibarən bu məsələ ölkə miqyasında həllini tapdı və bu, bizim üçün çox önəmli idi.

2021-ci ildən etibarən Çernobıl əlillərinin mənzillə təminatı sahəsində də ciddi addımlar atılıb. Təxminən 80 faiz iştirakçının mənzil problemi həll olunub, qalan hissənin təminatı istiqamətində isə işlər davam etdirilir.

- Sizcə, dünya Çernobıl faciəsindən dərs çıxarıbmı?

- Çernobıl - bəşəriyyətin faciəsidir. Əgər həmin qəzanın nəticələrinin aradan qaldırılması üçün insanlar rəşadət göstərməsəydilər, bu gün təkcə bir qrup insan deyil, bütün dünya bu faciənin nəticələri ilə üz-üzə qalacaqdı.

Hazırda Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyası da böyük təhlükə mənbəyidir. Əgər orada bir partlayış baş versə, onun miqyasını təsəvvür etmək mümkün deyil. Təəssüf ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər bunun istismarına göz yumurlar. Baxmayaraq ki, Metsamor Atom Elektrik Stansiyasının istismar müddəti çoxdan başa çatıb.

Cəmiyyət radiasiya və onun fəsadları barədə maarifləndirilməlidir. Bu barədə dərsliklərdə məlumatlar yer almalı, xüsusən yeni nəsil bu biliklərlə silahlanmalıdır.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri